Məhkəmə qərarları › İş №1(019)-20/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-20/2022

03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-20/2022 03.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx xxxx 1971-ci ildə Balakən rayonu Katex kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, evdar qadın,orta təhsilli, əvvəllər məhkum olunmamış, Balakən rayonu Katex kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD -19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra 14 gün ərzində, yəni 12 oktyabr 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq 21 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Balakən rayonu Katex kəndində “COVİD-19” xəstəliyindən müalicə almalı olduğu yaşayış evini əsaslı səbəb olmadan icazəsiz tərk edib insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan, həmin kənddə yerləşən mağazaya bazarlıq etmək üçün getmək məqsədi ilə özünə məxsus olan “Opel” markalı 90 KJ-239 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, qəsdən, karantin rejimini pozmaqla digər şəxslərin “COVİD-19” virusuna yoluxması üçün real təhlükə yaratmış, 21 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində idarə etdiyi “Opel” markalı 90 KJ-239 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Təqsirləndirilən şəxs insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan olan Balakən rayonu Katex kəndinin ərazisində saxlanılıb “X4 Yardım Stansiyasının” avtomobili ilə cəmiyyətdən təcrid olunması üçün Balakən rayonu Katex kəndində yerləşən evinə qaytarılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Balakən rayonu Katex kəndində tək yaşayır. Bir qızı və bir oğlu vardır. Övladları hal-hazırda Rusiya Federasiyasında yaşayırlar. 2-ci qrup əlilliklə bağlı təqaüd almış, lakin son 5-6 aydır ki, təqaüdü kəsilmişdir. 2021-ci ilin oktyabr ayının təxminən 9-da (dəqiq tarixini xatırlamır) səhhətində olan narahatçılıqla bağlı X2 Şamil adlı həkimin qəbuluna getmişdir. Həkim xəstəxananın həyətində ona yaxınlaşaraq ağciyərlərini yoxlatmaq üçün «Leif stayl» özəl klinikasına göndərmişdir. Həmin yerdə də (Zaqatala MRX-da) Şamil həkimin tapşırığı ilə “Covid-19” virusuna yoluxub-yoluxmadığını müəyyən etmək üçün burnundan analiz götürülmüşdür. Həmin gün “Leif stayl” özəl klinikasında ağciyərlərini yoxlamışlar və qanından da analiz götürmüşlər. Həmin gün nahardan sonra qeyd etdiyi klinikadan qardaşı oğlu Süleyman analizin nəticələrini götürərək Şamil həkimə aparıb göstərmişdir. Həkim də ağciyərlərində köhnədən soyuqlama olduğunu, qorxulu heç bir şeyin olmadığını bildirərək ona təyinat yazıb qardaşı oğlu Süleymanla göndərmişdir. Bir neçə gündən sonra dəqiq tarixini xatırlamadığı günü “TƏBİB”-dən onun istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsinə sms gəlmişdir. SMS-də «Covid-19» virusuna yoluxduğu, yəni analizinin pozitiv olduğu bildirilmişdir. 14 gün ərzində evdə qalmağı və karantin nəzarətinə götürülməyi ilə bağlı ona həmin sms-lə məlumat verilmişdir. Lakin bu barədə qapısına gələrək heç kim heç bir məlumat verməmişdir. Zaqatala Mərkəzi Rayon Xəstəxanasının həyətində “Covid-19” virusunu müəyyən etmək üçün analiz verdiyi vaxtdan 21 oktyabr 2021-ci il tarixədək heç bir yerə çıxmamışdır. 21 oktyabr 2021-ci il tarixdə evdə çörək olmadığından, həm də ərzaq almaq məqsədi ilə özünə məxsus olan “Opel” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Katex kəndinin ərazisində yaşadığı evdən təxminən 1,5 kilometr uzaqlıqda olan mağazaya getdiyi zaman polis əməkdaşları tərəfindən yolda saxlanılmışdır. Polis əməkdaşları ona karantin müddəti bitənədək yaşadığı ünvanı tərk etməsinin qadağan olunması ilə bağlı bir daha xəbərdarlıq etmişlər və həmin halı videogörüntüyə almışlar. Onun, polis əməkdaşlarının və tibb işçilərinin iştirakları ilə polis əməkdaşları tərəfindən saxlanıldığı əraziyə baxış keçirilmişdir. Baxış fasiləsiz olaraq polis əməkdaşları tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. Baxış başa çatdıqdan sonra Balakən MRX-nın Təcili Tibbi Xidmətinin həkimlərinə təhvil verilmişdir. Törətdiyi əmələ görə çox peşmandır. Onun maddi vəziyyəti çox ağırdır. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Tinamahama qızı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də onun həmin cinayət əməlini törətməsi məhkəmə iclasında şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. Hazırda ölkə ərazisində geniş yayılmış “Covid-19” virusunun qarşısının alınması məqsədi ilə həmin virusa yoluxan və özünü təcrid qaydalarına riayət etməklə yaşadığı evi tərk etmədən müalicə almalı olan şəxslərin siyahısı mütəmadi olaraq polis əməkdaşlarına verilir. Bununla bağlı da rayon ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin yaşadığı evi tərk edib-etməmələri daim onların tərəfindən nəzarətdə saxlanılır. “Covid-19” virusuna yoluxan və ev şəraitində müalicə almalı olan şəxslərin siyahısında xidmət apardığı ərazi olan Balakən rayonu Katex kəndinin sakini Təqsirləndirilən şəxs da olmuşdur. 21 oktyabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində Balakən rayonu Katex kəndi ərazisində RPŞ-nin sahə polis nəfəri Şahid2 ilə birlikdə xidmətdə olduğu zaman aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs özünə məxsus olan “Opel” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Katex kəndinin ərazisində hərəkətdə olduğunu görüb avtomobili saxlatmışlar. Aktiv “Covid- 19” xəstəsi olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlatdıqları yerə onun verdiyi məlumat əsasında RPŞ-nin İTB-nin rəisi Şahid3 da gəlmişdir. Şahid3 verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs karona xəstəsi olması barədə məlumatının olduğunu, analizi 2 dəfə verdiyini, artıq vaxtının bitdiyini hesab etdiyini, tək yaşadığını, ərzaq almağı unutduğunu, yaşadığı evinin saxlanıldığı yerdən 2-3 kilometr aralıda yerləşdiyini, idarə etdiyi maşının özünə məxsus olduğunu, bacısıgilə gəldiyini, lakin bacısıgilə hələ çatmadığını, bacısının onun gəlişindən xəbərinin olmadığını, tək yaşadığını, evdə yanında adam olsa yola çıxmayacağını, Bakıdan qayıtdıqdan sonra ilk dəfə həmin gün çörək və yağ almaq üçün çıxdığını bildirmişdir. İTB-nin rəisi Şahid3 Təqsirləndirilən şəxs 12.10.2021-ci il tarixdən karantin nəzarətinə alındığını, 14 gün tamam olana qədər evdən çölə çıxmasının ona qadağan olunmasını bildirərək bu barədə xəbərdarlıq etmişdir. Baş vermiş hadisənin videogörüntüləri RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 tərəfindən mobil telefonu vasitəsi ilə qeydə alınmışdır. Dərhal baş vermiş hadisə barədə Balakən RPŞ-yə raportla məruzə etmişdir. Bir müddət sonra polis şöbəsindən gəlmiş əməkdaşların və Balakən MRX-dan X9 maşını ilə gəlmiş tibb işçilərinin iştirakları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə saxlanıldığı yerə baxış keçirilmişdir. Baxışda ondan başqa Təqsirləndirilən şəxs, İTB-nin rəisi Şahid3, İTB-nin sahə polis nəfəri Şahid2, KTQ-nun baş inspektoru X7 və Balakən MRX-nin X9 Stansiyasının tibb işçiləri iştirak etmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdən qeydiyyata alınmaqla 14 gün ərzində evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda yaşadığı ünvanı özbaşına tərk edib özünə məxsus olan “Opel” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Katex kəndinin ərazisində hərəkətdə olarkən saxlanılmışdır. Baxış zamanı aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs baxışı keçirən müstəntiq tərəfindən ona verilmiş suallara cavab olaraq karantin nəzarətinə alınması ilə bağlı mobil telefonuna sms-in gəldiyini bildirmiş və 14 gün ərzində ev şəraitində müalicə olunmaqla karantin nəzarətinə götürülməsi ilə bağlı məlumatının olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmçinin ona verilmiş suallara cavab olaraq idarə etdiyi avtomobilin özünə məxsus olduğunu, evdə ərzaq olmadığından alış-veriş etmək üçün mağazaya gəldiyini, lakin magazaya düşməmiş saxlanıldığını və evdə tək yaşadığından mağazaya gəldiyini də bildirmişdir. Baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs tibb işçilərinin nəzarəti ilə X4 Yardım Stansiyasının avtomobilinə əyləşdirilərək Balakən rayonu Katex kəndində yerləşən evinə göndərilmişdir. Baxış videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək ifadəsində onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin İTB-nin rəisi vəzifəsində işləyir. Hazırda ölkə ərazisində geniş yayılmış “Covid-19” virusunun qarşısının alınması məqsədi ilə həmin virusa yoluxan və özünütəcrid qaydalarına riayət etməklə yaşadığı evi tərk etmədən müalicə almalı olan şəxslərin siyahısı mütəmadi olaraq polis əməkdaşlarına verilir. Bununla bağlı da rayon ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin yaşadığı evi tərk edib-etməmələri polis əməkdaşları tərəfindən, həmçinin də onun tərəfindən daim nəzarətdə saxlanılır. 21 oktyabr 2021-ci il tarixdə İTB-nin polis sahə rəisi Şahid1 mobil telefon vasitəsi ilə aktiv “Covid-19” xəstəsi olan Balakən rayonu Katex kənd sakini Təqsirləndirilən şəxs icazəsiz olaraq yaşadığı ünvanı tərk etməsi barədə ona verdiyi məlumat əsasında Katex kəndində Təqsirləndirilən şəxs saxlanıldığı yerə gəlmişdir. Verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs karona xəstəsi olması barədə məlumatının olduğunu, analizi 2 dəfə verdiyini, artıq vaxtının bitdiyini hesab etdiyini, tək yaşadığını, ərzaq almağı unutduğunu, yaşadığı evinin saxlanıldığı yerdən 2-3 kilometr aralıda yerləşdiyini, idarə etdiyi maşının özünə məxsus olduğunu, bacısıgilə gəldiyini, lakin bacısıgilə hələ çatmadığını, bacısının onun gəlişindən xəbərinin olmadığını, tək yaşadığını, evdə yanında adam olsa yola çıxmayacağını, həkimin ona yola çıxmamaqla bağlı xəbərdarlıq etdiyini, Bakıdan qayıtdıqdan sonra ilk dəfə həmin gün çörək və yağ almaq üçün çıxdığını bildirmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs 12.10.2021-ci il tarixdən karantin nəzarətinə alındığı, 14 gün tamam olana qədər evdən çölə çıxmasının ona qadağan olunması bildirilərək bu barədə xəbərdarlıq etmişdir. Baş vermiş hadisənin videogörüntüləri RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 tərəfindən mobil telefonu vasitəsi ilə qeydə alınmışdır. Bir müddət sonra polis şöbəsindən gəlmiş əməkdaşların və Balakən MRX-dan X9 maşını ilə gəlmiş tibb işçilərinin iştirakları ilə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə saxlandığı yerə baxış keçirilmişdir. Baxışda ondan başqa Təqsirləndirilən şəxs, İTB-nin polis sahə rəisi Şahid1, İTB-nin sahə polis nəfəri Şahid2, KTQ-nun baş inspektoru X7 və Balakən MRX-nin X9 Stansiyasının tibb işçiləri iştirak etmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs Tinamahama qızı 12 oktyabr 2021-ci il tarixdən qeydiyyata alınmaqla 14 gün ərzində evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda yaşadığı ünvanı özbaşına tərk edib özünə məxsus olan “Opel” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Katex kəndinin ərazisində hərəkətdə olarkən saxlanılmışdır. Baxış zamanı aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs baxışı keçirən müstəntiq tərəfindən ona verilmiş suallara cavab olaraq karantin nəzarətinə alınması ilə bağlı mobil telefonuna smsin gəldiyini bildirmiş və 14 gün ərzində ev şəraitində müalicə olunmaqla karantin nəzarətinə götürülməsi ilə bağlı məlumatının olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmçinin ona verilmiş suallara cavab olaraq idarə etdiyi avtomobilin özünə məxsus olduğunu, evdə ərzaq olmadığından alış-veriş etmək üçün mağazaya gəldiyini, lakin magazaya düşməmiş saxlanıldığını və evdə tək yaşadığından mağazaya gəldiyini də bildirmişdir. Baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs tibb işçilərinin nəzarəti ilə X4 Yardım Stansiyasının avtomobilinə əyləşdirilərək Balakən rayonu Katex kəndində yerləşən evinə göndərilmişdir. Baxış videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır. 21.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Katex kəndinin ərazisində saxlanıldığı zaman Təqsirləndirilən şəxs 26 oktyabr 2021-ci il tarixdə karantin müddətinin başa çatdığını bildirmək əvəzinə səhvən 27 oktyabr 2021-ci il tarixdə karantin müddənin başa çatdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Balakən rayon Gigiyena və Epidemiologiya mərkəzinin direktoru vəzifəsini icra edir. 09.10.2021-ci il tarixdə Zaqatala MRX-da laborator testi vermiş Balakən rayonu Katex kənd sakini Təqsirləndirilən şəxs “Covid-19” test nəticəsinin pozitiv çıxması barədə 12.10.2021-ci il tarixdə milli məlumat bazasından Balakən rayon GEM-ə məlumat daxil olmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs 14 gün ərzində karantin nəzarətinə alınması barədə onun istifadəsində olan mobil telefona zəng edilməklə məlumatlandırılmışdır. Təqsirləndirilən şəxs özü tərəfindən verilmiş məlumat əsasında onun qeydiyyatda olduğu ünvanda tək yaşadığı müəyyən olunduğundan və ailə üzvləri ilə birlikdə yaşamadığından 10.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377 saylı qərarı ilə təsdiq edilmiş «Koronavirus “Covid-19” infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair «Protokol»un 1 nömrəli əlavəsinə («Covid-19» infeksiyasına yoluxma faktı təsdiq olunmuş şəxslə təmasda olanların dairəsinin müəyyən edilməsinə dair Tövsiyələr) uyğun olaraq onun ailə üzvləri karantin nəzarətinə alınmamışlar. İşin 5-7-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış 21.10.2021-ci il tarixdə Balakən rayonu Katex kəndinin ərazisində saat 17:50-dən 17:55-dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 21 oktyabr 2021-ci il tarixdə RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid1 RPŞ rəhbərliyinə raportla məruzə edərək 21.10.2021-ci il tarixdə özü və RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis serjantı Şahid2 tərəfindən 12 oktyabr 2021-ci il tarixdən “Covid-19” xəstəsi kimi qeydiyyatda olan və ev şəraitində müalicə almalı olan xx.xx.1971-ci il təvəllüdlü Balakən rayonu Katex kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib idarə etdiyi avtomaşınla kənd ərazisində hərəkətdə olduğunu müəyyən etdiklərini bildirmişlər. Buna görə də Balakən rayonunun Katex kəndinin ərazisində 21 oktyabr 2021-ci il tarixdə saat 17:50-dən başlayaraq aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs “Opel” markalı 90 KJ-239 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək hərəkət etdiyi əraziyə Balakən RPŞ-nin əməkdaşlarının, Balakən MRX-nın tibb işçilərinin, xəstə Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilmişdir. Balakən rayonu Katex kənd sakini Təqsirləndirilən şəxs 12.10.2021-ci il tarixdən qeydiyyatda olmaqla 14 gün ərzində ev şəraitində müalicə almalı olduğu halda yaşadığı ünvanı icazəsiz tərk edib özünə məxsus olan “Opel»”markalı 90 KJ-239 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Katex kəndinin ərazisində hərəkətdə olarkən saxlanılması baxış zamanı müəyyən edilmişdir. Baxış zamanı aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq 2 dəfə analiz verdiyini, rəsmi olaraq ona cavabın nə vaxt gəldiyini deyə bilmədiyini, sms-in gəldiyini bildirmişdir, 14 gün ərzində evdən çıxmadan ev şəraitində müalicə olunması ilə bağlı ona xəbərdarlıq edildiyini təsdiq etmiş , idarə etdiyi “Opel” markalı 90 KJ-239 dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olduğunu, evdə ərzaq olmadığından alış-veriş etmək üçün mağazaya gəldiyini, lakin mağazaya düşmədən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin evdə tək yaşadığına görə mağazaya gəldiyini də bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs tibb işçilərinin nəzarəti ilə X4 Yardım avtomobilinə əyləşdirilərək Balakən rayonu Katex kəndində yerləşən evinə göndərilmişdir. Baxış “Sony” markalı videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır. Baxış zamanı ərizə, şikayət və vəsatət daxil olmamışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 (bir) ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin diskə məhkəmə istintaqı zamanı baxış keçirilmiş, protokolda videogörüntülərin düzgün əks olunduğu müəyyən edilmişdir. İşin 9-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, 21 oktyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan göstərilmişdir ki, HK- 1-844 nömrəli araşdırma materialı üzrə əldə edilmiş 21 oktyabr 2021-ci il tarixdə Balakən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Şahid1 RPŞ rəhbərliyinə raportla məruzə edərək 21.10.2021-ci il tarixdə özü və RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis serjantı Şahid2 tərəfindən 12.10.2021-ci il tarixdən “Covid-19” xəstəsi kimi qeydiyyatda olan və ev şəraitində müalicə almalı olan xx.xx.1971-ci il təvəllüdlü, Balakən rayonu Katex kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib avtomaşın ilə kənd ərazisində hərəkətdə olduğunu müəyyən etmələri və həmin halın onların tərəfindən telefon vasitəsi ilə videogörüntüyə alınaraq köçürüldüyü raporta əlavə edilmiş bir ədəd DVD diskə baxış keçirilmişdir. DVD-disk açıldıqda həmin diskdə 01 ədəd faylın olduğu aşkarlanmışdır. Fayldakı videogörüntüdə gümüşü rəngli «Opel» markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında Balakən rayonu Katex kənd sakini Təqsirləndirilən şəxs dayanmışdır. Balakən rayonu Katex kənd sakini Təqsirləndirilən şəxs ilə Balakən RPŞ-nin İTB-nin rəisi, polis mayoru Şahid3 arasında aşağıdakı məzmunda dialoq baş verir: Şahid3: “Siz karona xəstəsisiz” Təqsirləndirilən şəxs: “Bilirəm, 20 gün idi mən evdə idim. Bakıdan gəlmişəm, qızı yola salıb.20 gün mənə dedilər ki, çıxma. Mən analiz 2 dəfə vermişəm. Mən dedim, uje vaxtı bitib. Mən də tək, qız yox, oğlan yox, kişi yox. Produkt almaq yadımdan çıxıb” Şahid3: “Sizin eviniz harada yerləşir?” Təqsirləndirilən şəxs: “Bizim evimiz orda” Şahid3: “Burdan nə qədər aralıdadır?” Təqsirləndirilən şəxs: “Burdan 2-3 kilometr aralıdadır” Şahid3: “2-3 kilometr?” Təqsirləndirilən şəxs: “Hə” Şahid3: “İndi bura hansı ünvana gəlmisiniz?” Təqsirləndirilən şəxs: “Bura, bacımgilə” Şahid3: “Maşın sizindir?” Təqsirləndirilən şəxs: “Bəli” Şahid3: “Öz maşınınızla gəlmisiz?” Təqsirləndirilən şəxs: “Bəli” Şahid3: “Hansı ünvana gəlmisiniz?” Təqsirləndirilən şəxs: “Bura çatmışam, saxladılar” Şahid3: “Bildim. Hansı ünvana gəlmisiz?” Təqsirləndirilən şəxs: “Bura bacımgilə gəlmişəm, çatmamışam. Xəbəri yoxdur, mən gəlmişəm.” Şahid3: “Olmaz axı. Gedib onları da yoluxdurarsız axı. Hələ rəsmi olaraq qeydiyyatdasız. Siz 15 gün evi tərk edə bilməzsiniz. Ayın 12-dən düşmüsünüz. Ayın 27-nə kimi siz evdə olmalısınız.” Təqsirləndirilən şəxs: “Yox, bildim. Mən iki dəfə analiz vermişəm axı” Şahid3: “Bildim. Analiz versəniz də xanım, ayın 12-dən siz qeydiyyatdasınız.15 gündür müddətiniz də. Ayın 27-də qurtaracaq sizin evdən çıxma müddətiniz də. Siz gedib bacınızgili də yoluxdura bilərsiniz. Olmaz axı. İcazə yoxdur ona. Sizin nə ehtiyacınız olsa zəng vurmalısınız 102 xidmətinə, zəng vurmalısınız 103 xidmətinə. Sizin evinizə ərzaqdır, çörəkdir, sudur, gətirməlidirlər. Bu bizim vəzifə borcumuzdur. Amma siz evi tərk edib gedirsiz bacınızgilə, ordan da başqa yerə, olmaz. Qadağandır. İndi hadisə yerinə gələcək bizim əməkdaşlar, çağırmışam. Sizin yazı-pozunuzu edəcək. Burdan minərsiz maşınınıza, birbaşa evinizə. Olmaz, siz evi tərk edə bilməzsiniz. Həmin müddət ərzində də nə qonşu qəbul edə bilməzsiniz, heç qonşuya keçə bilməzsiniz. Qaldı ki, 3 kilometr məsafəni sürüb gəlirsiz ki, bacımgilə gedirəm. Olmaz axı. Onun da ailəsi var, uşağı var. Xəstələnəcək. Siz ola bilər ki, yaxşısınız, sağlamsız, amma bu o demək deyil ki, siz evi tərk edə bilərsiz. Sizdə virus var hələ də. Başqa adama keçər, ona da pis təsir edər, ağır nəticələr verər. Virusu yayırsız siz. Olmaz o. Aydın oldu?” Təqsirləndirilən şəxs: “Yox, mən evdə yanımda adam olsaydı, çıxmazdım” Şahid3: “Hər bir halda sizə deyilib axı evi tərk etməyin. Deyilməyibmi sizə o? Həkim zəng vurub sizə deyibmi?” Təqsirləndirilən şəxs: “Mənə deyibdi” Şahid3:”Vəssəlam da” Təqsirləndirilən şəxs: “Mən ayın 6-ı bir analiz vermişəm, Bakıdan gələndən sonra çıxmamışam. Bu gün çıxdım, dedim qoy bir çörək, yağ alım” Şahid3: “Yox, icazə yoxdur” Fayldakı videogörüntü 02 dəqiqə 10 saniyədən ibarətdir. Baxış zamanı videogörüntülər CD disk formasında götürülərək bu barədə protokol tərtib edilməklə istintaq materiallarına əlavə edilmişdir. Həmin diskə məhkəmə istintaqı zamanı baxış keçirilmiş, protokolda videogörüntülərin düzgün əks olunduğu müəyyən edilmişdir. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 23-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Balakən Rayon Mərkəzi X5 şəxsindən daxil olmuş 13.11. 2021-ci il tarixli 310 nömrəli məktubdan görünür ki, Balakən rayonu Katex kənd sakini Təqsirləndirilən şəxs 09.10.2021-ci il tarixdə Zaqatala MRX-da “Covid-19” virusuna görə analiz vermişdir. 12.10.2021-ci il tarixdə analizin cavab pozitiv (+) olmuşdur. 12.10.2021-ci il tarixdən xəstə ev nəzarətinə alınmışdır. 26.10.2021-ci il tarixdə ev nəzarəti bitmişdir. İşin 33-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İH-nın Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 35-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İH-nın Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli 1610 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Katex kəndində yaşayır,himayəsində oğlu və qızı vardır. Oğlu və qızı Rusiya Federasiyasında yaşayırlar. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Təqsirləndirilən şəxs ona evdən çıxmalı olmaması barədə xəbərdarlıq edilməməsi barədə məhkəmə baxışında verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq məhkəmə tərəfindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs qızı qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, qadın olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,əvvəllər məhkum olunmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,ona törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda hazırkı vaxtda “Covid-19” pandemiyası ilə bağlı mübarizənin daha ciddi aparılmasının zəruriliyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs qızının üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs qızının cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut iki ədəd CD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qızında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki,Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi , məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan iki ədəd CD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar