Məhkəmə qərarları › İş №1(019)-20/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-20/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-20/2024 31.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1984-cü ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 306.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 30 aprel 2019-cu il tarixdən başlayaraq 02 iyul 2007-ci ildə doğulmuş X1 və 08 iyun 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağ üçün 140,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Balakən Rayon Məhkəməsinin 2(019)-569/2019 saylı 10 iyun 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 03 avqust 2023-cü il tarixədək şəxsi maraq niyyətilə 9280,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də işdə olan digər sübutların tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində onun həqiqətən də göstərilən məbləğdə aliment borcunun olduğunu, aliment borcunun müəyyən hissəsini ödədiyini, lakin işləmədiyi və aylıq hər hansı qazancı olmadığı üçün aliment borcunu ödəyə bilmədiyini, əməlindən peşman olduğunu bildirmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə də özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən o, 06 sentyabr 2006-cı il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2007ci il tarixdə Sevinc, xx.xx.2009-cu il tarixdə isə Zəhra adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Gülnar aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsi nikahın pozulması, həmçinin cavabdeh kimi ondan 30 aprel 2019-cu il tarixdən başlayaraq 02 iyul 2007-ci ildə doğulmuş X1 və 08 iyun 2009cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 140,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair 10 iyun 2019-cu il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək həbs edilmişdir. Lakin maddi imkanı zəif olduğundan müəyyən edilmiş aliment məbləğini tam olaraq ödəməmişdir. Hazırda aliment borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Meyvə-tərəvəz ticarəti ilə məşğul olur və aylıq qazancı 300-400 manat təşkil edir. Aliment borcundan 500,00 manat ödəniş etmişdir. Qalan aliment borcunu da hər ay ***-**** manat olmaqla ödəyəcəkdir. Hazırda heç yerdə işləmir,yaranmış aliment borcunu ödəməyə maddi imkanı yoxdur. Lakin çalışıb borcunu ödəyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Balakən Rayon Məhkəməsinin 2(019)-569/2019 saylı 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs hər uşağa görə 140 manat, iki uşaq üçün ayda 280 manat alimentin alınaraq ona ödənilməsinin qət edildiyini, Təqsirləndirilən şəxs həmin alimentdən müəyyən hissəsini ödədiyini, Təqsirləndirilən şəxs hazırda 9280 manat aliment borcunun olduğunu, uşaqların böyüdüyünü, onların saxlanması və təhsil xərclərinin ödənilməsi üçün alimentə böyük ehtiyacının olduğunu,onun uşaqlarının atası kimi İlkinin həbs olnmasını istəmədiyini, Təqsirləndirilən şəxs tərəfindən aliment borcunu ödəməsini istədiyini göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həqiqətən o, 06 sentyabr 2006-cı il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il tarixdə Sevinc, xx.xx.2009-cu il tarixdə isə Zəhra adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Ayrılarkən uşaqların onun himayəsində qalmasına baxmayaraq İlkin onlarla maraqlanmamış, maddi köməklik göstərməmişdir. Həmçinin artıq bir ailə kimi yaşamaqları da mümkünsüz olmuşdur. Odur ki, aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Balakən Rayon Məhkəməsi nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs cavabdeh kimi 30 aprel 2019-cu il tarixdən başlayaraq 02 iyul 2007-ci ildə doğulmuş X1 və 08 iyun 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 10 iyun 2019-cu il tarixli qətnamə çıxarmışdır. Qətnamənin çıxarılmasından dörd ildən çox müddətin keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə də məhəl qoymamış və ötən müddətdə müəyyən edilmiş aliment məbləğinin vaxtı-vaxtında və tam olaraq ödənilməsini təmin etməmişdir. Halbuki İlkin fərdi qaydada meyvə-tərəvəz ticarəti ilə məşğuldur və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq, o, qərəzli olaraq alimenti ödəmir. Uşaqlar böyüdüyündən onların maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlər görülsə də, İlkin yenə də alimenti vaxtı-vaxtında ödəməmişdir. Bir neçə dəfə İlkinlə telefon əlaqəsi saxlayıb maddi çətinliklərini ona bildirib alimenti ödəməyini istəsə də, İlkin hər dəfə müxtəlif vədlər vermiş, lakin sonradan vədinə əməl etməmişdir. Habelə Təqsirləndirilən şəxs aliment ödəmək üçün onun adına "xxxx" ASC-nin Balakən filialında kart hesabı açdırmış və **********100154 nömrəli Visa kartı almışdır. Daha sonra İlkin həmin kartı qaytarmaq şərti ilə ondan götürmüş, lakin sonradan geri qaytarmamışdır. Buna baxmayaraq İlkin Balakən rayon İcra və Probasiya şöbəsinə ödəniş qəbzləri təqdim edərək aliment borcunu ödədiyini bildirmişdir. O da icra məmurlarına müraciət edərək, Təqsirləndirilən şəxs təqdim etdiyi ödəniş qəbzlərinin həqiqətə uyğun olmadığını, həmin məbləği ona ödəmədiyini və qeyd edilən ödəniş kartının İlkinin özündə olduğunu bildirərək, məsələnin araşdırılmasını xahiş etmişdir. İcra məmurları tərəfindən görülmüş tədbirlər nəticəsində həqiqətən də həmin məbləğlərin Təqsirləndirilən şəxs götürüldüyü müəyyən edilmişdir. Təqsirləndirilən şəxs alimenti ödəməkdən yayınmaq üçün bu cür üsuldan istifadə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, uşaqların maddi təlabatının ödənilməsində çətinliklər çəkdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixədək yaranmış cəmi 9280,00 manat məbləğində aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən ifadəsində göstərdi ki, Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(019)-569/2019 saylı 10 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2019-cu il tarixdən başlayaraq 02 iyul 2007-ci ildə doğulmuş X3 və 08 iyun 2009cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Həmçinin borclu icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah edilmiş, alimentin ödənilməsi tələb olunmuş və məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Borclu yaranmış aliment borcunu ödəmək üçün vaxt istədiyindən ona vaxt verilmişdir. Lakin xeyli müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ödəniş etməmiş, eyni zamanda görülmüş icra tədbirləri nəticəsində olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Odur ki, xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə gətirilməsi təmin edilmişdir. İcra şöbəsində borcludan yaranmış aliment borcunun ödənilməsi bir daha tələb olunmuş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Borclu Təqsirləndirilən şəxs maddi imkanının olmadığını əsas gətirərək, ödəniş etməkdən yayınmışdır. Odur ki, borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək qətnamənin icrası borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. İcra müddətində borclu Təqsirləndirilən şəxs izahatlarında bank kartı hesabına 5000,00 manat alimenti ödədiyini bildirmiş, lakin tələbkar Zərərçəkmiş şəxs göstərilənlərlə razılaşmamış, ona məxsus olan bank kartının Təqsirləndirilən şəxs tərəfindən ondan götürüldüyünü və həmin bank kartından pul məbləğini məhz Təqsirləndirilən şəxs özü tərəfindən məxaric edildiyini bildirmişdir. Qeyd edilən mübahisənin düzgün həll edilməsi məqsədilə müvafiq məhkəmə qərarı əsasında Zərərçəkmiş şəxs məxsus **********00154 nömrəli Visa kartından 2021-ci ilin avqust ayının 13-dən 2021-ci ilin noyabr ayının 11-dək məxaric edilmiş pul vəsaitlərinin kimin tərəfindən götürülməsinin müəyyən edilməsi məqsədilə həmin kartdan istifadə etmiş şəxsin görüntüləri "xxxx" ASC-dən götürülmüşdür. Görüntülərə baxış keçirilərkən həqiqətən də qeyd edilən müddətdə həmin kartdan Təqsirləndirilən şəxs istifadə edərək kartdakı pul vəsaitlərinin məhz onun tərəfindən məxaric edildiyi müəyyən edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, yaranmış aliment borcunun ödənilməsi Təqsirləndirilən şəxs tələb olunmuşdur. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq İkin Osmanov hərəkətlərində dönüş yaratmamış və 03 avqust 2023-cü il tarixədək 9280,00 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. Ümumiyyətlə icra müddətində Təqsirləndirilən şəxs icra sənədinin icrasına etinasız yanaşmış, habelə icra sənədinin icrası ilə bağlı yalan məlumatlar verməklə məsuliyyətdən yayınmağa cəhd etmişdir. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə icra və probasiya şöbəsinə müraciət edərək, uşaqların maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini bildirərək, yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(019)-569/2019 saylı qətnaməsindən və Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(019)-569/2019 saylı icra vərəqəsindən görünür ki,iddia qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında bağlanmış 06 sentyabr 2006-cı il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 187 nömrə ilə qeydə alınmış nikah pozulmuş, onların birgə nikahlarından olan uşaqları-02 iyul 2007-ci ildə doğulmuş X3 və 08 iyun 2009-cu ildə doğulmuş X2 anası Zərərçəkmiş şəxs yanında saxlanmaları, 30 aprel 2019-cu il tarixdən başlayaraq 07 iyul 2007-ci ildə doğulmuş X3 və 08 iyun 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(019)-569/2019 saylı qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişdən, xəbərdarlıqlardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(019)-259/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli, 277/2 nömrəli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbin təmin edilməsi, əks təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-8(019)-27/2023 saylı qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti-Balakən Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(019)-569/2019 nömrəli icra sənədi üzrə aliment borcu tam ödənilənədək məhdudlaşdırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 07 dekabr 2023-cü il tarixli iltizaimdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyandan 850 manat ödəniş edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 2(019)-569/2019 saylı 10 iyun 2019-cu il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, Balakən Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(019)-569/2019 saylı qətnaməsinin qanuni qüvvəsini almasını, təqsirləndirilən şəxsin inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə və məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir və onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə; məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qaydada olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Konstitusiya Məhkəməsinin sözügedən 02 oktyabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanların olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir («İcra haqqında» Qanunun 82.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində aliment borcunu ödəməməsinin onun işləməməsi və maddi imkanının olmaması halı ilə bağlaması barədə gətirdiyi arqumentləri qəbul etmir və bu xüsusatı özünümüdafiə kimi qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, icra məmuru tərəfindən ondan dəfələrlə tələb edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs aliment borcundan tam ödəniş etməmiş, eyni zamanda görülmüş icra tədbirləri nəticəsində olduğu yeri müəyyən etmək mümkün olmadığına görə xx.xx.2022-ci il tarixli qərarla barəsində axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə gətirildikdən və icra şöbəsində yaranmış aliment borcunun ödənilməsi bir daha tələb olunmasına və məsuliyyətinin diqqətinə çatdırılmasına baxmayaraq, o, maddi imkanının olmadığını əsas gətirərək, ödəniş etməkdən yayınmış, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inziabti qaydada həbs edilməklə inzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək qətnamənin icrası borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin həmin aliment borcu ödənilməmişdir. İcra müddətində borclu Təqsirləndirilən şəxs izahatlarında bank kartı hesabına 5000,00 manat alimenti ödədiyini bildirmiş, lakin tələbkar Zərərçəkmiş şəxs göstərilənlərlə razılaşmamış, ona məxsus olan bank kartının Təqsirləndirilən şəxs tərəfindən ondan götürüldüyünü və həmin bank kartından pul məbləğini məhz Təqsirləndirilən şəxs özü tərəfindən məxaric edildiyini bildirmiş, müvafiq məhkəmə qərarı əsasında Zərərçəkmiş şəxs məxsus **********00154 nömrəli Visa kartından 2021-ci ilin avqust ayının 13-dən 2021-ci ilin noyabr ayının 11-dək məxaric edilmiş pul vəsaitlərinin kimin tərəfindən götürülməsinin müəyyən edilməsi məqsədilə həmin kardan istifadə etmiş şəxsin görüntüləri "xxxx" ASC-dən götürülmüş, görüntülərə baxış keçirilərkən həqiqətən də qeyd edilən müddətdə həmin kartdan Təqsirləndirilən şəxs istifadə edərək kartdakı pul vəsaitlərinin məhz onun tərəfindən məxaric edildiyi müəyyən edilmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs tərəfindən sözügedən məhkəmə qətnaməsinin icra edilməməsinin onun maddi imkanının olmaması ilə bağlı olmadığını göstərməklə, onun tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli olaraq icra edilmədiyini təsdiq edir. Azərbaycan Respublikası CM-nin 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 9280,00 manat maddi ziyanın az hissəsini ödəmiş, həmçinin Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngüləşdirən hal kimi göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə qanun normalarının tələbinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlabatan əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən,kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması,normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Bu xüsusda cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə bildirir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli qərəzli olaraq həyata keçirmişdir. Belə ki, bu hərəkətlər ona yazılı xəbərdarlıq olunduqdan, inzibati məsuliyyətə cəlb edildikdən və icra üçün təkrar vaxt verildikdən sonra davam etmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmə qətnaməsinin və ya digər məhkəmə qərarının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar icrasız qalır. Digər tərəfdən, bu əməllə demokratik cəmiyyət və ədalət mühakiməsinin fundamental hüquqlarından biri olan ədalətli məhkəmə araşdırması hüququ real mahiyyət kəsb etməyən xəyali bir hüquqa çevrilir. Məhkəmə nəzərə çatdırır ki, ədalət mühakiməsi cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi isə dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Məhkəmə qərarlarının icra olunmaması isə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarının qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. Həmçinin cəza təyinatında Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halların olması, cəzasının ağırlaşdıran halların olmaması, lakin eyni zamanda məhkəmə qətnaməsində göstərilmiş aliment borcunun mütləq əksər məbləğinin ödənilməməsi, bununla da məhkəmə qətnaməsinin icrasına etinasızlıq göstərilməsi və ədalət mühakiməsinin nüfuzuna ciddi xələl gətirilməsi halları mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 306.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın; Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 31 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar