Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-16/2021 19.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili-Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs - xx xxxxxx 1986-cı il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, “Balakən uşaq və gənclər incəsənət” məktəbində müəllim işləyən, əvvəllər məhkum olunmayan, ünvan 2-də qeydiyyatda olan, faktiki olaraq Balakən şəhəri N. Nərimanov küçəsi ev 75 mənzil 47-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxaraq 14 gün ərzində, yəni xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində faktiki yaşadığı və “Covid-19” virusundan müalicə aldığı ünvan 1 saylı ünvanı əsaslı səbəb olmadan icazəsiz tərk edərək özünə məxsus olan “Chevrolet Cruz” markalı, AZ ** TP *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək qəsdən karantin rejimini pozmaqla “Covid-19” xəstəliyinin yayılması üçün real təhlükə yaradaraq insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən şəhəri ərazisinə çıxmış, xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən “Sara gəlinlik və gözəllik dünyası” salonunun qarşısında saxlanılaraq Balakən MRX-nın işçilərinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olsa da, hal-hazırda ünvan 1-də ailə üzvləri ilə birlikdə yaşayır. Balakən “Uşaq və gənclər incəsənət” məktəbində fortopiano müəllimi işləyir. Səhhətində narahatçılıq olub-olmaması barədə, yəni “Covid-19” virusuna yoluxub-yoluxmamağını dəqiqləşdirmək üçün xx xxxxxx 2020-ci il tarixdə Balakən MRX-da test vermişdir. Həmin testin cavabı xx.xx.2020-ci il tarixdə çıxmış və “Covid-19” virusuna yoluxması ilə bağlı cavab pozitiv gəlmişdir. Ona 14 gün ərzində, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək evdə qalmaqla ev şəraitində mualicə olunmağı və evdən çıxmamağı haqda SMS vasitəsilə məlumat verilmişdir. Həmin qaydalara riayət etməklə yaşadığı ünvan 1-də ev şəraitində mualicə almışdır . Evdə çox hallarda tək olmuşdur ki, ailə üzvləri virusa yoluxmasın. xx xxxxxx 2020-ci il tarixdə evə çörək almaq ehtiyacı yarandığı üçün fikirləşmişdir ki, yaxın məsafədən tez çörək alıb geriyə evə qayıtsın. Həmin məqsədlə xx.xx.2020-ci il tarixdə saat təxminən 12 radələrində özünə məxsus olan “Chevrolet Cruz” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomaşınını idarə edərək Balakən şəhəri Heydər Əliyev prospekti istiqamətinə doğru hərəkət etmişdir. Orada yerləşən “Sara gəlinlik və gözəllik dünyası” salonunun qarşısında avtomaşınını saxlayaraq avtomaşından düşüb tez çörək alıb evə qayıtmaq istəmişdir.. Həmin vaxtı ona Balakən rayon polis şöbəsinin əməkdaşları yaxınlaşaraq bildirmişlər ki, “Covid-19” virusuna yoluxması ilə bağlı yaşadığı evi tərk etməməlidir. Səhvini başa düşdüyünü və evə çörək almaq ehtiyacı olduğundan evi tərk etdiyini və onun bu hərəkətinin üzürlü sayılmasını xahiş etmişdir. Həmin ərazidə videoçəkiliş aparılmaqla polis işçiləri tərəfindən baxış keçirilmiş və bu barədə protokol tərtib edildikdən sonra hər bir iştirakçı ilə yanaşı protokol tərəfindən imzalanmışdır. Sonra onu təcili yardım avtomaşını ilə Balakən MRX-na çatdırmışlar. Orada bir daha xəbərdar olunmuşdur ki, 14 gün tamam olmadan evdən çıxmamaq şərtilə mualicə olunsun. Evə qayıdaraq ev şəraitində mualicəni davam etdirmişdir. Əməlindən çox peşimandır. Barəsində yüngül cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edən, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, mövcud “Covid-19” xəstəliyinin yayılmasına qarşı mübarizə sahəsində Balakən RPŞ-nin əməkdaşları tərəfindən Balakən rayonu ərazisində bir sıra tədbirlər keçirilir. Belə ki, rayon ərazisində ictimai yerlərdə qoruyucu maskadan istifadə etməyən vətəndaşlarla izahat işləri aparılır və həmin qaydaları pozan şəxslər barədə müvafiq inzibati tədbirlər görülür. Həmçinin tərəflərindən “Covid-19” virusuna yoluxaraq evdə karantin şəraitində 14 gün müddətində izolyasiya olunaraq ev şəraitində mualicə olunan şəxslərin yaşadıqları evlərindən küçəyə çıxaraq xəstəliyin digər vətəndaşlara yoluxma riskini artıra bilmələrinin qarşısını almaq məqsədilə virusa yoluxmuş və evdə mualicə olunan şəxslərin yaşadıqları mənzili tərk edib-etməmələri yoxlanılaraq tərəflərindən nəzarət edilir. xx.xx.2020-ci il tarixdə saat təxminən 12 radələrində RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid2 ilə birlikdə “Covid-19” virusuna yoluxaraq ev şəraitində mualicə alan, ünvan 4 saylı ünvanda qeydiyyatda olan, faktiki olaraq N.Nərimanov küçəsi ev 75 mənzil 47 saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozub-pozmamasını, yəni yaşadığı evi tərk etmədən müalicə olunmalı halda yaşadığı ünvanı tərk edərək küçəyə çıxıb-çıxmamasını yoxlamaq üçün onun yaşadığı ünvana getmişlər, ancaq həmin ünvanda onlara qapı açan olmayıb, yəni evdə heç kim olmamışdır. Sonra tədbiri Balakən şəhəri ərazisində davam etdirmişlər. Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən “Sara gəlinlik və gözəllik dünyası” salonunun qarşısında “Covid-19” virusuna yoluxaraq yaşadığı evi tərk etmədən mualicə almalı olan Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruz” markalı ** TP *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək dayandığını görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan hansı səbəbə görə yaşadığı ünvanı tərk etməsini soruşduqda Təqsirləndirilən şəxs evə çörək almaq üçün çıxdığını bildirmişdir. Bu barədə RPŞ-nə məlumat verilmiş və videoçəkiliş aparılmaqla hadisə yeri muayinə olunmuşdur. Təqsirləndirilən şəxs özbaşına yaşadığı ünvanı tərk etməsi haqda Balakən MRX-na məlumat verilmiş və o, tərəflərindən təcili yardım avtomaşını vasitəsi ilə aparılaraq Balakən MRX-na təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edən, polis baş leytenantı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiklərini təsdiq etməklə onun ifadəsinə uyğun ifadə vermişdir. Müdafiə təərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən MRX-nın poliklinika şöbəsində həkim sahə terapevti işləyən Şahid3 ifadəsində göstərdi ki, uzun müddətdir ki, həmin sahədə həkim işləyir. xx.xx.2020-ci il tarixdə Balakən şəhər sakini olan Təqsirləndirilən şəxs “Covid-19” virusu ilə bağlı vermiş olduğu testin cavabı pozitiv çıxdığı üçün həmin xəstəyə nəzarət olunması ona həvalə edilmişdir. Bir həkim olaraq Təqsirləndirilən şəxslə mütamadi əlaqə saxlayıb onun səhhətində olan simtomlarla maraqlanmışdır. Ona 14 gün ərzində evdən çıxmamaq şərtilə müalicə olunmasını izah etmişdir. Virusla bağlı onunla şəxsən görüşmək imkanı olmasa da, telefon əlaqəsi yaradılaraq məsləhət vermişdir ki, “Azitimrasin, vitamin-s, vitamin-d və parasitamon” dərman preparatlarını qəbul etsin. Təqsirləndirilən şəxs güclü simptom olmamışdır. Ona evdən çıxmamaq şərtilə 14 gün müddətində evdə mualicəsini davam etdirməsini və lazım gələrsə əlaqə saxlayıb məsləhət almasını bildirmişdir. Təqsirləndirilən şəxs özünü yaxşı hiss etdiyini və səhhətində ciddi narahatçılıq olmadığını ona bildirmişdir. Onun karantin müddəti, yəni 14 gün ərzində evdə qalmaqla mualicə alması müddəti xx xxxxxx 2020-ci il tarixdə başa çatmışdır. Bir qayda olaraq bütün virusa yoluxan xəstələrə evdən çıxmaq qadağan olunması barədə mobil telefonuna SMS vasitəsi ilə məlumat verilərək xəbərdarlıq edilir. Xəstənin ünvanına ağır simptom aşkar olunmadıqda gedilmir. Hər bir hal barədə Təqsirləndirilən şəxs məlumat verərək 14 gün müddətində evdən çıxmaq qadağan olunduğunu izah etmişdir. Telefon vasitəsilə yuxarıda qeyd olunan dərman preparatlarını işlədərək özünü qorumasını bildirmişdir. İşin 35-42,51-52-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş hadisə yerinə baxış və baxış zamanı aparılmış videoçəkilişlə Təqsirləndirilən şəxs istifadəsində olan “XİOMİ Mİ 10 Not Pro” markalı mobil telefona xx.xx.2020-ci il tarixdə İTS.GOV.AZ saytının 1542-nömrəsindən daxil olmuş xəbərdarlıq SMS-si, onun “Covid 19” virusuna yoluxaraq karantin nəzarətində olmaqla ev şəraitində ambulator mualicə alması və xx.xx.2020-ci il tarixdə evdən çıxmasına icazə verilməsi barədə Balakən MRX-dan alınmış xx.xx.2020-ci il tarixli 368 nömrəli məktubla və 3324 nömrəli xəstənin tibbi kartasından çıxarışla, xx.xx.2020-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab və cavaba əlavə edilmiş “Covid-19” virusuna yoluxması müəyyən edilmişdir. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 21-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər Uşaq İncəsənət məktəbi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. İşin 20-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 3023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, himayəsində işləməyən atası-anası, qardaşı və xx.xx.2019-cu il təvəllüdlü oğlu Bəxtiyar vardır. İşin 28-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb,hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır, onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, müəllim işləməsini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri və iş üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,ona törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda hazırkı vaxtda “Covid-19” pandemiyası ilə bağlı mübarizənin daha ciddi aparılmasının zəruriliyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut bir ədəd CD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, müstəntiq Məhəmməd Əliyevin xx xxxxxx 2020-ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 14 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********,kod 200695,Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına 84 manat köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi bir ədəd CD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 200695,Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. Hesabına 84 (səksən dörd) manat köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №1(019)-16/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-16/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver