Məhkəmə qərarları › İş №1(019)-12/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-12/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-12/2022 12.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Balakən Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx xxxxxxxx 1961-ci il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayının əvvəllərində yaşadığı Balakən rayonu Qazma kəndinin çöl sahəsindəki kolluq ərazidə aşkar etdiyi yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən hissələrini yığaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 18,22 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib ayrı-ayrılıqda təmiz çəkiləri 3,43 qram, 2,51 qram, 3,06 qram, 3,40 qram, 3,01 qram və 2,81 qram olmaqla 01 ədəd ağ rəngli kağız bükümə və 05 ədəd kibrit qutularına yığıb öz istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində RPŞ-nə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra 18 avqust 2021-ci il tarixdə saat 00:10-dan saat 00:50-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 3,43 qram, 2,51 qram, 3,06 qram, 3,40 qram, 3,01 qram və 2,81 qram olmaqla, ümumi təmiz çəkisi 18,22 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd ağ rəngli kağız bükümdə olan hissəsi onun əynindəki göy rəngli şalvarın sağ yan cibindən, 05 ədəd kibrit qutularında olan hissəsi isə onun əynindəki göy rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 40 ildir narkotik vasitə marixuanadan istifadə edir. Lakin narkotik vasitə marixuanadan mütəmadi deyil, bəzi vaxtlarda istifadə etmişdir. O, 2021-ci ilin iyul ayının əvvəllərində Balakən rayonu Qazma kəndinin çöl sahəsindəki otlaq ərazidə olan zaman orada kolluq ərazidə 01 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüş, istifadəçisi olduğuna görə həmin 01 ədəd çətənə bitkisinin üzərindən yararlı hissələrini yığıb elə həmin çöl sahəsində kolluğun arasına sərib qurutmuş, daha sonra həmin qurudulmuş marixuananı özü istifadə etmək üçün 05 ədəd kibrit qutularına və 01 ədəd ağ rəngli kağız bükümə dolduraraq üzərində daşıyıb saxlamışdır. O, 01 ədəd kağız bükümdə olan həmin qurudulmuş marixuanadan bir neçə dəfə istifadə etmiş, ailə üzvləri bilməsin, görməsin deyə 05 ədəd kibrit qutularında və 01 ədəd ağ rəngli kağız bükümdə olan həmin qurudulmuş marixuanaları həmişə üzərində daşıyıb saxlamışdır. O, 17 avqust 2021-ci il tarixdə axşam saatlarında yaşadığı Balakən rayonu Qazma kəndi ərazisində olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Balakən rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və üzərində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞ-nə dəvət etmişlər.O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə PŞ-nə getmişdir. Polis Şöbəsində xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq Muradov tərəfindən əvvəlcə şübhəli şəxs kimi saxlanılmış, daha sonra vəkillər siyahısından seçmiş olduğu vəkil X7 PŞ-nə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əynindəki göy rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd ağ rəngli kağız bükümdəki və şalvarının sol yan cibində saxladığı 05 ədəd kibrit qutularındakı narkotik vasitə qurudulmuş marixuananı, həmçinin üzərində olan 02 qutu “Magna” markalı siqareti, 01 ədəd cib dəsmalını, 01 ədəd avtomobil açarını və 02 manat pulu könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 01 ədəd ağ rəngli kağız bükümdəki və 05 ədəd kibrit qutularındakı narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, kağızla və kibrit qutuları ilə birlikdə marixuananın ümumi çəkisi 35 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra 01 ədəd kağız bükümdə və 05 ədəd kibrit qutularında olan marixuana təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 02 qutu “Magna” markalı siqaret, 01 ədəd cib dəsmalı, 01 ədəd avtomobil açarı və 02 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır.O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli kağız bükümdə və 05 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmiş və ya satmamışdır. Onun heç vaxt narkotik vasitə satmaq niyyəti olmamışdır. O, əvvəlcə polis əməkdaşlarına həqiqəti, yəni üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün saxladığını bildirmiş, lakin onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana 05 ədəd kibrit qutularında və 01 ədəd kağız bükümdə olduğuna görə həmin vaxt polis əməkdaşlarının ona inanmadıqlarını hiss etmişdir. O da polis əməkdaşlarının ona inanmamalarından, şübhələnmələrindən qorxub fikirləşmişdir ki, onun sözləri polis əməkdaşlarına inandırıcı gəlməsə onu Polis Şöbəsində döyəcəklər, narkotik vasitə marixuananı satmaq üçün üzərində saxladığını boynuna alması üçün onu incidəcəklər, ona təyziq edəcəklər, məsuliyyətini ağırlaşdırmaq üçün onun üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın çəkisini biraz da artırıb ona bu formada pislik edəcəklər. Ona görə də, qorxudan yalan danışaraq narkotik vasitə marixuananı həm şəxsi istifadəsi üçün, həm də istəyən olsa satmaq məqsədi ilə üzərində saxladığını demişdir. Lakin o, bu günə kimi heç kimə narkotik vasitə satmamış, pay verməmiş, heç kimlə birlikdə narkotik vasitə istifadə etməmişdir. O, narkotik vasitə marixuanadan istifadə etdiyini heç yaxın dostlarına da deməmişdir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.Əməlindən peşimandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru rütbəsini daşıyır. 17 avqust 2021-ci il tarixdə Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş, daha sonra həmin məlumatın yoxlanılması, yəni Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə RPŞnin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı həmin tarixdə axşam saatlarında Hacıyev X4 rayonu Qazma kəndi ərazisində saxlanılmış və dəvət olunaraq Balakən RPŞ-nə aparılmışdır. Təqsirləndirilən şəxs PŞ-də Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq Muradov tərəfindən əvvəlcə şübhəli şəxs kimi saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs vəkillər siyahısından seçdiyi vəkil X7 PŞnə dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və sonuncuya üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd ağ rəngli kağız bükümü və şalvarının sol yan cibində saxladığı 05 ədəd kibrit qutularını, həmçinin üzərində olan 02 qutu “Magna” markalı siqareti, 01 ədəd cib dəsmalını, 01 ədəd avtomobil açarını və 02 manat pulu könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün və kibrit qutularının içərisində nə olması barədə sual verildikdə, şübhəli şəxs Təqsirləndirilən şəxs 01 ədəd ağ rəngli kağız bükümdə və 05 ədəd kibrit qutularında narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Balakən rayonu Qazma kəndinin çöl sahəsində yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığıb həm şəxsi istifadəsi üçün, həm də gələcəkdə istəyən olarsa satmaq məqsədi ilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli kağız büküm və 05 ədəd kibrit qutuları açılarkən içərisində yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki mənşəli kütlə aşkar edilmiş, daha sonra həmin 01 ədəd ağ rəngli kağız büküm və 05 ədəd kibrit qutuları birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 35 qram təşkil etmişdir. Bundan sonra 01 ədəd kağız bükümdə və 05 ədəd kibrit qutularında olan narkotik vasitə marixuanaya oxşar bitki kütləsi təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 qutu “Magna” markalı siqaret, 01 ədəd cib dəsmalı, 01 ədəd avtomobil açarı və 02 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır və Balakən şəhəri ərazisində ərzaq mağazası işlədərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun doğma atasıdır və atası həbs olunanadək eyni evdə yaşamışlar. Atası fərdi qaydada təsərrüfatla məşğul olaraq pul qazanmışdır. Atası həbs olunanadək sonuncunun narkotik vasitədən istifadə etdiyini bilməmişdir. Atasının üzərində narkotik vasitə saxlamasından və narkotik vasitə istifadə etməsindən heç vaxt onun və ya ailə üzvlərinin xəbəri olmamışdır. Ola bilsin ki, atası narkotik vasitədən bəzi vaxtlarda istifadə etmişdir.O, bu günədək yaşadıqları evə tanımadığı və ya şübhəli şəxslərin gəlib-getməsinin, atası ilə görüşmələrinin şahidi olmamışdır. Atasının Əmir, Şair və Vaqifdən başqa dostu olmamış, atasının başqa şəxslərlə oturub-durmasının, yaxınlıq və dostluq etməsinin şahidi olmamışdır. Atası Təqsirləndirilən şəxs həbs olunanadək o, atasının narkotik vasitədən istifadə etdiyini, atasının üzərində narkotik vasitə saxladığını eşitməmiş, görməmiş və bilməmişdir. Atası Təqsirləndirilən şəxs narkotik vasitə satmaq niyyətinin olmasına inanmır. Çünki, atasının narkotikdən əldə olunan qazanca ehtiyacı olmamışdır. O, özü hazırda ticarətlə məşğul olaraq pul qazanır. Atası da həbs olunmamışdan əvvəl təsərrüfatla məşğul olaraq pul qazanmışdır. Yəni, onların yüksək səviyyədə yaşamaq üçün yetəri qədər gəlirləri, qazancları olmuşdur. Buna görə də, atasının narkotik vasitə satmağa və bu yolla qazanc əldə etməyə ehtiyacı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Nazim həbs olunmamışdan əvvəl təsərrüfatla məşğul olaraq pul qazanmışdır. O, Nazim həbs olunanadək sonuncunun narkotik vasitədən istifadə etdiyini bilməmişdir. Nazimin üzərində narkotik vasitə saxlamasından və narkotik vasitədən istifadə etməsindən heç vaxt onun və ya ailə üzvlərinin xəbəri olmamışdır. Nazimin narkotik vasitə satmaq niyyətinin olmasına inanmır. Çünki, Nazimin narkotikdən əldə olunan qazanca ehtiyacı olmamışdır. Oğlu Tural hazırda ticarətlə məşğul olaraq pul qazanır. Nazim də həbs olunmamışdan, əvvəl təsərrüfatla məşğul olaraq pul qazanmışdır. Yəni, onların yüksək səviyyədə yaşamaq üçün yetəri qədər gəliri, qazancı olmuşdur. Buna görə də, Nazimin narkotik vasitə satmağa və bu yolla qazanc əldə etməyə ehtiyacı olmamışdır. İşin 22-25-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 18 avqust 2021-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 00:10-dan saat 00:50-dək olan müddət ərzində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə vəkillər siyahısından seçmiş olduğu vəkil X3 və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana olduğunu bildirərək əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə və şalvarının sol yan cibindən 05 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələrini təqdim etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibində saxladığı 02 manat pulu, avtomaşın açarını, arxa cibində saxladığı 02 qutu “Magna” markalı siqareti təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələrini 02 ay əvvəl çöl sahəsində olan otlaq sahədən tapdığı 01 ədəd yabanı halda bitmiş çətənə bitkisinin üzərindən yığaraq üzərində saxladığını, həmin qutularda və kağız bükümdə saxladığı narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələrini şəxsi istifadəsi üçün, həmçinin, istəyən olsa satmaq məqsədi ilə saxladığını, 40 ildir narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş 05 ədəd kibrit qutularında və 01 ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələrini elektron tərəzidə çəkilmiş, üzərindəki qutu və kağızla birlikdə ümumi çəkisi 35 qram təşkil etmişdir. Aşkar edilmiş bitki kütlələri 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-nin 185 nömrəli möhürü ilə möhürlənmiş, iş üçün əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı Natiq Muradov tərəfindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs məxsus, sonuncunun üzərindən aşkar edilmiş 02 ədəd “Magna” markalı siqaret qutuları, əl dəsmalı, avtomaşın açarı və 02 manat pul Təqsirləndirilən şəxs geri təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman başqa qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış “Sony” markalı videokamera vasitəsi ilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İşin 31-35-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 18 avqust 2021-ci tarixli 17/611 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...qurudulmuş marixuanaya oxşar bitki kütlələri.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə və 05 (beş) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri - 3,43 qr., 2,51 qr., 3,06 qr., 3,40 qr., 3,01 qr. və 2,81 qr., ümumi təmiz çəkiləri - 18,22 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd ağ rəngli kağız bükümdə və 05 (beş) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 158-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 21 sentyabr 2021-ci il tarixli 1130 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 14-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 17 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 17 avqust 2021-ci ildə saat 23:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 79-82-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli 4(019)-69/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs oğlu barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbs müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşin 182-186-cı vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 4(019)-78/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni 17 noyabr 2021-ci il tarixdən 17 yanvar 2022-ci il tarixədək uzadılmışdır. İşin 95-96-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Polis Şöbəsinin 02 yanvar 2022-ci il tarixli 109-42-1222 nömrəli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əməliyyat –qeydiyyat işi açılmamışdır. 14.08.2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı (№300 tm) daxil olmuşdur.17.08.2021-ci il tarixdə Balakən RPŞ-in əməkdaşları tərəfindən qeyd edilən məlumatların yoxlanılması istiqaməsində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Balakən rayonu Qazma kəndində qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə baxış keçirilərkən 5 ədəd kibrit qutularında ümumi çəkisi 18,22 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin 99-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli 955 nömrəli arayışdan görünür ki, Hacıyev X4 rayonu Qazma kəndi ünvanında yaşayır. Himayəsində işləməyən arvadı, oğlu, gəlini və 2018-ci il təvəllüdlü nəvəsi vardır. İşin 100-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Qazma inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilməsini,tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, o, törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini,əvvəllər məhkum olunmamasını, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu cinayəti törətmiş bir şəxsin azadlıqda qalmasının cəmiyyətdə mənfi emosiyalar doğura biləcəyini, digər şəxslərin də bu cinayətə meyllənəcəyinə səbəb olacağını, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik ) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd kağız bükümdə və 05 ədəd kibrit qutularındakı ümumi təmiz çəkisi 18,22 qram olan narkotik vasitə qurudulmuş marixuananın hər obyektdən 0,05 qram olmaqla, tədqiqata sərf edilən ümumi 0,30 qram miqdarı nəzərə alınaraq qalıq təmiz çəkisi 17,92 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il 3(üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilsin. 34,55 (otuz dörd manat əlli beş qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az .MEM ; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd kağız bükümdə və 05 ədəd kibrit qutularındakı ümumi təmiz çəkisi 18,22 qram olan narkotik vasitə qurudulmuş marixuananın hər obyektdən 0,05 qram olmaqla, tədqiqata sərf edilən ümumi 0,30 qram miqdarı nəzərə alınaraq qalıq təmiz çəkisi 17,92 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar