Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-14/2023 11.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində DİMÜŞ-nin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.1979-cu il tarixdə Zaqatala rayonu Uzuntala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Zaqatala rayonu Uzuntala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Rəcəbov X5 rayonu Püştətala kənd bələdiyyəsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda bunları etməyərək 2022-ci ilin iyun ayının əvvəllərində Püştətala kəndinin “Təzə Çanaqlar” adlanan sahəsindən keçən “Xınsa” çayının yaxınlığında yerləşən Püştətala bələdiyyəsinə məxsus olan torpaq sahəsindəki, həmin Bələdiyyənin mülkiyyətində olan ağacları, qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq kəsmək qərarına gəlmiş, bu məqsədlə 01 ədəd 28 sm diametrində 250 manat dəyərində, 01 ədəd 32 sm diametrində 300 manat dəyərində, 01 ədəd 48 sm diametrində 800 manat dəyərində, 01 ədəd 74 sm diametrində 2100 manat dəyərində, 01 ədəd 106 sm diametrində 3700 manat dəyərində yalanqoz ağaclarını, 01 ədəd 30 sm diametrində 300 manat dəyərində, 01 ədəd 64 sm diametrində 1600 manat dəyərində, 01 ədəd 68 sm diametrində 1800 manat dəyərində qızılağac ağaclarını və 01 ədəd 80 sm diametrində 2400 manat dəyərində qovaq ağaclarını kəsməklə Püştətala bələdiyyəsinə külli miqdarda, yəni 13250 (on üç min iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq ağac kəsmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zaqatala rayonu Uzuntala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin iyun ayının əvvəllərində Balakən rayon Püştətala kəndi ərazisində olduğu zaman Püştətala kəndinin “Təzə Çanaqlar” adlanan ərazisində, arxın kənarında qızılağac, yalanqoz və qovaq ağaclarının olmasını görmüşdür. O, həmin ərazinin sahibsiz yer olduğunu düşünərək həmin ağacları kəsib bir hissəsini satmaq, qalanını da oduncaq edərək qış fəslində yandırmağı qərarlaşdırmışdır. Bunun üçün də təxminən 2022-ci il iyun ayının əvvəllərində həmin yerə özünə məxsus at arabası ilə gedərək özünə məxsus motorlu mişarla ümumilikdə 9 ədəd qızılağac, yalanqoz və qovaq ağaclarından ibarət ağacları kəsmişdir. Bundan sonra isə kəsdiyi ağacların odunlarının bir hissəsini təxminən 120 manata tanımadığı şəxslərə satmışdır. Qalan hissəsini isə qışda yandırmaq üçün Zaqatala rayonu Uzuntala kəndində yerləşən yaşadığı evin həyətinə yığmışdır. Bir neçə gün sonra isə kiminsə həmin ağacları kəsməyi ilə bağlı şikayət etdiyini bilmişdir. Daha sonra isə onun və ekologiyanın əməkdaşları Kənan və Xəzər adlı şəxslərin iştirakı ilə Balakən rayon prokurorluğu əməkdaşı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan ağacların diametrləri ölçülmüşdür. Həmçinin sonradan ona məlum olmuş ki, ağacların kəsilməsi nəticəsində təbiətə 13250 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda ağaclardan 05 ədədinin yalanqoz, 03 ədədinin qızılağac və 01 ədədinin isə qovaq cinsindən olan ağaclar olduğunu bilmişdir. O, Zaqatala rayonu Uzuntala kəndi ərazisində yəni, Balakən rayonu Püştətala kəndi ilə həmsərhəd ərazidə yaşayır. Ağacların kəsildiyi ərazi də Uzuntala kəndinə yaxınlıqda olduğundan o, həmin yerlərə mütəmadi olaraq gedib gəlmişdir. Həmin ağacları gördüyü zaman isə o, qeyd olunan əraziyə moruq yığmaq üçün getmişdir. Ağacları kəsməyindən heç kimin məlumatı olmamışdır, eləcə də ağacları özü tək kəsmişdir. Ağacların kəsilməsində və daşınmasında ona heç kim köməklik etməmişdir. O, ağacları kəsib yaşadığı ünvana daşıdıqdan sonra isə tanımadığı şəxslərə satmışdır. Həmçinin ağacları kəsdiyi zaman kənardan kiminsə görüb-görmədiyini bilməmişdir. Əməlindən peşimandır. Maddi vəziyyəti aşağı olduğu üçün ziyanı ödəyə bilməmişdir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Balakən Rayon Püştətala bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki,Balakən rayon Püştətala bələdiyyəsinin vergi müfəttişi vəzifəsində xidmət aparır. Təxminən 08 iyun 2022-ci il tarixdə Püştətala bələdiyyəsinin sədri Şahid3 ona Püştətala kəndində “Yeni Çanaqlar” adlanan ərazidə, Xınsa çayının kənarında qanunsuz ağaclar kəsildiyini bildirmişdir. Şamsu xanım bununla əlaqədar olaraq həmin əraziyə getməyini, şəkillər çəkməyini, kəsilən ağacların sayını müəyyən etməyini və ağacların pay torpağında yoxsa qoruma zolağında yerləşməyini müəyyən etməyini istəmişdir. Təxminən 11 iyun 2022-ci il tarixdə o, həmin əraziyə getmişdir. O, ağaclar kəsilən ərazinin Bələdiyyə mülkiyyətində yerləşdiyini, 9 ədəd müxtəlif cinsli və diametrli ağaclar kəsildiyini müəyyən etmişdir. Lakin kəsilən ağacların növlərini o, bilməmişdir. Bundan sonra isə Bələdiyyə sədri qanunsuz ağacların kəsilməsi faktının araşdırılması ilə bağlı 7 Saylı regional Ekologiya və Təbii sərvətlər idarəsinə müraciət etmişdir. 28 iyun 2022-ci il tarixdə isə ekologiyanın əməkdaşları gələrək həmin əraziyə onun iştirakı ilə baxış keçirmişlər. Ekologiyanın əməkdaşları Şahid1 və Şahid2 ağaclara baxış zamanı ağacların növlərini və diametrlərini müəyyən etmişlər. Kəsilən ağacların növlərini və diametrlərini dəqiq xatırlamır. Çöl hesabatı tərtib edilərkən o da iştirak etmiş, lakin indi ölçüləri və növləri xatırlamır. Ağacların kəsilməsi nəticəsində 13250 manat ziyan dəyməsini bilmişdir. Həmçinin sonradan ağacları Zaqatala rayonunun Uzuntala kənd sakini Ramil adlı şəxsin kəsməsini bilmiş, lakin Ramilin ağacları hansı məqsədlə kəsməsi barədə məlumatı olmamışdır. Eyni zamanda Ramil adlı şəxs həmin ağacları kəsməsi ilə bağlı Bələdiyyəyə heç bir müraciət etməmişdir.Yəni həmin ağacları qanunsuz olaraq kəsmişdir. Bələdiyyəyə dəymiş ziyan ödənməmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsi nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyir. xx.xx.2022ci il tarixdə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Püştətala bələdiyyəsindən ərizə daxil olmuşdur ki, Püştətala kəndində “Yeni Çanaqlar” adlanan ərazidə, Xınsa çayının kənarında qanunsuz ağaclar kəsilmişdir. Püştətala bələdiyyəsinin verdiyi arayışa əsasən həmin ərazi bələdiyyəyə məxsus olmuşdur. Hadisə ilə əlaqədar araşdırma zamanı müəyyən edilmiş ki, Zaqatala rayonu Uzuntala kənd sakini Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən 9 ədəd ağac kəsmişdir. Həmin əraziyə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsi nəzarət və ekoloji monitorinq sektorunun baş mütəxəssisi, mühafizə yegeri Şahid2 ilə birlikdə baxış keçirmişlər və bu zaman müəyyən etmişdir ki, həmin Bələdiyyə ərazisindən 05 ədəd yalanqoz, 03 ədəd qızılağac və 01 ədəd qovaq ağacı kəsilmişdir. Həmin ağacların diametrlərini hal-hazırda xatırlamasa da, 28 iyun tarixdə tərtib etdiyi aktda və çöl hesabatında ağacların diametrlərini qeyd etmişdir. Həmin ağacların diametrlərinə uyğun olaraq dəymiş zərəri hesablamışdır. Belə ki, 421 saylı Nazirlər Kabinetinin qərarına uyğun olaraq diametri 40 sm-dən aşağı olan ölçülər üçün zərərin miqdarları standart olaraq müəyyən edilib, 40 sm-dan yuxarı ölçülərdə isə hər sm-ə görə zərər 50 manat artmışdır. Beləliklə, ümumi zərərin 13250 manat olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs izahatını alan zaman ağacları kəsdiyi ərazinin bələdiyyəyə məxsus olduğunu bilmədiyindən, yəni sahibsiz bir ərazi olaraq bildiyindən ağacları kəsərək naməlum şəxslərə satdığını bildirmişdir. Araşdırma yekunlaşdıqdan sonra material aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2015-ci ildən Püştətala bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təxminən 2022-ci il iyun ayının ortalarında kənd sakinlərindən biri ona şifahi məlumat vermişdir ki, Püştətala kəndində “Təzə Çanaqlar” adlanan ərazidə, Xınsa çayının kənarında qanunsuz ağaclar kəsilmişdir. O da həmin anda bələdiyyənin vergi müfəttişi Nümayəndə həmin əraziyə göndərmiş və kəsilən ağacların şəkillərini çəkməsini, kəsilən ağacların sayını müəyyən etməsini və ağacların pay torpağında yoxsa bələdiyyə mülkiyyətində yerləşməyini müəyyən etməyini bildirmişdir.Təxminən iyun ayının ortalarında Nümayəndə həmin əraziyə getmiş və ağaclar kəsilən ərazinin bələdiyyə mülkiyyətində yerləşdiyini müəyyən etmişdir. Nümayəndə ona 9 ədəd ağacın kəsilməsini bildirmişdir. O, daha sonra 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə bu barədə məktub ünvanlamışdır. Həmin idarənin əməkdaşları ağacların kəsildiyi əraziyə gəlib baxış keçirmiş və baxış zamanı ağacların növlərini, diametrlərini müəyyən etmişlər. Kəsilən ağacların 1-nin qovaq ağacı, 5-nin yalanqoz ağacı və 3-nün qızılağac ağacı olmasını bilmişdir. Həmçinin idarənin əməkdaşları dəymiş zərəri də hesablamışlar. Ağacların kəsilməsi nəticəsində bələdiyyəyə 13250 manat ziyan vurulması ona məlum olmuşdur. Həmçinin də sonradan ağacları Zaqatala rayonu Uzuntala kənd sakini Təqsirləndirilən şəxs kəsməsini bilmiş, lakin hansı məqsədlə ağacları kəsməsi barədə məlumatı olmamışdır. Eyni zamanda Ramil adlı şəxs həmin ağacları kəsməsi ilə bağlı bələdiyyəyə heç bir müraciət etməmişdir. Yəni həmin ağacları qanunsuz olaraq kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Püştətala kəndində “Təzə Çanaqlar” adlanan ərazidə ona və ailəsinə məxsus 1,17 ha pay torpaq sahəsi vardır. Onun torpaq sahəsinin yuxarı hissəsində Əyrisu çayı axır, həmin çay daha sonra Xınsa çayına birləşir. Əyrisu çayının kənarında olan ərazi qoruma zolağıdır və həmin ərazi bələdiyyəyə məxsusdur. xx.xx.2022-ci il tarixdə kənd sakinlərindən biri ona məxsus torpaq sahəsinin yuxarı hissəsində olan ərazidən ağac kəsirlər demişdir. Həmin sahə yaşadığı evdən çox uzaqda olduğu üçün o, həmin vaxt oraya gedə bilməmişdir. Bir neçə gün sonra isə həmin torpaq sahəsinə getdikdə ağacların kəsildiyini görmüş, o, həmin ağacların kəsildiyi ərazini gedib gördükdə artıq ağaclar kəsilərək aparılmışdır. Kəsilən ağacların sayı və növləri barədə məlumatı olmamışdır. Daha sonra isə ağacları Zaqatala rayonu Uzuntala kənd sakini Təqsirləndirilən şəxs kəsdiyini və həmin ağaclar kəsilən ərazi Püştətala bələdiyyəsinə məxsus olduğunu eşitmişdir. Bu məlumatı kimdən eşitdiyini də xatırlamır. Həmçinin dəymiş zərərlə bağlı heç bir məlumatı olmamışdır. Bunula bağlı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ağacların kəsildiyi əraziyə baxış keçirərkən onun pay torpaq sahəsindən keçdikləri üçün o da baxışda orada iştirak etmişdir. Həmçinin ağacların kəsilməsi barədə məlumatı ona hazırda xatırlamadığı kənd sakinlərindən biri vermişdir. İşin 28-38-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 19 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:00-dan 10:15-dək olan müddət ərzində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 09 ədəd ağacın kəsildiyi yer Balakən rayonu Püştətala bələdiyyəsinin ərazisində Təzə Çanaqlar adlanan sahədən keçən Xınsa çayının kənarındakı sahədir. Həmin əraziyə getmək üçün Balakən rayonu Püştətala kənd sakini Şahid4 və ailəsinə məxsus pay torpaq sahəsindən keçməli olunmuşdur. Baxış iştirakçısı Şahid4 ona və ailəsinə məxsus pay torpaq sahəsindən keçməklərinə etiraz etməmişdir. Qeyd edilən ərazini keçdikdən sonra ağacların kəsildiyi əraziyə gəlinmişdir. Baxış iştirakçısı, Püştətala bələdiyyəsinin nümayəndəsi Nümayəndə həmin ağaclar kəsilən ərazinin bələdiyyəyə məxsus olduğunu bildirmişdir. Nümayəndə qoruma zolağının çay hövzəsindən 8 metr məsafədə yerləşən ərazi olduğunu bildirmişdir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs kəsdiyi ağacları göstərmiş və qeyd etmişdir ki, həmin ağacların kəsildiyi yerin qoruma zolağı olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs həmin ərazinin sahibsiz olduğunu düşündüyü üçün oradakı ağacları kəsdiyini demişdir. İlk olaraq Təqsirləndirilən şəxs kəsdiyi Qovaq ağacına baxış keçirilmiş, mütəxəssislər Şahid1 və Şahid2 iştirakları ilə qovaq ağacının diametri ölçülmüş və diametrin 80 sm olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs kəsdiyi 1-ci yalanqoz ağacını göstərmiş, ağacın diametrinin 28 sm olduğu müəyyən edilmiş, kəsilən 2-ci yalanqoz ağacının diametrinin 48 sm, 1-ci qızılağac ağacının diametrinin 68 sm, 3-cü yalanqoz ağacının diametrinin 32 sm, 2-ci qızılağac ağacının diametrinin 30 sm, 3-cü qızılağac ağacının diametrinin 64 sm, 4-cü yalanqoz ağacının diametrinin 74 sm və kəsilən 5-ci yalanqoz ağacının diametrinin 106 sm olması müəyyən edilmişdir. Baxış zamanı 1 qovaq ağacının diametri 80 sm, 3 qızılağac ağacının diametrləri 30 sm, 64 sm, 68 sm və 5 yalanqoz ağacının diametrləri 28 sm, 32 sm, 48 sm, 74 sm, 106 sm diametrli ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi təsbit edilmişdir. İşin 122-126-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 14 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:30-dan 11:05-dək olan müddət ərzində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ev Zaqatala rayonu Uzuntala kəndi ərazisində yerləşir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə giriş qapısı dəmirdən olmaqla iki taylı olmuşdur. Dəmir qapıdan içəri daxil olduqdan sonra Təqsirləndirilən şəxs sağ hissədə yerləşən oduncaq formasında qalaqlanaraq yığılmış odun anbarını göstərmiş və həmin oduncağı 2022-ci ilin iyun ayının əvvəllərində Balakən rayon Püştətala kəndi ərazisində bələdiyyə mülkiyyətindən kəsmiş olduğu ağaclardan müəyyən qədərini tanımadığı şəxslərə satdıqdan sonra qalaq hissəsindən hazırladığını bildirmişdir. Həmçinin baxışda iştirak edən Şahid1 həmin oduncağa baxaraq Yalanqoz, Qovaq və Qızılağac ağaclarından hazırlanmış oduncaq materialı olduğunu bildirmişdir. Həmin oduncağın təxminən ümumilikdə 4m3 həcmində olduğunu, eyni zamanda təxminən 2-3 ay əvvəl yaş ağac materialından hazırlana biləcəyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan oduncaq materialını istifadə etmədən və özgəninkiləşdirmədən istintaq başa çatanadək saxlaması izah edilmişdir. İşin 76-79-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 avqust 2022-ci il tarixli 9/5961 saylı rəyindən görünür ki, AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 68477 №-li akt və ona həvalə edilmiş "Hesablama Cədvəli"nə əsasən Zaqatala rayon Uzuntala kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Püştətala bələdiyyəsinə məxsus torpaq sahəsindən köküstə yaş olmaqla 9 ədəd ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 2022-ci ilin iyun ayına 13250,00 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin 72-73-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Rəcəbov X3 Rayon Məhkəməsinin 05 mart 2003-cü il tarixli hökmü ilə CM-nin 177.2.2,177.2.3,29,186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2005-ci ildə 2 il 5 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkumluğu olmayan şəxsdir. İşin 152-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Zaqatala kənd İHB-ın Uzuntala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 120 nömrəli arayışdan görünür ki, Rəcəbov X3 rayonu Uzuntala kəndində yaşayır. İşin 151-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Zaqatala kənd İHB-ın Uzuntala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 119 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı, xx.xx.2006-cı ildə anadan olmuş Kamil və xx.xx.2009-cu ildə anadan olmuş Kənan adında oğulları vardır. İşin 153-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Zaqatala rayon İHB-ın Uzuntala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunması qeyd edilmişdir. Barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmaması göstərilmişdir. Məhkəmə, zərərçəkmiş hüquqi şəxs -Balakən Rayon Püştətala bələdiyyəsinin nümayəndəsi Nümayəndə, iş üzrə şahidlər- Şahid2, Şahid1, Şahid3 və Şahid4 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) külli miqdarda ziyan vurmaqla törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki,istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən haldır,onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, 9 ədəd ağacın kəsilməsinin yalnız Püştətala Bələdiyyəsinə deyil, təbiətə, cəmiyyətə, insanlığın gələcəyinə vurulan ziyan olmasını, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cinayət əməlinin törədilməsindən 7 ay vaxt keçməsinə baxmayaraq ziyanın tam həcmdə ödənməməsini, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını, həmçinin Təqsirləndirilən şəxs heç bir vəzifə tutmamasını, heç bir peşə və fəaliyyətlə məşğul olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan, Yalanqoz, Qovaq və Qızılağac ağaclarından hazırlanmış, saxlanması üçün Təqsirləndirilən şəxs verilmiş ümumilikdə 4m3 həcmində oduncaq materialı hökm qanuni qüvvəsini aldıqdan sonra zərər çəkmiş hüquqi şəxs Balakən rayonu Püştətala Bələdiyyəsinə təhvil verilməlidir. Zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Püştətala Bələdiyyəsinə izah olunur ki, vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 50 ( əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut olan, Yalanqoz, Qovaq və Qızılağac ağaclarından hazırlanmış, saxlanması üçün Təqsirləndirilən şəxs verilmiş ümumilikdə 4m3 həcmində oduncaq materialı hökm qanuni qüvvəsini aldıqdan sonra zərər çəkmiş hüquqi şəxs Balakən rayonu Püştətala Bələdiyyəsinə təhvil verilsin. Zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Püştətala Bələdiyyəsinə izah olunur ki, vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-14/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-14/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver