Məhkəmə qərarları › İş №1(019)-17/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-17/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-17/2024 09.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 2003-cü il tarixdə Rusiya Federasiyasının Sovetskiy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Kortala kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 221.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə şəxs üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 11 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində spirtli içkinin təsiri altında, yəni sərxoş vəziyyətdə Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Grand Palace” şadlıq sarayında qəsdən, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə onunla birlikdə şadlıq sarayında ofisiant işləyən Zərərçəkmiş şəxs sol göz nahiyəsinə sağ əli ilə qəsdən bir dəfə yumruq zərbəsi vuraraq ona sol üst göz qapağında qançır, sol göz altında şişkinli hematoma-qan yığımı, gözün konyuktivasına bütövlükdə qansızma, sol gözün qapaqlarının və göz almasının kontuziyası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib zor tətbiq etməklə, eləcə də ətrafdakı şəxslər onları “Grand Palace” şadlıq sarayından bayıra çıxarıb sakitləşdirməyə, barışdırmağa çalışarkən şadlıq sarayının qarşısında xuliqanlıq hərəkətlərini yenə də davam etdirərək, Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək vurmağa çalışmaqla onun üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəsdən, qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsinə istinadən ifadəsində göstərdi ki, hazırda Gəncə Dövlət Universitetində Pedoqoji Məşqçilik fakultəsində ali təhsil alır, 4-cü kurs tələbəsidir. Tətil vaxtlarında ailə üzvləri ilə birlikdə yaşadığı Balakən rayonu Kortala kəndinə gələrək özünə məxsus VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Bəzi vaxtlarda da Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Grand Palace” şadlıq sarayında toy məclisi olanda gedib gündəlik 15 manat pul qarşılığında ofisiant işləyir. Əvvəllər hər hansı psixi və ya fiziki xəstəliklər keçirməmişdir. Zərərçəkmiş şəxs təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərindən tanıyır. Zərərçəkmiş şəxs ilə onun arasında əvvəllər hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. 11 sentyabr 2023-cü il tarixdə “Grand Palace” şadlıq sarayında toy məclisi keçirildiyinə görə, həmin tarixdə axşam saatlarında ofisiant kimi xidmət etmək üçün “Grand Palace” şadlıq sarayına getmişdir. Həmin tarixdə təxminən saat 23 radələrində toy məclisi bitdikdən sonra ofisiantlar yığışıb yemək üçün özlərinə masa hazırlamış və birlikdə yemək yemişlər. O, şadlıq sarayında yemək yeyərkən 03 qədəh spirtli içki araq içmişdir. Daha sonra o, şadlıq sarayının birinci mərtəbəsindən ikinci mərtəbəsinə qalxan zaman pilləkənlərdə dayanmış iş yoldaşı Zərərçəkmiş şəxs toxunmuş, Məhəməli isə bunu qəsdlə etdiyini düşünmüş və onu itələmiş, nəticədə onun ayağı ilişib yerə yıxılmışdır. Həmin vaxt o, sağ əli ilə Məhəməlinin yaxasından tutub silkələməyə başlamışdır. Məhəməli də buna cavab olaraq onun yaxasından tutub silkələməyə başlamış və onun kürəyi pilləkənin məhəccərinə dəydiyinə görə kürəyində ağrı hiss etmişdir. Buna görə o, sağ əli ilə Məhəməlinin sol göz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt pilləkənin yuxarı tərəfində toplaşan digər ofisiantlar gedib onları ayırmışlar. Bundan sonra şadlıq evində inzibatçı işləyən Şahid1 onlara yaxınlaşaraq aşağı düşmələrini və söhbət edib aralarındakı problemi həll etmələrini xahiş etmiş, buna görə o, Məhəməli ilə birlikdə şadlıq evinin qarşısına getmiş və şadlıq evinin qarşısına çatanda Məhəməlinin onun ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Həmin vaxt o, əsəblərini cilovlaya bilməmiş və Məhəməlini təkrar vurmaq üçün sonuncunun üstünə hücum çəkmişdir. Bu zaman şadlıq evində inzibatçı işləyən Şahid1 yaxınlaşıb onun qarşısını kəsmiş və münaqişənin daha da böyüməsinin qarşısını almışdır. Bundan sonra o, Məhəməli ilə barışmış və oradan çıxıb yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə və münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə zamanı şadlıq evində inzibatçı işləyən Şahid1, şadlıq evində ofisiant işləyən Təbriz, Sədrəddin və Səxavət orada olmuş və həmin şəxslər hadisənin şahidi olmuşlar. O, şadlıq evində 03 qədəh spirtli içki araq qəbul etmişdir. Zərərçəkmiş şəxs ilə barışmış və dəymiş ziyanı könüllü şəkildə tam olaraq zərərçəkmiş şəxsə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsinə istinadən ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Sarıbulaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır və Balakən rayonu ərazisində yerləşən müxtəlif şadlıq saraylarında toy şənliyi olanda gedib gündəlik 15 manat pul qarşılığında ofisiant kimi işləyərək pul qazanıb ailəsinin dolanmasını təmin edir. Anadan olandan etibarən gözlərində görmə zəifliyi var, sağ gözü 9 %, sol gözü isə 11 % görür. Buna görə uşaqlıqdan eynəkdən istifadə edir. O, Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Grand Palace” şadlıq sarayının rəsmi işçisi olmaqla həmin şadlıq sarayında daimi ofisiant kimi işləyir. 11 sentyabr 2023-cü il tarixdə də Grand Palace şadlıq sarayında təşkil olunmuş toy məclisində ofisiant kimi xidmət etmək üçün həmin tarixdə təxminən saat 10 radələrində şadlıq sarayına getmişdir. Həmin tarixdə təxminən saat 18 radələrində toy məclisi başlamış, o və digər ofisiantlar toy məclisinə gəlmiş şəxslərə xidmət etməyə başlamışlar. Toy məclisi bitdikdən sonra təxminən saat 23 radələrində xidmət etdiyi masadakı boş şüşələri və qabları podnosa yığıb mətbəx otağına aparmışdır. O, əlindəki podnosla mətbəx otağına doğru hərəkət edən zaman şadlıq sarayında onunla birlikdə ofisiant işləyən və həmin vaxt təxminən bir həftədir tanıdığı Təqsirləndirilən şəxs əli ilə onun belindən irəliyə doğru itələmiş, həmin vaxt o, etdiyi hərəkətə görə Elsevərə iradını bildirmiş, Elsevər isə onunla zarafat etdiyini bildirmək üçün ona göz qırparaq işarə etmişdir. O da Elsevərin hərəkətini zarafat kimi qəbul etmiş və pilləkənlərlə üzü aşağıya hərəkət edib mətbəx otağına getmək istədiyi zaman Elsevər yenidən onu arxadan itələmiş, nəticədə o, müvazinətini itirib özündən asılı olmadan pilləkənlərlə sürətlə birinci mərtəbəyə kimi hərəkət etmiş, həmin vaxt orada olan və hazırda adını xatırlamadığı ofisiant yoldaşı onu tutub saxladığına görə yerə yıxılmamışdır. Əlindəki podnosu aparıb mətbəx otağına qoymuş və yenidən pilləkənlərlə yuxarı qalxıb zala getmək istəyən zaman Elsevərin pilləkənlərin baş tərəfində, yəni yuxarıda dayandığını görmüşdür. O, pilləkənlərin baş tərəfinə çatanda Elsevər səbəbsiz yerə qəflətən təpiklə onun qarın nahiyəsinə yavaşca, yəni geri itələyirmiş kimi vurmuş, buna görə orada Elsevərlə aralarında münaqişə yaranmış və münaqişə zamanı Elsevər sağ əli ilə onun sifətinin sol tərəfinə bir yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən onun gözləri qaralmış və bir neçə saniyəlik müvazinətini itirmişdir. Həmin vaxt orada olan ofisiantlar cəld şəkildə gedib Elsevəri ondan ayırmış və oradan uzaqlaşdırıb aparmağa çalışmışlar. Bundan sonra şadlıq evində inzibatçı işləyən Şahid1 onlara yaxınlaşaraq aşağı düşmələrini və söhbət edib aralarındakı problemi həll etmələrini xahiş etmiş, buna görə o, Elsevərlə birlikdə pilləkənlərdən aşağı düşüb şadlıq evinin qarşısına getmiş və şadlıq evinin qarşısına çatanda Elsevər onu yenidən vurmaq üçün üstünə hücum çəkmiş, bu zaman şadlıq evində inzibatçı işləyən Şahid1 yaxınlaşıb Elsevərin qarşısını kəsmiş və münaqişənin daha da böyüməsinin qarşısını almışdır. Bundan sonra o, oradan çıxıb yaşadığı evə getmişdir. “Grand Palace” şadlıq sarayında Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə və münaqişə təxminən saat 23 radələrində baş vermişdir. Təqsirləndirilən şəxsla aralarında baş vermiş mübahisə və münaqişə ümumilikdə təxminən 15 dəqiqə davam etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs sağ əli ilə onun sifətinin sol tərəfinə bir yumruq zərbəsi vuraraq ona bədən xəsarət yetirmişdir. Buna görə o, hadisədən sonra Bakı şəhərində yerləşən X5 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmiş və orada müayinə zamanı sol gözünün görmə qabiliyyətinin 4 %-ə düşdüyü müəyyən edilmişdir. Hadisə zamanı onu Təqsirləndirilən şəxs başqa heç kim vurmamış və xəsarət yetirməmişdir. O, hadisə zamanı Təqsirləndirilən şəxs vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Qeyd etdiyi kimi o, təxminən saat 23 radələrində toy məclisi bitdikdən sonra xidmət etdiyi masanı yığışdırıb zibilləri və boş qabları mətbəx otağına aparan zaman Elsevər onu iki dəfə itələmiş, daha sonra isə o, pilləkənlərlə yuxarı qalxıb zala getmək istəyən zaman Elsevər pilləkənlərin baş tərəfində qəflətən təpiklə onun qarın nahiyəsinə vurduğuna görə aralarında münaqişə yaranmış və münaqişə zamanı Elsevər sağ əli ilə onun sifətinin sol tərəfinə bir yumruq zərbəsi vurub ona xəsarət yetirmişdir. O, Elsevərin arxa nahiyəsinə təpik vurmamış və sonuncunun yaxasından tutub silkələməmişdir. O, illərdir şadlıq saraylarında ofisiant işləyir və bu günədək hər hansı bir şəxslə onun arasında sözlə belə olsa mübahisə yaranmamışdır. Sadəcə olaraq Elsevər idmanla məşğul olduğuna görə gücünü göstərmək istəmiş və bunun üçün ən zəif olanı, yəni onu seçib döyərək gücünü camaata göstərmişdir. O isə gözləri zəif gördüyünə görə və hər hansı bir zərbə nəticəsində ömürlük kor olma ehtimalını bildiyinə görə həmişə dava-dalaşdan, münaqişədən uzaq olmuşdur. Hadisə zamanı da o, Elsevərin yaxasından tutub silkələməmiş və ya sonuncunun kürəyini pilləkənin məhəccərinə vurub hər hansı bir xəsarət yetirməmişdir. Sadəcə olaraq Elsevər onu döyəndə o, şərti relfeks olaraq Elsevəri itələyib özündən uzaqlaşdırmağa çalışmışdır. Bunu onun yerində olan hər bir insan edərdi. Təbii ki, heç kim dayanıb döyülməsini gözləməzdi. Həmçinin onun gözləri zəif gördüyünə görə Elsevərin yumruq zərbəsindən ömürlük kor ola bilərdi. Buna görə də, özünü qorumaq üçün Elsevəri itələyib özündən uzaqlaşdırmağa çalışmışdır. Həmin vaxt da Elsevərin kürəyinin pilləkənin məhəccərinə dəyməsinə və kürəyində ağrılar əmələ gəlməsinə inanmır. Çünki kürəyində ağrı olan şəxs yenidən onu döymək üçün üstünə hücum çəkməzdi. O, indiyə kimi Təqsirləndirilən şəxs ünvanına hər hansı bir nalayiq ifadə və ya söyüş işlətməmişdir. Əksinə hadisə zaman Elsevər onun ünvanına nalayiq ifadələr işlətmişdir. Onun davakar, söyüş söyən, nalayiq ifadələr işlədən bir insan olmadığını ofisiant yoldaşları da təsdiq edə bilər. Yuxarıda da qeyd etdiyi kimi, hadisə zamanı ofisiantlar cəld şəkildə gedib Elsevəri ondan ayırmış və oradan uzaqlaşdırıb aparmağa çalışmışlar. Bundan sonra şadlıq evində inzibatçı işləyən Şahid1 onlara yaxınlaşaraq aşağı düşmələrini və söhbət edib aralarındakı problemi həll etmələrini xahiş etmiş, buna görə o, Elsevərlə birlikdə pilləkənlərdən aşağı düşüb şadlıq sarayının qarşısına getmiş, şadlıq sarayının qarşısına çatanda Elsevər onu yenidən vurmaq üçün üstünə hücum çəkmişdir. Lakin həmin vaxt şadlıq evində inzibatçı işləyən Şahid1 yaxınlaşıb Elsevərin qarşısını kəsmiş və münaqişənin daha da böyüməsinin qarşısını almışdır. Bundan sonra o, oradan çıxıb yaşadığı evə getmişdir. O, ümumiyyətlə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı könüllü şəkildə tam olaraq ona ödəmiş və onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs qəsdən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə şəxs üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməsi, yəni onun 11 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində spirtli içkinin təsiri altında, yəni sərxoş vəziyyətdə Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Grand Palace” şadlıq sarayında qəsdən, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib zor tətbiq etməklə, eləcə də ətrafdakı şəxslər onları “Grand Palace” şadlıq sarayından bayıra çıxarıb sakitləşdirməyə, barışdırmağa çalışarkən şadlıq sarayının qarşısında xuliqanlıq hərəkətlərini yenə də davam etdirərək Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək vurmağa çalışmaqla onun üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəsdən, qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 məhkəmə istintaqında və ibtidai istintaqda verdiyi ifadələri ilə də təsdiq olunmuşdur. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 15 sentyabr 2023-cü il tarixdə saat 10:06 dəqiqədən saat 11:12 dəqiqəyədək olan müddət ərzində hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs bildirmişdir ki, Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Grand Palace” şadlıq sarayında rəsmi işçi olmaqla ofisiant işləyir. Adətən şadlıq sarayında toy məclisi olanda həmin gün səhərdən gedib xidmətə başlayır və məclis bitdikdən sonra xidmət etdiyi masanı təmizləyib evinə gedir. Hadisə baş verən gün, yəni 11 sentyabr 2023-cü il tarixdə də həmin şadlıq sarayında toy məclisi olduğuna görə həmin tarixdə təxminən saat 10 radələrində şadlıq evinə gedərək işləməyə başlamışdır. O, digər ofisiant yoldaşları kimi saat 18 radələrində toy məclisi başlayanda gələn qonaqlara xidmət etməyə başlamışdır. Toy məclisi bitib qonaqlar tam gedəndən sonra o, xidmət etdiyi masada olan boş qabları, boş su və içki şüşələrini podnosa yığıb şadlıq sarayının 1-ci mərtəbədə yerləşən mətbəx otağına aparmağa başlamışdır. O, əlində podnos mətbəx otağına gedən zaman şadlıq sarayında onunla birlikdə ofisiant işləyən Təqsirləndirilən şəxs əli ilə onun belindən irəliyə doğru itələmiş, lakin o, Elsevərin hərəkətini zarafat kimi qəbul edib pilləkənlərdən üzü aşağı düşən zaman Elsevər yenidən arxadan onu itələmiş və o, müvazinətini itirib 1-ci mərtəbəyə kimi sürətlə hərəkət etmişdir. O, əlindəki pondosu aparıb mətbəx otağına qoyduqdan sonra pilləkənlərlə yuxarı qalxıb zala getmək istəyəndə Elsevərin pilləkənlərin baş tərəfində dayandığını görmüş, o, pilləkənlərin sonuna çatanda Elsevər səbəbsiz yerə qəflətən onun qarın nahiyəsinə asta təpik vurmuşdur. Buna görə o, daha əsəblərini cilovlaya bilməmiş və Elsevərə iradını bildirmişdir. Nəticədə Elsevərlə onun arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Elsevər sağ əli ilə onun sifətinin sol tərəfinə bir yumruq zərbəsi vurmuşdur. Onun gözləri anadangəlmə zəif gördüyünə görə zərbənin təsirindən gözləri qaralmış və müvazinətini itirmişdir. Daha sonra şadlıq sarayında inzibatçı işləyən Şahid1 göstərişi ilə aşağı düşüb Elsevərlə aralarında olan anlaşılmazlığı həll etmək istəyərkən Elsevər yenidən onun üstünə hücum çəkib döymək istəmişdir. Lakin Şahid1 buna mane olmuşdur. Elsevər onu yuxarıda döyəndə də orada olan ofisiantlar araya girib Elsevəri ondan ayırmışlar. Lakin o, gözləri anadangəlmə zəif gördüyünə görə dava-dalaşdan uzaq durmuş, Elsevərlə mübahisə və ya münaqişə yaratmaq niyyəti olmamışdır. Sadəcə olaraq Təqsirləndirilən şəxs səbəbsiz yerə ona sataşıb mübahisə yaratmış, nəticədə də onu döymüşdür. Baxış keçirilən yer Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Grand Palace” şadlıq sarayı olmuşdur. Qeyd olunan şadlıq sarayı şəhərin mərkəzindən gələndə yolun sol tərəfində yerləşir. Şadlıq sarayı ilə üzbəüz yolun qarşı tərəfində H.Əliyev adına isitrahət parkı, sağ və sol tərəflərində isə müxtəlif iaşə obyektləri yerləşir. Şadlıq sarayı iki mərtəbəlidir, şadlıq sarayının iki giriş qapısı var, şadlıq sarayı ilə üzbəüz dayandıqda solda olan giriş qapısı kafe və uşaq əyləncə mərkəzinə daxil olmaq üçün, sağda olan qapı isə toy məclisləri keçirilən zala və mətbəxə daxil olmaq üçündür. Sağdakı qapıdan içəri daxil olduqda birinci mərtəbədə mətbəx otağı və ikinci mərtəbəyə qalxmaq üçün pilləkən vardır. Pilləkənlərlə ikinci mərtəbəyə qalxdıqda geniş foye yerləşir, foyedən sola döndükdə isə toy məclislərinin keçirilməsi üçün nəzərdə tutulmuş geniş zal, foyedən sonra isə aşağı düşmək üçün pilləkən, pilləkəndən sonra isə mətbəx yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onu həmin mətbəxin qarşısındakı pilləkənlərdə döyərək xəsarət yetirmşdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 290 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 03 noyabr 2023-cü il tarixli 280 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-sol üst göz qapağında qançır, sol göz altında şişkinli hematoma-qan yığımı, gözün konyuktivasına bütövlükdə qansızma, sol gözün qapaqlarının və göz almasının kontuziyası- küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11 sentyabr 2023-cü ildə əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs 11 oktyabr 2002-ci ildən hər iki gözün yüksək dərəcəli miopik astiqmaizmi, ambliopiya xorioretiniti diaqnozu ilə göz həkiminin dispanser qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 7 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir, ondan heç bir tələb və şikayəti yoxdur. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 290 nömrəli rəyini, məhkəmə-tibbi ekspertizasının 03 noyabr 2023-cü il tarixli 280 nömrəli rəyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 7 saylı arayışı, ibtidai araşdırma və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Məhəməli oğlunun ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla, sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə baxışının gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olması müəyyən edildiyi üçün, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə barəsində ittiham hökmü çıxarılmalı və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi xuliqanlığa, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakınıın məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin məzmunu və tətbiqi ilə bağlı qeyd olunanlara istinad etməyi zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 7 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair yuxarıda qeyd olunan qərarında Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin məzmunu və tətbiq məsələləri barədə göstərilmişdir ki, «xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi xuliqanlığı, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanın kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanın kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz». Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına görə cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. ”Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İşdəki sübutlardan görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlığı xarakterizə edən yuxarıda sadalanan əlamətlər: ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi və vətəndaş üzərində zor tətbiq olunması və zor tətbiq etmə hədəsi, həmçinin xuliqanlaq niyyəti mövcud olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq zərərçəkmiş şəxsə tamamilə ödəməsini, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq zərərçəkmiş şəxsə tamamilə ödənilməsi müvafiq olaraq CMnin 59.1.12 və 59.1.13-cü maddələrində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olması imperativ qaydada təsbit edilmişdir. Eyni zamanda nəzərə çatdırılmalıdır ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, heç şübhəsiz ki, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusat həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən böyük ictimai təhlükə törətməyən cinayəti törədən şəxs tərəfindən də yaşana və CM-nin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bu xüsusda məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən və qəsdən törədilən cinayət əməlidir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törədir və zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona dəymiş ziyanı könüllü şəkildə tamamilə ona ödəmişdir. Bu da onun törətdiyi cinayət əməlindən peşmançılığının səmimi olduğu göstərir. Həmçinin onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs islah işləri, həmçinin cəmiyyətdən qismən və ya tam təcrid edilməsi formasında cəzaya, yəni azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun olmamaqla, yəni ağır olmaqla, ədalətli olmazdı. Belə ki, yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olduğu, cəzasını ağırlaşdıran halların olmadığı və onun təqsirləndirildiyi maddənin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmədən əvvəl cərimə cəzasının nəzərdə tutulduğu halında, ona daha sərt cəzaların-islah işləri cəzasının, azadlığın məhdudlaşdırılması cəzasının və ya azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə ictimai təhlükəsiziyin və ictimai qaydanın təmin olunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı və işin hallarına əsasən heç də cəzanın məqsədlərinin nail olunmasına xidmət etməzdi. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəzanın təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə tam uyğun olmaqla, ədalətlidir. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq zərərçəkmiş şəxsə tamamilə ödəməsi, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, ədalət və humanizm prinsiplərini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasına məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub- olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 8 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1500 manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar