Məhkəmə qərarları › İş №1(018)-99/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-99/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-99/2024 13.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 1976-cı ildə Astara rayonu Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda tərkibində narkotik maddələr (komponentlər) olan narkotik tərkibli çətənə (kannabis) növünə aid bitki toxumlarını Astara rayonu Pensər kəndində yerləşən yaşadığı evin həyətində olan dibçəkdə qanunsuz olaraq əkmiş, əkdiyi toxumlardan cücərmiş 03 (üç) ədəd çətənə bitkilərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq edib becərib yetişdirməklə kultivasiya etmişdir. 19 iyun 2024-cü il tarixdə, saat 17 radələrində Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı ümumi təmiz çəkisi - 4,062 qram olan, əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli 03 (üç) ədəd çətənə bitkiləri Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan təndirxananın sağ tərəfində sellofon dibçəklərdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Astara rayonu Pensər kəndində yaşayır. Ailəlidir, himayəsində iki azyaşlı uşağı var. Astara və Lənkəran rayonları ərazisində fəhləlik etməklə ailəsinin dolanışığını təmin edir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Bir müddət əvvəl narkotik vasitə olan qurudulmuş marixuanadan çəkmək yolu ilə qəbul etmişdir. Hazırda narkotik vasitələrdən istifadə etmir və sağlam həyat tərzi keçirir. Təxminən iki il əvvəl tanımadığı şəxsdən çətənə bitkisinin toxumlarını əldə etmiş, həmin toxumları nə vaxtsa əkmək məqsədi ilə evinin həyətində gizlətmişdir. 2024-cü ilin may ayının sonlarında gizlətdiyi çətənə toxumları gözünə dəymiş, toxumları əkmək qərarına gəlmiş və toxumları yaşadığı evin həyətindəki təndirxananın sağ tərəfində olan dibçəklərin içərisində əkmişdir. Bundan sonra mütəmadi olaraq həmin toxumlardan cücərən marixuana bitkisini sulayaraq lazımı qulluqları etmişdir. 19 iyun 2024-cü il tarixdə, saat 17 radələrində yaşadığı evdə olan zaman kimlərinsə onu səslədiyini eşitmiş, həyətə düşdükdə Astara rayon polis şöbəsinin əməkdaşlarının həyətin giriş qapısının qarşısında dayandıqlarını görmüşdür. Polislərə yaxınlaşdıqda, polis əməkdaşları ona narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduğunu, evinin həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. Artıq polislərin onun əkdiyi çətənə bitkilərinə görə həyətinə baxış keçirmək istədiklərini bilmiş, polislərin həyətinə baxış keçirmələrinə etiraz etməmiş, baxış keçirilməsinə etirazının olmaması ilə bağlı da ərizə ilə də müraciət etmişdir. Sonra polis əməkdaşları onun evinin həyətinə videoçəkilişdən istifadə etməklə baxış keçirmiş, baxış zamanı könüllü olaraq həyətdəki təndirxananın yanındakı dibçəyin içərisində 03 (üç) ədəd çətənə bitkisini təqdim etmişdir. Keçirilən baxışda mütəxəssis də iştirak etmiş, mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu bildirmiş, təqdim etdiyi çətənə bitkiləri kökündən çıxarılmış, bir ədəd zərfdə qablaşdırılaraq, həmin zərf möhürlənmiş, zərfin üzərində müvafiq qeydlər aparılmışdır. Baxışda iştirak edən digər şəxslərlə birlikdə zərfin üzərində imzalarını çəkmişlər. Çətənə bitkilərini əkməkdə kimsə ona köməklik etməmiş, özü çətənə bitkilərini tək əkmişdir. Yalnızca “nəşə” adlanan qurudulmuş marixuanadan istifadə etmiş, qurudulmuş marixuananı da mütəmadi istifadə etməmiş, bəzən istifadə etmişdir. Yaşadığı evin həyətində çətənə bitkisi əkməyindən heç kimin xəbəri olmamış, ümumiyyətlə bu barədə heç kimə məlumat verməmişdir. Torpaq sahəsi onun özünə məxsus olmuş, torpaq sahəsində evi olmuşdur, uzun illərdir ki, həmin torpaqda yaşamışdır. Hazırda törətdiyi əmələ görə peşimandır. Ailəli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 iyun 2024-cü il tarixdə Astara rayon Pensər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Pensər kəndində yerləşən evinin həyətində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumat daxil olmuşdur. Məlumatı dərhal şöbə rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibində ondan başqa şöbənin əməliyyat müvəkkili Rauf Mansurzadə də iştirak etmişdir. 19 iyun 2024-cü il tarixdə, saat 17 radələrində dəvət olunmuş mütəxəssis Fərhad Rzayevin və təhqiqatçı Özcan Quluzadənin iştirakları ilə əməliyyat qrupunun tərkibində xidməti avtomobillə Pensər kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, həyətə daxil olmamış, Təqsirləndirilən şəxs səsləyərək yanlarına çağırmış və İlqar da onların yanına gəlmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibili çətənə bitkiləri əkibbecərməsində şübhəli olduğunu deyib, həyətinə baxış keçirmək istədiklərini bildirmiş, Təqsirləndirilən şəxs həyətinə baxış keçirmələrinə etiraz etməmiş və yaşadığı evin həyətində çətənə bitkiləri əkdiyini etiraf etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həyətinə baxış keçirmələrinə etirazının olmaması ilə bağlı ərizə ilə də müraciət etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan əkin sahəsinə video çəkiliş vasitəsi, dəvət olunmuş mütəxəssisin iştirakı ilə baxış keçirilməsinə başlanmış, Təqsirləndirilən şəxs özü evin həyətindəki təndirxananın sağ tərəfində, çəpərin dibində sellofon dibçəklərdə 3 (üç) ədəd çətənə bitkisini təqdim etmiş, mütəxəssis Fərhad Rzayev bitkilərə baxaraq 3 (üç) ədəd bitkinin çətənə bitkiləri olduğunu, bir ay əvvəl əkilibbecərildiyini, həmin bitkilərə aqro-texniki qaydada qulluq göstərildiyini demişdir. Aşkar edilmiş 3 (üç) ədəd çətənə bitkiləri təhqiqatçı tərəfindən kökündən çıxarılmış, tərəzidə çəkilmiş, çətənə bitkiləri ekspertizaya təqdim olunmasından ötrü bir ədəd zərfdə qablaşdırılmış, zərf möhürlənmiş, orada olan şəxslər zərfi imzalamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs çətənə toxumlarını özünün əkdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs çətənə bitkilərindən başqa evində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşyanın olub-olmadığını soruşmiş, Təqsirləndirilən şəxs evində və həyətin başqa yerlərində heç bir qanunsuz əşya və predmet olmadığını bildirmiş, sonda baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində Şahid2 göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. “Baxış keçirilməsi və götürmə aparılması barədə” 19 iyun 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 17:00-dan saat 17:15-dək olan müddət ərzində Astara RPŞ əməkdaşları, Təqsirləndirilən şəxs və dəvət olunmuş mütəxəssis Fərhad Rzayevin iştirakları ilə videoçəkiliş vasitəsilə Astara rayonu Pensər kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində baxış keçirmişlər. Baxışdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, həyətinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində və orada olan tikililərdə narkotik vasitə və ya narkotik xassəli bitkilər, həmçinin daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə daxil olmaqla video çəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısı ilə üzbəüz yerləşən təndirxananın sağ tərəfində, çəpərin dibində sellofon dibçəklərdə əkib-becərdiyi 03 ədəd narkotik xassələri bitkiləri təqdim etmişdir. Baxışda iştirak edən Astara rayon Bitki Mühafizəsi və Fomiqasiya Mərkəzinin rəisi X10 həmin 3 (üç) ədəd bitkinin narkotik xassəli çətənə bitkisinin olduğunu, bir ay əvvəl əkilib-becərildiyini, həmin bitkilərə aqro-texniki qaydada qulluq göstərildiyini, hal-hazırda diblərinin yaş olduğunu, ölçülərinin 15-30 sm olduğunu bildirmişdir. Həmin bitkilər dartılıb kökündən dibçəkdən çıxarılmış, ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş bitkilərin çətənə bitkiləri olduğunu, bitkilərin toxumlarını təxminən 15-20 gün əvvəl əkdiyini, narkotik vasitə olan qurudulmuş marixuanadan ilk dəfə 1995-ci ildə istifadə etdiyini, son dövrlərdə də arabir istifadə etdiyini, bitkilərin əkilib-becərilməsində ailə üzvlərinin məlumatı olmadığını, ondan başqa heç kimin bitkilərə qulluq görsətmədiyini, şəxsi istifadə məqsədi ilə çətənə kollarını əkib-becərdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, aşkar olunan bitkilərdən başqa qanunsuz əkib-becərdiyi bitkilər olmadığını, başqa yerdə saxladığı narkotik tərkibli maddə olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir.

2. Mütəxəssis-aqronom tərəfindən verilmiş 19 iyun 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, həmin tarixdə Astara rayonu Pensər kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən həyətdə olan dibçəkdə olmaqla 03 (üç) ədəd narkotik xassəli olan çətənə kolları aşkar olunmuşdur. Həmin çətənə kolları dibçəkdə toxum vasitəsi ilə əkilmiş, qulluq göstərilərək kultivasiya edilmiş, veqetasiya dövrünə tam uyğun olmuşdır. Aşkar olunan çətənə kollarının hündürlüyü 15-30 sm olmaqla çəkilmiş, yaş halda çəkisi 7 qram olmuşdur. Həmin çətənə kolları rayon polis şöbəsinin əməkdaşları tərəfindən dibçəkdən çıxarılmış, yerində qablaşdırılaraq şöbəyə aparılmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 19 iyun 2024-cü il tarixli, 19/501 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “… Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd çətənə bitkisinə bənzər kütlə …” sözlər və imzalar olan zərfdəki, ümumi sayı 3 (üç) ədəd, hündürlükləri təxminən 15-30 sm aralıqlı, yaş vəziyyətdə ümumi təmiz çəkisi - 4,062 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Qeyd: Çətənə (kannabis) bitkisinin ümumi təmiz çəkisi – 4,062 qram, cəmi tədqiqata sərf edildi – 0,15 qram, qalıq – 3,912 qram qaldı.

4. Məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2024-cü il tarixli, 545 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulunda yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən tərkibində narkotik maddələr olan və qanunsuz olaraq kultivasiya edilən 3-15 ədəd çətənə növlü bitkilər «xeyli miqdar» hesab olunur. Məhkəmə qanunvericilik aktının bu normasına əsasən də Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsiv edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Astara rayon İHB-nın Pensər kənd inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Bayramov X1 yaşamaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Astara rayon İH-nin Pensər kənd inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan və daşınmaz əmlaka dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Pensər kəndində fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. İş materiallarında olan Astara rayon İH-nin Pensər kənd inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı (xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7) uşağı var. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı (xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014cü il təvəllüdlü X7) uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, ilk dəfə olaraq qəsdən az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, eyni zamanda Astara və Lənkəran rayonları ərazisində fərdi əmək faliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara rayonu Pensər kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 3,912 qram çətənə (kannabis) bitkisi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X3, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilməlidir. İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 19 iyun 2024-cü il tarixli qərar və protokoldan və «tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında» 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuş və 21 iyun 2024-cü il tarixdə, saat 11:40-da azad olunaraq barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs tutulduğu (19 iyun 2024-cü il tarixdən 21 iyun 2024cü il tarixədək) 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, eyni zamanda o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu (19 iyun 2024-cü il tarixdən 21 iyun 2024-cü il tarixədək) 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Pensər kəndində yerləşən fərdi yaşayış evini gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Astara rayon polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalan 3,912 qram çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X3, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar