Məhkəmə qərarları › İş №1(019)-24/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-24/2022

14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-24/2022 14.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmayan,ünvan 1 ünvanda yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə ümumi təmiz çəkisi 5,596 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Balakən rayonu Qazma kəndi ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarılqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10-da Balakən rayonu Qazma kəndi ərazisində saxlanılmaqla Balakən Rayon Polis Şöbəsinə (bundan sonra Balakən RPŞ) gətirilmiş və orada saat 17:50-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli cins şalvarın ön sol yan cibindən iki ədəd bükümdə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən, ayrı-ayrılıqda çəkiləri 2,475 qram və 3,121 qram olmaqla ümumi təmiz çəkisi 5,596 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, tutulmamışdan əvvəl hər hansı bir yerdə işləməmiş, hər hansı bir xəstəlikdən əzab çəkməmişdir və ruhi-əsəb dispanserində qeydiyyatda deyildir. Narkotik vasitə heroindən tutulmamışdan 3-4 ay əvvəl istifadə etməyə başlamış, əvvəllər məhkum olunmamışdır. 30 iyul 2021-ci il tarixdə yaşadığı Balakən şəhəri, Yusif Məmmədəliyev küçəsi ərazisindən piyada keçən zaman yerdə iki ədəd büküm olduğunu görmüş, nəzərini cəlb etdyindən həmin bükümün içərisində nə olduğunu bilmək üçün onu yerdən götürmüş, bükümün içərisinə baxdıqda içərisindəki maddələrin heroin olduğunu bilib cibinə qoymuşdur. Narkotik vasitələrdən istifadə etdiyindən onları tanımışdır. Belə ki, həmin bükümləri özündə saxlamaqda məqsədi daha sonra onları istifadə etmək olmuşdur. 30 iyul 2021-ci il tarixdə saat 17 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Balakən rayonu Qazma kəndi ərazisində olan zaman əvvəllər tanımadığı mülki geyimdə olan bir neçə şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, ondan özünü təqdim etməyini və anket məlumatı barədə məlumat verməyini tələb etdikdə, öz anket məlumatlarını demişdir. Bundan sonra polis əməkdaşları ona külli miqdarda narkotik vasitələrin və psixtorop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Balakən RPŞ-yə dəvət etmiş, polis əməkdaşlarına etiraz etməyib, onlarla birlikdə şöbəyə getmişdir. Həmin gün tapdığı heroin üzərində olmuş, polis şöbəsinə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, vəkillə söhbət edib ona etirazı olmadığını dedikdən sonra barəsində tutma haqqında qərar qəbul olunmuş, bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmış, ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa, təqdim etsin. İlk öncə masaya doğru yaxınlaşıb, əynində olan qara rəngli cins materiallı şalvarın sol yan cibindən iki ədəd bükümü, şalvarının ön sağ yan cibindən bir ədəd mobil telefonunu və pul vəsaitini masanın üzərinə qoymaqla təqdim etmiş, bundan sonra ona şalvarının ciblərini tam olaraq göstərmək, ayaqqabılarını çıxarmaq təklif edilmişdir. Deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, mobil telefona baxış zamanı telefonun özünə məxsus olmaqla «İphone» modelli olduğunu bildirmiş, mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmış, pul vəsaiti sayıldıqda 14 manat olduğu müəyyən edilmiş və əhəmiyyət kəsb etmədyindən onun özünə qaytarılmışdır. Təqdim etdiyi büküm barədə sual olunduqda bükümün içində narkotik vasitə heroin olduğunu bildirmiş, büküm açıldıqda içində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Həmin heroini həmin gün yaşadığı ərazidə yerdən tapdığını və üzərində gəzdirdiyini söyləmişdir. Üzərindən aşkar edilmiş maddələr ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmiş, daha sonra videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra digər iştirakçılarla birlikdə protokola imza etmişlər. Himayəsində bir azyaşlı uşaq vardır. İlk dəfədir ki, cinayət əməli törədir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal Qruplaşmalara Qarşı Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. xx.xx.1994-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən raporta rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq 30 iyul 2021-ci il tarixdə işlədiyi idarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ilə birlikdə Balakən rayonu ərazisinə getmiş və saat 17:10-da Balakən rayonu Qazma kəndi ərazisində Təqsirləndirilən şəxs saxlamış, özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmiş və barəsində qəbul edilmiş qərarla tanış etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət etmiş, o da etiraz etmədən onlarla polis şöbəsinə gəlmişdir. Şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Yusif Yusifov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən də istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa, təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb, əynində olan qara rəngli cins materiallı şalvarın ön sağ yan cibindən 01 ədəd mobil telefonu, şalvarının ön sol yan cibindən 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş halda maddələri və pul vəsaitini masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif təklif edilmiş, Kamran da deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, təqdim olunan mobil telefona baxış keçirilmiş və Təqsirləndirilən şəxs telefonun onun özünə məxsus olmaqla «İphone X» modelli olduğunu bildirmiş, mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmış, pul vəsaiti sayıldıqda 14 manat olduğu müəyyən edilmiş və əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər barədə sual olunduqda, o, bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmiş, təqdim olunan 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş halda maddələrə baxış keçirilmiş və içində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərdə olan narkotik vasitə olan heroinə bənzər maddələri 30 iyul 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında tapıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddələr müvafiq ekspertizaya təqdim edilməsi üçün özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra şəxsi axtarış və götürmənin keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarılqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. İşdə olan 30 iyul 2021-ci il tarixli əməliyyat-axatırş tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Balakən şəhəri, Yusif Məmmədəliyev küçəsi ev 15 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ətrafında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 30 iyul 2021-ci il tarixli, Ə178-007-21 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs üzərində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları-qrupun rəhbəri X9, qrupun üzvləri Şahid3 oğlou, X7 və X2 ibarət əməliyyat qrupu yaradılmışdır. İşdə olan 30 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 30 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 30 iyul 2021-ci il tarixdə saat 18.10-dan saat 18.30-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən həmin idarənin əməkdaşlarının, müdafiəçinin və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının ön sol yan cibindən 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş halda maddələri təqdim etmiş və həmin bükümlərdə narkotik maddə olan heroinə bənzər maddələr aşkar edilmişdir. Şəxsi axtarış videokamera vasitəsilə qeydə alınmış görüntülərin olduğu disk protokola əlavə olunmuşdur. Daha sonra protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 31.07.2021-ci il tarixli, 6/3200 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №6» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs üzərindən…» sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində iki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,475 qram,3,121 qram, ümumi təmiz çəkisi 5,596 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kiməyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Heroinin ümumi təmiz çəkisi -5,596 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-5,496 qram. Ekspertiza tədqiqatının dəyəri 65,0 manat təşkil edir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.08.2021-ci il tarixli, 4 (005)- 744/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan 01 avqust 2021-ci il tarixli maddi sübut hesab etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 5,596 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 5,496 qramı maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. İş materiallarından həmçinin görünür ki, 18.05.2018-ci il tarixdə doğulmuş X11 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İşdə olan Balakən Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə, ondan aşkar olunmuş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilmsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal Qruplaşmalara Dair Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 30 iyul 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnamə üzrə verdiyi 18.09.2021-ci il tarixli, 2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.11.2021-ci il tarixli, 4 (005)- 1243/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay, yəni 30 yanvar 2021-ci il tarixədək uzadılmışdır. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 22.11.2021-ci tarixli, 4597 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı arabir düşəndə narkotik vasitə heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edib. Öz psixi vəziyyətinə tənqidi münasibəti vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə talaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədr narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqinin 15 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5,596 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 5,496 qramının maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “İphone” markalı mobil telefonun qardaşı Fərid Hacıyevə verilməsi nəzərə alınmışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, məhkəmə fizki-kimyəvi ekspertizasının 31 iyul 2021-ci il tarixli, 6/3200 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 22.11.2021-ci il tarixli, 4597 nömrəli rəyini, 30 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokolu, həmin prosessual hərəkətin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diskini, maddi sübutu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 18.09.2021-ci il tarixli, 2 saylı arayışı, 15 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərarı, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Yenə də həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarına görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunla təsdiq olunmuş İ saylı siyahıda bu miqdar narkotik vasitə heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-591.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə göstərilən qanun normalarının tələbinə əsasən himayəsində bir azyaşlı uşağın olmasını və ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir azyaşlı uşağın olması və ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşıyıb saxladığı narkotik vasitə heroinin miqdarının qanunla bu narkotik vasitə üçün müəyyən olunmuş külli miqdardan bir neçə dəfə artıq olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir:158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 22.11.2021-ci il tarixli, 4597 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasının, onun öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədr narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığının və ərazi narkoloji kabinetində qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X5 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 5,596 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 5,496 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “İphone” markalı mobil telefonun qardaşı Fərid Hacıyevə verilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “İphone” markalı mobil telefonun qardaşı Fərid Hacıyevə verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X5 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 5,596 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 5,496 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın; Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “İphone” markalı mobil telefonun qardaşı Fərid Hacıyevə verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar