Məhkəmə qərarları › İş №1(019)-21/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-21/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-21/2024 28.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxx 1958-ci ildə Gürcüstanın Saqareco rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdə aralarında baş vermiş mübahisə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə saat 11 radələrində əlinə taxta parçası götürərək qonşusu Zərərçəkmiş şəxs1 həyətyanı sahəsinə daxil olaraq əvvəlcə Zərərçəkmiş şəxs1, daha sonra onun arvadı Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrinə taxta parçası ilə vurmuş, Zərərçəkmiş şəxs1 sol qulaq arxasında cərrahi tikişə ehtiyacı olan yara, sol budun bayır səthində yuxarı 1/3-də qançır ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya xarakterik, həmçinin Zərərçəkmiş şəxs2 sol gicgah nahiyyəsində şişkinlik, baş beyin silkələnməsi,sol bazunun,belin, sol dizinin qançırları ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya xarakterik xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri və bilavasitə tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 onun qonşularıdır. 20 dekabr 2023-cü il tarixdə Əli bir baş qoyununun itdiyini bildirərək qonşuların,o cümlədən onun həyətinə, damına baxmışdır.Həmin gün axşam saatlarında həyətyanı sahəsində olan vaxtı xoruzlarından 2 ədədinin dalaşdığı və döyülən xoruzun uçaraq qonşusu Şahin adlı şəxsin evinin həyətinə getdiyini görmüşdür. Həmin gün axşam saatları olduğu üçün xoruzu həyətə gətirmək üçün getməmişdir. Səhəri günü-xx.xx.2023-cü il tarixdə səhər saat 11 radələrində evinin arxa hissəsindən keçib ara yol ilə Şahinin evinin həyətinə xoruzu tutub gətirmək üçün getmişdir. Oraya getdikdə özü ilə xoruzu qovmaq üçün taxta parçası götürmüşdür. Şahinin həyətinə keçib xoruzu qovduqda xoruz Şahinin həyəti ilə qonşu olan Əlinin həyətyanı sahəsinə keçmişdir. Şahinin həyətindən Əlinin həyətinə keçdiyi vaxt, Əli Ruhangizi çagırıb, ona toxanı verib "Kazımı vur vur" demişdir. Ruhangiz toxanı ona vurmaq üçün fırlatdığı vaxt Ruhangizin əlindən tutub əlində olan taxta parçası ilə Ruhangizin müxtəlif bədən nahiyyələrinə bir neçə dəfə vurmuşdur.Həmin vaxt Ruhangiz yerə yıxılmışdır. Əli onun üstünə əlində balta ilə gələndə isə taxta parçası ilə onun başına vurmuş, həmçinin Əlini vurduqda taxta parçasının uc hissəsi onun qulağına dəymişdir. Bundan sonra öz evinə getmişdir. Hadisə baş verən zaman orada Əli, özü və Ruhangizdən başqa heç kim olmamışdır. Həmçinin ətrafa kənar şəxslər toplaşmamışdır. Əli və Ruhangizlə aralarında mübahisə xoruzun həyətyanı sahəyə keçməsi üstündə yaranmışdır.Əməlindən peşimandır, bir daha belə əməllərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 1 ilə yaxın müddətdir ki, Balakən rayonu Qazma kənd sakini Zərərçəkmiş şəxs1 ilə ailə həyatı quraraq onunla birlikdə Qazma kəndi ərazisində yaşayır.Təqsirləndirilən şəxs onların qonşusudur.Hal-hazırda ailə təsərrüfatında 22 baş qoyunları vardır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Əli qoyunları tövləyə saldıqda qoyunlardan 1 baş qoyunun sürüdən əskik olduğunu görmüş, Əli ilə birlikdə qoyunu axtardıqda qoyunun qonşusu Kazımın həyətində olduğunu müəyyən etmişlər.Əli Kazımın həyətinə gedib qoyunu götürmək istəsə də Kazım qoyunu ona verməmiş, Əlini nalayiq söyüşlərlə təhqir edib onu həyətindən qovmuşdur. Bir qədər keçdikdən sonra Kazım qoyunu buraxmış, Əli ilə birlikdə qoyunu sürüyə daxil edib tövləyə salmışlar. Əli həmin gün bir neçə nəfərə Kazımın ona qarşı etdikləri barədə kənd ərazisində söhbətlər etmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Əli ilə birlikdə meşəyə gedib oradan evə odun yığmaq üçün evdən çıxmış, evin qarşısında öz həyətyanı sahəsində olduğu vaxt Kazım əlində taxta parçası ilə oraya gəlib onu və Əlini nalayiq söyüşlərlə təhqir edib əlindəki taxta parçası ilə ilk öncə onun sol qoluna vurmuş, zərbənin gücündən yerə yıxıldıqda Kazım əlindəki taxta parçası ilə qoluna, ayağına, başına və müxtəlif bədən üzvlərinə bir neçə dəfə vurub onu döymüşdür. Əli Kazımı ondan uzaqlaşdırmaq üçün araya girdikdə Kazım əlindəki taxta parçası ilə onun başına, sol qulağına və bədəninə vurub onu döymüşdür.Bu vaxtı dərhal DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir.Hadisə baş verən zaman orada Əli, özü və Kazımdan başqa heç kim olmamış, həmçinin ətrafa kənar şəxslər toplaşmamışdır.O,Kazımdan şikayətçidir, ona ağır cəza verilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 1 ilə yaxın müddətdir ki, Zərərçəkmiş şəxs2 ilə evlənərək, onunla birlikdə Qazma kəndi ərazisində yaşayır.Təqsirləndirilən şəxs onun qonşusudur. Halhazırda ailə təsərrüfatında 22 baş qoyunları vardır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında qoyunları tövləyə saldıqda qoyunlardan 1 baş qoyunun sürüdən əskik olduğunu görmüş, qoyunu axtardıqda qoyunun qonşusu Kazımın həyətində olduğunu müəyyən etmişdir. Bu vaxt Kazımın həyətinə gedib qoyunu götürmək istəsə də Kazım qoyunu ona verməyib onu nalayiq söyüşlərlə təhqir edib həyətindən qovmuşdur.Bir qədər keçdikdən sonra Kazım qoyunu buraxmışdır.Qoyunu sürüyə daxil edib tövləyə salmış, həmin gün bir neçə nəfərə Kazımın ona qarşı etdikləri barədə kənd ərazisində söhbətlər etmişdir. xx.xx.2023- cü il tarixdə saat 11 radələrində Ruhangiz ilə birlikdə meşəyə gedib odun yığmaq üçün evdən çıxmış, evin qarşısında öz həyətyanı sahəsində olduğu vaxt Kazım əlində taxta parçası ilə oraya gəlib, onu və Ruhangizi nalayiq söyüşlərlə təhqir edib əlindəki taxta parçası ilə ilk öncə Ruhangizin sol qoluna vurmuşdur.Zərbənin gücündən Ruhangiz yerə yıxılmış, Kazım taxta parçası ilə Ruhangizi yerə yıxılmış formada qoluna, ayağına, başına və müxtəlif bədən üzvlərinə bir neçə dəfə vurub onu döymüşdür. Kazımı Ruhangizdən uzaqlaşdırmaq üçün araya girdikdə Kazım əlindəki taxta parçası ilə onun başına, sol qulağına və bədəninə vurub onu döymüşdür.Bu vaxtı Ruhangiz dərhal DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə baş verən zaman orada özü, Ruhangiz və Kazımdan başqa heç kimin olmamış, həmçinin ətrafa kənar şəxlsər toplaşmamışdır. O,Kazımdan şikayətçidir, ona ağır cəza verilməsini tələb edir. İşin 53-54-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 356 saylı tibbi müayinə rəyində göstərilmişdir ki,Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlər- sol qulaq arxasında cərrahi tikişə ehtiyacı olan yara, sol budun bayır səthində yuxarı 1/3-də qançırküt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2023-cü ildə əmələ gələ bilərdilər, dərəcəsinə görə, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər. İşin 55-57-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 357 saylı tibbi müayinə rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 müəyyən edilmiş xəsarətlər-sol gicgah nahiyyəsində şişkinlik, baş beyin silkələnməsi, sol bazunun, belinin, sol dizinin qançırlarıküt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə yəni,xx.xx.2023-cü ildə əmələ gələ bilərdilər, dərəcəsinə görə, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər. İşin 52-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 51-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-ın Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1433 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Qazma kəndində yaşayır, himayəsində arvadı, oğlu və qızı vardır. İşin 50-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə saat 11 radələrində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək, onlara sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya xarakterik xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxslərin həyətinə özünə məxsus xoruzu götürmək üçün getməsi, Zərərçəkmiş şəxs1 onu balta ilə vurmaq istəməsi barədə Təqsirləndirilən şəxs göstərdiyi xüsusatların işin faktiki hallarına uyğun olmamasını, əlinə taxta parçası götürməklə xoruz gətirməyə getməyin inandırıcı olmamasını,onun Zərərçəkmiş şəxs1 döymək üçün əlinə taxta parçası götürüb sonuncunun həyətinə getməsinin iş materialları ilə təsdiq olunmasını nəzərə alaraq, məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlilidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur.Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını,yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda cərimə, ictimai işlər və islah işləri cəzalarının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki,Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 9 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin,barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X3 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar