Məhkəmə qərarları › İş №1(019)-21/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-21/2020

08.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-21/2020 08.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi x13 qızının katibliyi, tərcüməçi x4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs Giorgidze Avtandılın iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS Giorgidze Avtandılı-xx.xx.1988-ci ildə Gürcüstanın Tskaltubo rayonu, Mağlar kəndində anadan olmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, subay, sürücü işləyən, Gürcüstanın Tskaltubo rayonu, Mağlar kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Giorgidze Avtandılı 2019-cu ilin dekabr ayının 23-də Gürcüstanın Tskaltubo rayonu, Mağlar kəndində istintaqa məlum olmayan mənbədən şəxsi istifadə məqsədilə əldə etdiyi 0,78 qram qurudulmuş marixuana narkotik vasitəsini 1 bükümdə qablaşdıraraq malların aşkar edilməsinin çətinləşdirən üsullardan istifadə etməklə qara rəngli pulqabında gizlədərək əynindəki idman şalvarının sağ cibində saxlamış, Gürcüstandan Azərbaycan Respublikasına idarə etdiyi “DAF” markalı, GT527TT/DD295T dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gələrkən 25 dekabr 2019-cu il tarixdə saat 13 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Təqsirləndirilən şəxs Giorgidze Avtandılının sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Giorgidze Avtandılı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 09 avqust 1988-ci il tarixində Gürcüstanın Tskaltubo rayonunun Mağlar kəndində anadan olmuşdur, həmin ünvanda da həm yaşamış, həm də qeydiyyatdadır. “Daf” markalı, GT527TT/DD295T qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edir. Maşın bibisi oğlunundur, lakin onun adına qeydiyyata alınmışdır. Məvacib qarşılığında işləmişdir. Əmək haqqı sabit deyil, daşıdığı yüklərin sayından asılıdır. 23 dekabr 2019-cu il tarixində idarə etdiyi avtomobil ilə Bakı şəhərinə aparmaq üçün Poti limanında soyuducu yükü yüklənmişdir. Həmin gün də gömrük işləri görülmüş və o yola çıxmışdır. Əvvəlcə 23 dekabr 2019-cu il tarixində Tskaltubo rayonu Mağlar kəndindəki evinə getmiş, daha sonra 23 dekabr 2019-cu ildə Mağlar kəndində olarkən istifadə etmək məqsədi ilə narkotik vasitə marixuana əldə etmişdir. 3-4 qram marixuana əldə edib bir qismini istifadə etdikdən sonra, digər qismini isə 1 ədəd kağız bükümə qoyaraq özünə məxsus olan qara rəngli pul qabına yerləşdirmişdir. Gecəni orda həmin kənddə qalmış, 24 dekabr 2019-cu il tarixində yola çıxmışdır. 25 dekabr 2019-cu il tarixində təxminən saat 13 radələrində “Mazımçay” gömrük postuna çatmışdır. Postda daxil olub maşını yük avtomobilləri üçün nəzərdə tutulmuş talvarın altında saxlamışdır. Bir nəfər gömrük əməkdaşı ona yaxınlaşıb gömrük orqanına bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş predmetin olub-olmadığını soruşmuş, o isə heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı xidməti iti tətbiq edərək avtomobilə baxış keçirməyə başlamışdır. Daha sonra gömrükçü üzərində şəxsi yoxlama keçiriləcəyini deyərək otağa dəvət etmiş, yoxlama başlamazdan əvvəl ona üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğu-sual aparılaraq üzərində gömrük nəzarətinə təqdim edilməyən malları könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. O da üzərində gizlədilmiş və bəyan olunmalı heç bir şeyin olmadığını bildirmişdir. Bundan sonra üzərini hal şahidlərinin iştirakı ilə yoxlayarkən əynindəki idman şalvarının sağ cibindəki qara rəngli portmanenin içərisindən bir ədəd kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində bitki kütləsinin olduğunu görmüşlər. Kağız bükülü tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisinin 2 qram olduğu müəyyən olunmuşdur. Suallara cavab olaraq bildirmişdir ki, pulqabındakı marixuanadır və ona məxsusdur. Uzun müddətdir istifadə edir. 2011-ci ildə marixunadan istifadə etdiyi üçün Gürcüstanda 500 lari cərimə də olunmuşdur. Ondan sonra iki il çəkməmiş, daha sonra isə yenə də marixuanadan istifadə etməyə başlamışdır. Marixuananı isə 23 dekabr 2019-cu ildə adını açıqlamaq istəmədiyi həmkəndlisindən almışdır. Evə gələn kimi də çox yorğun olduğundan yatmış, beləliklə də pulqabına qoyduğu marixuana tamam yadından çıxmışdır. Gürcüstanın qanunlarına görə şəxsin 6 qrama qədər şəxsi istehlak miqdarında narkotik vasitənin saxlaması heç bir məsuliyyət yaratmır, 6 qramdan 70 qrama qədər isə inzibati məsuliyyət yaradır. Diqqətli olmamasının səbəbinin biri də bu olmuşdur. Əməlindən peşimandır. Bundan sonra belə əməllərlə məşğul olmayacaqdır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2015-ci ildən gömrük orqanlarında xidmət edir. x16 Baş Gömrük İdarəsinın “Mazımçay” gömrük postunda təlimçi kinoloq kimi fəaliyyət göstərir. 25.12.2019-cu il tarixdə saat 13 radələrində Gürcüstan istiqamətindən “Mazımçay” gömrük postuna daxil olan Gürcüstan vətəndaşı Giorgidze Avtandılınin idarə etdiyi “DAF” markalı, GT527TT/DD295T qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “Mazımçay” gömrük postunda “Lyama” ləqəbli kinoloji xidməti iti tətbiq etməklə baxış keçirən zaman xidməti it, avtomobilin sürücüsünə reaksiya vermiş, bu səbəbdən də Gürcüstan vətəndaşı Giorgidze Avtandılınin üzərində şəxsi yoxlama keçirmək fikirinə gəlmişdir. Bu məqsədlə Giorgidze Avtandılını şəxsi yoxlama otağına dəvət etmiş və iki hal şahidinin iştirakı ilə onun üzərində şəxsi yoxlama aparmışdır. Şəxsi yoxlama başlamazdan əvvəl vətəndaşa üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olubolmadığı barədə sorğu-sual aparmış və vətəndaş üzərində gizlədilmiş və ya bəyan olunmalı predmetin olmadığını bildirmişdir. Bundan sonra Gürcüstan vətəndaşı Giorgidze Avtandılının üzərinə baxış zamanı əynindəki idman şalvarın sağ cibindəki qara rəngli portmanenin içərisindən bir ədəd kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kəskin iyli, marixuanaya oxşar bitki kütləsinin olduğunu görmüşdür. Gürcüstan vətəndaşı Giorgidze Avtandılının üzərindən aşkar etdiyi içərisində marixuanaya oxşar bitki olan kağız bükülü “Qosmetr BT 3000” markalı tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisinin təxminən 2,0 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş predmeti 207587 saylı paketdə qablaşdıraraq bu barədə protokol tərtib etmişdir. Məhkəmə iclasında şahidi qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, xx.xx.1991-ci il tarixdə Balakən rayonunda anadan olmuşdur və Balakən rayonu Gərəkli kənd sakinidir. Daimi iş yeri olmadığı üçün fəhləliklə məşğul olur. Ailəsini dolandırmaq üçün “Mazımçay” gömrük postunun qarşısında dayanıb, gedib gələnlərin əl yüklərini daşımaqla fəhləlik edir və beləliklə də qazanc əldə edir. 25 dekabr 2019-cu il tarixdə təxminən saat 13 radələrində gömrük postunun qarşısında dayanarkən, bir nəfər gömrük işçisi ona və onun kimi orada fəhləlik edən Şamil adlı bir nəfərə yaxınlaşıb “Mazımçay” gömrük postunda keçirilən yoxlamada hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar da ona etiraz etməmiş və birlikdə posta daxil olmuşlar. Əvvəlcə gömrük əməkdaşı ona və Şamilə hal şahidi kimi hüquqlarının və vəzifələrinin nədən ibarət olduğunu izah etmişdir. Burada adı və soyadı sonradan onlara məlum olan Gürcüstan vətəndaşı Giorgidze Avtandılının üzərində onların iştirakı ilə şəxsi yoxlama keçirmişdir. Yoxlama başlamazdan əvvəl Giorgidze Avtandılıyə üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğu-sual aparılaraq üzərində gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Üzərində yoxlama aparılan Giorgidze Avtandılı üzərində gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olmadığını bildirmişdir. Bundan sonra Gürcüstan vətəndaşı Giorgidze Avtandılının üzərinə baxış zamanı əynindəki idman şalvarın sağ cibindəki qara rəngli portmanenin içərisindən bir ədəd kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kəskin iyli, marixuanaya oxşar bitki kütləsinin olduğunu görmüşdür. Gürcüstan vətəndaşı Giorgidze Avtandılının üzərindən aşkar olunan içərisində marixuanaya oxşar bitki olan kağız bükülü “Qosmetr BT 3000” markalı tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin təxminən 2,0 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş predmet 207587 saylı paketdə qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş və o da protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş hal şahidi Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İşin 42-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası x12 Bölməsinin 25 dekabr 2019-cu il tarixli, 640 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DGK Qərb Ərazi Baş Gömrük İdarəsi” sözləri yazılmış 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış tədqiqatlardan sonra qurudulmuş marixuana narkotik vasitəsinin təmiz qalıq çəkisi 0,76 qram qalmışdır. İşin 120-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Ekspertizası Mərkəzinin 15.01.2020-ci il tarixli, 66 №-li ekspert rəyindən görünür ki, Giorgidze Avtandılı çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 105-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Giorgidze Avtandılı əvvəllər məhkum olunmamışdır. İşin 30-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 25 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, 25 dekabr 2019-cu il tarixdə saat 17:00-da Giorgidze Avtandılı şübhəli şəxs qismində tutulmuşdur. İşin 93-94-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Giorgidze Avtandılının barəsində 3 ay müddətə həbsqətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25.12.2019-cu il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji x14 Şəxs tərəfindən verilmiş 17.06.2020-ci il tarixli 1624 nömrəli təkrar ambulator x3 rəyindən görünür ki, Giorgidze Avtandılıda çətənə bitkisi pereparatlarından sui-istifadə etməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Müayinə zamanı abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətin formalaşmasını nəzərə alaraq, həmçinin narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar, hal-hazırda Giorgidze Avtandılının narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs Giorgidze Avtandılı 2019-cu ilin dekabr ayının 23-də Gürcüstanın Tskaltubo rayonu, Mağlar kəndində istintaqa məlum olmayan mənbədən şəxsi istifadə məqsədilə əldə etdiyi 0,78 qram qurudulmuş marixuana narkotik vasitəsini 1 bükümdə qablaşdıraraq malların aşkar edilməsinin çətinləşdirən üsullardan istifadə etməklə qara rəngli pulqabında gizlədərək əynindəki idman şalvarının sağ cibində saxlamış, Gürcüstandan Azərbaycan Respublikasına idarə etdiyi “DAF” markalı, GT527TT/DD295T dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gələrkən 25 dekabr 2019-cu il tarixdə saat 13 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiyə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Giorgidze Avtandılı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-cimaddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Gıorgıdze Avtandılınin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanıağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs Giorgidze Avtandılının şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq, həmçinin həmin halların məcmusunu müstəsna hal hesab edərək BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal Qaydalarına (Tokio Qaydaları) uyğun olaraq cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən hüquq pozucuları ilə davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, hüquq pozucularında cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədi ilə Giorgidze Avtandılının barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bu xüsusda məhkəmə qeyd edir ki, cəzanı yüngülləşdirən hallar o zaman müstəsna hal kimi qəbul edilə bilər ki, həmin halların cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar olması təsdiq edilsin. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin mənasına görə məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsədi və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Cinayətin motivi dedikdə, şəxsi cinayət törətməyə sövq edən və cinayət törədərkən ona hakim olan, müvafiq tələbat və maraqlarla şərtlənən daxili inamdır. Həmin daxili inam cinayətin baş verməsi nəticəsində hansı nəticələrin yaranmasına şəxsin verdiyi sosial qiyməti özündə əks etdirir. Cinayətə sövq edən inamın dərk edilməsi cinayətin motivinin əsas elementidir. Motivdən fərqli olaraq cinayətin məqsədi cinayət törədərkən təqsirkar şəxsin nail olmağa cəhd etdiyi və arzu etdiyi xarici aləmdəki dəyişikliyin baş verməsi niyyətidir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində əks etdirilmiş məqsəd və motivlər alçaq və rəzil məzmundan uzaq olmalıdır. Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan məqsədi qəbul etmək üçün həmin məqsədin alçaq xarakter daşımamasını, təqsirkarın özünün və digər şəxslərin hüquqlarını müdafiə etməyə, zərərçəkmiş şəxsin qanunazidd hərəkətlərinin qarşısını almağa yönəlmiş və s. bu kimi hərəkətlərə cəhd etməsini sübut edən halların olması vacibdir. Məhkəmə hesab edir ki, təqsirli şəxsin cinayət törədərkən və cinayət törətdikdən sonra onun cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan davranışını da müstəsna hal kimi qiymətləndirmək önəmlidir. Bu kimi hallar, o cümlədən təqsirkarın könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsi, cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərəri könüllü olaraq ödəməsi və ya aradan qaldırması, dəymiş zərərin azaldılmasına yönəldilmiş bu kimi hərəkətləri aid edilməlidir. Hər bir halda CM-nin 62-ci maddəsində təsbit olunmuş müstəsna hallar obyektiv və subyektiv hallarla, yəni cinayət əməlinin və təqsirkar şəxsin şəxsiyyətinin müstəsnalığı ilə bağlı olmalıdır. Bu xüsusda qeyd etmək lazımdır ki, Giorgidze Avtandılının təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs Giorgidze Avtandılı məhkəmədə verdiyi ifadəsində onda olan narkotik vasitənin miqdarına görə Gürcüstanda inzibati məsuliyyət belə yaratmamasını düşünüb, bu az miqdarda narkotik vasitənin Azərbaycan Respublikasında da cinayət məsuliyyəti yaratmaması qənaətinə gəlmiş və bu xüsusda onun öz düşüncəsinə görə həmin qanunsuz əməli, yəni cinayəti törətmək motivi və məqsədi olmamışdır. Onun əvvəllər cinayət əməli törətməməsi də bu qənaəti daha da gücləndirir. Cinayət əməli törətdikdən sonra təqsirləndirilən şəxs Giorgidze Avtandılı ibtidai istintaq və məhkəmə istintaqı zamanı öz təqsirini boynuna alaraq, cinayət əməli törətməsindən peşman olduğunu bildirmiş, ibtidai istintaq zamanı və məhkəmə istintaqında etirafedici ifadələr verimş, işin araşdırılmasına heç bir formada maneçilik törətməmişdir. Göstərilənlər təqsirləndirilən şəxsin cinayət törədərkən və cinayət törətdikdən sonra cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan davranışına dəlalət etməklə, bu davranışı müstəsna hal kimi qiymətləndirməyə tam əsas verir. O da qeyd edilməlidir ki, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə sihayısına əsasən qurudulmuş marixuananın qanunsuz əldə edilməsi, saxlanması və daşınmasına görə cinayət məsuliyyətinin yaranması üçün həmin qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Həmin 5 qramdan aşağı miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, saxlanması və daşınması cinayət məsuliyyəti deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət yaradır və həmçinin İXM-nin 206-cı maddəsində inzibati həbslə yanaşı inzibati cərimə növündə inzibati tənbeh də nəzərdə tutulmuşdur. Belə olan halda ilk dəfə cinayət əməli törədən və şəxsi istehlak miqdarından aşağı miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar edilən şəxsin 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi törədilmiş hazırki cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə, ailəsinin həyat şəraitinə və sair qanunda göstərilən hallara, o cümlədən cəzanın fərdiliyi, humanizm və ədalət prinsiplərinə zidd olmaqla qeyri-humanist və qeyri-ədalətli cəza olardı. Bu xüsusda məhkəmə, Giorgidze Avtandılıya törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, ədalət və humanizm prinsipləri və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğu nəzərə alınmaqla, cəza təyin edərkən onu da bildirir ki, qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Həmçinin cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi cinayət məsuliyyətinin və cəzanın reallaşmasının xüsusi formasıdır. Belə ki, dövlət adından ittiham hökmü çıxarılmaqla şəxs cinayət əməli törədilməsində təqsirli bilinir və ona müstəsna hal kimi yüngül cəza təyin edilir. Bu, məhkəməyə cinayət məsuliyyətinin fərdiliyinin təmin olunması üçün əlavə imkan verir, daha humanist formada şəxsə cəmiyyətdən təcrid olunmadan islah olunması, cəzanı icra etmədən onun məqsədlərinə nail olunması üçün şərait yaradır. Məhkəmə nəzərə çatdırır ki, humanizm insanın şəxsiyyət kimi qiymətini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyinin tətbiqi belə vəzifənin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və hümanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsinin tətbiq edilməsi şəxsə qarşı humanizmin tətbiqinin göstəricisi olmaqla, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan bir amil kimi qəbul olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, Giorgidze Avtandılı haqqında Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə onun cərimə cəzasına məhkum edilməsi tamamilə qanunauyğun və ədalətlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Giorgidze Avtandılınin barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, təqsirləndirilən şəxs Giorgidze Avtandılı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji x14 Şəxs tərəfindən verilmiş 17.06.2020-ci il tarixli 1624 nömrəli təkrar Ambulator x3 rəyini daha mötəbər sübut edərək məhkəmə bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Giorgidze Avtandılının narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Giorgidze Avtandılıdan tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və ekspert tədqiqatından sonra Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsi İstintaq və x10 Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 0,76 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs x6 vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Giorgidze Avtandılının Gürcüstan vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Giorgidze Avtandılı barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməlidir. İş materiallarından həmçinin görünür ki, Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili x9 təqsirləndirilən şəxs Giorgidze Avtandılının hüquqlarının müdafiəsinə məhkəməyədək icraat zamanı 35 iş saatı, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi isə məhkəmə icraatı zaman 11 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Giorgidze Avtandılıya məhkəməyədək icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili x7 nəfinə 210 manat, məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» x11 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 66 manat köçürülməlidir. Məhkəmə, iş materiallarına istinad edib, tərcüməçinin hazırki iş üzrə bütün məhkəmə proseslərində iştirakını, onun gündəlik və nəqliyyat xərclərini, həmçinin ədalət və ağlabatanlıq prinsiplərini nəzərə alaraq, həmçinin hesab edir ki, hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi x5 çağırışa və gündəlik xərclərə görə 100 manat məbləğ ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdaftiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. İş üzrə mülki iddiavə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə onu da diqqətə çatdırır ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . x1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Giorgidze Avtandılı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 25 dekabr 2019-cu il tarixdən 08 iyul 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 06 (altı) ay 13 (on üç) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 300 (üç yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Giorgidze Avtandılı ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs Giorgidze Avtandılı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Giorgidze Avtandılı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Giorgidze Avtandılıdan tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabaköçürülsün. İş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsi İstintaq və x10 Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 0,76 qram narkotik vasitə qurudulmuş marixuna hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1 və 58.3-cü maddələri tətbiq olunmaqla təqsirləndirilən şəxs Giorgidze Avtandılı əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və məhkumluğu ödənilənədək və götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. "DAF” markalı, GT527TT/DD295T dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi Giorgidze Avtandılıya qaytarılsın. Hökmün icrası Balakən Rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Giorgidze Avtandılıya məhkəməyədək icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili x7 nəfinə 210 manat, məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» x11 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 66 manat köçürülsün. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi x5 100 (bir yüz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar