Məhkəmə qərarları › İş №1(019)-1/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-1/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-1/2023 21.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1963-cü ildə Balakən şəhərində doğulmuş, evli, məhkum olunmamış, Balakən rayon Məşğulluq Mərkəzində direktor işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4, 308.1 və 313-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vahid niyyətlə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında rəsmi sənədlərə biləbilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Belə ki, o, Balakən rayon İcra Hakimiyyəti başçısının 14 oktyabr 2010-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Balakən rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 17 iyul 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22 və 36.7-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etməli, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmalı, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etməli, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən,yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etməli, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamalı, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamalı və digər səlahiyyətləri yerinə yetirən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla ona etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cinayət əlaqəsinə girərək, Balakən rayon Məşğulluq mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 15 şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli Sərəncamına əsasən dövlət büdcəsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında Balakən rayon Məşğulluq Mərkəzinə ayrılmış 62.476 (altmış iki min dörd yüz yetmiş altı) manat məbləğində vəsaiti Dövlət Məşğulluq Xidmətinin Daxili nəzarət, yerli orqanlarla və sosial tərəfdaşlarla iş şöbəsinin yerli orqanlarla və sosial tərafdaşlarla iş sektorunun müdiri vəzifəsində işləyən Şahid4 əvvəlcədən, yəni 2017-ci ilin aprel-may aylarında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və sair, yəni üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 25.594 (iyirmi beş min beş yüz doxsan dörd) manat məbləğində maddi aktivlərin alınması üzrə guya X5 tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş X2 direktoru olduğu "xxxx" MMC, 37.062 (otuz yeddi min altmış iki) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Balakən rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş fiziki şəxs Şahid22 olması barədə 2017-ci ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən gündə və şəraitdə Balakən rayon Məşğulluq Mərkəzinə yuxarıda adları göstərilən fiziki və hüquqi şəxslərlə özü arasında bağlanaraq göndərdiyi 12 may 2017-ci il tarixli 01 nömrəli və 30 may 2017-ci il tarixli 02 nömrəli müqavilələr, kotirovka sorğularının nəticələri haqqında xx.xx.2017-ci il tarixli yekun protokolları və digər sənədlərin Şahid4 yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 28 noyabr 2016-cı il tarixli 43 nömrəli əmri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının sədri Şahid1, üzvləri Şahid2 və Şahid3 tərəfindən ünvan 3 ünvanında yerləşən Balakən rayon Məşğulluq Mərkəzinin inzibati binasında həmin kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və "xxxx" MMC və Şahid22 həmin tenderin və kotirovka sorğusunun qalibləri olması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir tender və ya kotirovka sorğusu keçirmədən, yuxarıda adları qeyd edilən hüquqi və fiziki şəxslərin faktiki olaraq satınalma müqaviləsində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan xx.xx.2017-ci il tarixli 4011 nömrəli ödəniş tapşırığı ilə Şahid22 "xxxx" ASC-nin Sabunçu filialında olan AZ47İBAZ******************** nömrəli hesabına 37.062,00 manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin “Azadlıq” filialında olan AZ57AMRA******************** nömrəli hesabına xx.xx.2017-ci il tarixli 4337 nömrəli ödəniş tapşırığı ilə 21.184,00 manat, xx.xx.2017-ci il tarixli 8741 nömrəli ödəniş tapşırığı ilə 4.230,00 manat, ümumilikdə bir fiziki və bir hüquqi şəxsin hesabına cəmi 62.476 (altmış iki min dörd yüz yetmiş altı) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən maddi aktivlərin 15 nəfərə tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi və fiziki şəxslərin adından heç bir səlahiyyəti olmadığı halda Şahid20 və X6 2017-ci ilin iyun-noyabr ayları ərzində Balakən rayonu Hənifə kəndi ərazisində iri buynuzlu mal-qaranın satışının aparıldığı bazardan aldığı mal-qaranı və Bakı şəhərində müxtəlif mağazalardan aldığı kompüter, printer, tikiş maşını, dülgər dəzgahı, mişar, qaldırıcı, batıq çıxaran, qaynaq aparatı, sim çıxaran qaynaq aparatı, profil və dəmir kəsən, boru əyən, dəmir boru deşən avadanlıqlar, su və buxar vuran, dərman aparatı, elektrik sayğacı və digər avadanlıqlarından Balakən rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid5 faktiki olaraq 3.000 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid8 faktiki olaraq 3.200 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid11 Mehti qızına faktiki olaraq 2.600 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid13 faktiki olaraq 2.600 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid12 2.600 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid7 faktiki olaraq 2.600 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid9 faktiki olaraq 2.600 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid6 faktiki olaraq 2.600 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid10 faktiki olaraq 2.600 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid19 faktiki olaraq 3.500 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.897 manat dəyərində, Şahid17 faktiki olaraq 4.000 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.270 manat dəyərində, Şahid18 faktiki olaraq 1.700 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.335 manat dəyərində, Şahid16 faktiki olaraq 3.500 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.881 manat dəyərində, Şahid15 1.100 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 1.670 manat dəyərində, Şahid14 faktiki olaraq 4.000 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.361 manat dəyərində maddi aktivlərin verilməsi barədə şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa Balakən rayonu Məşğulluq Mərkəzinin inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 2018-ci ilin iyun ayında aktların iş axtaran kimi qeydiyyata alınmış 15 nəfər şəxs və Dövlət Məşğulluq Xidmətinin Daxili nəzarət, yerli orqanlarla və sosial tərəfdaşlarla iş şöbəsinin yerli orqanlarla və sosial tərafdaşlarla iş sektorunun müdiri vəzifəsində işləyən Şahid4 imzası ilə təsdiqlənməsini təşkil edib, həmçinin özü də imzalayıb Mərkəzin möhürü ilə təsdiq etməklə 15 iş axtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 62.476 (altmış iki min dörd yüz yetmiş altı) manat məbləğində vəsaitdən faktiki olaraq 42.200 (qırx iki min iki yüz) manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 20.276 (iyrmi min iki yüz yetmiş altı) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla özünə etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, xx.xx.2010-cu ildə Balakən rayon İcra Hakimiyyəti Başçısının əmri ilə Balakən rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsinə təyin edilməklə 20 iyul 2020-ci il tarixədək həmin vəzifədə işləmişdir. Faktiki olaraq heç bir əmlakın mənimsənilməsində iştirak etməmiş, yuxarı rəhbərliyin göndərdiyi sənədləri imzalamış, heç bir maliyyə vəsaitinin xərclənməsində iştirak etməmişdir. Balakən rayonu Məşğulluq Mərkəzində 2017-ci il ərzində özünü məşğulluq proqramı çərçivəsində 15 nəfər Balakən rayon sakininə malqara, dərzi, dülgərlik və sair avadanlıqlar verilmişdir. İlk növbədə həmin şəxslər təlimlərə cəlb edilmiş, onlara təsərrüfatı idarə etmək vərdişləri və biznes plan yazmaq bacarığı ilə bağlı beynəlxalq təlimçi tərəfindən təcrübi biliklər öyrədilmiş, təlimdə iştirak edən şəxslərin hər birinə biznes plana uyğun olaraq təsərrüfatla məşğul olmaq üçün iri buynuzlu heyvanlar və avadanlıqlar verilmişdir. Mal-materialların alınması ilə bağlı həmin vaxt Balakən rayon Məşğulluq Mərkəzi tərəfindən faktiki olaraq tender və ya kotirovka sorğusu keçirilməmiş, hazır formada elektron poçt ünvanına göndərilmiş sənədlərə mərkəzin işçiləri və onun tərəfindən qol çəkilib və mal-materialların alınmasından ötrü ayrılmış pul həmin sənədlərdə göstərilən "xxxx" MMC və fiziki şəxs Şahid22 bank hesablarına köçürülmüşdür. Kotirovkaya dair sənədlər, müqavilələr elektron poçta Balakən rayonunun kuratoru Şahid4 tərəfindən göndərilmişdir. Müqavilə bağlanmış hüquqi və fiziki şəxsin nümayəndələri tərəfindən təlimə cəlb edilmiş şəxslərə tərtib edilmiş aktlara uyğun olaraq mal-qara və avadanlıqlar verilmiş, iri buynuzlu heyvanlar Balakən rayonu Hənifə kəndində yerləşən mal bazarından alınmışdır. Həmin prosesdə Balakən rayon Məşğulluq Xidmətinin əməkdaşlarının, eləcə də onun iştirakı formal xarakter daşımışdır. Belə ki, təlimdə iştirak etmiş şəxsləri bazara dəvət etmiş, şirkətin nümayəndəsi Şahid21 və yanında gələn bir nəfər adını xatırlamadığı şəxs təlimdə iştirak etmiş şəxslərlə birlikdə bazardan heyvanları alıb pulunu ödəmiş, bundan sonra aktivlərin istifadəyə verilməsinə dair aktlar tərtib edilmişdir. İri buynuzlu heyvanların hansı qiymətə alınmasından onun və Balakən rayon Məşğulluq Xidmətinin əməkdaşlarının xəbəri olmamışdır. Digər şəxslərə dəmirçi, dərzi, dülgər və sair avadanlıqların alınmasında o, iştirak etməmiş, maddi aktivlər şirkət nümayəndələri tərəfindən alınaraq təqdim edilmişdir. Aktivlərin qiyməti aktlarda təqdim edilən kotirovka sənədlərinə uyğun olaraq yazılmışdır. Şahid9, Şahid8, Şahid13, Şahid12, Şahid6, Şahid7, Şahid5, Şahid10, Şahid11, Şahid16, Şahid23 Ağası oğluna, Şahid15, X3, Şahid17 və Şahid19 maddi aktivlərin verilməsi ilə bağlı 2017-ci ildə tərtib edilmiş istifadəyə, 2018-ci ildə isə mülkiyyətə verilmə ilə bağlı aktlarda olan imzalar şəxslərin bilavasitə özləri tərəfindən imzalanmış, mülkiyyətə verilməyə dair aktlar həm də mərkəzin möhürü ilə təsdiq edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Cinayət Məcəlləsinin 313-cü maddəsilə təqsirləndirilməsinə dair hissədə başlanmış cinayət işinin icraatına xitam verilməsinə razıdır, ona görə də CM-nin 313-cü maddəsilə cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin Cinayət Məcəlləsinin 308.1-ci maddəsilə verilmiş ittiham ona verilən ümumi itihamdan xaric edilməli, qalan maddələr üzrə barəsində qanuni və ədalətli qərar qəbul edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəsatətlə məhkəməyə müraciət edərək, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsilə təqsirləndirilməsinə dair hissədə başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə işdəki sübutlar əsasında müəyyən olunmuş işin hallarını tədqiq edib, belə nəticəyə gəlir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə başlanmış cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş əməl 2017-ci ili aprel-may, 2017-ci ilin iyun-noyabr ayları və 2018-ci ilin iyun ayında olan dövr ərzində törədilmişdir ki, həmin cinayətin də törədildiyi gündən iki il keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində vəzifə saxtakarlığına, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilən yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsinə görə, bu əməllər tamah və ya sair şəxsi niyyətlə törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan aşağıdakı qərarlar çıxarılır: 321.2.1 cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə… Məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəsatətlə məhkəməyə müraciət edərək, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə hissədə başlanmış hazırki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.28-ci maddəsində təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiə tərəfinə aid edilmişdir. Məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər hazırki işdə mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CMnin 313-cü maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət əməlidir. Həmin cinayət əməlinin törədildyi gündən də iki il keçməklə, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Müdafiə tərəfi olaraq Təqsirləndirilən şəxs və onun müdafiəçisinin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə başlanmış cinayət işi üzrə icraata xitam verilməsinə dair razılığı vardır. Bundan başqa, qanunvericilikdə (Cinayət Prosessual Məcəlləsinin 43.3, 321.1, 321.2.1-ci maddələri) o cümlədən Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmənin müdafiə tərəfinin razılığı ilə təqsirləndirilən şəxsə qarşı cinayət təqbinə (o cümlədən cinayət işi üzrə icraata) xitam verilməsi barədə qərar çıxarmaq səlahiyyəti müəyyən edilmişdir. Göstərilənlərə əsasən, müdafiə tərəfinin razılığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə başlanmış cinayət işinin icraatına xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 40.1, 43.3, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə başlanmış cinayət işi üzrə icraata xitam verilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar