Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-24/2024 12.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, tərcüməçi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - 12 sentyabr 1980-cı il tarixdə Türkiyə Respublikası, Qaziantep şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, Qaziantep şəhəri, Üçoklar məhəlləsi, 38 saylı küçə, ev 6 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixədək olan müddət ərzində Gürcüstanda istintaqa məlum olmayan şəraitdə və mənbədən 1 gümüşü falqa bükülüdə əldə etdiyi 0,098 qram psixotrop maddə metamfetamini əyninə geyindiyi gödəkçənin çöl sağ yan cibində yerləşdirib, idarə etdiyi Mercedes-Benz markalı 27AİZ649/27AJZ817 dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Gürcüstan və Azərbaycan Respublikası ərazilərindən tranzit keçməklə Türkiyə Respublikasından Rusiya Federasiyasına avadanlıq yükü apararkən 10 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən “Mazımqara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və gömrük nəzarəti zamanı ifşa olunacağını başa düşərək içərisində metamfetamin psixotrop maddəsi olan bükülünü əlində iki yerə bölərək idarə etdiyi yük avtomaşınının sağ qapısının pəncərəsindən postun ərazisinə tullamış, hadisəni müşahidə edən gömrük əməkdaşları tərəfindən bükülülərə keçirilmiş baxış zamanı 1 bükülüdə 0,045 qram, digər bükülüdə 0,053 qram olmaqla həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs sözügedən cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5 ildir ki, sürücü işləyir və dolanışığını yük nəqliyyat vasitələri ilə xarici ölkələrə müxtəlif təyinatlı yüklər daşımaqla təmin edir. xx.xx.2023-cü il tarixdə işlədiyi şirkətdən zəng edərək Gürcüstanda yüklü vəziyyətdə yük maşını olduğunu, həmin maşına avandanlıq yükü yükləndiyini, sürücünün sürücülük vəsiqəsinin vaxtı bitdiyindən sözügedən yükü Rusiya Federasiyasına onun aparmalı olduğunu bildirmişlər. O, şirkətlə razılaşıb quru yolla Türkiyədən Gürcüstana gələrək xx.xx.2023-cü il tarixdə Gürcüstan-Azərbaycan sərhəddinə çatmışdır. Gürcüstan tərəfdə gömrük postunun yaxınlığında olan terminaldan həmin yük nəqliyyat vasitəsini götürmüş və Azərbaycan Respublikasına keçmək üçün növbəyə durmuşdur. Növbədə gözləyərkən, özündən əvvəlki və sonrakı yük maşını sürücüləri ilə yığışıb söhbət etmişlər. Bu zaman onun yuxusu gəldiyindən əvvəllər tanımadığı, milliyyətcə türk olan Ahmet adlı şəxs üzərində yuxu qaçıran və yüksək əhval yaradan bir dərman olduğunu bildirərək 1 ədəd falqa bükülüdə həmin dərmanı ona təklif etmişdir. O, etiraz etməyərək Ahmetdən həmin bükümü götürərək açıb içərisinə baxdıqda ağ rəngli, kristal formasında maddə olduğunu görmüşdür. Həmin maddənin çox az bir hissəsini götürüb “Coco Cola” içkisinə qataraq içmiş və həqiqətən də həmin sürücünün dediyi kimi yuxusu qaçmışdır. Bundan sonra həmin falqanı bükərək əynindəki gödəkçənin çöl tərəfdən yan sağ cibinə qoymuşdur. O, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Gürcüstan tərəfdə gömrük postunu keçdikdən sonra, təxminən 19:00 radələrində Azərbaycan Respublikası tərəfdə Mazımqara gömrük postuna daxil olmuş, bir qədər növbədə gözlədikdən sonra növbə ona çatmış və nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Gömrük nəzarəti xəttində gömrük əməkdaşları tərəfindən idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmaması,o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin olub-olmaması barədə soruşmuşlar və əgər varsa həmin predmetləri təqdim etməyini təklif etmişlər. O həm idarə etdiyi yük nəqliyyat vasitəsində, həm də, üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını, idarə etdiyi yük nəqliyyat vasitəsində avadanlıq yükü olduğunu bildirmişdir. Bundan sonra, gömrük əməkdaşı ilk növbədə idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Bu zaman Gürcüstan tərəfdə növbədə gözləyən zaman yük maşını sürücüsünün ona verdiyi gödəkçənin çöl sağ yan cibində olan falqa yadına düşmüş və həyəcanlı olduğundan o həmin falqanı əlində 2 hissəyə bölərək maşının sağ qapısının pəncərəsindən çölə atmışdır. Lakin, onun bu hərəkətini gömrük əməkdaşı görmüşdür. Bundan sonra gömrük əməkdaşı maşından aşağı düşərək hal şahidləri dəvət edərək həmin 2 ədəd falqa bükülülərini yerdən götürmüş və açaraq içərisinə baxış keçirmişdir. Baxış keçirən zaman gömrük əməkdaşı falqa bükülülərinin içərisində ağ rəngli və kristal formada maddə olduğunu görmüşdür. Gömrük əməkdaşı həmin bükülülərdəki maddənin psixotrop maddə olan metamfetaminə oxşadığını bildirmiş və həmin maddəni elektron tərəzidə çəkmişdir. Tərəzidə çəkən zaman içərisində ağ rəngli və kristal formada maddə olan 2 ədəd falqa bükülüsünün ümumilikdə təqribi çəkisinin 0,5 qram olduğu məlum olmuşdur. Daha sonra gömrük əməkdaşı üzərində şəxsi yoxlama aparılacağı barədə ona məlumat verərək hal şahidlərinin iştirakı ilə üzərini yoxlamışdır. Şəxsi yoxlama zamanı gömrük əməkdaşı tərəfindən üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Gömrük əməkdaşı tərəfindən götürülmüş 2 ədəd falqada metamfetamin psixotrop maddəsi onun və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və gömrük əməkdaşı tərəfindən bu barədə müvafiq protokollar tərtib edilmiş, həmin protokollar tərcüməçi tərəfindən ona oxunmuş və protokollar doğru tərtib edildiyi üçün imzalamışdır. O, gömrük nəzarəti zamanı aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsini yuxu qaçıran və yüksək əhval yaradan bir dərman hesab etmiş,psixotrop maddə olduğunu bilməmişdir. Yoxlama zamanı həyəcanlı olduğundan həmin maddəni cibindən çıxarıb atmışdır. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir.Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Azərterminalkompleks” Birliyi Maliyyəiqtisad şöbəsinin Balakən Gömrük İdarəsinin Mazımqara gömrük postuna təhkim edilmiş inspektoru Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il tarixdən gömrük orqanlarında xidmət edir və hazırda “Azərterminalkompleks” Birliyinin Maliyyə-iqtisad şöbəsinin Balakən Gömrük İdarəsinin Mazımqara gömrük postuna təhkim edilmiş inspektoru vəzifəsində xidmətini davam etdirir. xx.xx.2023-cü il tarixdə iş bölgüsünə əsasən Balakən Gömrük İdarəsində Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün vəzifə borcunu yerinə yetirərkən saat 19 radələrində Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes- Benz” markalı, 27AİZ649/27AJZ817 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Balakən Gömrük İdarəsinin Mazımqara gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zamanı o, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin, yəni, narkotik vasitə, psixotrop maddə, silah-sursat, dərman preparatları, qızıl-zinət və digər predmetlərin olub olmadığı barədə sual vermiş, Təqsirləndirilən şəxs isə üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş heç bir predmetin olmadığını bildirmişdir. O, iki nəfər hal şahidi dəvət edərək hüquq və vəzifələrini izah edib, məsuliyyət barədə xəbərdarlıq etdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, 27AİZ649/27AJZ817 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Nəqliyyat vasitəsinin kabinasını yoxlayan zaman Təqsirləndirilən şəxs gödəkçənin çöl tərəfdə sağ yan cibindən hansısa predmeti çıxardıb nəqliyyat vasitəsinin sağ qapısının pəncərəsindən çölə atdığını görmüşdür. Dərhal nəqliyyat vasitəsindən aşağı düşərək sürücü Təqsirləndirilən şəxs yerə atdığı predmetləri götürmüş və baxış keçirmişdir. Həmin predmetlərin 2 ədəd falqa bükülüsündə olduğunu görmüşdür. Həmin falqa bükülülərini açaraq içərisinə baxmış və içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli və kristal formada maddə olduğu məlum olmüşdur. Həmin falqa bükülülərini elektron tərəzidə çəkmiş və ümumilikdə təqribi çəkilərinin 0,5 qram olduğunu müəyyən etmişdir. Həmin falqa bükülüləri Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə götürülərək qablaşdırılmışdır. Bununla bağlı tərəfindən müvafiq protokol tərtib edilmiş və tərtib olunmuş protokolla bütün iştirakçılar tanış olduqdan sonra imzalamışlar. Bundan sonra zərurət yarandığından hal şahidlərinin iştrakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmışdır. O, şəxsi yoxlamaya başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməyini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərindəki şəxsi əşyalarını, yəni 1 ədəd “Xiaomi 11T pro” markalı mobil telefonu və telefonun kabrosunun içərisində olan 1 ədəd sim kartı, 1 ədəd flaş diski, 2380 ABŞ dolları, 3645 Türk lirası, 85 Azərbaycan manatı, 1550 Rus rublu, 170 Gürcü larisi və metal pul formasında 1 Türk lirası, 6 Gürcü larisi, 1 manat 40 qəpik Azərbaycan manatı məbləğində pul vəsaitlərini gömrük nəzarətinə təqdim etmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən gömrük orqanından gizlədilmiş və ya bəyan olunmayan, həmçinin qanunla qadağan edilmiş heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. O, Təqsirləndirilən şəxs üzərində apardığı şəxsi yoxlama ilə bağlı protokol tərtib etmiş, şəxsi yoxlamadan əvvəl təqdim etdiyi yuxarıda sadalanan şəxsi əşyalarını da həmin protokol əsasında götürmüş və tərtib olunmuş protokolla bütün iştirakçılar tanış olduqdan sonra imzalamışlar. O, həmçinin göstərdi ki, onun tərəfindən avtomaşının kabinəsinə baxış keçirilərkən hal şahidlərinin iştirak etməmələri,sonradan dəvət olunmaları barədə Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Hal şahidləri onun tərəfindən gömrük yoxlaması keçirilməmişdən əvvəl dəvət olunmuşdur.Gömrük yoxlaması onların iştirakı ilə keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, daimi işi olmadığı üçün müvəqqəti olaraq “Mazımqara” gömrük postunun çıxışında dayanaraq oradan keçən şəxslərin əl yüklərini müəyyən haqq müqabilində daşıyaraq ailəsinin dolanışığını təmin etmişdir. xx.xx.2023-cü tarixdə, saat 19 radələrində Mazımqara gömrük postunun qarşısında fəhləlik edərkən bir nəfər gömrük əməkdaşı ona və orada fəhləlik edən Şahid3 yaxınlaşıb özünü təqdim edərək Gürcüstandan Azərbaycan Respublikasına gələn bir yük nəqliyyat vasitəsinə keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Onlar gömrük əməkdaşına etiraz etməyərək, yoxlamada iştirak etmək məqsədilə onunla birlikdə posta daxil olaraq yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə getmişlər. Burada gömrük əməkdaşı adını sonradan öyrəndikləri Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “MERCEDES-BENZ” markalı, 27AİZ649/27AJZ817 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yoxlanmasında onların hal şahidi kimi iştirak edəcəkləri barədə məlumat verdikdən sonra ona və digər hal şahidinə hüquq və vəzifələrini izah edərək məsuliyyət barədə xəbərdarlıq etmişdi. Bundan sonra gömrük əməkdaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin yəni, narkotik vasitə, psixotrop maddə, silah-sursat, dərman preparatları, qızıl-zinət və digər predmetlərin olub olmadığı barədə sual vermiş, Təqsirləndirilən şəxs isə üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş heç bir predmetin olmadığını bildirmişdir. Əvvəlcə sürücü, daha sonra gömrük əməkdaşı kabinaya qalxmışlar. Onlar isə aşağıdan yoxlamaya baxmışlar. Gömrük əməkdaşı avtomobilin kabinasını yoxlayarkən nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs əynindəki gödəkçənin çöl tərəfdən yan-sağ cibindən hansısa predmeti çıxardıb nəqliyyat vasitəsinin sağ qapısının pəncərəsindən çölə atmışdır. Nəqliyyat vasitəsinə gömrük yoxlamasını həyata keçirən gömrük əməkdaşı tərəfindən həmin falqa bükülüləri yerdən götürülmüş və içərisinə baxış keçirilmişdir. Gömrük əməkdaşı həmin falqa bükülülərinin içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli, kristal formada maddə olduğunu bildirmişdir. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli, kristal formada maddə olan 2 ədəd falqa bükülüsü elektron tərəzidə çəkilmiş və 2 ədəd falqa bükülüsünün ümumilikdə təqribi çəkisinin 0,5 qram olduğunu görmüşlər. Həmin falqa bükülüləri Təqsirləndirilən şəxs və onların iştirakı ilə gömrük əməkdaşı tərəfindən götürülərək qablaşdırılmış və bu barədə gömrük əməkdaşı tərəfindən müvafiq protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi Şamil və o həmin protokolla tanış olduqdan sonra imzalamışlar. Nəqliyyat vasitəsinə tətbiq edilmiş yoxlamadan sonra gömrük əməkdaşı tərəfindən onların iştrakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlamaya başlamazdan əvvəl gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçiriləcəyi bildirilmiş və üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan olunmalı, həmçinin qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirərək, üzərindəki şəxsi əşyalarını çıxarıb gömrük nəzarətinə təqdim etmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi şəxsi əşyalar protokol əsasında götürülmüş və bütün iştirakçılar kimi Şamil və o həmin protokolla tanış olduqdan sonra imzalamışlar. O, həmçinin göstərdi ki, gömrük əməkdaşı tərəfindən avtomaşının kabinəsini baxış keçirilərkən onların iştirak etməmələri,sonradan dəvət olunmaları barədə Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Onlar gömrük əməkdaşı tərəfindən əvvəlcədən hal şahidi qismində dəvət olunmuşlar, gömrük yoxlaması onların iştirakı ilə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs çox həyəcanlı vəziyyətdə olmuşdur, ola bilər bu səbəbdən onlara diqqət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər Şahid3 Şahid2 ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. O, da həmçinin göstərdi ki, gömrük əməkdaşı tərəfindən avtomaşının kabinəsini baxış keçirilərkən onların iştirak etməmələri, sonradan dəvət olunmaları barədə Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Onlar gömrük əməkdaşı tərəfindən əvvəlcədən hal şahidi qismində dəvət olunmuşlar, gömrük yoxlaması onların iştirakı ilə keçirilmişdir. İşin 8-9-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, idarə etdiyi “Mercedes-Benz” markalı 27AİZ649/27AJZ817 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Gürcüstan və Azərbaycan Respublikası ərazilərindən tranzit keçməklə Türkiyə Respublikasından Rusiya Federasiyasına avadanlıq yükü aparan Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Balakən Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən “Mazımqara” gömrük postunda gömrük nəzarətindən keçərkən əynindəki gödəkçənin çöl sağ yan cibində gömrük orqanına bəyan etmədiyi içərisində metamfetamin psixotrop maddəsi olan bükülünü əlində iki yerə bölərək idarə etdiyi yük avtomaşınının sağ qapısının pəncərəsindən postun ərazisinə tullamış, hadisəni müşahidə edən gömrük əməkdaşları tərəfindən bükülülərə keçirilmiş baxış zamanı 1 bükülüdə 0,045 qram, digər bükülüdə 0,053 qram olmaqla, ümumilikdə 0,098 qram psixotrop maddə metamfetamin aşkar edilərək protokol əsasında götürülmüşdür. İşin 69-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 bölməsinin 11 dekabr 2023-cü il tarixli, 17/841 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “AR DGK Balakən Gömrük İdarəsi...3-33-/3-1-001926/2023 №-li iş üzrə maddi sübut...” sözləri yazılmış 01 ədəd polietilen paketin içərisindəki 02 ədəd gümüşü falqa bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,045 qr, 0,053 qr, ümumi təmiz çəkisi – 0,098 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminlərdir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı” na daxildir. Aparılmış tədqiqatlardan sonra hər birindən ayrı-ayrılıqda 0,020 qram tədqiqata sərf edilməklə metamfetamin psixotrop maddəsinin ümumi qalıq çəkisi 0,058 qram olmuşdur. İşin 186-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/6460 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsi Tədqiqat obyekti №2” möhür əksləri olan, “17/841 “11” dekabr 2023-cü il... AR DGK Balakən Gömrük İdarəsi...” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 107334 №-li polietilen paketin içərisində iki ədəd gümüşü rəngli falqa bükümdə ümumi təmiz çəkisi 0,058 qram olan metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Aparılmış tədqiqatlardan sonra hər birindən ayrı-ayrılıqda 0,010 qram tədqiqata sərf edilməklə metamfetamin psixotrop maddəsinin ümumi qalıq çəkisi 0,038 qram olmuşdur. İşin 182-183-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-ci il tarixli, 8414 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur.Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşin 178-180-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 22 yanvar 2024-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 avqust 2022-ci il tarixdən mütəmadi olaraq Azərbaycan Respublikasından tranzit keçməklə Gürcüstandan Rusiya Federasiyasına getmiş və geri qayıtmış, sonuncu dəfə 10 dekabr 2023-cü il tarixdə, saat 19:07-də “Mazımqara” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Gürcüstan istiqamətindən Azərbaycan Respublikasına gəlmişdir. İşin 188-189-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş cinayət işi üzrə 24 yanvar 2024-cü il tarixli qərarla Balakən Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən “Mazımqara” gömrük postunda Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçərkən aşkar edilərək götürülmüş iki ədəd gümüşü falqa bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,045 və 0,053 qram, ümumi təmiz çəkisi isə 0,098 qram olan kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi törədilmiş cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,038 qram metamfetamin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanca verilmişdir. İşin 162-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 57-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 11 dekabr 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, 11 dekabr 2023-cü il tarixdə saat 09:40-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin 136-139-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 dekabr 2023-cü il tarixdən saat 19:20-dən hesablanmışdır. Məhkəmə iş üzrə şahidlər- Şahid1 ,Şahid2, Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Gömrük yoxlaması zamanı aşkar olunmuş maddənin psixotrop maddə olmasını bilməməsi, hal şahidlərinin gömrük yoxlamasına psixotrop maddə aşkar olunduqdan sonra dəvət olunmaları barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir.Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində göstərmişdir ki, gömrük əməkdaşı hal şahidlərinin iştirakı ilə gömrük yoxlamasını həyata keçirtmiş, aşkar olunmuş metamfetamini xx.xx.2023-cü il tarixdə Gürcüstanda gömrük postunun yaxınlığında əvvəllər tanımadığı , milliyyətcə türk olan Ahmet adlı şəxsdən hər hansı pul müqabilində deyil,qarşılıqsız əldə etmişdir. Həmin maddənin gömrük sərhədindən keçirməyin qanunsuz olduğunu bildiyi üçün gömrük nəzarəti zamanı onları bəyan etməmiş və gömrük yoxlaması zamanı üzərində, əyninə geyindiyi gödəkçənin çöl sağ yan cibində unutduğu içərisində metamfetamin maddəsi olan həmin falqanı gömrük nəzarətindən yayınmaq məqsədi ilə əlində 2 hissəyə bölərək maşının sağ qapısının pəncərəsindən çölə atmışdır.Bundan başqa şahid qismində dindirilmiş Şahid1 ,Şahid2 və Şahid3 ibtidai istintaq zamanı olduğu kimi, məhkəmə istintaqı zamanı da göstərdilər ki, gömrük yoxlaması hal şahidlərinin iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxsin gömrük yoxlaması zamanı cibindəki psixotrop maddəni iki hissəyə bölərək çölə atması ilə də təsdiq olunur ki, Təqsirləndirilən şəxs cibində olan maddənin psixotrop maddə olduğunu bilmiş, məhz məsuliyyətdən yayınmaq üçün onu cibindən çıxarıb çölə atmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixədək olan müddət ərzində Gürcüstanda istintaqa məlum olmayan şəraitdə və mənbədən 1 gümüşü falqa bükülüdə əldə etdiyi 0,098 qram psixotrop maddə metamfetamini əyninə geyindiyi gödəkçənin çöl sağ yan cibində yerləşdirib idarə etdiyi Mercedes-Benz markalı 27AİZ649/27AJZ817 dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Gürcüstan və Azərbaycan Respublikası ərazilərindən tranzit keçməklə Türkiyə Respublikasından Rusiya Federasiyasına avadanlıq yükü apararkən 10 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən “Mazımqara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və gömrük nəzarəti zamanı ifşa olunacağını başa düşərək içərisində metamfetamin psixotrop maddəsi olan bükülünü əlində iki yerə bölərək idarə etdiyi yük avtomaşınının sağ qapısının pəncərəsindən postun ərazisinə tullamış, hadisəni müşahidə edən gömrük əməkdaşları tərəfindən bükülülərə keçirilmiş baxış zamanı 1 bükülüdə 0,045 qram, digər bükülüdə 0,053 qram olmaqla həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların,Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiyə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması,gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür.Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır.Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxse cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxse təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə narkoloji dispanserə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 136.94 (bir yüz otuz altı manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxsden tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan DGK Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,038 qram metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir.Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 08 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 (altmış) manat tərcüməçi X4 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən qüvvəsində saxlansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə narkoloji dispanserə göndərilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 136.94 (bir yüz otuz altı manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut olan DGK Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,038 qram metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 (altmış) manat tərcüməçi X4 ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-24/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-24/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver