Məhkəmə qərarları › İş №1(019)-101/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-101/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-101/2023 19.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxxx 1986-cı il tarixdə Balakən rayonu Şambul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Balakən rayonu Şambul kəndində qeydiyyatda olan və həmin ünvanda faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının sonlarında yaşadığı Balakən rayonu Şambul kəndi ərazisində “Mazımçay”ının kənarında aşkar etdiyi yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığaraq əldə etdiyi istintaqa məlum olmayan sayda toxumları əvvəlcə aparıb yaşadığı evin arxasında yerləşən bağ sahəsində torpağa basdıraraq gizlədib saxlamış, daha sonra 2022-ci ilin mart ayının ortalarında həmin istintaqa məlum olmayan sayda toxumları Balakən rayonu Meşəşambul kəndi ərazisində yol kənarında olan kolluq sahədə torpağa qəsdən, qanunsuz olaraq əkərək, həmin toxumlardan bitmiş 03 ədəd uzunluqları 185 sm-dən 216 sm-dək, ümumi təmiz çəkiləri 94,13 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, daha sonra 2022-ci ilin iyun ayının sonlarında əkib-yetişdirərək kultivasiya etdiyi həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin üzərindən yığıb qurutmaqla qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 10,84 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq əvvəlcə aparıb yaşadığı Balakən rayonu Şambul kəndində yerləşən evinin arxa hissəsində yerləşən bağda torpağa basdıraraq gizlədib saxlamış, daha sonra 18 may 2023-cü il tarixdə saat 15 radələrindən etibarən isə həmin 01 ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi yerdən götürüb qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əynindəki şalvarın sol yan cibində daşıyaraq üzərində saxlamışdır. 18 may 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Pirxiyev X7 PB-nə gətirilib şübhəli şəxs qismində tutlaraq saat 17:00 dəqiqədən saat 17:20 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 10,84 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq 18 may 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən Balakən rayonu Meşəşambul kəndi ərazisində yol kənarında olan kolluq sahəyə Təqsirləndirilən şəxs iştirakı ilə saat 17:46 dəqiqədən saat 18:15 dəqiqəyədək olan müddət ərzində keçirilmiş baxış zamanı onun 2022-ci ilin mart ayının ortalarında həmin kolluq sahədə torpağa qəsdən, qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi 03 ədəd uzunluqları 185 smdən 216 sm-dək, ümumi təmiz çəkiləri 94,13 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. O, 2021-ci ilin iyun ayının sonlarında çimmək və istirahət etmək üçün evinin yaxınlığından keçən çaya getmişdir. Orada çimib istirahət etdiyi zaman çayın kənarında 01 ədəd yabanı halda bitmiş narkotik bitkisini görmüşdür. Həmin bitkinin üzərində olan 04 ədəd toxumları yığaraq özü ilə yaşadığı evə aparıb bağda sellofan torbaya bükərək torpağa basdıraraq saxlamışdır. 2022-ci ilin mart ayının ortalarında həmin narkotik bitkisinin toxumlarını Meşəşambul kəndi ərazisində yol kənarında olan kolluq ərazidə əkmək qərarına gəlmişdir. Buna görə də o, yaşadığı evin həyətyanı sahəsində yerləşən bağda əraziyə getmiş və kolluqda özü ilə apardığı bel ilə torpağı yumşaldaraq 04 ədəd narkotik bitkisinin toxumlarını orada torpağa əkmişdir. Bundan sonra o, mütəmadi olaraq 04 ədəd narkotik toxumlarını əkdiyi yerə gedərək suvarmışdır. Bir müddət sonra o, toxumların 1-nin quruduğunu, 3-nün isə cücərdiyini görüb diblərini alaq otlarından təmizləməyə, diblərini yumşaltmağa, lazım olan vaxtlarda suvarmağa, yəni yaxşı inkişaf etmələri üçün onlara qulluq etməyə başlamışdır. Kolluq sahənin içərisində əkib-becərdiyi 03 ədəd narkotik bitkiləri normal qaydada inkişaf etmişdir. Buna görə o, 03 ədəd narkotik tərkibli bitkilərə mütəmadi olaraq aqrotexniki qulluq göstərməyə başlamış və nəticədə bitkilər yetişib yaxşı məhsul vermişdir. O, 2022-ci ilin iyun ayının sonlarında həmin kolluq sahəyə gedərək əkib-becərdiyi həmin 03 ədəd narkotik bitkisinin üzərindən yararlı hissələrini sellofan torbaya yığıb yaşadığı evə aparmışdır. Daha sonra ailə üzvləri görməməsi və bilməməsi üçün həmin narkotik vasitə marixuananı yaşadığı evin arxa hissəsində olan bağ sahəsində qurutmuşdur. Bundan sonra qurutduğu narkotik vasitə marixuananı 01 ədəd sellofan torbaya doldurub torpağa basdırmışdır. Sellofan torbada torpağa basdırdığı narkotik vasitə marixuanadan 3-4 dəfə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində evin arxasında sellofan torbada torpağa basdırdığı narkotik vasitə marixuananı çəkmək üçün basdırdığı yerdən çıxarıb selofan torba ilə birlikdə cibinə qoyaraq Qabaqçöl qəsəbəsi istiqamətinə getdiyi zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞ-nin X15 aparmışlar. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə X15 getmişdir. Polis Bölməsində ona təqdim edilmiş Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısında adı qeyd edilmiş vəkil Müdafiəçi onun müdafiəçisi qismində təyin edilməsini xahiş etmişdir. Bundan sonra vəkil Müdafiəçi Polis Bölməsinə dəvət olunmuş və o, təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə ona hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt o, əynindəki şalvarın sol yan cibində öz şəxsi istifadəsi üçün saxladığı 01 ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və çəkisi 12,23 qram təşkil etmişdir. Daha sonra həmin 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı haradan əldə etməyi barədə polis əməkdaşları tərəfindən ona sual verilmiş, o da 2022-ci ilin mart ayının ortalarında əkərək becərdiyi 03 ədəd narkotik bitkilərinin yararlı hissələrini yığıb özü istifadə etmək üçün qurutduğunu, əkib becərdiyi 03 ədəd narkotik bitkiləri əkib becərdiyi yeri polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonra təhqiqatçı Zaur Xəlilov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onun narkotik tərkibli bitkiləri əkib-becərdiyi yerə baxış keçirilən zaman iştirak etməsi üçün Polis Bölməsinə mütəxəssis dəvət olunmuşdur. Bundan sonra o, müdafiəçi, mütəxəssis və polis əməkdaşları birlikdə onun Meşəşambul kəndi ərazisində yol kənarında olan kolluq əraziyə yollanmışlar. Orada o, 03 ədəd narkotik tərkibli bitkiləri əkib-becərdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları kolluğun içərisində onun əkibbecərdiyi 03 ədəd narkotik tərkibli bitkiləri mütəxəssisin iştirakı ilə kökündən çıxarıb ölçmüşlər və bitkilərin hündürlükləri 185 santimetrdən 216 santimetrədək təşkil etmişdir. Baxış zamanı mütəxəssis Rasim Balagözov 03 ədəd bitkilərə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra həmin 03 ədəd narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən 01 ədəd sintetik kisəyə qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Baxış bir polis əməkdaşı tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonra təhqiqatçı Zaur Xəlilov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-bioloji ekspertizasının 19 may 2023-ci tarixli 17/409 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 10,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, baxış zamanı Balakən rayonu Meşəşambul kəndi ərazisində yol kənarında yerləşən kolluq sahədən aşkar edilərək götürülmüş 03 ədəd uzunluqları 185 sm-dən 216 sm-dək, ümumi təmiz çəkiləri 94,13 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.O, 2 ildir narkotik vasitə qəbul edir. Üzərində bir ədəd sellofan bükümdə saxladığı narkotiki özü istifadə etmək üçün saxlamışdır. Əməlindən çox peşimandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir.Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı rütbəsini daşıyır. 18 may 2023-cü il tarixdə Balakən rayon Şambul kənd sakini Pirxiyev X9 vasitələri qanunsuz əldə edib saxlamaqda, üzərində narkotik vasitələr gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra həmin məlumat barədə o, Qabaqçöl PB-nin rəisinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə həmin tarixdə Balakən RPŞ-nin TH-nin inspektoru polis serjantı Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saat 15:00 radələrində Balakən rayonu Meşəşambul kəndi ərasizində saxlanılaraq X15 dəvət olunmuşdur. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə Polis Bölməsinə getmişdir. Polis Bölməsində xidməti otaqların birində Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilov tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi PB-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Zaur Xəlilov tərəfindən hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs ismində tutulması elan edilmişdir. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə təhqiqatçı, polis kapitanı Zaur Xəlilov tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 12,23 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə təhqiqatçı, polis kapitanı Zaur Xəlilov tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni haradan əldə etməsi barədə sual verilmiş, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında çöllük sahədə əkdiyi 3 ədəd narkotik tərkibli bitkilərin üzərindən 2022-ci ilin uyun ayında yararlı hissələrini yığaraq əldə etdiyini, daha sonra özü ilə yaşadığı evinə gətirib yaşadığı evin yaxınlığında yerləşən fındıq bağında qurutduğunu bildirmişdir. Şəxsi axtarış RPŞ-nin baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib-becərdiyi sahəyə baxış keçirilən zaman iştirak etməsi üçün Polis Bölməsinə mütəxəssis-aqronom dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs, mütəxəssis-aqranom, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs 03 ədəd narkotik tərkibli bitkiləri əkib-becərdiyi yerə baxış keçirmək məqsədi ilə, yəni Balakən rayonu Meşəşambul kəndi ərazisində yol kənarında olan kolluq əraziyə yollanmışlar. Orada Təqsirləndirilən şəxs 03 ədəd narkotik tərkibli bitkiləri əkibbecərdiyi yeri göstərmişdir. Kolluğun içərisində Təqsirləndirilən şəxs əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər mütəxəssis-aqronomun iştirakı ilə kökündən çıxarıb ölçmüş və bitkilərin hündürlükləri 185 santimetrdən 216 santimetrədək təşkil etmişdir.Baxış zamanı mütəxəssis Rasim Balagözov 03 ədəd bitkilərə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra həmin 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər təhqiqatçı tərəfindən 01 ədəd sintetik kisəyə qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Baxış RPŞ-nin baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonra təhqiqatçı, polis kapitanı Zaur Xəlilov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin TH-nin polis nəfəri, polis serjantı Şahid2 və Balakən RPŞ-nin Qabaqçöl PB-nin PPXT-nın polis nəfəri,polis serjantı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Balakən rayon İcra Hakimiyyətinin Balakən rayon Hənifə kənd üzrə nümayəndəsi işləyir. 18 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Balakən rayon Meşəşambul kəndində kolluq sahəyə narkotik tərkibli bitkiləri əkdiyi yerə baxış keçirilməsi üçün polis əməkdaşları onu mütəxəssis aqronom kimi dəvət etmişlər. O da həmin baxış prosesində iştirak etmişdir. Belə ki, 18 may 2023-cü il tarixdə Balakən rayon polis şöbəsinin Qabaqçöl PB-nin əməkdaşları ilə birlikdə Balakən rayon Meşəşambul kəndi ərazisində yerləşən koluq sahəyə yollanmışlar. Kolluq sahədə Təqsirləndirilən şəxs 03 ədəd narkotik tərkibli bitkiləri əkib-becərdiyi yeri göstərmişdir. Polis əməkdaşları ilə birlikdə həmin kolluğun içərisinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əkib-becərdiyi qurumuş halda 03 ədəd narkotik tərkibli bitki kollarına oxşar kollar aşkar edilmişdir. Həmin kollara aqrotexniki qaydada qulluq göstərilmişdir. Baxış zamanı həmin 03 ədəd narkotik tərkibli bitki kollarına oxşar kollar kökündən çıxarılaraq hündürlükləri ölçülmüş, həmin kolların hündürlükləri 185 santimetrdən 216 santimetrədək təşkil etmişdir. Aşkar edilmiş 03 ədəd narkotik tərkibli bitki kollarına oxşar kollar 01 ədəd sintetik kisəyə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış, üzəri möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs əkib-becərdiyi narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsi barədə tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli rəyi polis əməkdaşlarına təqdim etmişdir. Baxış zamanı baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin baxış prosesi videokamera vasitəsi ilə fasizləsiz olaraq lentə alınmışdır. İşin 22-25-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 18 may 2023-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Zaur Xəlilov tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 17:00-dan saat 17:20-dək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinərək xx.xx.2023-cü il tarixdə Balakən RPŞnin Qabaqçöl PB-nə gətirilmiş Balakən rayonu Şambul kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində qara rəngli qısaqol köynək, boz rəngli cins şalvar və qara rəngli ayaqqabılar olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan öncə ona üzərində hər hansı qeyri qanuni əşya və ya predmet olub-olmaması barədə sual verilmiş, o əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd içərisində qurudulmuş marixuanaya oxşar kütlə olan qara rəbgli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm içərisindəki kütlə ilə birlikdə elektron tərəzi çəkilmiş, çəkisi 12,23 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünün təqdim etdiyi içərisində qurudulmuş marixuanaya oxşar bitki kütləsi olan sellofan bükümü haradan əldə etməsi barədə sual verilmiş, o da 2022-ci ilin mart ayında çöllük sahədə əkdiyi 3 ədəd narkotik tərkibli bitkilərin üzərindən 2022-ci ilin iyun ayında yararlı hissələrini yığaraq əldə etdiyini, daha sonra özü ilə yaşadığı evinə gətirib yaşadığı evin yaxınlığında yerləşən fındıq bağında qurutduğunu bildirmişdir. Aşkar edilmiş qara rəngli sellofan bükümdə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi 1 ədəd ağ kağız zərfə qoyulub, möhürlənmiş və qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əlavə heç bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən Panasonic HP markalı videokamera vasitəsi ilə qeydə alınmış və həmin videogörüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 34-37-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 12 may 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, 18 may 2023-cü il tarixdə saat 17:46-dan 18:15-dək olan müddət ərzində müdafiəçinin, mütəxəssisaqranomun və polis əməkdaşlarının iştirakları ilə Balakən rayonu Meşəşambul kəndi ərazisində yol kənarında kolluq sahədə baxış keçirilmişdir. Kolluq sahənin sağ tərəfində sahələr, sol tərəfində isə yol yerləşmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hansı yerdə narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə sual verilmiş, o da kolluq ərazidə əkdiyi 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarını göstərmişdir. Həmin bitkilər qurumuş halda olmuşdur. Daha sonra həmin 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları kökündən çıxarılmış, hündürlükləri ölçülmüş, hündürlükləri 185 sm-dən 216-sm dək təşkil etmişdir. Baxışda iştirak edən aqronom X1 Elvin Eyvaz oğlunun əkdiyi 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Aşkar edilmiş 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları 01 ədəd ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Baxış Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən Panasonic HP markalı videokamera vasitəsi ilə qeydə alınmış və həmin videogörüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə şikayət və vəsatət daxil olmadığından imzalarla təsdiq edilmişdir. Baxış keçirilərkən qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 38-ci vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən ixtisasca aqronom X5 verdiyi xx.xx.2023-cü il tarixli rəydən görünür ki,xx.xx.2023-cü il tarixdə Balakən Rayon Polis şöbəsinin X10 əməkdaşlarının iştirakı ilə Balakən rayonu Meşəşambul kəndi ərazisində yol kənarında olan kollluq sahədə aşkar edilmiş 3 ədəd qurumuş halda olan hündürlüyü 185 sm-dən 216-sm-dək narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq göstərilərək dibləri alaq otlarından təmizlənmişdir. İşin 97-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 23 may 2023-cü il tarixli 896 nömrəli rəyindən görünür ki, Pirxiyev X9 vasitə olan kannabinoidlərdən istifadə epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 48-49-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsinin 19 may 2023-ci tarixli 17/409 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə...qurudulmuş marixuanaya oxşar kütləsi maddi sübut...” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi- 10,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Aşkar edilmiş 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarından ibarət maddi sübut ” sözləri, adlar və imzalar olan sintetik kisənin içərisindəki, 03(üç) ədəd, uzunluqları 185 sm-dən 216 smdək, quru vəziyyətdə ümumi təmiz çəkiləri- 94,13 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X11 18 may 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə ( kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 01(bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuana və 03(üç) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. İşin 16-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 18 may 2023-cü ildə saat 16:45-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 80-82,85-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 20 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi, barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, 20 may 2023-cü il tarixdə saat 16:45-də Balakən rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşin 106-cı vərəqəsində oloan və məhkəmə iclasında elan olunmsaqla tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 93-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon Şambul kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. Onun barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmadığı göstərilmişdir. İşin 92-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon İcra Hakimiyyəti Şambul kənd inzibati ərazi dairəsi tərəfindən 24 may 2023-cü il tarixdə verilmiş 327 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayon Şambul kənd sakinidir, himayəsində işləməyən arvadı, xx.xx.2013-cü il təvəllüdlü Eyvaz və xx.xx.2010-cu il təvəllüdlü Sinan adında iki oğlu vardır. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2,Şahid3 və X5 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşıma və saxlama cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin Qərarın 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisələri baş vermişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar,təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası , məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını,yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını,cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını,hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 18 may 2023-cü il tarixdən 20 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X12 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs əkib-becərdiyi yerdən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş ümumi təmiz çəkisi 94,13 qram olan narkotik tərkibli çətənə bitkilərinin tədqiqata sərf edilən 0,30 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 93,83 qram olan narkotik tərkibli çətənə bitkiləri, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 10,84 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 10,79 qr olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Mahmudov X4 Elvin Eyvaz oğlunun hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin,Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2(iki) il 9(doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.Onun 18 may 2023-cü il tarixdən 20 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2(iki) gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 8(səkkiz) ay 26 (iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X12 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 35.97 (otuz beş manat 97 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs əkib-becərdiyi yerdən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş ümumi təmiz çəkisi 94,13 qram olan narkotik tərkibli çətənə bitkilərinin tədqiqata sərf edilən 0,30 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 93,83 qram olan narkotik tərkibli çətənə bitkiləri, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 10,84 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 10,79 qr olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar