Məhkəmə qərarları › İş №1(019)-107/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-107/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-107/2024 18.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.1988-ci ildə Balakən rayonun Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə saat 13 radələrində alkoqol sərxoşluğu vəziyyətində, ictimai yerdə, yəni Balakən rayonu Sarıbulaq kəndində küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında,şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, yəni heç bir əsaslı səbəb olmadan, Balakən rayonu Sarıbulaq kənd sakini Zərərçəkmiş şəxs həmin kənddə yaşadığı evinin qarşısındakı küçəyə gedərək qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs arvadı ilə bağlı sonuncu ilə mübahisə edib ucadan onun ünvanına söyüşlər söyüb dalaşaraq üz nahiyəsinə bir neçə yumruq vurmuş, nəticədə Zərərçəkmiş şəxs alnında və burnunda sıyrıqdan, burun sümüyünün yerdəyişməyən sınığından ibarət olan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarət yetirməklə zor tətbiq etdikdən sonra Zərərçəkmiş şəxs arvadı Şahid3 küçəyə onun yanına gəlmədiyini bəhanə etməklə kənar şəxslərin gözü qarşısında səs-küy salıb mübahisə edib xuliqanlıq hərəkətlərini davam etdirməklə küçədə olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi,zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində tək yaşayır. Fərdi əməklə məşğul olur. Şahid3 təxminən 1 il 6 aydan çoxdur ki,tanıyır.Şahid3 Balakən rayonu Sarıbulaq kənd sakini Zərərçəkmiş şəxs ilə rəsmi evlidir.Onların evliliyindən 2016-cı il təvəllüdlü bir oğlu da var. Firuzə evli olmasına baxmayaraq onunla yaxın münasibət qurmuş və 2024-cü ilin təxminən avqust ayının ortalarında Firuzə ərinin evindən çıxıb onunla birlikdə qeyri-rəsmi olaraq yaşamağa başlamışdır. Firuzə aradabir oğlunu görmək üçün rəsmi evli olduğu əri Asifin yaşadığı evə də getmişdir. xx.xx.2024-cü il tarixdə Firuzə ondan ayrılıb yenidən Asifin yanına qayıtmışdır. Bir neçə gündən sonra isə yenidən geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdə Asifə zəng edib Firuzənin oğlu ilə görüşmək istədiyini bildirmişdir. Asif də ona uşağın məktəbdə olduğunu, məktəbdən qayıtdıqdan sonra videozənglə görüşdürəcəyini demişdir. Həmin gün günorta saat 13 radələrində Firuzəni də götürüb taksi ilə Sarıbulaq kəndinə Asifin yaşadığı evin qarşısına getmişlər. Asifin qapısına gəldiyi zaman sərxoş olmuşdur. Firuzə qapıbir qonşuluqda olan Asifin qardaşının evinə getmişdir, uşaqla orda görüşməli olmuşdur. Bir müddət sonra küçədə onun dayandığı yerə Asifin atası İsrafil gələrək əlindəki dəyənəklə onun başına və sifətinə vurmuşdur. Yaşlı kişi olduğundan ona əl qaldırmamışdır. Bir müddət sonra ora gəlmiş Asif onunla mübahisə etdikdə ucadan söyərək Asifin sifətinə bir neçə dəfə yumruq vurmuş, bunun qarşılığında Asif də onu vurmuşdur. Sonra Asifi kimsə evin həyətinə aparmışdır.Küçədə dayanıb Firuzəni çağırdığı zaman polis əməkdaşları gəlib çıxmışlar.O da polis əməkdaşlarının onu polis bölməsinə aparmalarından çəkinərək, həm də Firuzəsiz getmək istəmədiyinə görə əlindəki kiçik daş parçası ilə küçədə durduğu yerdə boynuna bir neçə dəfə sıyrıq çəkmişdir.Məqsədi intihar etmək olmamışdır.Döyüldüyü üçün,həm də sərxoş olduğundan əsəbləşib özünə xəsarət yetirmişdir. Həmin vaxtı səs-küyə qonşular da yığılmışlar. Hətta ona mane olmaq istəyən yaşlı qonşu qadından kənara çəkilməsini xahiş etmişdir. Hadisə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında küçədə baş vermişdir. Hadisə vaxtı orada Asif, Asifin atası, Asifin qardaşı, qonşu qadınlar, sonradan gəlmiş polis əməkdaşları olmuşlar.Hadisə təxminən 5- 10 dəqiqə ərzində baş vermişdir.Hadisə zamanı baş nahiyəsindən xəsarət də almışdır. Törətdiyi əmələ görə peşmandır.Zərərçəkmiş şəxslə barışmışdır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Balakən rayonu Sarıbulaq kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Şahid3 ilə 9 ildir ki, evlidir. 2016-cı ildə bir övladları anadan olmuşdur. 2024-cü ilin avqust ayının ortalarında Firuzə yaşadıqları evdən özbaşına çıxıb ona xəyanət edərək Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxsla birlikdə yaşamağa başlamışdır. Azyaşlı oğlu isə onun yanında qalmışdır. xx.xx.2024-cü il tarixdə Firuzə yenidən yaşadığı evə qayıtmışdır. Turalın onu incitdiyini, o səbəbdən geri qayıtdığını demişdir. xx.xx.2024-cü il tarixdə Firuzə yenidən Təqsirləndirilən şəxs istədiyini bildirərək evdən çıxıb onun yanına getmişdir. xx.xx.2024-cü il tarixdə Tural ona zəng edərək Firuzənin azyaşlı oğlu Rəsulu görmək istədiyini bildirmişdir.Turala Rəsulun məktəbdə olduğunu, məktəbdən qayıtdıqdan sonra telefonda görüntülü yığaraq onu göstərəcəyini bildirmişdir.Tural telefonu söndürmüşdür.Həmin gün saat 13 radələrində qonşuluqda yaşayan qardaşı Yusif gələrək Firuzənin onun evinə gəldiyini, övladını görmək istədiyini ona demişdir. O da Rəsulu Yusifgilə göndərmişdir və onun arxasınca qardaşıgilə getmişdir. Firuzə Rəsulu götürərək Yusifin evində qalacağını,Turalla geri getməyəcəyini ona demişdir.Bu zaman bərk sərxoş olan Tural da Yusifin evinin qarşısındakı küçəyə gəlmişdir. Çıxıb Turaldan anası uşağı görməyə gəldikdə onun hansı səbəbdən yaşadığı evin qarşısına gəldiyini soruşduqda Tural onunla mübahisə etməyə başlamışdır və ucadan söyüşlər söyərək burnuna bir dəfə möhkəm yumruq vurmuşdur. Yumruğun təsirindən burnundan qan açılmışdır. O da özünü müdafiə etmək və Turalın hücumunun qarşısını almaq məqsədilə onun sifətinə bir dəfə yumruqla vurmuşdur. Tural onu vurmağa başlamış, o da özünü müdafiə etmək üçün cavab qaytarmışdır. Səsə küçəyə atası və qardaşı Yusif çıxıb onları ayırmışlar. Ayıran zaman Tural atasına da sillə vurmuşdur. Onu həyətə aparmışlar, lakin Tural küçədə ucadan söyüb qışqıraraq Firuzənin gəlməsini tələb etmişdir. Səs-küyə qonşular da küçəyə çıxmışlar.Sonra həmin yerə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşlarının küçədə qışqırıb söyən Turalı sakitləşdirdiklərini eşitmişdir. Turalın vurduğu yumruğun təsirindən burnundan xəsarət almışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Atası Turalı vurmamışdır, onları ayırmağa çalışan zaman Tural atasına sillə vurmuşdur. Firuzə hazırda da Turalla yaşadığına görə onu müdafiə etmək üçün izahatında atasının Turalı vurduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır.Ondan şikayəti və tələbi yoxdur.Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs doğma qardaşıdır. Asif həyat yoldaşı Firuzə, azyaşlı oğlu və atası İsrafillə birlikdə qonşuluqdakı evdə yaşayır. Həyət qapıları müxtəlif olsa da həyətlərinin arasında hasar yoxdur. 2024-cü ilin avqust ayının təxminən ortalarında qardaşının arvadı Şahid3 yaşadığı evdən çıxıb gedərək Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxsla birlikdə yaşamışdır. Bir neçə dəfə Təqsirləndirilən şəxsla mübahisələri olub geri Asifin yaşadığı evə də qayıtmışdır. xx.xx.2024-cü il tarixdə də Firuzə yenidən Turaldan ayrılıb Asifin yaşadığı evə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə isə Firuzə Turalın onu çağırdığını bildirərək yenidən getmişdir. xx.xx.2024-cü il tarixdə günorta radələrində evdə olmuş,həyat yoldaşı Aynurə isə Balakən şəhərinə getmişdir.xx.xx.2024-cü il tarixdə həyətdə olduqları zaman qardaşı Asifə Təqsirləndirilən şəxs zəng gəlmişdir və Tural ona Firuzənin azyaşlı oğlu Rəsulu görmək istədiyini bildirmişdir. X5 məktəbdə olduğunu və məktəbdən qayıtdıqdan sonra görüntülü zəng edərək anası ilə danışdıracağını bildirmiş və telefonu söndürmüşdür. Həmin gün günorta saat 13 radələrində Firuzə onun yaşadığı evə gəlmişdir və Rəsulu görmək istədiyini bildirərək onu gətirməyini xahiş etmişdir. O da qonşuluqda yaşayan qardaşı Asifin evinə gedərək ona Firuzənin gəldiyini, övladını görmək istədiyini demişdir. Asif Rəsulu onunla göndərmiş, özü də arxalarınca gəlmişdir. Firuzə Rəsulu gördükdən sonra onlarda qalacağını, Turalla qayıtmayacağını Asifə bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadıqları evin qarşısındakı küçəyə gəlmişdir. Həmin vaxt Asif küçəyə çıxaraq ondan nə üçün yaşadığı evin qarşısına gəldiyini soruşduqda sərxoş vəziyyətdə olan Tural Asiflə mübahisə edib ucadan söyüşlər söyüb onun üzünə yumruq vurmuş, Asif də müqavimət göstərərək Turalın üzünə bir dəfə yumruq vurmuşdur. X8 vurduqda o da ona vuraraq özünü qorumağa çalışmışdır. O və atası Şahid1 onları ayırmışlar.Həmin vaxtı Tural atasının sifətinə bir dəfə sillə vurmuşdur.Onları ayırdıqdan sonra Asif həyətə girmiş,Tural isə küçədə söyüb qışqıraraq Firuzəni çağırmağa başlamışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Bir müddət sonra ora polis əməkdaşları da gəlib çıxmışlar. Küçədə olan qonşular və polis əməkdaşları Turalı sakitləşdirməyə çalışmışlar, o isə əlində olan iti daş parçası ilə özünə xəsarət yetirmişdir. Polis əməkdaşları Turalı aparmışlar. Hadisə vaxtı Təqsirləndirilən şəxs ona və ya o Turala vurmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən rayonu Sarıbulaq kəndində oğlu Asif, onun arvadı Firuzə və nəvəsi Rəsulla birlikdə yaşayır. Oğlu Zərərçəkmiş şəxs 9 ildir ki Firuzə ilə evlidir. Onların evliliklərindən 2016-cı il təvəllüdlü Rəsul adlı övladları var. 2024-cü ilin avqust ayının təxminən ortalarında Firuzə yaşadığı evdən özbaşına çıxıb Hənifə kənd sakini Təqsirləndirilən şəxsla yaşamaq üçün onun yanına getmişdir. Nəvəsi Rəsul isə onlarla qalmışdır. xx.xx.2024-cü il tarixdə Firuzə yenidən yaşadıqları evə qayıtmışdır. Turalın onu incitdiyini, bu səbəbdən də geri qayıtdığını bildirmişdir. Onlar da uşağa görə onu qəbul etmişlər. xx.xx.2024-cü il tarixdə Firuzə yenə Turalı istədiyini bildirərək evdən çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Asifə zəng edərək Firuzənin oğlu Rəsulu görmək istədiyini demişdir. Asif də Turala Rəsulun məktəbdə olduğunu, məktəbdən gələndə telefonda görüntülü zəng edərək onu Firuzəyə göstərəcəyini demişdir. Tural bundan sonra telefonu söndürmüşdür. Həmin gün saat 13 radələrində qonşuluqda yaşayan oğlu Yusif onlara gələrək Firuzənin onun evinə gəldiyini və Rəsulu görmək istədiyini Asifə bildirmişdir. Yusifin qonşuluqda yerləşən evi ilə aralarında hasar yoxdur, həyətləri ümumidir. X6 göndərmiş, özü də onların arxasınca getmişdir. Bu zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə küçəyə gəldikdə Asif də küçəyə çıxıb ondan niyə küçələrinə gəldiyini soruşmuşdur. Tural ucadan söyüşlər söyüb Asifin üzünə yumruq vurmuş, Asif də özünü qorumaq üçün ona vurmuşdur. Qarşılıqlı dava yarandığını görüb o və oğlu Yusif onları ayırmağa başlamışlar. Bu zaman Tural onun üzünə sillə vurmuşdur. Asifi ayırıb evin həyətinə salmışlar, Tural isə küçədə qışqırıb səs-küy salıb nalayiq sözlər deyərək Firuzəni çağırmağa başlamışdır. Bir müddət sonra ora polis əməkdaşları gəlmişlər. Polis əməkdaşlarının gəlməsinə baxmayaraq Tural polis əməkdaşlarının və səsə yığılmış qonşuların qarşısında səs-küy salıb nalayiq sözlər deyərək Firuzəni çağırmışdır. Bu zaman əlindəki iti daş parçası ilə Tural özünə xəsarət yetirmişdir. Bir müddət sonra polis əməkdaşları Turalı aparmışlar. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Səs-küyə də qonşular yığılmışlar. Hadisə vaxtı xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki,Balakən RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində RPŞ-nin Qabaqçöl PB-nin polis nəfərləri Famil Orucov və Şahid8la birlikdə Balakən rayonu Sarıbulaq kəndinin ərazisində xidmətdə olduğu zaman RPŞ-nin Qabaqçöl PB-nin Növbətçi hissəsindən Balakən rayonu Sarıbulaq kənd sakini Şahid3 öz həyat yoldaşının başqa bir şəxs tərəfindən döyülməsi barədə DİN-in 102 xidmətinə müraciət etdiyi bildirilmişdir. Həmin vaxtı xidməti ərazidə olduqlarına görə Balakən rayonu Sarıbulaq kəndində yerləşən Şahid3 yaşadığı ünvanı müəyyən edib ora yaxınlaşmışlar. Şahid3 yaşadığı ünvana çatdıqda küçədə 15 nəfərə qədər şəxsin toplaşdığını, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndikləri şəxsin isə əlində iti daş parçası tutub ucadan nalayiq söyüşlər söyərək “Firuzə gəlsin” deyə qışqırdığını, ora toplaşmış şəxslərin isə onu sakitləşdirməyə çalışdıqlarını görmüşlər. Bir neçə dəqiqədən sonra mobil telefonu vasitəsi ilə Təqsirləndirilən şəxs hərəkətlərinin bir hissəsinin videogörüntüsünü çəkmişdir. Həmin vaxtı Famil Orucov və Şahid8, həmçinin orada olan qonşu qadınlardan biri Turalı sakitləşdirməyə çalışmışlar, lakin Təqsirləndirilən şəxs “Firuzə gəlsin” deyə qışqıraraq əlindəki iti daş parçası ilə özünə xəsarət yetirməyə başlamışdır.Təqsirləndirilən şəxs tutub özünə xəsarət yetirməsinin qarşısını almışlar və bir müddət sonra Balakən RPŞ-dən gəlmiş polis əməkdaşlarının da köməyi ilə onu RPŞ-yə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Balakən RPŞ-nin Qabaqçöl PB-nin polis nəfərləri Şahid8 və Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahidlər- Şahid3, Şahid4 və Şahid5 məhkəmə iclasına gəlməmişlər. Balakən Rayon İcra Hakimiyyəti Başçısının Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 dekabr 2024-cü il tarixdə verilmiş 301 nömrəli arayışda göstərilmişdir ki, Şahid5 hal-hazırda nümayəndəliyin ərazisində yaşamır.Qohumlarının deməsinə görə 2024-cü ilin noyabr ayında Rusiya Federasiyasına getmişdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahidlər Şahid3, Şahid4 və Şahid5 ibtidai istintaqda şahid qismində verdikləri ifadələrinin elan olunmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 9 ildir ki, evlidir. Evliliklərindən 2016-cı il təvəllüdlü bir azyaşlı oğlu var. Təxminən bir ildir ki, evli olmağına baxmayaraq Təqsirləndirilən şəxsla telefonda yazışaraq danışmışdır. Bu məsələni əri Zərərçəkmiş şəxs biləndən sonra onunla münasibətləri pozulmuşdur. Əri ona əsəbləşərək “get Turalın yanına, onunla yaşa” demişdir. Əvvəl Asifə getməyəcəyini desə də sonradan fikrini dəyişərək Təqsirləndirilən şəxs kirayə yaşadığı evə gedərək onunla yaşamağa başlamışdır.Uşağı görmək istədiyi zaman Asif buna icazə vermiş, lakin Turalla birlikdə gəlməməyini demişdir. Bir neçə dəfə Turalla münaqişələri olduğundan geri Asifin yanına qayıtmışdır. Asif də ona geri qayıdarsa qəbul edəcəyini demiş, sadəcə evdə oturub uşağı baxmağını xahiş etmişdir. Lakin hər dəfə Tural gəlib səs-küy salıb onu aparmışdır. Sonuncu dəfə yenə 12 sentyabr 2024-cü il tarixdə Sarıbulaq kəndində Asiflə yaşadığı evdən çıxaraq Turalın yanına getmişdir və onunla yaşamışdır. xx.xx.2024-cü il tarixdə Tural onun xahişi ilə öz mobil telefonu ilə Asifə zəng edib onun azyaşlı oğlu Rəsulu görmək istədiyini demişdir. Asif də Turalın məktəbdə olduğunu, məktəbdən qayıtdıqdan sonra telefonda görüntülü yığaraq danışdıracağını demişdir. Asifin belə deməsinə baxmayaraq, sərxoş vəziyyətdə olan Tural Asifi söyərək uşağı görmək üçün Sarıbulaq kəndinə getmələrinə israr etmişdir. Turaldan onunla gəlməməyini xahiş etsə də, Tural sərxoş olduğundan onu dinləməmişdir. xx.xx.2024-cü il tarixdə günorta saat 13 radələrində Turalla birlikdə taksi ilə gəlib Asifin evinin qarşısında düşmüşlər. Oğlu həmişə qaynı Yusifgildə olduğundan Asifin həyət qapısı ilə yanaşı qonşuluqda yerləşən qaynı Yusifgilə getmişdir. Yusifgildə Rəsul olmadığından onun gəlməsini bir qədər gözləməli olmuşdur. Həmin vaxtı Tural da küçədə gözləmişdir. Qaynıgillə həyətlərinin arasında hasar olmadığından uşaq həyətdən Yusifgilə gəlmişdir. Həyət qapılarının yerində doqqazlar olduğundan yol görünür. Həyətdə uşağın qarşısına gedəndə yola çıxmış qayınatası Şahid1 yolda Turalla mübahisə edərək həmişə əlində olan və əsa kimi söykənmək üçün istifadə etdiyi ağac dəyənəyi onun başına və çiyinlərinə vurduğunu görmüşdür. Tural da ona “ağsaqqal adamsan, vurma. Mən sənə əl qaldırmıram” demişdir. Baş verənləri uşağın görməməsi üçün onu evin içinə aparmışdır. İçəridə olduğu zaman Turalla Asif yolda dalaşmışlar. Bir-birilərini yumruqla vurmuşlar. Bu barədə sonradan bilmişdir. Özü şəxsən görməmişdir. Evin içərisindən 102-yə zəng edib bu barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur. xx.xx.2024-cü il tarixdə günorta saat 13 radələrində küçədən gələn söyüş və dava-dalaş səsinə çıxdıqda qonşusu Asifi sonradan adının Tural olduğunu bildiyi şəxsin döydüyünü, qonşuları Asifin atası İsrafillə Yusifin onları ayırdıqlarını görmüşdür. Asifi həyətə aparmışlar, Tural isə küçədə dayanıb ucadan qışqırıb söyərək Asifin arvadı Firuzəni çağırmışdır. Ondan başqa həmin yerə qonşusu Ceyran da gəlmişdir. Səsə başqa qonşular da yığılmışlar, hazırda kimlərin gəldiyini xatırlamır. Turalı sakitləşdirməyə çalışsalar da xeyri olmamışdır. Bir müddət sonra küçəyə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdə Tural yenə də “Firuzə gəlsin” deyə qışqıraraq əlində tutduğu kiçik daş parçası ilə özünə xəsarət yetirmişdir. Polis əməkdaşları onu sakitləşdirib polis şöbəsinə aparmışlar. Hadisə təxminən 20 dəqiqədən çox çəkmişdir. Həmin vaxtı küçəyə xeyli adam toplaşmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur. xx.xx.2024-cü il tarixdə günorta saat 13 radələrində küçədən gələn söyüş və dava-dalaş səsinə çıxdıqda qonşusu Asifi sonradan adının Tural olduğunu bildiyi şəxsin döydüyünü, qonşuları Asifin atası İsrafillə Yusifin onları ayırdıqlarını görmüşdür. Asifi həyətə aparmışlar, Tural isə küçədə dayanıb ucadan qışqırıb söyərək Asifin arvadı Firuzəni çağırmışdır. Ondan başqa həmin yerə qonşusu Ceyran da gəlmişdir. Səsə başqa qonşular da yığılmışlar, hazırda kimlərin gəldiyini xatırlamır. Turalı sakitləşdirməyə çalışsalar da xeyri olmamışdır. Bir müddət sonra küçəyə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdə Tural yenə də “Firuzə gəlsin” deyə qışqıraraq əlində tutduğu kiçik daş parçası ilə özünə xəsarət yetirmişdir. Polis əməkdaşları onu sakitləşdirib polis şöbəsinə aparmışlar. Hadisə təxminən 20 dəqiqədən çox çəkmişdir. Həmin vaxtı küçəyə xeyli adam toplaşmışdır. İşin 48-51-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 25 sentyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış Balakən rayonu Sarıbulaq kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısındakı küçədə keçirilmişdir.Zərərçəkmiş şəxs yaşadığı ev qardaşı Şahid2 yaşadığı evin qonşuluğunda yerləşir. Hadisə yerinə baxışda iştirak edən Zərərçəkmiş şəxs rəsmi evli olduğu arvadı Şahid3 ona xəyanət edərək birlikdə yaşadığı Hənifə kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə günorta saat 13 radələrində yaşadığı evin qarşıındakı küçəyə gəldiyini, bu zaman həmin aralarında mübahisə yarandığını, Təqsirləndirilən şəxs ucadan onun ünvanına nalayiq sözlər deyib döyərək ona xəsarət yetirdiyini, atasının və qardaşı Yusifin onları ayırdığını, sonradan da həmin yerdə dayanaraq Təqsirləndirilən şəxs səs-küy salıb söyüş söyərək Firuzəni küçəyə çağırdığını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir alət, predmet aşkarlanaraq götürülməmişdir. Baxış zamanı tərtib edilmiş protokol ucadan oxunmuşdur, əlavə hər hansı şikayət və vəsatət daxil olmamışdır, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İşin 37-ci vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 X7 Balakən rayon MTE və PA şöbəsinin X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 250 nömrəli ekspert rəyinin nəticə hissəsində (canlı şəxsin ekspertizası) göstərilmişdir: Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir:

1. Vət. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-alnında və burnunda sıyrıq, burun sümüyünün yerdəyişməyən sınığı-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü ildə əmələ gələ bilərdilər, dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İşin 13-14-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən cinayət işinin materiallarına əlavə edilmiş, RPŞ-nin TB-nin baş təhqiqatçısı Natiq Muradov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “videodiskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, xx.xx.2024-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PBnin sahə rəisi, polis baş leytenantı Şahid6 raportla məruzə edərək həmin tarixdə saat 14:30-da Qabaqçöl PB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid7 və Qabaqçöl PB-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid8la birlikdə Balakən rayonu Sarıbulaq kəndi ərazisində xidmətdə olduqları zaman Qabaqçöl PB-nin NH-dən Balakən rayonu Sarıbulaq kənd sakini Şahid3 həyat yoldaşının başqa şəxs tərəfindən döyülməsi ilə bağlı müraciətinin nəzərlərinə çatdırıldığını, həmin vaxt xidməti ərazidə olduqları üçün Şahid3 yaşadığı Balakən rayonu Sarıbulaq kəndində yerləşən ünvana yaxınlaşdıqlarını, bu zaman Şahid3 yaşadığı evin qarşısındakı küçədə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs əlində iti uclu daş parçası ilə dayanmasını gördüklərini, Təqsirləndirilən şəxs orada dayanaraq barəsində daxil olmuş şikayətlə bağlı əgər polis bölməsinə aparılarsa iti uclu daş parçası ilə özünə xəsarət yetirəcəyini bildirdiyini, həmin vaxtı Təqsirləndirilən şəxs sərxoş olduğunun hiss olunduğunu, Təqsirləndirilən şəxs sakitləşdirmək istədikdə sonuncunun daş parçası ilə boğaz nahiyəsinə sıyrıq xəsarətləri yetirdiyini, bu zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq onu saxladıqlarını, sakitləşdirdiklərini və sonradan hadisə yerinə gələn əməliyyat-istintaq qrupunun üzvlərinə təhvil verdiyini bildirmişdir. Polis baş leytenantı Şahid6 təqdim etdiyi, hadisəni özündə əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd diskə baxış keçirilmişdir.Təqdim edilmiş videogörüntüyə baxdıqda görüntünün 27 saniyə davam etdiyi müəyyən olunmuşdur. Videogörüntünün ilk saniyələrindən etibarən Təqsirləndirilən şəxs Balakən rayonu Sarıbulaq kənd sakini Zərərçəkmiş şəxs və sonuncunun həyat yoldaşı Şahid3 yaşadığı evin qarşısındakı küçədə, daş hasarın yanında əlində olan hansısa bir əşya parçası ilə dayanaraq ucadan səs-küy saldığı, “Firuzə gəlsin” sözlərini təkrar edərək sakitləşdirilməsi üçün ona yaxınlaşan şəxslərə “bacı qaç qırağa, qırağa durun” sözlərini deməsi, orada olan polis əməkdaşlarının və vətəndaşların onu sakitləşdirmək istəmələrinə baxmayaraq əlindəki naməlum əşya ilə boynunun sağ nahiyəsinə xəsarət yetirməsi, həmçinin həmin əşya ilə sol qoluna xəsarət yetirməyə çalışması, sonradan isə qaçıb uzaqlaşmağa çalışması müəyyən olunmuşdur. 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Diskə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 35-ci vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən “Balakən Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1027 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı (xx.xx.2024-cü il saat 15:10da) sərxoş olmuşdur. İşin 34-cü vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən “Balakən Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1026 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı (xx.xx.2024-cü il saat 15:08-dg) ayıq olmuşdur. İşin 70-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş,məhkumluğu ödənmişdir, məhkumluğu olmayan şəxsdir. İşin 75-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Hənifə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 10 oktyabr 2024-cü ildə verilmiş 49 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvəllüdlü qızı Zəhra vardır. İşin 76-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Hənifə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü ildə verilmiş 49 nömrəli arayışdan görünür ki, Həsənov X3 rayonu Hənifə kəndində yaşayır. İşin 72-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Hənifə kənd İƏD-si tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şifahi və yazılı şikayət ərizəsi daxil olmadığı qeyd edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır.Ona dəyən bütün ziyan onun tərəfindən ödənilmişdir.Buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə Zərərçəkmiş şəxs, şahidlər-X1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6,Şahid7 və Şahid8 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti,mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib,həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək , vətəndaşın üzərində zor tətbiq edərək xuliqanlıq etmişdir. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci tarixli qərarında göstərmişdir ki,cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. ”Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhvedilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı (hazırkı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu) maddəsinə müvafiqolaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki,Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 4-cü bəndində izah olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması və zərər çəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini,əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda cərimə və islah işləri növündə cəzaların təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Hənifə kəndindəki yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Hənifə kəndindəki yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar