Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-110/2024 23.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1 və 148ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasına dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 CM-nin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə cəzaları qismən və ya tamamilə toplamaq yolu ilə ən ağır həddə cəza təyin edilməsi barədə hökm qəbul edilməsini xahiş etmişdir. X2 şikayətində qeyd edilmişdir ki, Balakən rayon sakini X3 xx.xx.2024-cü il tarixdə Balakən şəhərində yaşadığı evdə “TikTok” sosial şəbəkəsində özünə məxsus hesabından “arvadını satan qazbinəli” adlı səhifə açaraq, həmin səhifədə “salam, adım Qımrıyev Sahibdir, pula ehtiyacım var. Arvadımı satıram, reysi 5 manata, istəyən əlaqə saxlaya bilər” yazısını paylaşaraq böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymış, o cümlədən, həmin sosial şəbəkədə onu və ailə üzvlərini təhqir etmişdir. Bununla da X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Şikayətə əlavə olunmuş “TikTok” sosial şəbəkəsində yaradılan “arvadını satan qazbinəli” adlı səhifədən çıxarışda paylaşdığı yazıdan görünür kimi, X3 yalan olduğunu bilə-bilə onun və həyat yoldaşının şərəf və ləyaqətini ləkələyən və onları nüfuzdan salan məlumatı, yəni “salam, adım Qımrıyev Sahibdir, pula ehtiyacım var. Arvadımı satıram, reysi 5 manata, istəyən əlaqə saxlaya bilər” sözlərini yaymış, o cümlədən, onu və həyat yoldaşını təhqir etmişdir. Bildirir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Qonşuluqda yaşayan Mehriban Göylərovaya məxsus heyvanların onlara məxsus torpaq sahəsində otarması ilə bağlı aralarında əvvəllər yaranmış narazılıqlarla bağlı özünə məxsus torpaq sahəsini hasarladığına görə X3 və onun oğlu X9 tərəfindən tez-tez təhqirlərə məruz qalmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə axşam saatlarında X1 oğlu Nicat Qazıyev yanında 2-3 nəfər uşaqla yaşadığı ünvana gələrək ondan üzr istəyərək, onu təhqir edən sözləri sosial şəbəkədə paylaşdığını, həmin paylaşdığı yazını sosial şəbəkədən siləcəyini bildirmiş və çıxıb getmişdir. Həmin vaxt həmin paylaşımı görmədiyindən buna o qədər əhəmiyyət verməmişdir. Daha sonra başqa qonşusu olan Aqşin adlı şəxs ona yaxınlaşaraq Nicat Qazıyevin “TikTok” sosial şəbəkəsində “arvadını satan qazbinəli” adlı səhifə açdığını, orada “salam, adım Qımrıyev Sahibdir, pula ehtiyacım var. Arvadımı satıram, reysi 5 manata, istəyən əlaqə saxlaya bilər” yazısını paylaşdığını bildirmiş və həmin səhifənin şəklini çəkərək ona göndərmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə DİN-nin 102 çağrı xidmətinə zəng edərək “TikTok” sosial şəbəkəsində onu və ailə üzvlərimi təhqir edən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Balakən RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən ilkin araşdırma başladılmış və HK-1-661 saylı ilkin araşdırma işi açılmışdır. Araşdırma mərhələsində izahatları alınmış, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan, lakin Balakən rayonu Qazbinə kəndində yaşayan X3 və 18 aprel 2010-cu il təvəllüdlü oğlu X9 həmin yazıların guya Nicat Qazıyev tərəfindən paylaşıldığını etiraf etmişlər. Lakin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda X1 və oğlu Nicat Qazıyevin verdiyi izahatlardan görünür ki, həmin nalayiq ifadələr olan səhifə Mehriban Göylərovanın özünə məxsus mobil telefonundan istifadə edilərək açılmışdır. Bundan sonra Balakən Rayon Polis X5 baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilərək, X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlmişdir. Halbuki, bu Mehriban Göylərovanın cinayətkar əməllərini ört-basdır etmək üçün verilən izahatlardır. Həmin səhifə Mehriban Göylərovanın özü tərəfindən yaradılmışdır. Buna əsas olaraq aralarında tez-tez baş verən mübahisələri göstərmək olar. Məhkəmə hazırlıq iclasında X4 xüsusi ittiham qaydasında verdiyi ərizəsini müdafiə edərək, “TikTok” sosial şəbəkəsindəki paylaşımın X1 oğlu tərəfindən edildiyini, lakin Göylərova Mehribanın telefonundan edildiyini bildirmiş, şikayətinin icraata götürülməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, X4 izahatında “TikTok” sosial şəbəkəsindəki paylaşımın X3 tərəfindən deyil, sonuncunun oğlu tərəfindən paylaşıldığını bildirmiş, X1 əməlində cinayət hadisəsi olmadığı müəyyən edilmiş, şikayətdə əməlin məhz X3 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X1 CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 300.1.3, 302 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasına dair X2 xüsusi ittiham qaydasında verdiyi şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-110/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-110/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver