Məhkəmə qərarları › İş №1(019)-13/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-13/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-13/2022 30.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Balakən Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 , Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.1974-cü ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şəki Apellyasiya Məhkəməsinin 28.04.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş ,məhkumluğu ödənilməyən, işsiz, Balakən rayonu, Hənifə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan,qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,902 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Balakən rayonu Hənifə kəndi ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə saat 19:30-da Balakən rayonu Hənifə kəndi ərazisində saxlanılıb Balakən Rayon Polis Şöbəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,432 qram, 2,011 qram və 1,459 qram olmaqla ümumilikdə 6.902 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Hənifə kəndində qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Narkotik vasitə qurudulmuş marixuana, bəzən isə heroindən istifadə edir. 17 iyun 2021-ci il tarixdə yaşadığı Balakən rayonu, Hənifə kəndinin ərazisində yerləşən dəmiryol stansiyasının yaxınlığında gəzən zaman yerdə təsadüfən 03 ədəd gümüşü rəngli bükümün olmasını görmüşdür.Həmin bükümləri yerdən götürüb açmışdır.Bükümlərin içərisində tünd rəngli narkotik vasitəyə bənzər maddələrin olmasını görmüşdür.Həmin bükümləri sonradan istifadə etmək məqsədi ilə şalvarının cibinə qoymuş və oradan uzaqlaşmışdır. 18 iyun 2021-ci il tarixdə saat 19:30-da yaşadığı Balakən rayonu Hənifə kəndində piyada hərəkət edən zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan köynəyin cibindən özünə məxsus “Kent 4” markalı siqareti, əynindəki idman şalvarının sağ yan cibindən isə 03 ədəd bükümü çıxardıb təqdim etmişdir. Təqdim etdiyi 03 ədəd bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş 03 ədəd bükümdə olan narkotik vasitə heroini 17 iyun 2021-ci il tarixdə yaşadığı Hənifə kəndi ərazisində dəmiryol stansiyasının yaxınlığından tapdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş,düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Onun himayəsində bir nəfər yetkinlik yaşına çatmamış və bir nəfər azyaşlı uşağı vardır. X3 iştirak etmişdir.Əməlindən peşimandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki,Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik- leytenantı xüsusi rütbəsini daşıyır. 18 iyun 2021-ci il tarixdə Baş İdarəyə Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvünü təlimatlandırarkən Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. Bundan sonra Baş İdarədən çıxıb Balakən rayonuna getmişlər.Tərəfindən Balakən RPŞ-nin rəhbərliyinə müraciət edildikdən sonra bir nəfər əməkdaş keçiriləcək tədbirdə iştirak etmək üçün ayrılmışdır. Bundan sonra Balakən rayonu, Hənifə kəndi istiqamətində hərəkət etmişlər. 18 iyun 2021-ci il tarixdə saat 19:30da Hənifə kəndi ərazisində Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Qeyd olunan yerdə həmin şəxsi saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməyini bildirdikdən sonra o, Təqsirləndirilən şəxs olmasını söyləmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Balakən Rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o,təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibində olan 03 ədəd bükümü, əynindəki köynəyin cibindən 01 ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 03 ədəd büküm açıldıqda içərilərində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 17 iyun 2021-ci il tarixdə səhər vaxtı Balakən rayonu, Hənifə kəndi ərazisində yerləşən dəmiryol stansiyasının yaxınlığından tapdığını və həmin maddələri öz istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 01 ədəd siqaret qutusu əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş,protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 və Balakən RPŞ-in CAB-in əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İşin 1-ci cild 27-29-cu vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 18 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən tərtib edilmiş "şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, 18 iyun 2021-ci il tarixdə saat 19:30-da Qabilov X5 rayonu, Hənifə kəndi ərazisində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan idman şalvarının sağ yan cibindən 03 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. İşin 2-ci cild 114-130-cu vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması “Sony” markalı videokamera aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və 01 ədəd “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin “DVD” diskdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd disk 29 noyabr 2021-ci il tarixli qərar ilə disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən videogörüntünün əks olunduğu diskə məhkəmə iclasında baxış keçirilmiş, 18 iyun 2021-ci il tarixli protokolda əks olunanların düzgünlüyü müəyyən edilmişdir. İşin 1-ci cild 40-45-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 iyun 2021-ci il tarixli 6/2500 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə...” yazısı olan paketdəki 3(üç) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 2,011 qram, 3,432 qram, 1,459 qram ümumi təmiz çəkisi 6,902 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısına daxildir. İşin 1-ci cild 98-100-cü vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 20 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6,902 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 6,752 qram çəkidə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşin 2-ci cild 95-96-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 16.08.2021-ci il tarixli 2887 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabiodlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cild 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 18 iyun 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 18 iyun 2021-ci ildə saat 19:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 82-84-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.06.2021-ci il tarixli 4(005)-613/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbs müddətinin əvvəli 18 iyun 2021-ci il tarixdən hesablanmışdır. İşin 2-ci cild 243-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli 478 nömrəli arayışdan görünür ki, Qabilov X5 rayonu Hənifə kəndi ünvanında yaşayır.Himayəsində işləməyən arvadı,01.08.2002-ci il təvəllüdlü Fatimə, 05.12.2004-cü il təvəllüdlü X11 və 15.10.2003-cü il təvəllüdlü Lalə adında üç uşaqları vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AZ- İV 512596 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 05.10.2020-ci il tarixdə Aynur adında qızı anadan olmuşdur. İşin 2-ci cild 244-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Hənifə inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 2-ci cild 233-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 22.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 28.04.2016-cı il tarixli qərarı ilə təyin edilmiş 7 il azadlıqdan məhrumetmə cəzası 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş və Şəki Rayon Məhkəməsinin 18.01.2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq 1 il 29 gün vaxtından əvvəl azad edilmişdir. İşin 2-ci cild 2-15-ci vərəqələrində olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli 1(091)-149/2015 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2013-cü il tarixli qərarı ilə 10(on) ay 16 (on altı) gün vaxtından əvvəl şərti azad etmə ləğv edilmiş, CM-nin 67-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2012-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 16 günü yeni hökm ilə təyin edilmiş cəzaya qismən birləşdirilmiş, Təqsirləndirilən şəxs qəti cəza 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin 1-ci cild 251-260-cı vərəqələrində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2016-cı il tarixli 1(107)-69/2016-cı il tarixli qərarından görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinmiş Təqsirləndirilən şəxs həmin maddələrlə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il 6 (altı) aya, CM-nin 76.6.3 və 67-ci maddələrinə əsasən qəti olaraq təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) ilə endirilmişdir. İşin 1-ci cild 246-248-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş olan Şəki Rayon Məhkəməsinin 18.01.2019-cu il tarixli 7(075)-18/2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək o, cəzadan şərti olaraq 1 (bir) il 29 (iyirmi doqquz) gün vaxtından əvvəl azad edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür.Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı,cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır , onun cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli 1(091)-149/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2013-cü il tarixli qərarı ilə 10 (on) ay 16 (on altı) gün vaxtından əvvəl şərti azad etmə ləğv edilmiş, CM-nin 67-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2012-ci il tarixli hökmü ilə CM-in 234.2 və 317-2.1-ci maddələri ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 16 günü yeni hökm ilə təyin edilmiş cəzaya qismən birləşdirilmiş, Təqsirləndirilən şəxs qəti cəza 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2016-cı il tarixli 1(107)-69/2016 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il 6 (altı) aya, CM-nin 76.6.3 və 67ci maddələrinə əsasən qəti olaraq təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhurum etmə cəzası 5 (beş) ilə endirilmişdir. Şəki Rayon Məhkəməsinin 18.01.2019-cu il tarixli 7(075)-18/2019 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq 1 (bir) il 29 (iyirmi doqquz) gün vaxtından əvvəl azad edilmişdir. 18 iyun 2021-ci il tarixdə o, hazırkı cinayət əməlini törətmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Qanunvericiliyin qeyd edilən tələbinə əsasən Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda CM-nin 65-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə, Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs hazırkı əməli cinayətlərin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X6 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********;AZ34CTRE********************,X2,KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqatlardan sonra ümumi təmiz çəkisi 6.752 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin əvvəli 18 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X6 Şəxsinə göndərilsin. 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqatlardan sonra ümumi təmiz çəkisi 6,752 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar