Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-102/2021 22.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs - xx.xx.1975-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, üç azyaşlı uşağı olan, məhkumluğu olmayan, Ağcabədi rayonu Aşağı Avşar kəndində qeydiyyatda olmaqla yaşayan, 02 sentyabr 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ölkədən çıxışına qadağa tətbiq edildiyindən, qanunla müəyyən olunmuş qaydada Gürcüstana gedə bilmədiyi üçün, qanunsuz yol ilə Gürcüstana getmək məqsədi ilə 01 sentyabr 2021-ci il tarixdə saat 21:53 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonu Şərif kəndində yerləşən 8-ci sərhəd zastavasının xidməti ərazisinin 18-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstana qəsdən qanunsuz olaraq keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadəsi və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1990-cı ildə orta məktəbi bitirmişdir. 1994-1997-ci ilə qədər İmişli rayonunun “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. 2007-ci ildə evlənmiş və üç övladı vardır. Şahid1 borcu olduğuna görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş sorğu əsasında ölkədən çıxışı məhdudlaşdırılmışdır. O, isə işləmək məcburiyyətində qaldığından və Şahid1 borcunu qaytarmalı olduğundan işləyib pul qazanmaq üçün Gürcüstana getmək qərarına gəlmişdir. Bakı şəhəri, Saray qəsəbəsində Gürcüstan vətəndaşı Asim adlı şəxslə tanış olmuş, sonuncu ona Balakən rayonu Şərif kəndindən Gürcüstana keçid olduğunu demiş, orada sərhəd naryadının və gömrük postunun olmadığını bildirmişdir. O, 01 sentyabr 2021-ci il tarixdə saat 07:15 radələrində Ağcabədi rayonunda taksiyə minərək Xaldan qəsəbəsinə gəlmiş, 01 sentyabr 2021-ci il tarixdə saat 09:15 radələrində Xaldan qəsəbəsinə çatmış, oradan isə “Mercedes” markalı sprinterə minərək Balakən rayonuna yola düşmüşdür. Təqribən saat 11:15 radələrində Balakən rayonuna çatmış, Balakən rayonunda yerləşən “Heydər Əliyev” Parkında havanın qaralmağını gözləyərək vaxtını keçirmiş, əvvəlcədən planlaşdırdığı məqsədə çatmaq üçün Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz şəkildə pozaraq Gürcüstan istiqamətinə keçməyi qərarlaşdırmışdır. Ağcabədi rayon Avşar kənd sakini Şahid1 olan borca görə sonuncunun onu məhkəməyə şikayəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş sorğu əsasında ölkədən çıxışı məhdudlaşdırılmışdır. Beləliklə, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmək üçün 01 sentyabr 2021-ci il tarixdə saat 21:15 radələrində Balakən rayonun mərkəzində taksiyə minərək, Balakən rayonunun Gürcüstanla sərhəd olan Şərif kəndinə gəlmiş və saat 21:45 radələrində orada taksidən düşmüşdür. Taksidən düşdükdən sonra təxminən 7-8 dəqiqə getdikdən sonra dövlət sərhəd xəttinə təxminən 50 metr aralıda piyada Gürcüstan sərhədi istiqamətinə hərəkət edərkən təxminən saat 21:53 radələrində bir qrup sərhədçilər tərəfindən saxlanılmışdır. Sərhədçilərin vermiş olduğu “Dayan!” əmrinə riayət etmiş və onların müşayiəti altında sərhəd zastavasına gətirilmişdir.Əməlindən çox peşmandır. İlk dəfə cinayət törətdiyini, peşman olmasını, ağır ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən N nömrəli hərbi hissənin 1-ci sərhəd zastavasının komendantlığının əməliyyat müvəkkili vəzifəsində işləyən, leytenant Şahid3 ifadəsində göstərdi ki, 01.09.2021-ci il tarixdə saat 21:53 radələrində qabaqlayıcı əməliyyat məlumatına əsasən 8-ci sərhəd zastavasının 18-ci sahəsində, dövlət sərhəd xəttindən 50 metr aralıda Azərbaycan Respublikası vətəndaşı, Ağcabədi rayonu Aşağı Avşar kənd sakini xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs dövlət sərhədini qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçmək istəyərkən həmin ərazidə onun da, iştirak etdiyi yəni “Pusqu” sərhəd naryadı tərəfindən saxlanılmışdır.Saxladıqları zaman Təqsirləndirilən şəxs “Dayan” əmrini vermiş və o əmrə tabe olmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs sərhəd naryadının müşayəti altında Balakən rayonu, Şərif kəndində yerləşən 8-ci sərhəd zastavasına gətirilmişdir. O, saxlanılan zaman onlara həmkəndlisinə 20.600 manat borcunun olması səbəbindən qanunsuz olaraq Gürcüstana keçməyə cəhd etdiyini bildirmişdir. Gürcüstandan isə Rusiya Federasiyasına keçməyə cəhd edəcəyini orada işləyərək maddi borcunu qaytaracağını planlaşdırmış olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının rəisi, baş leytenant Şahid2 və Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Onlar məhkəməyə teleqram göndərərək səhhətləri ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini göstərmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə cinayət prosesi tərəflərini dinləyib, işdə olan sənədlərə baxaraq Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən onların ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının rəisi, baş leytenant Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, 01.09.2021-ci il tarixdə saat 20:00-dan 22:30-dək qabaqlayıcı əməliyyat məlumatına əsasən 8-ci sərhəd zastavasının 18-ci sahəsində, “Pusqu” sərhəd naryadının tərkibində iştirak etmişdir. 01.09.2021 -ci il tarixdə saat 21:50 radələrində bir nəfər şübhəli şəxsin Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə hərəkət etdiyini müşahidə etmişdir. Həmin zaman dövlət sərhəd xəttindən 50 metr aralıda “Dayan” komandası vermiş və həmin şübhəli şəxsi yəni sərhəd pozucusunu saxlamışdır. Təlimatın tələblərinə uyğun olaraq ona ilkin baxış keçirilmiş və həmin şəxs 8-ci sərhəd zastavasına sərhəd naryadının müşayəti altında gətirilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının rəisi, baş leytenant Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə bir rayondan olduğu üçün 2016-cı ilin sonlarında ona 24.700 (iyirmi dörd min yeddi yüz) AZN borc vermiş və sonuncu həmin borcu bir il ərzində ona qaytaracağını demişdir. Lakin 10 mart 2018-ci ilə 20.600 (iyirmi min altı yüz) AZN borcu qalmış, bundan sonra Rasif ona borcunu qaytarmamış, səbəb kimi pulunun olmadığını demişdir. Hətta o yazılı kağız da, vermişdir ki, o, 21600 (iyirmi bir min altı yüz) AZN-i hər ay 500( beş yüz) AZN verərək qaytaracaqdır. İki ay 500 (beş yüz ) AZN verərək ümümilikdə 1000 (min) AZN qaytarmışdır. Bundan sonra o, bir daha Təqsirləndirilən şəxs görməmişdir. O, 2019-cu ildə Ağcabədi Rayon Məhkəməsinə şikayət etmiş, məhkəmə pulun ödənilməsi ilə bağlı qərar çıxartmış və bu qərarı Ədliyyə Nazirliyinin Ağcabədi rayon İcra və Probasiya şöbəsinə yönləndirmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsi qərarı icra edərək Təqsirləndirilən şəxs 10 (on) sutka inzibati həbs etmiş və 10 sutka həbsdən sonra yenə ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. İşin 8-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə 24 saat müddətinə inzibati qaydada tutulmuşdur. İşin 39-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 02 sentyabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Müslüm oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 12-16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, 02.09.2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə keçdiyi ərazini göstərmiş və həmin ərazi N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 18-ci sahəsi olmuşdur. İşin 71-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Ağcabədi rayon İcra və probasiya şöbəsindən daxil olmuş məktubda göstərilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-739/2018 saylı, 25.05.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 21600 manat məbləğində pul, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı Şahid1 verilməlidir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-739/2018 saylı 25.05.2018- ci il tarixli icra sənədi 10.07.2018-ci il tarixdə Ağcabədi rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur.Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 08.01.2019-cu il tarixdə Ağcabədi Rayon Məhkəməsinin 8(017)-24/19 saylı 07.02.2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilmiş,Ağcabədi Rayon Məhkəməsinin 8(017)-24/19 saylı,07.02.2019-cu il tarixli qərardadı icra edilərək, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşin 43-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 63-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Ağcabədi RİHB Aşağı Avşar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 62-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Ağcabədi RİHB Aşağı Avşar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 26 oktyabr 2021ci il tarixdə verilmiş 165 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı, 2008-ci il təvəllüdlü oğlu- Nurlan, 2012-ci il təvəllüdlü qızı- Nurlanə və 2015-ci il təvəllüdlü oğlu- Səyid vardır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhəddinin nəzarət–buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd etmişdir. Məhkəmə,Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaqla anlaqlı olmasını, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə cəhd etməsini, həmin əməli qəsdən törətməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə görə cəzanı yüngülləşdirən haldır, onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə növündə və iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkündür, təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər, ona görə də Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. İş materiallarından göründüyü kimi hazırkı cinayət əməli ilə bağlı 01 sentyabr 2021-ci il tarixdə 24 (iyirmi dörd) saat müddətə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə işin hallarını,Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə bu işlə bağlı bir gün müddətə tutulub saxlanmasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, onun bir gün tutulub saxlanması nəzərə alınmalı və ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını,təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 01 sentyabr 2021-ci il tarixdə 1 (bir) gün tutulub saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1900 (bir min doqquz yüz ) manat miqdarında cərimə cəzası saxlanılsın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Mamedov Rasif Müslüm oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 01 sentyabr 2021-ci il tarixdə 1 (bir) gün tutulub saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1900 (bir min doqquz yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Mamedov Rasif Müslüm oğlu ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs Mamedov Rasif Müslüm oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən qüvvəsində saxlansın. Hökmün icrası Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-102/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-102/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver