Məhkəmə qərarları › İş №1(019)-15/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-15/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-15/2025 09.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclаs kаtibi X6 оğlunun kаtibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, müdafiəçi Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirаklаrı ilə xx xxxxx 1988-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İİ qrup əlil, işsiz, məhkum olunmamış, Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dаir cinayət işinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edərək, özgənin əmlakını məhv edərək xuliqanlıq törətmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 12:00 radələrində ictimai yerdə, yəni Balakən Rayon Polis Şöbəsinin inzibati binasında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, yəni heç bir əsaslı səbəb olmadan, Balakən RPŞ-nin inzibati binasına gələrək polis əməkdaşları ilə mübahisə edib ucadan ünvansız nalayiq söyüşlər söyüb qışqıraraq ilk öncə inzibati binada yerləşən xidməti otağın qapısına 2 dəfə yumruq ilə vurmuş, daha sonra qərəzli hərəkətlərini davam etdirmək məqsədilə dəhlizə çıxaraq yenidən ucadan ünvansız nalayiq söyüşlər söyüb qışqıraraq təpik zərbəsi ilə binanın yan giriş qapısının 38 manat dəyərində iki hissəli, qalınlığı 0,4 mm, 50x200 sm ölçüdə olan, şəffaf və açıq qəhvəyi rəngli şüşəsini sındıraraq Balakən RPŞ-nə 38 manat məbləğində maddi ziyan vurub xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham aşağıdakı qaydada tam sübuta yetirilmişdir: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, İİ qrup əlildir. O, 11 dekabr 2024-cü il tarixdə səhər saat 11 radələrində qardaşına etibarnamə əsasında verilmiş avtomobil ilə Balakən şəhəri ərazisində hərəkətdə olarkən onu qayda pozduğu üçün Balakən RPŞ-nin YPX-nin əməkdaşları saxlatmışlar. Polis əməkdaşları sənədləri yoxlayan zaman onun sürücülük vəsiqəsi olmadığını aşkar edib avtomobili Balakən RPŞ-nin duracağına aparmışlar. O da buna əsəbiləşib Balakən RPŞ-nə gəlmiş və binaya yan qapıdan daxil olub YPX əməkdaşları oturan otağa daxil olmuşdur. Həmin vaxt otaqda bir nəfər serjant polis əməkdaşı və bir nəfər qadın olmuşdur. O, həmin polis əməkdaşına nə üçün avtomobili duracağa yerləşdirdiklərini, əlil olduğunu, nə üçün sürücülük vəsiqəsi olmadan avtomobili sürməyə imkan vermədiklərini demişdir. Həmin polis əməkdaşı sürücülük hüququ olmadan avtomobil idarə edə bilməyəcəyini deyəndə o əsəbiləşmiş və qışqırmağa başlamışdır. Bundan sonra əsəbini sakitləşdirmək üçün otağın qapısına iki dəfə yumruq vurub qapını çırpıb dəhlizə çıxmışdır. Artıq özünü cilovlaya bilmədiyi üçün o, dəhlizdə də qışqırıb binanın yan giriş qapısına təpik vurmuşdur. Bundan sonra o, qapını açıb pilləkənlərdən həyətə düşmüşdür. Hadisəni törədən zaman otaqda və dəhlizdə olarkən onun əlində hər hansı bir əşya və cisim olmamışdır. Ona Balakən RPŞ-də hər hansı bir fiziki və psixi təsir göstərən olmamışdır. Lakin söyüş söyməmişdir. Əməlindən çox peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, o, Balakən RPŞ-nin rəisinin şəxsi heyyət üzrə köməkçisi vəzifəsində işləyir. Onun Balakən RPŞ-nin inzibati binasında ikinci mərtəbədə xidməti otağı vardır. 11 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs DYPBnin şöbənin birinci mərtəbəsinin yan giriş qapısının yanında yerləşən xidməti otağına daxil olaraq heç bir əsaslı səbəb olmadan qışqıraraq uca səslə nə üçün sürücülük hüququ olmadan avtomobil idarə etməsinə icazə verilmədiyini və avtomobilin polis şöbəsinə gətirilməsini bildirərək nalayiq söyüşlər söymüşdür, polis əməkdaşı Təqsirləndirilən şəxs sakitləşdirmək istəsə də, Təqsirləndirilən şəxs otağın giriş qapısına iki dəfə yumruqla zərbələr vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs otağın qapısını çırpıb dəhlizə çıxaraq dəhlizdə də ucadan nalayiq söyüşlər söyüb qışqırmağa başlamış və ətrafda olan vətəndaşlar və polis əməkdaşlarına məhəl qoymadan ucadan nalayiq söyüşlər söyüb qışqıraraq gedib inzibati binanın yan qapısına təpiklə zərbə vurub qapının şüşəsini sındırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qapını açıb pilləkənlərdən həyətə düşmüş, orada olan digər polis əməkdaşları onun arxasınca gedib Tahiri sakitləşdirərək Balakən RPŞ-nin Növbətçi Hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Balakən RPŞ-nin DYPB-nin operatoru vəzifəsində işləyir. O, Balakən RPŞ-nin inzibati binasının yan giriş qapısının yanında yerləşən xidməti otaqda oturur. 11 dekabr 2024-cü il tarixdə təxminən saat 12:00 radələrində o, Balakən RPŞ-nin inzibati binasında xidməti otağında olarkən əvvəlcədən tanımadığı bir nəfər şəxs otağa daxil olmuş və heç bir əsaslı səbəb olmadan qışqıraraq uca səslə nə üçün sürücülük hüququ olmadan avtomobil idarə etməsinə icazə verilmədiyini və avtomobilin polis şöbəsinə gətirilməsini bildirərək nalayiq söyüşlər söyüb üstünə qıcanmışdır. O, həmin şəxsi sakitləşdirmək istəsə də ona nə isə deməyinə imkan vermədən otağın giriş qapısına iki dəfə yumruqla zərbələr vurmuş, daha sonra həmin şəxs otağın qapısını sərt çırpıb dəhlizə çıxaraq dəhlizdə də ucadan nalayiq söyüşlər söyüb qışqırmağa başlamışdır. O da həmin şəxsin arxasınca dəhlizə çıxıb nizam intizamlı olmağa və iş qaydasını pozmamağa dəvət edib sakitləşdirmək istəsə də həmin şəxs ətrafda olan vətəndaşları və polis əməkdaşlarına məhəl qoymadan ucadan nalayiq söyüşlər söyüb qışqıraraq qaça-qaça gedib inzibati binanın yan qapısına təpiklə zərbə vurub qapının şüşəsini sındırmışdır. Bundan sonra həmin şəxs qapını açıb pilləkənlərdən həyətə düşmüşdür. O və orada olan digər polis əməkdaşları həmin şəxsin arxasınca gedib birtəhər sakitləşdirərək Balakən RPŞ-nin Növbətçi Hissəsinə təhvil vermişlər. Təqsirləndirilən şəxs hadisəni törədərkən xidməti otaqda Şahid2, dəhlizdə isə Balakən RPŞ-nin məsul növbətçisi Şahid3 və digər polis əməkdaşları olmuşdur. Tahir qışqırıb ünvansız nalayiq söyüşlər söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid Balakən RPŞ-nin NH-nın məsul növbətçisi Şahid3 iştirakı mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş, ifadəsində göstərmişdir ki, 11 dekabr 2024-cü il tarixdə təxminən saat 12 radələrində o, Balakən RPŞ-nin inzibati binasında Növbətçi Hissədə xidmətdə olarkən əvvəlcədən tanımadığı bir nəfər şəxsin DYPB-nin xidməti otağının qapısını sərt çırpıb dəhlizə çıxaraq dəhlizdə ucadan nalayiq söyüşlər söyüb qışqırmağa başladığını görmüşdür. Həmin vaxt Növbətçi Hissədə ondan başqa köməkçi Şahid4 və sürücü Şahid5 da olmuşdur. DYPB-nin əməkdaşı Şahid1 həmin şəxsin arxasınca dəhlizə çıxıb nizam intizamlı olmağa və iş qaydasını pozmamağa dəvət edib sakitləşdirmək istəsə də həmin şəxs ətrafda olan vətəndaşlara, eləcə də polis əməkdaşlarına məhəl qoymadan ucadan nalayiq söyüşlər söyüb qışqırıb qaçaraq gedib inzibati binanın yan qapısına təpiklə zərbə vurub qapının şüşəsini sındırmışdır. Bundan sonra həmin şəxs qapını açıb pilləkənlərdən həyətə düşmüşdür. Elçin və o, orada olan digər polis əməkdaşları ilə həmin şəxsin arxasınca gedib güclə həmin şəxsi sakitləşdirərək Balakən RPŞ-nin Növbətçi Hissəsinə gətirmişlər. Daha sonra həmin şəxsin şəxsiyyətini yoxladıqda məlum olmuşdur ki, həmin hadisəni törədən şəxs Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs hadisəni törədərkən dəhlizdə Balakən RPŞ-nin bir neçə polis əməkdaşları da olmuşdur. Təqsirləndirilən şəxs onu və ya digər şəxsləri birbaşa hədələməmiş və vurmamışdır. Lakin o, qışqırıb ünvansız nalayiq söyüşlər söymüşdür. Hadisə nəticəsində o, xəsarət almamışdır. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs hadisəni törədən zaman əlində hər hansı bir əşya və cisim olmamışdır. Məhkəmə iclasında Şahid5 iştirakı mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş, onun ifadəsi Şahid3 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu olmuşdur. Cinayət işinin 4-9-cu vərəqələrində olan 11 dekabr 2024-cu il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Balakən RPŞ-nin DYPB-nin operatoru, polis baş serjantı Şahid1 raportu əsasında Balakən RPŞ-nin inzibati binasının sağ yan giriş qapısı olan dəhlizə gəlinmişdir. Dəhlizin döşəməsinin üzərində çoxlu sayda şüşə qırıqları olduğu, dəhlizin yəni binanın yan giriş qapısının açılan hissəsinin şüşəsinin tamamilə qırıldığı müəyyən edilmişdir. Bundan sonra həmçinin qapıda, çöldə pilləkənlərin üzərində də çoxlu sayda şüşə qırıqları olduğu müəyyən edildi. Daha sonra inzibati binanın həyətinə baxış keçirildikdə yan giriş qapısı və pilləkənlərın aşağısında yerləşən asfalt beton örtüyün üzərində də çoxlu sayda şüşə qırıqlarının olması müəyyən olundu. Hadisə yerinə baxış zamanı hadisə yerini çəkən, inzibati binanın daxilində və binanın həyətini çəkən kameraların olması müəyyən edilmişdir. Həmçinin həmin kameralara baxış keçirilərkən hadisənin baş verməsini əks etdirən video görüntülərin olduğu müəyyən edildi və baxış protokoluna əlavə edilməsi üçün bir ədəd DVD diskə köçürüldü. Hadisə yerinin binanın içərisindən və həyətdən fotoşəkilləri çəkildi. Bundan başqa şüşəsi qırılmış qapı ölçüldü və 50x200 sm ölçüdə olması müəyyən edildi. Həmçinin maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün şüşə qırıqları qablaşdırılaraq götürülmüşdür. Şüşə qırıqları iki hissəli olub, qəhvəyi və şəffaf rəngdədir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir alət, predmet aşkarlanaraq götürülməmişdir. Baxış zamanı Balakən RPŞ-nin inzibati binasının yan giriş qapısından qırılan şüşə qalıqları götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edildi. Baxış zamanı “X9 11” markalı telefon vasitəsi ilə fotoşəkillər çəkilərək baxıldı və protokola əlavə edildi. Baxış zamanı çəkilmiş fotoşəkillər və hadisənin baş verməsini əks etdirən video görüntü olan disk protokola əlavə edilmişdir. Cinayət işinin 17-ci vərəqəsində olan xx.xx.2015-ci il tarixli, 127642 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ll qrup hərbi xidmət əlilidir. Cinayət işinin 53-cü vərəqəsində olan Məhkəmə Tibbi Ekspertiza və X4 X8 Balakən rayon MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli 346 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə, tibbi sənədində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, eksprertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir: Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər - sağ baldırın orta 1/3-ndə cərrahi tikişli yara, sağ əlinin üstündə səthi yaralar iti kənara malik əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2024-cü ildə (şüşə qırıntılarının iti hissəsi təsirindən) əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Cinayət işinin 54-cü vərəqəsində olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 76-77-ci vərəqələrində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şifahi və ya yazılı şikayət daxil olmadığı göstərilir. Cinayət işinin 106-108-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X8 X5 Şöbəsinin xx.xx.2024-cü il tarixli 956 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ EMOSİONAL LABİL (ASTENİK) POZUNTU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F06.6 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, cinayət törədərkən ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ EMOSİONAL LABİL (ASTENİK) POZUNTU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F06.6 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmiş və ya öz hərəkətlərini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. X1 xəstəliyi mülayim ifadəli olması səbəbindən onun əməli AR CM-nın 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs X3 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyilli deyildir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixiemosional halda olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs keçirdiyi emosional halın yaranma səbəblərindən biri keçirdiyi ÜZVİ MƏNŞƏLİ EMOSİONAL LABİL (ASTENİK) POZUNTU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F06.6 xəstəliyi ilə əlaqədar ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin 109-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10469 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş şüşə nümunələrinə əsasən qərarda qeyd edilən iki hissəli, qalınlığı 0,4 mm, 50x200 sm ölçüdə olan, şəffaf və açıq qəhvəyi rəngli pəncərə şüşəsinin təzə vəziyyətdə 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 38.00 manat müəyyən edilir. Cinayət işinin 115-119-cu vərəqələrində olan 29 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Balakən RPŞ-nin inzibati binasında olarkən polis şöbəsinin videokameraları tərəfindən qeydə alınmış videogörüntülərin həkk olunduğu 01 ədəd disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Balakən RPŞ-nin rəisi Çingiz Aslanovun xx.xx.2025-ci il tarixli nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, onun tərəfindən dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci tarixli qərarında göstərmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının 3-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, hadisə yerinə baxış keçirilməsinə dair protokolu, hadisənin baş verməsini əks etdirən video görüntünü, ekspert rəylərini və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 221.1-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusunun olması, zərərçəkmiş şəxslə ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməklə səmimi peşman olması da onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, bu hal onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri Balakən rayonu Qullar kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə 01 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X8 X5 Şöbəsinin rəyinə əsasən Təqsirləndirilən şəxs xəstəlik əlamətlərinin mülayim ifadəli olması səbəbindən onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Odur ki, məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə zərurət görmür. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri Balakən rayonu Qullar kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Balakən Rayon Polis Şöbəsində hadisənin baş verməsini əks etdirən videogörüntü olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar