Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-25/2022 14.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin X3 (Xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən və həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə) Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi ilə 12.04.1965-ci ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" Tikinti MMC-nin rəhbəri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağsu şəhəri, S.Vurğun küçəsi, ev, dalan 5 ünvanında yaşayan X4 24.04.1987-ci ildə Balakən rayonunun Qazma kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan, orta təhsilli, fəhlə işləyən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələrilə cinayət məsuliyyətinə cəlb olunaraq ittiham hökmü çıxarılması və hərəkətləri ilə ona vurmuş olduğu 4000 (dörd min) manat maddi və mənəvi ziyanın ödənilməsi barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasında həmin şikayətə və ona əlavə olunmuş materiallara baxaraq, m ü ə y y ə n e t d i: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, 24.04.1987-ci ildə Balakən rayonunun Qazma kəndində doğulmuş, qeydiyyatı və yaşayış yeri həmin kənd olan, orta təhsilli, fəhlə işləyən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələrilə cinayət məsuliyyətinə cəlb olunaraq ittiham hökmü çıxarılması və hərəkətləri ilə ona vurmuş olduğu 4 (dörd) min manat maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırılmışdır ki, o, ’’Qarabağ - 2021” Tikinti MMC-nin rəhbəri vəzifəsində işləyir. Həmin müəsissənin ünvanı Ağsu şəhərində, onun yaşayış ünvanı sayılır. Müəssisə əsasən tikinti işləri ilə məşğul olur. O, müəssisənin fəaliyyətinə uyğun harda iş tapsa podratçı təşkilat kimi sifarişçi ilə müqavilə bağlayıb, iş götürüb, həmin işi icra edir. 2021-ci ilin sentyabr ayının 10-da Zəngilan rayonunun Ağaəli kəndində “Ağıllı kənd” lahiyəsi ilə əlaqədar orada tikinti işləri götürüb, müqavilə əsasında işi icra etməkdə rəhbərlik edir. Fəhlələr daimi olmadığından vətəndaşların iş müddətindən asılı olaraq onlarla müqavilə bağlayıb işlədir. 3-5 günlüyə gələn işçilərlə isə təcrübə müddəti başa çatmamış getdiklərindən müqavilə bağlamaq olmur. 2021-ci ilin oktyabr ayının əvvəlində adını sonradan bildiyi X2 onun telefon nömrəsini haradansa öyrənib ona zəng etmiş, müəssisəsində iş olmağını soruşmuş, cavabında kənd evlərinin tikintisi işi olduğunu bildirmiş və ətraflı ona məlumat vermiş və o da üç nəfər usta ilə gələcəyini demişdir. Onlar razılaşmışlar. Bir neçə gün sonra, yəni dəqiq olaraq 09 oktyabr 2021-ci ildə Murad, adlarını sonradan orada bildiyi Balakən rayonundan Sabir, Alim və Mehman adlı şəxslərlə onun iş yerinə gəlmişlər. O, yenə də orada görüləcək işlər və haqq barədə ətraflı məlumat vermişir. Orada onlar üçün hörgü işini göstərmiş və kvadratı 04 manat 50 qəpikdən işi danışıb razılaşmışlar. Muradla gələn şəxslərdən Mehman adlı olanı onların briqadiri kimi iş barəsində və haqq barəsində onunla danışıq aparmışdır. Onun təşəbbüsü ilə danışdılar ki, o, onunla müqavilə bağlayacaq və pulu da ona verəcək, o da aldığı pulu özü yanındakılara paylayacaqdır. Necə paylayacaqdır, onun öz işidir. Çünki adamların briqadiri kimi onunla danışığı ancaq o, aparmışdır. Odur ki, onunla müqavilə bağlamışdır. Onlar həmin gün işə başlamışlar, yəni 09 oktyabrda. Elə həmin gün bir qədər işləyəndən sonra müəyyən etmişdir ki, onlar keyfiyyətli iş görmək bacarığında deyillər. Onlar gəlmişdilər ki, danışığa görə “termo blok” işini görməyə, lakin bir neçə saatdan sonra görmüşdür ki, keyfiyyətli iş görmürlər, ona görə də onları mişar daşı ilə kürsü hörməyə yönəltmişdir. 19 oktyabr ayınadək onlar dağılışıb getmişlər. Çünki Prezident o günü gəlməli idi. lş haqqlarının 90 faizini də ayrı-ayrılıqda istəklərinə görə ödəmişdir. 28 oktyabrda Mehman bacısı oğlu Alimlə gəlmiş, iki-üç gündən sonra Murad gəlib onlara qoşulub işləməyə başlamışlar. Alim xəstələndiyindən xəstəxanaya yerləşdirmişdir. Bundan sonra onlar qısa bir müddətdə, 8-10 gün işləyib ayrılmışlar. Mehman qalıb yanvarın 01-dək işləmişdir. O, onların iş haqqlarını tam olaraq Mehmana hesablayıb ödəmişdir. Bu barədə özündə qeydiyyat var və bu ödənmə qeydiyyat kağızını hazırkı ərizəsinə əlavə etmişdir. Muradla gələn, adlarını göstərdiyi şəxslərin ata adlarını və soyadlarını, dəqiq ünvanlarını bilmir,ancaq bildiyindən hamısı Baləkəndə yaşayırlar. Murad 18 noyabr 2021-ci ildə obyektdən çıxıb getmiş və ondan 20 manat pul da almışdır. Axırıncı dəfə onu o vaxt görmüşdür. Murad gedəndən 10-15 gün sonra ona votçapla səs atmağa və səs danışıqlarında onu şantaj etməyə başlamışdır ki, guya alacağı 200 manat pulu var, əks halda onu “Tik-Toka”-da biabır edəcəkdir. O da ona izah etmişdir ki, haqq-hesabı Mehmanla etsin, o, onunla işləmişdir. Hamısının haqq-hesab məsələsini Mehman onunla danışdığından ona ödəmiş, özü də tam ödəmişdir. Əlavə etmişdir ki, obyektə gəlsin, görüşsünlər və izahatını versin, hansı ki, o, gedəndə belə narazılığı olmamışdır. Onu da göstərir ki, o, onların işlədikləri vaxt tələblərinə uyğun siqaret, telefonları üçün kontur, şəpik və s. almış və bunları da hesaba alaraq haqqlarını tam ödəmişdir. O, bir neçə dəfə bildirdi ki, 200 manat haqqı qalıb, göndərməsə “Tik-Tok”da biabır edəcək. Lakin onun haqlı izahatlarına və tam ödəniş etməsinə baxmayaraq, 05 ya 06 yanvar 2022-ci ildə “Tik-Tok”-da vermiş olduğu onun haqqında biabırçı məlumatları votçapla onun telefonuna göndərmişdir. O, özü də əlavə olaraq “Tik-Tok”-a baxıb, bunu görmüşdür. Tik-Tokda onun şəklini verib və orada özü danışır ki, ”Dəmirov Adil camaatı işlədir, pulunu vermir, moşennikdir”. O, haqqında sosial şəbəkə olan Tik-Tokda olanlara baxıb təzyiqi qalxmış, iynə-dərman müalicəsinə keçmiş, iş fəaliyyəti bu günkü günə kimi zəifləmiş, onun müəssisində işləməyə gələnlərin sayı azalmışdır. Bununla da onuni şgüzar fəaliyyətinə zərbə vurulmuş, həm də təhqir olunmuşdur. Ona böhtan atmış, həm də “moşennik”, yəni dələduz adlandıraraq təhqir etmişdir. Ağsu şəhərində hamı onun haqqında həmin reklamdan danışır. Kimi görür, bu haqda onu sorğu-sual edir. Bu ailə uşaqlarına da pis təsir etmişdir, onların da tay-tuşları bundan danışır. Onun ləyaqəti alçaldılmışdır. Onun bu hərəkətindən ona 4 min manat maddi və mənəvi ziyan dəyməsi kimi qiymətləndirir. Onun haqqında “Tik-Tok” da olan reklamı kasetə köçürmüş və hazırkı ərizəsinə əlavə etmişdir. Bununla əlaqədar o, 102 xidməti vasitəsi ilə Füzuli RPŞ-yə şikayət etmiş, orada ondan izahat alıb demişlər ki, Balakən RPŞ-ə müraciət etməlidir. Odur ki, gedib Balakən RPŞ-yə də müraciət etmiş və Muradın portaldan şəxsiyyəti barədə ətraflı məlumat olan vərəqə almışdır. Orada isə ona demişlər ki, böhtan və təhqir kimi məhkəməyə müraciət etməlidir. X2 internet resurslarında olan “Tik-Tok” sosial şəbəkədə haqqında danışıb göstərməsi hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147. 1 və 148.1 -ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilənləri nəzərə alaraq, 24.04.1987-ci ildə Balakən rayonunun Qazma kəndində doğulmuş, qeydiyyatı və yaşayış yeri həmin kənd olan, orta təhsilli, fəhlə işləyən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147. 1 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq ittiham hökmü çıxarılması və hərəkətləri ilə ona vurmuş olduğu 4(dörd) min manat maddi və mənəvi ziyan ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırki xüsusi ittiham qaydasında şikayət üzrə 31.01.2022-ci il tarixə, saat 11.00-a təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, xüsusi ittihamçı X6 və barəsində şikayət verilən şəxs X2 üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Nəticədə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının müddəti uzadılaraq 07 fevral 2022-ci il tarixə saat 12.00-a təyin edilmiş, məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, xüsusi ittihamçı X6 və barəsində şikayət verilən şəxs X2 07 fevral 2022-ci il tarixə saat 12.00-a təyin edilmiş məhkəmə hazırlıq iclasına üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən təkrar gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının müddəti uzadılaraq 14 fevral 2022-ci il tarixə saat 12.05-ə təyin edilmişdir. 14 fevral 2022-ci il tarixə saat 12.05-ə təyin edilmiş, məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, xüsusi ittihamçı X6 və barəsində şikayət verilən şəxs X2 14 fevral 2022-ci il tarixə saat 12.05-a təyin edilmiş məhkəmə hazırlıq iclasına üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən təkrar gəlməmişlər. Ona görə də məhkəmə hazırki xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının xüsusi ittihamçı X4 və barəsində şikayət verilən şəxs X1 iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul ediliməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.11-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə baxaraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. X4 xüsusi ittiham qaydasında verdiyi şikayətindən görünür ki, həmin şikayətdə törədilmiş cinayət barədə məlumatlar; cinayət qanunu ilə nəzərdə tutulmuş hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman hansı zərərin; hansı məbləğdə maddi və hansı məbləğdə mənəvi ziyanın vurulması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X2 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətlərin törədilməsi hallarının hansı şahid ifadələri və hansı konkret şəxslərin ifadələri, hansı sənədlərlə və hansı digər sübutlarla təsdiq olunması göstərilməmişdir. Həmçinin xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayətin verildiyi tarix göstərilməmiş, həmin şikayət şikayəti vermiş X6 tərəfindən imzalanmamışdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində xüsusi ittiham qaydasında verilmiş şikayətdə X1 cinayət məsuliyyətinə cəlb olunmasının və cəzalandırılmasının tələb edildiyi 148.1-ci maddə yoxdur və belə bir maddə üzrə cinayət məsuliyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayət kimi nəzərdə tutulmayan əmələ görə şəxsi cinayət məsuliyyətinə cəlb etmək və cəzalandırmaq isə qanunsuzdur və yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Onu da diqqətə çatdırmaq lazımdır ki, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi böhtana, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə, 148-ci maddəsi isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Həmin maddələrin dispozisiyasından görünür ki, göstərilən maddələr üzrə məsuliyyətin yaranması üçün şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan, nalayiq formada qəsdən alçaltmağa yönələn məlumatlar yayılmalı, belə məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmalı, şəxs məlumatların yalan olduğunu biləbilə onları yaymalıdır. Lakin şikayətdə X1 bu məlumatların yalan olduğunu bilə-bilə yayması, onun qəsdinin onların yalan olduğunu bilə-bilə yaymağa və şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya yönəlməsi göstərilməmiş və bu halları təsdiq edən sübutlar şikayətə əlavə edilməmişdir. Qeyd olunanlar hazırki xüsusi ittiham qaydasında şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tələblərə uyğun olmadığını göstərir. Həmçinin xüsusi itttiham qaydasında şikayət vermiş şəxs X6 üzrlü səbəblər olmadan bu şikayət üzrə məhkəmənin hazırlıq iclasına təkrarən gəlməmişdir ki, bu hal da xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi haqqında qərar çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən o cümlədən şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X4 X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələrilə cinayət məsuliyyətinə cəlb olunaraq ittiham hökmü çıxarılması və hərəkətləri ilə ona vurmuş olduğu 4000 (dörd min) manat maddi və mənəvi ziyanın ödənilməsi barədə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən və həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 298-299, 300, 302, 381,383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələrilə cinayət məsuliyyətinə cəlb olunaraq ittiham hökmü çıxarılması və hərəkətləri ilə ona vurmuş olduğu 4000 (dörd min) manat maddi və mənəvi ziyanın ödənilməsi barədə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən və həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №1(019)-25/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-25/2022
14.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver