Məhkəmə qərarları › İş №1(019)-23/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-23/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-23/2025 15.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclаs kаtibi X2 оğlunun kаtibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, müdafiəçi Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirаklаrı ilə, xx xxxx 1991-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla həbs edilən günədək həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, eləcə də qanunsuz olaraq, odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 22,07 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 yanvar 2025-ci il tarixdə saat 14:42 radələrində Balakən rayon Qullar kəndi ərazisində yaşadığı evin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üzəri yoxlanılan zaman təmiz çəkisi 22,07 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana bir ədəd sellofan bükümdə olmaqla əynindəki qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 1 ədəd nömrəsi silinmiş 5.45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı AK-74 markalı yivli odlu avtomatik saz və atəşə yararlı vəziyyətdə döyüş silahını, 5.45x39 mm kalibrli olmaqla həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK-74M”, “AKS- 74”, “AKS-74U”) markalı avtomat silahlarda “RPK-74’’ (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı 15 ədəd patronu və 1 ədəd “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5.45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqçanı əldə edib, üzərində daşımaqla yaşadığı evdə saxlamış, 15 yanvar 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun öz könüllü razılığı və iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı həmin 1 ədəd nömrəsi silinmiş 5.45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı AK-74 markalı yivli odlu avtomatik döyüş silahı, döyüş sursatı hesab edilən 15 ədəd patron və 1 ədəd sandıqça yaşadığı evin həyətində olan tikinti materiallarının üzərinə qoyulmuş dəmir şiferin altındakı qara rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham aşağıdakı qaydada tam sübuta yetirilmişdir: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2024-cü ilin avqust ayında Balakən rayonu Qullar kəndi ərazisindən keçən Humbul çayının yaxınlığından zibil tullantıları yığılmış ərazidən bir ədəd sellofan torbada 1 ədəd döyüş silahı, 15 ədəd patron və 1 ədəd sandıqça, həmçinin həmin sellofan torbanın içərisindən bir ədəd sellofan bükümdə narkotik vasitə tapıb yaşadığı evə gətirib evin həyətində olan tikinti materiallarının üzərinə qoyulmuş dəmir şiferin altında gizlədib saxlamışdır. Bu barədə heç kimə bir söz deməmişdir. Hətta ailə üzvlərinin də bundan xəbəri olmamışdır. Bir neçə dəfə tapdığı döyüş silahını, patronları və sandıqçanı polisə təhvil vermək istəmişdir. Lakin həbs edilməkdən qorxduğu üçün təhvil verməmişdir. Narkotik vasitəni isə gələcəkdə çəkib istifadə etmək fikri olmuşdur. Lakin narkotik vasitədən çəkib istifadə etməmişdir. 15 yanvar 2025-ci il tarixdə tikinti materiallarının üzərinə qoyulmuş dəmir şiferin altında gizlədib saxladığı narkotik vasitə marixuananı üzərinə götürüb fürsət olduqda istifadə etmək məqsədi ilə evdən yola çıxmışdır. Daha sonra 15 yanvar 2025-ci il tarixdə təxminən saat 14:42 radələrində Balakən rayon Qullar kəndində yaşadığı evin qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda, həmçinin yaşadığı evdə silah sursat saxlamaqda şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar və varsa təqdim etməsini təklif etmişlər. Həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra o, əynində olan qış gödəkçəsinin cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitəni təqdim etmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmiş, polis əməkdaşı tərəfindən zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra onun öz könüllü razılığı və iştirakı ilə yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin həyətində olan tikinti materiallarının üzərinə qoyulmuş dəmir şiferin altındakı qara rəngli sellofan torbanın içərisində gizlədib saxladığı 1 ədəd “Kalaşnikov” konstruksiyalı döyüş silahını, 15 ədəd patronu və 1 ədəd sandıqçanı təqdim etmişdir. Daha sonra polis şöbəsinə gəlmişlər. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni və silah-sursatı tapdığı yeri dəqiq göstərə bilməz. Çünki həmin yer dəqiq yadında qalmayıb. Onu narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli kimi saxlayan polis əməkdaşlarını əvvəldən tanımamışdır. Həmin polis əməkdaşları ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Balakən RPŞ-də, saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. Saxladığı silah-sursatdan atəş açmamış və ya istifadə etməmişdir. Əməlindən çox peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 15 yanvar 2025-ci il tarixdə Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması, həmçinin yaşadığı evdə qanunsuz olaraq odlu silah və sursat saxlaması barədə Balakən RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı Balakən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edilmiş və rəhbərliyin qanuni göstərişinə əsasən Təqsirləndirilən şəxs yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 15 yanvar 2025-ci il tarixdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Muradov X1 rayon Qullar kəndi ərazisində yaşadığı evin qarşısında saxlanılmış, ona özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda və daşımaqda, həmçinin yaşadığı evində silah sursat saxlamaqda şübhəli olduğu bildirilmişdir. Daha daha sonra ona hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, həmçinin qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan büküm təqdim etmiş və içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa hər hansı qanunla qadağan edilmiş əşya və narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin yaşadığı evində qanunsuz olaraq silah və sursat saxladığını, həmin silah və sursatı təqdim edəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun Balakən rayon Qullar kəndində yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tikinti materiallarının üzərinə qoyulmuş dəmir şiferin altındakı qara rəngli sellofan torbanın içərisində gizlədib saxladığı 1 ədəd “Kalaşnikov” konstruksiyalı döyüş silahını, 15 ədəd patronu və 1 ədəd sandıqçanı təqdim etmişdir. Daha sonra həmin əşyalar qablaşdırılmış, möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni və yaşadığı evin həyətindən aşkar edilmiş döyüş silahını, patronları və sandıqçanı Humbul çayının kənarından tapdığını, narkotik vasitə marixuanaya oxşar bitki kütləsini şəxsi istifadəsi üçün üzərində saxladığını, döyüş silahını, patronları və sandıqçanı tapdıqdan sonra yaşadığı evinə apararaq həyətində olan köhnə tikinti materiallarının üzərinə qoyulmuş dəmir şiferin altında gizlətdiyini, həmin silahı qorxduğu üçün polisə təqdim etmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış prosesi markalı videkamera ilə qeydə alınmış, video görüntünün əks olunduğu 01 ədəd disk əlavə olunmuşdur. Daha sonra həmin material və maddi sübutlar təhqiqatçıya təhvil verilmiş və təhqiqatçı tərəfindən maddi sübuta və diskə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 iştirakı mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş, onun ifadəsi Şahid2 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu olmuşdur. Cinayət işinin 8-11-ci vərəqələrində olan 15 yanvar 2025-ci il tarixdə Balakən RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən tərtib olunmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 15 yanvar 2025-ci il tarixdə saat 14:42 radələrində Balakən Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasında, həmçinin yaşadığı evində qanunsuz olaraq odlu silah və sursat saxlamaqda şübhəli bilinən Muradov X1 rayonu, Qullar kəndi ərazisində, yaşadığı evin qarşısında küçədə saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Balakən rayonu Qullar kəndi ərazisindəki yaşadığı evin qarşısında üstü yoxlanmasına başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri, həmçinin evində qanunsuz olaraq odlu silah və sursat saxlayıb saxlamadığı əgər saxlayırsa, onları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, bundan başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun üzərindən qanunla qadağan olunmuş əlavə hər hansı bir başqa əşya və ya predment aşkar olunmamışdır. Aşkar olunmuş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 24.51 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmçinin yaşadığı evin həyətində qanunsuz olaraq odlu silah və sursatını saxladığını, onları tədqim edəcəyini, buna etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı, Balakən rayon Qullar kəndində yerləşən evinə baxış keçirilən zaman, evin həyətində olan köhnə tikinti materiallarının üzərinə qoyulmuş dəmir şiferin altından qara rəngli sellofan torbada 1 ədəd nömrəsi və istehsal ili silinmiş “Kalaşnikov” markalı avtomat, 1 ədəd avtomat darağı və 15 ədəd 5.45 mm kalibrli avtomat patronları aşkar edilərək qablaşdırılmış, möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş 1 ədəd selofan bükümdə olan narkotik vasitə marixuanaya bənzər kütləni, evinin həyətindən aşkar edilmiş 1 ədəd nömrəsi və istehsal ili silinmiş “Kalaşnikov" markalı avtomatı, 1 ədəd avtomat darağını və 15 ədəd 5.45 mm kalibrli avtomat patronlarını 2024cü ilin yay aylarında Balakən rayonu ərazisində yerləşən “Humbul” çayın kənarından tapdığını, narkotik vasitə marixuanaya bənzər kütləni şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin kütlədən istifadə etmədiyini, narkotik vasitəni kiməsə satmaq və ya vermək niyyətinin olmadığını, üzərində və başqa yerdə əlavə olaraq narkotik vasitə saxlamadığını, 1 ədəd nömrəsi və istehsal ili silinmiş “Kalaşnikov” markalı avtomatı, 1 ədəd avtomat darağını və 15 ədəd 5.45 mm kalibrli avtomat patronlarını isə tapdıqdan sonra evinə apararaq həyətində olan köhnə tikinti materiallarının üzərinə qoyulmuş dəmir şiferin altında gizlətdiyini, həmin silahı qorxduğu üçün polisə təqdim etmədiyini bildirmişdir. Üstünü yoxlama və evə baxış Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Qullar kəndində yerləşən evinin qarşısındakı küçədə və həmin ünvanda yerləşən evinin həyətində keçirilmişdir. Üstünü yoxlama və baxış zamanı Panasonic HD markalı kamera ilə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Cinayət işinin 16-18-ci vərəqələrində olan 15 yanvar 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə, 1 (bir) ədəd ağ rəngli sintetik kisəyə və 1 (bir) ədəd DVD-yə baxış keçirildi. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuana bənzər kütlə”, yazılı zərfdən 1 (bir) ədəd sellofan bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmçinin “Təqsirləndirilən şəxs yaşadığı evində aşkar edilmiş silah və sursat” yazılı sintetik kisədən 1 (bir) ədəd nömrəsi və istehsal ili silinmiş “Kalaşnikov” markalı avtomat, 1 ədəd “Kalaşnikov” markalı avtomatın sandıqçası və 15 ədəd 5.45 mm kalibrli avtomat patronları aşkar olunmuşdur. 1 ədəd DVD-yə baxış keçirilmiş, görüntüdə təhqiqata təqdim edilmiş kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi öz əksini tapmışdır. Cinayət işinin 27-ci vərəqəsində olan 15 yanvar 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 15 yanvar 2025-ci ildə saat 14:42 dəqiqədən tutulmuş hesab edilir. Cinayət işinin 43-45-ci vərəqələrində olan məhkəmə-bioloji ekspertizasının 16 yanvar 2025-ci il tarixli 17/41 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 22,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin 47-50-ci vərəqələrində olan məhkəmə ballistik ekspertizasının 16 yanvar 2025-ci il tarixli 17/42 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah zavod üsulu ilə hazırlanmış, nömrəsi silinmiş, 5,45 mm kalibirli «Kalaşnikov» konstruksiyalı, AK-74 markalı yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir. MEMin Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “Həmin silah atəşə yararlıdırmı." sualını cavablandırmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 15 (on beş) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK- 74M”, “AKS-74”, “AKS-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdırlar, istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Kalaşnikov" konstruksiyalı silahların həmçinin tədqiqata təqdim edilmiş avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. Cinayət işinin 94-96-cı vərəqələrində olan Balakən Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 4(019)-2/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 100-101-ci vərəqələrində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 117-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-11/2-2332/2025 nömrəli məktubdan görünür ki, 01 ədəd 5.45 mm kalibrli, nömrəsi silinmiş, Kalaşnikov konstruksiyakı, AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin 118-125-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 25/187 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş 5.45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 15 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdır və atəş üçün yararlıdır. Cinayət işinin 126-cı vərəqələrində olan Məhkəmə narkoloji ekspertizasının 25 fevral 2025-ci il tarixli 289 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 142-149-cu vərəqələrində olan 05 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 22,07 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,02 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 22,05 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd nömrəsi və istehsal ili silinmiş 5.45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı AK-74 markalı döyüş silahı, 12 ədəd patronlar və 1 ədəd sandıqça öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanması nəzərə alınmışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıda qurudulmuş marixuana üçün xeyli miqdar 05 qramdan 500 qramadək müəyyən edilmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır, döyüş sursatı — müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli Qərarının 4-cü bəndində qeyd olunur ki, odlu silahın komplekt hissələri dedikdə, onun funksional təyinatını müəyyən edən hissələr-odlu silahın lüləsi, zərbə, buraxılış (tətik), bağlayıcı mexanizmi, baraban (güllə yuvacığı), eləcə də kompleks halında silahdan təyinatı üzrə istifadə etməyə—atəş açmağa imkan verən digər detalları başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolları, Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş ekspert rəyini, məhkəmə-bioloji ekspertizasının rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 228.1 və 234.1-ci maddələrinin tərkibinin olması, onun cinayətlərin törədilməsində aidiyyəti və cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olmasa da məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməklə səmimi peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, o ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını bildirməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 228.1 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli tutulduğu 15 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 66.57 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 22.05 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Kalaşnikov konstruksiyalı AK-74 markalı odlu silah, 12 ədəd patron və 01 ədəd sandıqça hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut olan 3 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 60 manat ona ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 350,351- 353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 66.57 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 22.05 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam məhv edilsin. Maddi sübut kimi tanınmış 01 ədəd “Kalaşnikov” konstruksiyalı AK-74 markalı odlu silah, 12 ədəd patron və 01 ədəd sandıqça hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin. 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar