Məhkəmə qərarları › İş №1(019)-15/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-15/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-15/2022 03.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10, onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Balakən rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx xxx 1992-ci il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə saat 21:29 radələrində Balakən rayon Kortala kəndinin ərazisində asfalt örtüklü magistral yolda idarə etdiyi “QAZ 31105” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə 90 km/saat sürətlə Püştətala kəndi istiqamətinə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, həmçinin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətlə idarə etməli olduğu halda, bunları etmədən avtomobili yaşayış məntəqəsində 90 km/saat sürətlə idarə edərək hərəkətdə olduğu yolun sağ kənarı ilə onunla eyni istiqamətdə hərəkət edən piyada X11 idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vurmuş, nəticədə piyada X12 ehtiyatsızlıqdan ağır kəllə-beyin travması, ənsə nahiyəsində bütövlükdə hematoma-qan yığımı, yaralar, hər iki yuxarı kürəkdə, sifətin sol hissəsində, sağ çiyinüstündə, gövdənin sağ aşağı hissəsində, sağ baldırın ön yan hissəsində, sağ iç topuqda, sol baldırda sıyrıqlar, ənsə, sağ və sol gicgah sümüklərində az yerdəyişməli sınıqlar, kəllə əsasının sınığı, baş beynin sərt və yumşaq qişalarında qansızma-əzilmə, baş beyin maddəsində ödemi ilə nəticələnən, dərəcələrinə görə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hazırda Balakən rayonu Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, himayəsində iki azyaşlı övladı vardır. Əvvəllər hər hansı psixi xəstəliklər keçirməmişdir. 2017-ci ilin mart ayından etibarən X22 X6 rayonu Kortala meşəbəyliyinin 6 saylı dolayısının meşə gözətçisi vəzifəsində çalışır. O, 14 oktyabr 2021-ci il tarixdə təxminən saat 21:00 radələrində işdən çıxıb özünə məxsus QAZ 31105 markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gedərkən o, Balakən rayonu Kortala kəndi ərazisində magistral yol ilə təxminən 90 km/saat sürətlə üzü Püştətala kəndi istiqamətinə hərəkət etmiş, fikirli olduğundan bir anlıq diqqəti yayınmış və avtomobilin ön sağ hissəsi ilə yolun sağ kənarında hərəkətdə olan piyadanı vurmuşdur. O, əvvəlcə həyəcandan nə baş verdiyini anlaya bilməmiş, buna görə avtomobili saxlayıb geri hərəkət edərək hadisə yerinə qayıtmış və dərhal avtomobildən yerə düşmüşdür. Həmin vaxt oraya artıq bir neçə nəfər adam toplaşmışdır. Bu zaman ona məlum olmuşdur ki, avtomobillə yolun sağ kənarında hərəkətdə olan Kortala kənd sakini Qurban adlı şəxsi vurmuş və sonuncu zərbənin təsirindən yolun sağ kənarında, toqquşma yerindən təxminən 04 metr aralıda olan ağacın yanına düşmüşdür. O, dərhal avtomobilin arxa qapısını açaraq oraya toplaşan şəxslərin köməkliyi ilə həmin piyadanı avtomobilinə qoyub xəstəxanaya aparmaq istəmiş, bu zaman hadisə yerində olan şəxslərdən biri yoldan keçən VAZ 2106 markalı avtomobili saxlamış və həmin piyadanı, yəni Qurbanı VAZ 2106 markalı avtomobilə qoyub xəstəxanaya doğru yola düşmüşlər. O da öz avtomobilini sürüb həmin avtomobilin arxasınca düşmüşdür. Həmin VAZ 2106 markalı avtomobil birbaşa Balakən rayon Mərkəzi xəstəxanasına getmiş, o da həmin avtomobilin arxasınca xəstəxanaya getmişdir.Orada onlar dərhal Qurbanı həkimlərin yardımı ilə avtomobildən düşürdüb xəstəxanaya yerləşdirmişlər.O,meşə ərazisindən işdən çıxıb gəldiyi üçün üst-başı çirkli olmuş, buna görə də, Qurbanı xəstəxanaya yerləşdirdikdən sonra paltarlarını dəyişmək üçün yaşadığı evə getmişdir. Bir qədər sonra xəstəxanada olan qohumları ona zəng edərək Qurbanın artıq vəfat etdiyini bildirmişlər. Daha sonra o, polis əməkdaşlarının çağırışına əsasən xəstəxanaya getmiş, oradan da polis əməkdaşları ilə hadisə yerinə getmiş və polis əməkdaşları tərəfindən hadisə yerində aparılan ilkin araşdırmada iştirak etmişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. O, hadisə zamanı heç bir bədən xəsarəti almamış, hadisə zamanı hər hansı spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Hadisə zamanı piyada Qurban Kərimovun baş nahiyəsində xəsarət əmələ gəlmiş və sonuncunun baş nahiyəsində qan ləkələri olmuşdur. Hadisə vaxtı o, fikirli olduğu üçün yola fikir verməmiş, piyada Qurban Kərimovu vuran anda fikirdən ayılmışdır. Hadisə zamanı onun idarə etdiyi avtomobildə sərnişin olmamış, avtomobildə tək olmuşdur. O,zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaq ona dəymiş ziyanı ödəmək istəmiş lakin sonuncular bundan imtina etmişlər. İlk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, ailə vəziyyətini,cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Kortala kəndində ailə üzvləri ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. X3 onun doğma oğlu olmuşdur. Qurban Kərimov təxminən 7 il Rusiya Federasiyasında yaşamış, 2021-ci ilin oktyabr ayının əvvəllərində oğlu X2 qızı Sevincin toy mərasimi üçün yaşadıqları evə gəlmişdir. 11 oktyabr 2021-ci il tarixdə qızının toy mərasimi olmuşdur. 14 oktyabr 2021-ci il tarixdə təxminən saat 21:30 radələrində yaşadığı evdə olduğu zaman hazırda xatırlamadığı şəxs ailəsinə məlumat verərək oğlu Qurbanın yolun kənarı ilə hərəkətdə olduğu zaman avtomaşının vurmasını bildirmişdir. Bundan sonra onlar dərhal hadisə yerinə getmişlər. Hadisə yeri də yaşadığı Kortala kəndi ərazisində yerləşən əsas yolun kənar hissəsi olmuşdur. Onlar hadisə yerinə çatdıqda oğlu Qurbanın xəstəxaya aparıldığını bilmişdir. Həmin zaman o, oğlunun vəfat etdiyini bildiyi üçün huşunu itirərək yerə yıxılmış və orada olan hazırda xatırlamadığı şəxslər tərəfindən yaşadığı evə aparılmışdır. Sonradan isə o, rayonun Hənifə kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi QAZ 31105 markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yüksək sürətlə hərəkət edib rayonun Kortala kəndi ərazisindən Püştətala kəndi ərazisinə hərəkətdə olan zaman oğlu Qurbanı yolun sağ ehtiyat hissəsində vurduğunu bilmişdir. Oğlunun qəbrinin üzərə qoydurduğu “baş daşı” üçün 3000 manat, baş daşının yerinə qoyularaq ətrafının düzəldilməsi üçün 1400 manat,yas mərasiminə 2000 manat və bu hadisədən aldığı mənəvi sarsıntıya görə arvadının müalicəsinə 600 manat pul xərclənmişdir. O, həmin məbləğin təqsirləndirilən şəxsdən alınıb ona verilməsini tələb edir. O,təqsirləndirilən şəxslə barışmamışdır,ondan şikayətçidir. Təqsirləndirilən şəxs şikayətçidir,ona ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Kortala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 14 oktyabr 2021-ci il tarixdə saat 21:29 radələrində yaşadığı Kortala kəndində yerləşən “Playstation” klubun qarşısında dayanıb mobil telefonla danışan zaman Kortala kəndindən magistral yolla üzü Püştətala kəndi istiqamətinə gedən avtomobilin yoldan, yəni yolun asfalt örtüyündən kənara çıxmasını, qum-çınqıl səslərinin gəlməsini eşitmiş, buna görə başını yuxarı qaldırıb yolun qarşı tərəfinə, yəni avtomobilə tərəf baxanda həmin avtomobilin yolun kənarında olan nəyəsə dəyməsini, daha sonra avtomobilin tormozlama nəticəsində bir qədər sürüşərək irəlidə dayanmasını görmüşdür.Bu zaman həmin avtomobilin əvvəlcədən tanıdığı sürücüsü İsa adlı şəxs avtomobildən yerə düşərək ona tərəf baxıb avtomobillə nə vurduğunu soruşmuş, o isə nə vurduğunu görmədiyini deyərək hadisə yerinə qaçmışdır. Hadisə yerinə çatanda orada kişi ayaqqabısının bir tayının olduğunu görmüş və İsaya adam vurduğunu demişdir. Həmin vaxt artıq Əmirullah, Ramazan və İlham adlı Kortala kənd sakinləri hadisə yerinə getmişlər. Onlar alışqan fənəri ilə ətrafa baxdıqda yolun kənarındakı ağacın yanında yaralı və hərəkətsiz halda, üz nahiyəsi qan ləkəsi olmuş bir kişi olduğunu görmüşlər. Lakin o, həmin yaralı şəxsin kim olduğunu əvvəlcə bilməmişdir. Əmirullah həmin yaralı şəxsin üzünü çevirəndə boyun nahiyəsində olan tatu döyməsindən həmin şəxsin onun sinif yoldaşı Qurban Kərimov olduğunu anlamışdır.Daha sonra Əmrullah yoldan keçən Elvin adlı kənd sakininin avtomobilini saxlamış və Qurbanı dərhal Elvinin avtomobilinə qoyub Balakən rayon xəstəxanasına yollanmışlar. X26 avtomobilinə qoyan zaman, İsa da Qurbanı öz avtomobili ilə xəstəxanaya aparmaq üçün avtomobili sürüb onların yanına getmiş, lakin onlar Qurbanı artıq Elvinin avtomobilinə qoyduqlarına görə İsa da öz avtomobilini idarə edərək onların arxasınca xəstəxanaya getmişdir. Həmin vaxt o, Ramazan və İlham Bayramov, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə yolu açaraq irəlidə gedirmişlər. Elvin və Xanov isə Elvinin idarə etdiyi VAZ 2106 markalı avtomobillə Qurbanı aparırmışlar. İsa idarə etdiyi QAZ 3110 markalı avtomobillə Elvinin idarə etdiyi avtomobilin arxasında getmişdir. Onlar Balakən rayon Mərkəzi xəstəxanasına çatan kimi Qurbanı avtomobildən düşürüb xərək vasitəsi ilə xəstəxanaya daxil etmişlər. Həmin vaxt Qurbanı müayinə edən həkimlər artıq sonuncunun vəfat etdiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Kortala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 14 oktyabr 2021-ci il tarixdə saat 21:30 radələrində özünə məxsus VAZ 2106 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə sinif yoldaşı və həmkəndlisi Şahid4lə birlikdə yaşadıqları kəndin ərazisində magistral yolla üzü Püştətala kəndi istiqamətinə gedirmişlər. Həmin vaxt o, avtomobili idarə etmiş, Xanov isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Onlar kənd ərazisində yerləşən “Playstation” klubun qarşısına çatanda orada xeyli insan toplaşdığını görmüşlər və həmin vaxt Əmirullah adlı kənd sakini avtomobili saxlaması üçün ona işarə etmişdir. Buna görə o, avtomobili saxlamış və avtomobildən yerə düşəndə onlara məlum olmuşdur ki, sinif yoldaşları olmuş Qurban Kərimovu avtomobil vuraraq xəsarət yetirmişdir. Onlar dərhal orada olan insanların köməyi ilə Qurbanı yaralı vəziyyətdə onun idarə etdiyi avtomobilə qoymuşlar və o, avtomobili sürüb Xanovla birlikdə Qurbanı Balakən rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həmin vaxt Qurbanı vuran sürücü də öz avtomobili ilə onların arxasınca getmişdir. Xəstəxanada onlara məlum olmuşdur ki, Qurban hadisə vaxtı aldığı xəsarətlərdən artıq vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Kortala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 14 oktyabr 2021-ci il tarixdə saat 21:30 radələrində sinif yoldaşı və həmkəndlisi Şahid2lə birlikdə yaşadıqları kəndin ərazisində magistral yolla üzü Püştətala kəndi istiqamətinə gedirmişlər. Həmin vaxt Elvin özünə məxsus VAZ 2106 markalı avtomobili idarə etmiş, o isə ön sərnişin oturacağında əyləşmişdir. Onlar kənd ərazisində yerləşən “Playstation” klubun qarşısına çatanda orada xeyli insan toplaşdığını görmüşlər və həmin vaxt Əmirullah adlı kənd sakini avtomobili saxlaması üçün Elvinə işarə etmişdir. Buna görə Elvin avtomobili saxlamış və avtomobildən yerə düşəndə onlara məlum olmuşdur ki, sinif yoldaşları olmuş Qurban Kərimovu avtomobil vurmuşdur. Onlar dərhal orada olan insanların köməyi ilə Qurbanı yaralı vəziyyətdə Elvinin idarə etdiyi avtomobilə qoyub Balakən rayon xəstəxanasına aparmışlar. Xəstəxanada onlara məlum olmuşdur ki, Qurban artıq vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Kortala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 14 oktyabr 2021-ci il tarixdə saat 21:30 radələrində yaşadığı Kortala kəndində yerləşən “Playstation” klubunda həmkəndlisi İlham Bayramovla birlikdə oyun oynayırdı. Həmin vaxt bayırda səs-küy baş verdiyini eşitmişlər və İlhamla birlikdə bayıra qaçmışlar. Onlar bayıra çıxanda magistral yolda bir QAZ 3110 markalı avtomobilin dayandığını, avtomobilin ətrafında isə bir neçə nəfərin toplandığını görmüşlər və nəsə hadisə olduğunu düşünərək dərhal həmin avtomobilə doğru getmişlər. Onlar avtomobilin yanına çatanda həmkəndliləri Ramazan və Əmirullah, həmçinin, həmin avtomobilin sürücüsü, yəni sonradan adının İsa olduğunu bildiyi şəxs avtomobilin yanında dayanmışlar. Həmin vaxt Ramazan yerdə kişi ayaqqabısının bir tayının olduğunu görmüş və İsaya adam vurduğunu demişdir. Onlar alışqan fənəri ilə ətrafa baxdıqda yolun kənarındakı ağacın yanında yaralı və hərəkətsiz halda, üz nahiyəsi qan ləkəsi olmuş bir kişi olduğunu görmüşlər. Lakin o, həmin yaralı şəxsin kim olduğunu əvvəlcə bilməmişdir. Əmirullah həmin yaralı şəxsin üzünü çevirəndə boyun nahiyəsində olan tatu döyməsindən həmin şəxsin sinif yoldaşı, yəni həmkəndlisi Qurban Kərimov olduğunu anlamışdır. Daha sonra Əmrullah yoldan keçən Elvin adlı kənd sakininin avtomobilini saxlamış və Qurbanı dərhal Elvinin avtomobilinə qoyub Balakən rayon xəstəxanasına yollanmışlar. X26 avtomobilinə qoyan zaman, İsa da Qurbanı öz avtomobili ilə xəstəxanaya aparmaq üçün avtomobili sürüb onların yanına getmiş, lakin onlar Qurbanı artıq Elvinin avtomobilinə qoyduqlarına görə İsa da öz avtomobilini idarə edərək onların arxasınca xəstəxanaya getmişdir. Həmin vaxt o, Şahid1 və İlham Bayramov, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə yolu açaraq irəlidə getmişlər, Xanov və Elvin isə sonuncunun idarə etdiyi VAZ 2106 markalı avtomobillə Qurbanı xəstəxanaya aparırmışlar, İsa da idarə etdiyi QAZ 3110 markalı avtomobillə Elvinin idarə etdiyi avtomobilin arxasında getmişdir. Onlar Balakən rayon Mərkəzi xəstəxanasına çatan kimi Qurbanı avtomobildən düşürüb xərək vasitəsi ilə xəstəxanaya daxil etmişlər, həmin vaxt Qurbanı müayinə edən həkimlər artıq sonuncunun vəfat etdiyini bildirmişlər. İşin 7-16-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixdə saat 22:50 dəqiqədən saat 23:19 dəqiqəyədək olan müddət ərzində tərtib edilmiş “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, qeyd edilən yolnəqliyyat hadisəsi 14 oktyabr 2021-ci il tarixdə Balakən rayonu Kortala kəndi ərazisində, yaşayış məntəqəsi ərazisində magistral yolda baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla hamar və quru olmuşdur. Hadisə yerində yolun iki hərəkət istiqaməti, iki hərəkət zolağı var. Hadisə baş verdiyi yerdə yolun hər iki hərəkət hissəsinin eni 3,0 metr olmaqla, yolun ümumi hərəkət hissəsinin eni 6,0 metrdir. Yolun hərəkət hissələrini birbirindən düz xətt ayırır. Hadisə yerinin sağ və sol tərəflərində fərdi yaşayış evləri yerləşir. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Hadisə yerində yol işıqlandırılmamışdır. Toqquşma yerindən yolun hərəkət hissəsinin ehtiyat hissəsinə qədər sağa olan məsafə 1,0 metrdir. Yolun hərəkət hissəsinə sağ tərəfdən birləşən yol çiyininin eni 6,0 metr, sol tərəfdən birləşən yol çiyininin eni isə 6,50 metrdir. Hadisədən əvvəl sürücü Təqsirləndirilən şəxs idarə etdiyi QAZ 31105 markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Kortala kəndi ərazisində magistral yolla üzü Püştətala kəndi istiqamətinə, piyada X14 da yolun kənarı ilə eyni istiqamətinə hərəkətdə olmuşdur. Hadisə yerinə baxış zamanı süni işıqlandırmadan istifadə edilmiş, baxış zamanı sürücü Təqsirləndirilən şəxs hadisənin baş vermə yerini əyani şəkildə göstərmişdir. İşin 17-21-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixdə saat 23:37 dəqiqədən saat 23:55 dəqiqəyədək olan müddət ərzində tərtib edilmiş “nəqliyyat yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi QAZ 31105 markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin kapotunda, ön sağ qanadında, alın şüşəsində, ön sağ farada, ön bamperdə və s. zədələrin olması müəyyən edilmişdir. Avtomobildə yük olmamış, əl əyləc dəstəyinin, sürət ötürücüsünün, sükanın, idarə sisteminin, əyləc sisteminin vəziyyəti saz olmuşdur. İşin 5-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AE 731780 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 12.12.2018-ci ildə verilmiş BC dərəcəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti 12.12.2028ci ilə kimidir. İşin 46-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 17 oktyabr 2021-ci il tarixli 386 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdə saat 00:20 dəqiqədə sərxoşluq müayinəsindən keçirilmiş və onun hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. İşin 61-63-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 18 oktyabr 2021-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, X3nun meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: Ağır kəllə-beyin travması, ənsə nahiyəsində bütövlükdə hematoma-qan yığımı, yaralar, hər iki yuxarı kürəkdə, sifətin sol hissəsində, sağ çiyinüstündə, gövdənin sağ aşağı hissəsində, sağ baldırın ön yan hissəsində, sağ iç topuqda, sol baldırda sıyrıqlar. Ənsə, sağ və sol gicgah sümüklərində az yerdəyişməli sınıqlar, kəllə əsasının sınığı. Baş beynin sərt və yumşaq qişalarında qansızma-əzilmə, baş beyin maddəsində ödem. Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif cür bərk-küt əşyanın (əşyaların) dəyməsi təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 14 oktyabr 2021-ci ildə yolnəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin zərbə ilə vurması təsirindən əmələ gəlməyə uyğun olub, dərəcələrinə görə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər. X18 ölümünün səbəbi yol-nəqliyyat hadisəsi nəticəsində baş beyində əzilmə-qansızma, ödem olmuşdur. X18 ölümü meyit əlamətlərinə görə, onun ölümü 14 oktyabr 2021-ci ilə uyğun gəlir. Onun ölümü xəsarət alandan bir neçə dəqidə (təqribən 4-5 dəqiqə) sonra baş vermişdir. İşin 70-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 23 oktyabr 2021-ci il tarixli 1277 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 132-135-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 dekabr 2021-ci il tarixli 8/2869 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən QAZ 31105 markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin riayət etməklə hadisənin qarşısını almağa texniki ikmanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşin 71-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış 25 oktyabr 2021-ci il tarixli 016-300-224-1221 saylı məktubdan görünür ki, X19 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan xx xxx 1992-ci il təvəllüdlü, etibarlılıq müddəti 12.12.2018-ci il tarixdən 12.12.2028-ci il tarixədək olan AE 731780 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi almış Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında adı aşkar edilməmişdir. İşin 65-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 141-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kəndində qeydiyyatda olması, Hənifə kəndində yaşaması, barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmadığı göstərilmişdir. İşin 140-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 09.12.2021-ci il tarixli arayışdan görünür ki, Həsənov X20 rayonu Hənifə kənd sakinidir, himayəsində birinci qrup əlil atası, işləməyən anası və arvadı, 2016-cı il təvəllüdlü oğlu Murad , 2021-ci il təvəllüdlü qızı Həyat vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 cavabdeh Təqsirləndirilən şəxs qarşı yol-nəqliyyat hadisəsi ilə əlaqədar vurulmuş 7000 (yeddi min) manat ziyan tələbinə dair iddia ərizəsindən görünür ki, iddiaçı- zərərçəkmiş şəxsin hüquqi varisi X1 Qurban İbrahim oğlunun yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə əlaqədar cavabdeh Təqsirləndirilən şəxs 7000 (yeddi min) manat məbləğində maddi ziyanın alınaraq onun xeyrinə ödənməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X10, şahidlər- Şahid3, Şahid4, Şahid2 və Şahid1 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs oğlu yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, himayəsində iki nəfər az yaşlı uşaqlarının olması cəzanı yüngülləşdirən hallardır.Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər yol hərəkəti qaydasını pozmağa görə məsuliyyətə cəlb olunmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini ,eyni zamanda onun təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə növündə cəzanın müəyyən edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və ya barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut olan və Balakən rayon X23 X27 cərimə meydançasında saxlanılan təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi Qaz 31105 markalı 90ET-563 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X15 qaytarılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-179.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X17 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu- X8 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə əlaqədar cavabdeh Təqsirləndirilən şəxs 7000 (yeddi min) manat məbləğində maddi ziyanın alınaraq onun xeyrinə ödənməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iddiaçı X17 iddia ərizəsini onunla əsaslandırmışdır ki,Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə saat 21:29 radələrində Balakən rayon Kortala kəndinin ərazisində asfalt örtüklü magistral yolda idarə etdiyi “QAZ 31105” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə 90 km/saat sürətlə Püştətala kəndi istiqamətinə hərəkət edərkən avtomobilin ön sağ hissəsi ilə piyada X11 vurmuş, sonuncu aldığı xəsarətlərdən vəfat etmişdir. Oğlunun ölümü ilə bağlı ona maddi ziyan dəymişdir. O, baş daşının alınmasına 3000 manat və baş daşının yerinə qoyularaq ətrafının düzəldilməsinə (kafel, sement, truba, armatur, qum, mata, süni ot, usta pulu və s.) 1400 manat pul vermişdir. Beş ”adna” və iki ”zikir” tədbirinin hər birinə 500 manat olmaqla 2000 manat pul xərcləmişdir. Həmçinin həyat yoldaşının oğul itkisi ilə bağlı keçirdiyi ağır stress ilə əlaqədar müalicəsinə 600 manat pul xərclənilmişdir. İşdə olan mədaxil qəbzlərindən görünür ki,qəbir daşı üçün 3000 manat, ceramikaların alınması üçün 125,46 manat və 75,95 manat olmaqla 201,41 manat pul ödənmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqunu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə saat 21:29 radələrində Balakən rayon Kortala kəndinin ərazisində asfalt örtüklü magistral yolda idarə etdiyi “QAZ 31105” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə 90 km/saat sürətlə Püştətala kəndi istiqamətinə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, həmçinin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətlə idarə etməli olduğu halda, bunları etmədən avtomobili yaşayış məntəqəsində 90 km/saat sürətlə idarə edərək hərəkətdə olduğu yolun sağ kənarı ilə onunla eyni istiqamətdə hərəkət edən piyada X11 idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vurmuş, nəticədə piyada X12 ehtiyatsızlıqdan ağır kəllə-beyin travması, ənsə nahiyəsində bütövlükdə hematoma-qan yığımı, yaralar, hər iki yuxarı kürəkdə, sifətin sol hissəsində, sağ çiyinüstündə, gövdənin sağ aşağı hissəsində, sağ baldırın ön yan hissəsində,sağ iç topuqda, sol baldırda sıyrıqlar, ənsə, sağ və sol gicgah sümüklərində az yerdəyişməli sınıqlar, kəllə əsasının sınığı, baş beynin sərt və yumşaq qişalarında qansızma-əzilmə, baş beyin maddəsində ödemi ilə nəticələnən, dərəcələrinə görə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir.Mülki iddiaçı-zərərçəkmiş şəxsin hüquqi varisi X17,oğlu-Qurban Kərimovun qəbrinin üzərinə qoyulmuş “başı daşı” üçün 3000 manat, qəbrin ətrafının düzəldilməsi üçün sərf olunan tikinti materialları üçün 201,41 manat pul ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “baş daşı”nın alınması üçün ödənmiş 3000 manata və “baş daşı”nın ətrafının düzəldilməsinə sərf olunan tikinti materiallarının alınması üçün ödənmiş 201,41 manata aid hissədə əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 3201.41 manat alınıb zərərçəkmiş şəxsin hüquqi varisi X13 verilməlidir. İddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Belə ki, mülki iddiaçı X4, sement, truba, armatur, qum, mata, süni ot, usta pulu və s. üçün 1400 manat pul verməsini, beş ”adna” və iki ”zikir” tədbirinin hər birinə 500 manat olmaqla 2000 manat və həyat yoldaşının müalicəsinə 600 manat pul xərclədiyini göstərsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,2(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5(beş) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O,cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 03 mart 2022-cil il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək,onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X7, KOD210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan və Balakən rayon X23 X27 cərimə meydançasında saxlanılan təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi Qaz 31105 markalı 90ET-563 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X15 qaytarılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 3201.41 manat alınıb zərərçəkmiş şəxsin hüquqi varisi X13 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar