Məhkəmə qərarları › İş №1(019)-25/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-25/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-25/2021 31.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi - Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs- xx xxxxxx 1958-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində idarə etdiyi VAZ- 21063 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospekti ərazisində Balakən şəhəri Bayraq meydanından Balakən şəhəri icra hakimiyyəti istiqamətində hərəkətdə olduğu zaman H.Əliyev prospektindəki Nərmin şadlıq sarayının qarşısında yerləşən nizamlanmayan piyada keçidinin qarşısında dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkət etməli olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2ci hissəsinin tələblərini pozaraq bunu etməyib piyada keçidini sağdan sola doğru qaçaraq keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşının ön sağ qanad hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncunun sol bud sümüyü cisminin qapalı yerdəyişməli sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır zərər vurmaya aid bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus VAZ 21063 markalı 08BJ564 dövlət nömrə nişanlı avtomaşınla sürücülük edir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində Balakən şəhəri Bayraq meydanı yaxınlığından Balakən rayon İcra hakimiyyəti istiqamətinə hərəkətdə olduğu zaman Balakən şəhər H.Əliyev prospektində yerləşən Nərmin Şadlıq sarayının qarşısındakı nizamlanmayan piyada keçidində onunla eyni istiqamətdə hərəkətdə olan marşrutun dayandığını görmüşdür. Həmin zaman marşrutun sol tərəfindən manevr edərək hərəkətini davam etdirmək istəmiş və bu zaman anidən marşrutun qarşı tərəfindən piyada keçidi ilə adının sonradan Rihlət olaraq bildiyi qadın yolu sağdan sola doğru qaçaraq keçmək istədikdə idarə etdiyi avtomaşının sağ qanad hissəsi ilə onu vurmuşdur. Bu zaman Rihlət zərbə nəticəsində bir neçə metr avtomaşının qarşısında yerə yıxılmışdır. Həmin vaxt o, tez avtomaşını saxlamış və orada olan şəxslərin köməyi ilə Rihləti avtomaşına qoyub Balakən rayon mərkəzi xəstəxanasına aparmışdır. Balakən rayon mərkəzi xəstəxanasında Rihlətə ilkin tibbi yardım göstrərilmişdir. Bundan sonra isə Balakən rayon mərkəzi xəstəxanasından göndəriş verildiyi üçün Rihləti Bakı şəhərində yerləşən adını xatırlamadığı xəstəxanaya aparmışdır. Rihlət orada cərrahiyyə əməliyyatı olunduqdan sonra o, hadisə nəticəsində Rihlətin sol budunda sınıq olduğunu bilmişdir.Hadisə baş verməzdən əvvəl o, təxminən 25-30 km/saat sürətlə avtomobili idarə etmişdir. Hadisə baş verən zaman ətrafda şəxslərin olduğunu görmüşdür. Lakin hazırda həmin şəxslərin kim olmasını dəqiq bilmir.Rihləti vurduqdan sonra avtomaşına qoymaq üçün bir neçə şəxs ona kömək etmiş, lakin həmin şəxslərin də kim olmalarını bilməmişdir. Çünki hadisə baş verdikdən sonra o, həyəcanlanmış və sadəcə olaraq vurmuş olduğu piyadanın sağlamlığını düşünmüşdür. Hadisə zamanı Rihlət anidən qarşısına çıxdığı üçün o, hadisənin qarşısını almaq üçün hər hansı bir hərəkət edə bilməmiş, o, cümlədən tormoz verə bilməmişdir.Yol nəqliyyat hadisəsi zamanı piyadanı qarşısına çıxdığı zaman təxminən ara məsafəsi 1 metr olmuşdur. Piyadanı görən kimi avtomaşını sola istiqamətləndirmiş, buna görə də piyada avtomaşının sağ ön qanad hissəsi ilə vurulmuşdur.Həmçinin avtomaşını idarə etmək üçün təxminən 20-30 ildir ki, BC kateqoriyalı sürücülük vəsiqəsi var. Avtomobil də özünə məxsusdur. Həmin vaxtı spirtli içki qəbul etməmiş, ümumiyyətlə spirtli içki qəbul etmir. Avtomaşında hadisədən əvvəl hər hansı bir texniki nasazlıq olmamış, həmçinin avtomaşında yük və ya sərnişin də olmamışdır. Əməlindən peşimandır. Zərərçəkmiş şəxslə barışmış,ona dəyən zərəri tam ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 göstərdi ki, nümayəndəsi olduğu Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Balakən şəhəri H.Əliyev prospektində yerləşən Nərmin şadlıq sarayının qarşısında yolu piyada keçidi ilə keçmək istəyən zaman Balakən şəhəri Bayraq meydanı istiqamətindən Balakən rayon icra hakimiyyəti istiqamətinə hərəkətdə olan VAZ 21063 markalı avtomaşın elə gəldiyi sürətlə piyada keçidinin üzərində onun sol budundan vurmuşdur. Həmin zərbə nəticəsində o, yerə yıxılmış, təxminən 3 dəfə yumalanmış və bir neçə metr qarşıya düşmüşdür. Bundan sonra həmin avtomaşını idarə edən Təqsirləndirilən şəxs onu özünə məxsus avtomaşına qoyaraq Balakən rayon mərkəzi xəstəxanasına aparmışdır. Balakən rayon mərkəzi xəstəxanasında ona ilkin tibbi yardım göstərilmiş və ona göndəriş verdiyi üçün Bakı şəhər Nəsimi rayonunda yerləşən Sağlamlıq klinikasına aparmışlar və orada sol ayağından cərrahiyyə əməliyyatı olunmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, onun sağlamlığına dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Balakən RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində xidmət edir. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Balakən RPŞ-nin DYPB-nin YNH-nin baş inspektoru Şahid1 ilə birlikdə Balakən rayonu ərazisində xidmət aparmışlar. Həmin vaxtı onlara Balakən şəhəri H.Əliyev prospektində yerləşən Nərmin şadlıq sarayının qarşısındakı piyada keçidinin üzərində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olmuşdur. Buna görə tez hadisə baş verən əraziyə getmişlər. Hadisə yeninə çatdıqları zaman ətrafda şəxslərin olduğunu, lakin nə avtomaşın, nə də ki piyadanın olmadığını görmüşlər. Bir az sonra isə VAZ 21063 markalı avtomaşının piyada keçidindən keçən şəxsi vurduğunu daha sonra isə onu xəstəxanaya apardığını bilmişlər. Bir müddət sonra isə rayonun Mahamalar kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21063 markalı **-BJ-*** qeydiyyat nişanlı avtomaşınla hadisə yerinə gəlmişdir. Hadisə yerinə gəldiyi zaman hadisəni bir daha təsvir edərək Balakən şəhər Heydər Əliyev prospekti ilə Balakən şəhər Bayraq meydanından Balakən şəhər icra hakimiyyəti istiqamətində hərəkətdə olduğu zaman Balakən şəhəri H.Əliyev prospektində yerləşən Nərmin şadlıq sarayının qarşısındakı piyada keçidinin üzərində yolu sağdan sola qaçaraq keçən şəxsi vurduğunu daha sonra isə həmin şəxsi xəstəxanaya apardığını bildirmişdir. Onlar hadisə yerində olduqları zaman hadisə yerinə gələn Balakən rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı Mikayıl Mahmudov tərəfindən müvafiq sənədləşmə işi aparılmış, onlar da hadisə yerinə baxış protokolu ilə tanış olduqdan sonra protokolu imzalarla təsdiq etmişlər. İşin 5-15-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobillə Balakən şəhər Heydər Əliyev prospekti ilə Balakən şəhər Bayraq meydanından Balakən şəhər icra hakimiyyəti istiqamətində təxminən 25-30 km/saat sürətlə hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinə daxil olub piyada keçidinin üzəri ilə yolu sağdan sola doğru qaçaraq keçmək istəyərkən avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Sürücü üçün təhlükə piyadanın yolun sağ hissəsindən yolun hərəkət hissəsinə daxil olaraq yolu sola doğru qaçaraq keçməyə başladığı andan yaranmışdır. Hadisə baş verən yerdə yol səthi asfalt örtülü olmaqla quru, düz və hamardır, görmə məsafəsi kifayət qədərdir. Hadisədən öncə “VAZ 21063” markalı avtomaşın yüksüz və sərnişinsiz olmuşdur. Avtomaşın texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə yerində tormoz-sürtünmə izi aşkar edilməmişdir. Həmçinin hadisə baş verən ərazidə sağ və sol tərəfdə iaşə obyektləri yerləşir. Hadisə yerinə baxış zamanı iş üçün maraq doğuracaq heç bir əşya aşkar edilmədi və götürülmədi. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək şəkli və sxemi çəkilərək iş materiallarına əlavə olunmuşdur. İşin 36-38-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 281 nömrəli rəyindən görünür ki; Vət. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət -Sol bud sümüyün cisminin (diafizinin) qapalı yerdəyişməli sınığı-cərrahi əməliyyat intramedulyar osteosintezindən sonrakı vəziyyət -bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci ildə yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə onun sağlamlığının uzan müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilirlər. İşin 56-59-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 8/2342 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-21063 markalı, 08BJ564 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin 46-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RMX-dan alınmış xx.xx.2020-ci il tarixli sərxoşluq vəziyyətinin və alkoqol qəbulu faktının təyini üçün tibbi muayinə protokolundan görünür ki, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs alkoqol qəbulu aşkar edilməmişdir. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AB seriyalı 634411 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.1958-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə AB seriyalı 634411 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İşin 44-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 54-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 282 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Mahamalar kənd sakinidir, himayəsində işləməyən arvadı və iki oğlu vardır. İşin 55-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində nümayəndəliyə yazılı və şifahi müraciət olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki,1(019)-25/2021 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Balakən rayonu Mahamalar kənd sakini,1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsi nəticəsində onun sağlamlığına vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmişlər. Təqsirləndiridən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur.Ərizənin nəzərə alınmasını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayətini törətmişdir. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim edərək göstərdi ki,Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, onun sağlamlığına dəymiş ziyanı tam ödəmişdir.Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin onu bağışladığını, ondan heç bir şikayət və tələblərinin olmadığını göstərmiş və cinayət işinə xitam verilməklə cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə işin hallarını, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan VAZ-21063 markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin saxlanması üçün qəbzlə sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə - AZ.MEM. VÖEN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ41NABZ ******************** SFİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan VAZ-21063 markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin saxlanması üçün qəbzlə sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə - AZ.MEM. VÖEN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ41NABZ ******************** SFİFT BİK CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar