Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-12/2025 25.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla faktiki olaraq Balakən şəhəri, M.Maqomayev küçəsi, dalan 2, ev 2-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 07 sentyabr 2020-ci il tarixdən başlayaraq 19 fevral 2010-cu ildə anadan olmuş X2 və 29 avqust 2011-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150,00 manat sabit pul məbləğində alimentin tutularaq Qımrıyeva (İsmayılova) Billurə Fərman qızına verilməsinə dair Balakən Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(019)-62/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib həmin rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(019)-50/2022 saylı qərarına əsasən 08 gün, xx.xx.2024-cü il tarixli 3(019)-268/2024 saylı qərarlarına əsasən isə 09 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 02 sentyabr 2024-cü il tarixədək şəxsi maraq niyyətilə 9510,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham aşağıdakı qaydada tam sübuta yetirildi: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, sürücülüklə məşğul olduğunu, aylıq qazancının 350-400 manat təşkil etdiyini, bəzi aylarda daha az olmasını, 1-ci qrup əlil bacısına, 2-ci qrup əlil anasına baxdığını, sonuncu dəfə ötən ilin fevral ayında ödəniş etdiyini, qətnamə üzrə 02 sentyabr 2024-cü il tarixədək 9510,00 manat aliment borcunun yarandığını, lakin hazırda həmin məbləği ödəyə bilməməsini, gələn aydan hissə-hissə ödəyəcəyini, 2000 manat ödənişə zərərçəkmiş şəxsin razı olmadığını, onunla barışmadığını bildirmişdir. Bunları nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Balakən Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs hər ay hər bir uşaq üçün 150,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair xx.xx.2021-ci il tarixli qətnamə çıxarılmışdır. Qətnamənin çıxarılmasından xeyli müddətin keçməsinə baxmayaraq o, aliment məbləğini tam olaraq və vaxtı-vaxtında ödənilməsini təmin etməmişdir. Halbuki Xəqani işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Anası və bacısı əlilliyə görə pensiya alır. Buna baxmayaraq o, qərəzli olaraq alimenti ödəməmişdir. Uşaqların maddi tələbatı isə gündən-günə artmaqdadır. Buna görə də onun müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Sonuncu dəfə ötən ilin fevral ayında ödəniş etmişdir. Bu qaydada ödənilən məbləğlə uşaqların zəruri xərclərini ödəmək mümkün olmur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək yaranmış 9510,00 manat məbləğində aliment borcu yaranmışdır. Keçən iclasda 2000 manat ödəniş edəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. Hər dəfə bəhanə gətirərək alimenti ödəməkdən yayınır. Onunla barışmamışdır, buna görə barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon İcra və probasiya şöbəsinin rəisi Şahid2 ifadəsində göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 62/2021 saylı 04 fevral 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2020-ci il tarixdən başlayaraq X2 və X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150,00 manat sabit pul məbləğində aliment tutularaq Qımrıyeva (İsmayılova) Billurə Fərman qızına verilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olub-olmaması öyrənilmiş, nəticədə hər hansı əmlakı və gəlirləri müəyyən edilməmişdir. Həmçinin borclu icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən olunmuş aliment məbləğinin ödənilməsi tələb olunmuşdur. Borclu izahat verərək fərdi qaydada sürücü işlədiyini bildirmiş və aliment borcunu ödəyəcəyini bildirsə də, bundan sonra da icra sənədinin icrasından yayınmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, yaranmış aliment borcunun ödənilməsi Təqsirləndirilən şəxs tələb olunmuşdur. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borclu aylıq aliment məbləğini ödəsə də, sonradan ödənişi dayandırmışdır. Borcluya məsuliyyəti barədə xəbərdarlıq edilsə də, hərəkətlərində dönüş yaratmamış, qətnamənin icrasından yayınmaqda davam etmişdir. Həmçinin izahat verərək tələbkar ona uşaqlarla görüşməyinə şərait yaratmadığına görə alimenti ödəməyəcəyini bildirmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 09 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borcluya yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Görülmüş icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 02 sentyabr 2024-cü il tarixədək 9510,00 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində tələbkar Qımrıyeva (İsmayılova) Billurə Fərman qızı isə dəfələrlə icra və probasiya şöbəsinə müraciət edərək uşaqların maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini və maddi vəziyyətinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid Balakən rayon İcra və probasiya şöbəsinin sabiq icra məmuru Şahid1 iştirakı mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş, onun ifadəsi Şahid2 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu olmuşdur. Cinayət işinin 11-15-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-62/2021 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2020-ci il tarixdən başlayaraq 19 fevral 2010-cu ildə anadan olmuş X2 və 29 avqust 2011ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150,00 manat sabit pul məbləğində aliment tutularaq Qımrıyeva (İsmayılova) Billurə Fərman qızına verilməsi qət edilmişdir. Cinayət işinin 18-ci vərəqində olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-62/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, Təqsirləndirilən şəxs dərhal icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Cinayət işinin 71-75-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(019)-50/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 76, 87, 96, 133-cü vərəqələrində olan xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 117-ci vərəqində olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərarından görünür ki, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Cinayət işinin 127-132-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-268/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 09 gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 149-150-ci vərəqələrində olan Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş aliment ödənişləri barədə cədvəldən görünür ki, Təqsirləndirilən şəxs alimentin tutulmağa başlandığı vaxtdan 2024-cü ilin sentyabr ayı daxil olmaqla ümumilikdə 5190 manat ödəniş etmiş, onun 9510 manat ödənilməmiş aliment borcu qalmışdır. Cinayət işinin 176-cı vərəqində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 204-205-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyandan heç bir ödəniş etməmişdir, onunla barışmamışdır, buna görə barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Konstitusiya Məhkəməsı Plenumunun 02 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini və iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib hesab edir ki, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. O, qazancı olmasına baxmayaraq təxminən 01 il müddətində, barəsində cinayət işi başlandıqdan sonra, həmçinin cinayət işinə məhkəmədə baxıldığı müddətdə alimentdən heç bir ödəniş etməmiş, uzun müddət zərərçəkmiş şəxsdən vaxt verilməsini xahiş edərək ödəniş etməkdən qərəzli olaraq yayınmışdır. Onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növləri cəzanın məqsədlərini təmin edə bilməyəcək, cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli və məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin əvvəli məhkəmə iclas zalında həbs edildiyi 25 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 06 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 36 manat ona ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 306-cı maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 36 (otuz altı) manat vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-12/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-12/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver