Məhkəmə qərarları › İş №1(019)-10/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-10/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-10/2021 01.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Əzizxan oğlunun iştirakı ilə xx xxxxxx 1975-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir azyaşlı uşağı olan, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 128-ci maddəsilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdrilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində sərxoş vəziyyətdə anası Şahid Ömər qızının yaşadığı Balakən rayonunun Qullar kəndi ərazisində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı Zərərçəkmiş şəxs Camaldin qızının sifət nahiyyəsinə yumruq və şiləllər vuraraq, qəsdən sağ gözün konyuktivasında qansızma, sağ göz qapaqlarında, göz altında şişkinlik əllədikdə ağrı verən fluktasiyalı hematoma-qan yığımı ilə nəticələnən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Balakən rayonu Qullar kəndində ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda Balakən rayon Mərkəzi Bazarında köhnə ayqqabıların alqı-satqısı işi ilə məşğul olur. 3 il bundan öncə Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs Cəlaldin qızı ilə ailə həyatı qurmuşdur, bu evlilikdən onların Elxan adlı 1 oğlu doğulmuşdur. xx.xx.2020-ci il tarixdə anası Firəngiz ona zəng edərək, Qarabağ uğrunda gedən döyüşlərdə qazanılmış qələbə münasibətilə evdə halva bişirib, sədəqə paylamaq istədiyini bildirərək, bu işdə ona həyat yoldaşı Xəyalənin kömək göstərməsini xahiş etmişdir. O da anasına səhəri gün Xəyaləni gətirəcəyini bildirmişdir. O, xx.xx.2020-ci il tarixdə səhər saatlarında Xəyaləni uşaqlarla anasıgilə aparmışdır. Sonra oradan çıxıb bazara getmişdr. Həmin gün alver zəif olduğu üçün günorta saatlarında mağazanı bağlamış və ərzaq mağazasına gedib, oradan özünə yarım litr araq almışdır. Həmin arağı özünün iş yerində tək içib sərxoş olmuşdur, bundan sonra nə baç verdiyini dəqiq xatırlamlır. Bir də özünə gələndə özünün rayon polis şöbəsində olduğunu görmüşdür.Polis şöbəsində bilmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində sərxoş halda anasıgilə gedib, oradakı əşyaları sındırıb həyat yoldaşı Xəyaləni döymüşdür. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Himayəsində bir azyaşlı uşaq vardır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Balakən rayonu Qullar kəndində ailəsi ilə birlikdə yaşayır. O, 1 il bundan öncə Balakən rayonu Poştbinə kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur, bu evlilikdən onların Elxan adlı 1 övladı vardır. O,Umaxanın 4-cü həyat yoldaşıdır. Özü isə 2-ci dəfə ailə həyatı qurub. Onun birinci evliliyindən Tariyel adlı 1 oğlan övladı da var. Ümulikdə 2 övladı var.Tariyelin 5 yaşı vardır, Elxan isə 1 yaş 5 aylıqdır. Elxan Umaxandan doğulmuşdur. O, Umaxan ilə ailə həyatı qurduğu gündən etibarən demək olar ki, Umaxan hər gün evə sərxoş formada gəlmiş, səs-küy salıb, münaiqşə yaratmışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Umaxan ona, anasının Qarabağ uğrunda gedən döyüşlərə görə qələbə qazanılması ilə əlaqədar evdə halva bişirib, ehsan paylamaq istədiyini bildirmiş, onun da bu işdə anasına kömək etməsini xahiş etmişdir. Buna etiraz etməyərək, razılaşmışdır. Umaxan onu və uşaqları götürüb anasıgilə, yəni qaynanası Firəngizgilin evinə aparmışdır. Umaxan onları aparandan sonra oradan çıxıb getmişdir. O da gün ərzində qaynanasına kömək edib, halva bişirmişdir. xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində Umaxan evə gəlmiş, evə daxil olanda Umaxanın sərxoş vəziyyətdə olduğunu hiss etmışdır. Umaxan evə gələn kimi anası ilə mübahisə etməyə başlamışdır. Umaxan anasının yeni tikdirdiyi evdən ona pay ayrılmasını istəyib, anasının ünvanına xoşəgəlməyən ifadələr işlətmişdir. Qaynanası Firəngiz də əlavə söz-söhbət olmasın deyə,evdən çıxıb həyətə düşmüşdür. Umaxan da onun arxasınca çölə çıxmışdır. Bir neçə dəqiqədən sonra Umaxan yenidən evə qayıdıb, “sən niyə bura gəlibsən, bizə halvamı lazımdır?” deyib, üstünə hücum edib, sillə və yumuruqlarla onun sifətinə vuraraq, onu döymüşdür. Bundan sonra da Umaxan evdə olan çöl tərəfdəki televizor antenasının orta hissəsindəki cihazı vurub yerə salmış, sonra evin eyvanındakı güzgülü şkafın güzgüsünü vurub sındırmışdır. Daha sonra Umaxan evin qonaq otağında olan stolun ayaqlarını və 2 ədəd stulları sındırıb çölə tullamışdır. Bundan sonra qaynanası evə gəlmiş, sınmış əşyaları və onun döyüldüyünü görüb, 102 xidmətinə zəng etmişdir. Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Balakən rayonu Qullar kəndində tək yaşayır. O, 1973-cü ildə Balakən rayon Tülü kənd sakini X2 ilə ailə həyatı qurmuşdur, bu evlilikdən onların Elxan, Umaxan, Mehman və Telman adlı 4 oğlu vardır. Elman ilə Elxan vəfat etmişlər. Bundan əlavə həyat yoldaşı da vəfat etmişdir. Hal-hazırda özü tək ayrı yaşayır, bütün övladlarına ev tikdirib, özündən ayırmışdır. xx.xx.2020-ci il tarixdə o, evdə olan vaxt Qarabağ uğrunda gedən döyüşlərdə qələbə qazanılması ilə bağlı halva bişiirb, sədəqə paylamaq qərarına gəlmişdir. Özü tək bunu bacarmadığı üçün Umaxana zəng edib, həyat yoldaşı Xəyaləni və uşaqları sabah səhərdən ona kömək etmək üçün gətirməsinin xahiş etmişdir. Umaxan da etiraz etməyib, səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə yoldaşı ilə azyaşlı uşaqlarını onlara gətirmiş, özü isə çıxıb getmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində evdə olan vaxtı Umaxan sərxoş halda onlara gəlmişdir. Umaxan ona nəyə görə halva bişirdiyi, yeni tikdirdiyi evdən ona pay ayrılıb-ayrılmayacağı barədə bir neçə dəfə şullar vermişdir. Ona konkret olaraq “ sənə ev vermişəm, bu evdən sənə pay yoxdur, özüm bu evdə yaşayacağam” deyə cavab dermişdir. Bu zaman Umaxan səs-küy salıb, ünvanına nalayiq ifadələr işlətmiş, o da evdən çıxıb, yola tərəf getmişdir. Umaxan da danışa-danışa arxasınca gəlmişdir. Umaxan bir az ona tərəf gəldikdən sonra geriyə, evə tərəf dönmüşdür. Bir qədər keçəndən sonra o, evə gedəndə Umaxanın evdə olmadığı müddətdə balkonda olan güzgülü şkafın güzgüsünü, “Regular” markalı antenanın kiçik həcmli orta hissədə olan cihazını, evdə olan stolun ayaqlarını və 2 ədəd həmin stola aid stulları vurub sındırdığını, bundan əlavə də həyat yoldaşı Xəyaləni döyüb, sifətinə xəsarətlər yetirdiyini görmüşdür. Buna görə əsəbləşib, 102 xidmətinə zəng etmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşin 50-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə tibbi-ekspertizasının xx.xx.2020-ci il tarixli, 330 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət- sağ gözün konyuktivasında qansızıma sağ göz qapaqlarında, göz altında şişkinlik əllədikdə ağrı verən fluktasiya hemotoma-qan yığımı - bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11.11 2020-ci il tarixdə əmələ gələ bilərdi, ümumilikdə onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər. İşin 53-55-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2 saylı arayışdan və ümumən iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən Balakən RPŞ-nin TB-nin təhqiqatçısının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və ona dəymiş ziyanı tam ödəməsi əsası ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə olan cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. İşin 46-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 noyabr 2020-cii il tarixli, 1362 nömrəli arayışdan görünür ki, Hacıyev X4 rayonu Qullar kəndində yaşayır, himayəsində işsiz arvadı və 2019-cu il təvəllüdlü Elxan adında bir azyaşlı uşağı vardır. İşin 47-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, Təqsirləndirilən şəxs haqqına Qullar kənd İƏD üzrə nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. İşin 56-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 19 noyabr 2020-ci il tarixli, 300 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin vaxt sərxoş olmuşdur. İşə əlavə olunmuş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV 450534 №-li doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə doğulmuş X6 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və şahidin ifadələrini, məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2020-ci il tarixli, 330 nömrəli rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün, təqsirləndirilən şəxsin həmin etirafın əks olunduğu məhkəmədə verdiyi ifadəsi sübut kimi qəbul edilməlidir. Bu zəmində məhkəmə,X9 Məhkəməsinin İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində sərxoş vəziyyətdə anası Şahid Ömər qızının yaşadığı Balakən rayonunun Qullar kəndi ərazisində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruq və şiləllər vuraraq, qəsdən sağ gözün konyuktivasında qansızma, sağ göz qapaqlarında, göz altında şişkinlik əllədikdə ağrı verən fluktasiyalı hematoma-qan yığımı ilə nəticələnən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq, qeyd edir ki,sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 -ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Məhkəmə iş materiallarına istinadən həmçinin hesab edir ki, zərərçəkmiş şəxslə barışması ilə bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2ci maddəsinin tətbiq edilməsi və CM-nin 73.2-ci maddəsində göstərilən əsas üzrə hazırki iş üzrə icraata xitam verilməsi üçün faktoloji və hüquqi əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Lakin Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin «Qeyd» hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, Balakən RPŞ-nin TB-nin təhqiqatçısının xx.xx.2020ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və ona dəymiş ziyanı tam ödəməsi əsası ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128ci maddəsilə olan cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmiş, o, cinayət məsuliyyətindən azad edilmişdir. Yəni Təqsirləndirilən şəxs bundan əvvəl Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada CM-nin 128-ci maddəsilə cinayət məsuliyyətindən bir dəfə azad edilmişdir. Belə olan halda CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin tələbinə əsasən o, yenidən zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə, yəni CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş əsasla cinayət məsuliyyətindən azad edilə və onun barəsində hazırki iş üzrə icraata xitam verilə bilməz. İş materiallarına əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsi də müəyyən olunmur. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədlərindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə himayəsində bir azyaşlı uşağın olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketrizə edən amillərdəndir. Bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şübhəsiz ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır, o, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Yuxarıda göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə növlərində cəzalar nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması növündə cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, himayəsində bir azyaşlı uşaq vardır, həyat yoldaşı olan zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Bu hallar, Umaxan Hacıyevin onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə xüsusi qeyd edir ki, humanizm insanın şəxsiyyət kimi dəyərini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının qarantı olan Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» xx xxxxxx 2017ci il tarixli Sərəncamı da Azərbaycan Dövlətinin humanizm siyasətinin, o cümlədən cəza siyasətində humanizminin bariz nümunəsidir. Həmin Sərəncamda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi barədə istiqamətlərin müəyyən olunması ilə yanaşı, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cəza siyasətinin humanistləşdirilməsi barədə qanun layihələrinin hazırlanması, cinayətlərin, xususilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması barədə aidiyyəti orqanlara strateji tapşırıqlar verilmiş, o cümlədən məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət edilməsinə xüsusi diqqət yetirilməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinə isə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi ümumiləşdirilməsi və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi barədə tövsiyyələr verilmişdir. Bununla bağlı cəza siyasətinin humanistləşdirilməsi nöqteyi-nəzərindən də Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə xeyli dəyişikliklər edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası cəzanın hümanistləşdirilməsi üçün xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə edilməsini, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını strateji istiqamət kimi müəyyənləşdirmişdir. Cəza siyasətinə məhz bu mövqedən yanaşan Azərbaycan Respublikası da cəza təyin edilməsi zamanı mediasiya, azadlıqdan məhrum etmə ilə bağlı olmayan və şərti məhkum etmə institutlarının geniş tətbiq olunmasını qanunvericilik qaydasında təsbit edir. Qanunla təqsirləndirilən şəxsin bağışlanması hüququnun sahibi olan o cümlədən dövlət böyük ictimai təhlükə törətməyən cinayətə görə təqsirləndirilən şəxsə humanizmlə yanaşılmasını-ona mərhəmət göstərilməsini, onun bağışlanmasını tələb edirsə, Azərbaycan Respublikasının Prezidenti dövlətin strateji xətti kimi cəzanın humanistləşdirilməsini, xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə olunmasını, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını müəyyən edirsə, təbii ki, bu tələblər hazırki iş üzrə də mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özünə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, himayəsində bir azyaşlı uşağın olması və zərərçəkmiş şəxslə əldə etməsi kmi cəzasını yüngülləşdirən halların olduğu, cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl dörd cəza növünün nəzərdə tutulduğu şəraitdə, Umaxan Haciyevə ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə şəxsin fərdi sağlamlığı ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Həmçinin Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi də onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəliliyinə, şəxsiyyətinə, ədalət və humanizm prinsiplərinə adekvat olmamaqla cəzanın məqsədlərinə uyğun deyildir. Digər tərəfdən, «Azərbaycan Respublikasında 2021-ci il üçün yayayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ölkə üzrə yaşayış minimumunun 196 manat, əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 207 manat müəyyən olunduğu, onun daşınmaz əmlakının, pensiya və digər müavinətlərinin olmadığı və yaşayış minimumu məbləğində aylıq qazancının olubolmadığının müəyyən edilmədiyi şəraitdə Umaxan Haciyevə Azərbaycan Respulikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan min manatdan min beş yüz manatadək miqdarda cərimə cəzasının təyin edilməsi şübhə yoxdur ki, onun üçün ağır maddi məhrumiyyətlər yaratmış olardı və qətiyyən cəzanın məqsədlərinə xidmət etməzdi. Bu xüsusda Umaxan Haciyevə ictimai işlər cəzasının təyin edilməsi də cəzanın məqsədlərinin təmin edilməsinə; sosial ədalətin bərpasına, ümumi və xüsusi prevensiyaya şərait yaratmazdı. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə tam uyğun olmaqla, ədalətlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində də insanların əmək hüququ təsbit olunmuş, əmək fərdi və ictimai rifahın əsası kimi qeyd edilmişdir. Belə olan halda təqsirləndirilən şəxsin müvafiq əmək fəaliyyətindən əldə etdiyi qazancdan hazırki hökmlə müəyyən edilmiş faizdə dövlət büdcəsinə ödəniş həm bu cəzanın çəkilməsinə, həm də fərdi və ictimai rifahın təmin edilməsinə şərait yaradardı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, o, cəzasını iş yeri üzrə çəkməli və cəzasının əvvəli aylıq qazancından tutulmaların aparıldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. İş materiallarından həmçinin görünür ki, Müdafiəçi hazırki işlə bağlı Təqsirləndirilən şəxs müdafiəsinə məhkəməyədək icraat zamanı 14 iş saatı vaxt sərf etmişdir. Həmçinin Müdafiəçi Balakən Rayon Məhkəməsində təqsirləndirilən şəxsin müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 84 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 114 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçinn nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına köçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancından 20 (iyirmi) faiz pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin; cəzasını iş yeri üzrə çəksin; cəzasının əvvəli aylıq qazancından tutulmaların aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 84 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 114 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçinn nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəmə vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahiov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar