Məhkəmə qərarları › İş №1(019)-26/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-26/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-26/2025 23.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclаs kаtibi X6 оğlunun kаtibliyi, tərcüməçi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamını müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirаklаrı ilə xx xxxxxx 1995-ci il tarixdə Pakistan İslam Respublikasının Pişəvər şəhərində doğulmuş, Pakistan İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, 3 azyaşlı uşağı olan, işləməyən, Pakistan İslam Respublikasının Pişəvər şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dаir cinayət işinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində, daha sonra təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, o, Gürcüstanda yaşamaq və işləmək məqsədi ilə həmin ölkəyə getmək qərarına gəlsə də vizasının olmaması səbəbindən 24 dekabr 2024-cü il tarixdə, saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonu, Mazımqara kəndi ərazisində yerləşən 6-cı sərhəd zastavasının 1-5-ci sahələrindən piyada hərəkət etməklə qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmişdir. Bundan başqa o, Gürcüstanda olduğu müddət ərzində maddi vəziyyətini yaxşılaşdırmağa nail ola bilmədiyindən Pakistan İslam Respublikasına qayıtmaq qərarına gəlmiş, Gürcüstanın ərazi hüdudlarından rəsmi qaydada çıxmaq imkanının olmaması səbəbindən yenidən Azərbaycan Respublikasına gələrək buradan rəsmi qaydada Pakistan İslam Respublikasına getmək məqsədi ilə 28 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonu, Mazımqara kəndi ərazisində yerləşən 6-cı sərhəd zastavasının 28-ci sahəsindən piyada hərəkət edərək, təkrarən qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmiş, həmin gün, saat 17 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının 7-ci sərhəd dəstəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Balakən rayonu, Qullar kəndi ərazisində saxlanılmışdır. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs elan edilmiş ittiham tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək izahatında göstərmişdir ki, o, Pakistan İslam Respublikasında yaşadığı müddətdə maddi vəziyyətinin pis olması səbəbilə sosial-iqtisadi rifah səviyyəsi yuxarı olan ölkələrdən birinə gedib, yaşamaq və işləmək niyyətində olmuşdur. Bu məqsədlə internet üzərindən olan araşdırmalarına əsasən qərara gəlmişdir ki, Gürcüstana getsin. X8 Respublikasının vətəndaşları üçün Gürcüstana getmək üçün viza əldə etmək çətin idi. Hadisələrin təsadüfi axarı zəminində tanış olduğu, hazırda xatırlamadığı həmyerliləri ilə bu barədə söhbət edərkən onlar bildirmişlər ki, bir çox əcnəbilər Azərbaycan Respublikasına gəlib, buradan da Gürcüstana rahatlıqla qanunsuz keçə bilirlər. Odur ki, Pakistan İslam Respublikasında olduğu zaman Azərbaycan Respublikasına gəlib, buradan da Gürcüstana qanunsuz keçməklə bağlı yollar axtararkən təsadüfi şəkildə Qamxan adlı həmyerlisi ilə tanış olmuşdur. Qamxanla bu barədə söhbət etdikdən sonra aralarında belə razılığa gəlmişlər ki, sonuncu ******* (bir milyon) Pakistan rupisi müqabilində onun Azərbaycan Respublikasına gəlməsi üçün bilet, elektron viza, habelə digər sənədləşmə işlərini həll edəcək və Azərbaycan Respublikasına gəldikdən sonra da Gürcüstana qanunsuz keçməsi üçün köməklik göstərəcəkdir. Belə ki, bu məqsədlə 7 dekabr 2024-cü il tarixdə “Dubay-Bakı” aviareysi ilə Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasına gəliş məqsədi qanunsuz yolla Gürcüstana keçmək olmuşdur. X4 Hava Limanına eniş etdikdən sonra oranı tərk edib, Bakı şəhərində yerləşən, ünvanını və adını xatırlamadığı mehmanxanaya yerləşmiş və 19 dekabr 2024-cü il tarixədək həmin mehmanxanada məskunlaşmaqda davam etmişdir. 19 dekabr 2024-cü il tarixdə səhər saatlarında Qamxan ona zəng edərək bildirmişdir ki, birazdan qaldığı mehmanxananın yanına gələn boz rəngli avtomobilə minib Balakən rayonuna getsin. Bununla yanaşı sonuncu ona “WA BUSİNESS" ani mesajlaşma tətbiqi vasitəsilə Balakən rayonuna çatdıqdan sonra Azərbaycan Respublikasından Gürcüstana qanunsuz olaraq keçməsi üçün lazımı marşrut xəttinin “Google maps" elektron tətbiqindən çıxarış edilmiş məkan göstəricilərini (location) göndərmişdir. Odur ki, Qamxanın köməkliyinə əsasən Gürcüstana giriş üçün vizasının olmaması səbəbilə qanunsuz yolla həmin ölkəyə getmək məqsədilə 19 dekabr 2024-cü il tarixdə, saat 13 radələrində qaldığı mehmanxananı tərk edərək Qamxanın dediyi, dövlət qeydiyyat nişanını xatırlamadığı, boz rəngli avtomobilə minib, Balakən rayonuna yola düşmüşdür. Həmin tarixdə gecə saatlarında Balakən rayonuna çatmışdır. Qamxanın göndərdiyi “Google maps” elektron tətbiqindən çıxarış edilmiş məkan göstəricilərini izləyərək Gürcüstanla dövlət sərhədi istiqamətində tək piyada hərəkətə başlamış, bir neçə gün ərzində yol getdikdən sonra 24 dekabr 2024-cü il tarixdə, saat 19 radələrində çayı keçdikdən sonra Gürcüstana qanunsuz yolla giriş etmişdir. Bir neçə kilometr məsafə qət etdikdən sonra qarşısına çıxan ilk kənddə 2 nəfər həmyerlisi onu qarşılamış, həmin şəxslər ondan adına rəsmiləşdirilmiş pasportunu cırıb tullamasını tələb etmiş, o da sonuncuların bu tələbi üzrə pasportunu cırıb tullamışdır. Həmin şəxslər onun mobil telefonunu almış, onlardan bunun səbəbini soruşduqda isə bildirmişlər ki, bəzi məlumatları silirlər. Bir neçə dəqiqə telefonu yoxladıqdan sonra geri qaytarmışlar. Gürcüstanda olduğu müddət ərzində maddi vəziyyəti pis olduğundan sığınacaq verilməsi üçün müraciət etmiş və bunun əsasında da müvəqqəti olaraq şəxsiyyətini təsdiq edən sənəd əldə etmişdir. Lakin maddi vəziyyətini heç cür yaxşılaşdıra bilmədiyindən qərara gəlmişdir ki, Pakistan İslam Respublikasına ailəsinin yanına qayıtsın. Diplomatik nümayəndəliyə müraciət etməkdən qorxmağının səbəbi isə o olmuşdur ki, müraciət etdiyi təqdirdə 24 dekabr 2024-cü il tarixdə dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı hər hansı məsuliyyətə cəlb oluna bilər. 28 yanvar 2025-ci il tarixdə sübh tezdən Azərbaycan Respublikası istiqamətində yola düşmüş, yollarda təsadüfi avtomobillərə əlləri vasitəsi ilə işarə edərək, onlardan dayanmasını və dayandıqdan sonra onu da özlərinin getdiyi istiqamətdə aparmalarını xahiş etmişdir. Bu minvalla Gürcüstanla Azərbaycan Respublikasının sərhədinə yaxın əraziyə yük avtomobili ilə gəlib çatmış, bundan sonra tək piyada Azərbaycan Respublikası istiqamətində hərəkət etməyə başlamış, həmin tarixdə, saat 13 radələrində çayla qarşılaşmış, çayı keçdikdən sonra Azərbaycan Respublikasına qanunsuz yolla giriş etmişdir. Təxminən 1-2 saat ərzində piyada hərəkət etdikdən sonra Balakən rayonu, Qullar kəndinə gəlib çatmışdır. Qullar kəndində Pakistan İslam Respublikasına qayıtmaq məqsədilə Bakı şəhərinə gəlmək üçün yollar axtaran zaman iki nəfər hərbi qulluqçu ona yaxınlaşmış, onu hərbi hissəyə müvafiq sənədləşmə işlərinin aparılması üçün dəvət etmişlər. O da öz növbəsində onların bu təklifi ilə razılaşmış və könüllü şəkildə onlarla birlikdə hərbi hissəyə getmişdir. Ona qarşı heç bir fiziki və psixi təzyiq edilməmişdir. Əməlindən peşmandır. Himayəsində 3 azyaşlı uşağının olmasını, arvadının hamilə olmasını, ailəsinə tək özü baxdığını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantının təminat işləri üzrə müavini, baş leytenant Şahid1 izahatında bildirmişdir ki, 28 yanvar 2025-ci il tarixdə, saat təxminə 14:28 radələrində Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs kimi bilinən şəxsin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında əməliyyat qrupu təşkil edilmiş və həmin qrupun üzvləri kimi o və sərhəd dəstəsinin 1-ci sərhəd komendantlığının sahə müvəkkili, leytenant Şahid2 müəyyən edilmişdir. Əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı Balakən rayonu, Qullar kəndi ərazisində bir nəfər Pakistan İslam Respublikasının vətəndaşı ehtimalı olan əcnəbi şəxsin olması ilə bağlı etimad doğuran qərəzsiz mənbədən məlumat əldə edilmişdir. Odur ki, leytenant Şahid2 ilə Balakən rayonu, Qullar kəndi ərazisində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı qeyd olunan, zahiri görkəmcə Pakistan İslam Respublikasının vətəndaşlarının irqinin zahiri əlamətlərini daşıyan, əcnəbi olması ehtimal edilən bir nəfər şəxsi müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşıb, özünü təqdim etməsini xahiş etdikdə sonuncu Pakistan islam Respublikasının vətəndaşı Ullah X3 bildirmişdir. Təqsirləndirilən şəxs araşdırma aparılması məqsədilə N nömrəli hərbi hissəyə dəvət edilmiş və o da öz növbəsində buna heç bir etirazını bildirməyərək, 28 yanvar 2025-ci il tarixdə, saat 17:00 radələrində könüllü şəkildə onlarla birlikdə hərbi hissəyə gəlmişdir. Təqsirləndirilən şəxs ilə aparılan sorğu-sual zamanı bildirmişdir ki, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində, habelə əks istiqamətdə dövlət sərhədini qanunsuz yolla keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının sahə müvəkkili, leytenant Şahid2 izahatı Şahid1 izahatında göstərdiyi xüsusatlarla eyni məzmunlu olmuşdur. Cinayət işinin 5-ci vərəqəsində olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 7-ci sərhəd dəstəsinin əməliyyat-axtarış şöbəsinin rəisi Məqsəd Məhərrəmov tərəfindən tərtib edilmiş 28 yanvar 2025-ci il tarixli raportdan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə, saat 19 radələrində qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində, daha sonra 28 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində təkrarən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçdiyinə görə keçirilən əməliyyat-axtarış tədbiri zamanı 28 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Balakən rayonu, Qullar kəndində saxlanılmış, N nömrəli hərbi hissəyə dəvət edilmişdir. Cinayət işinin 31-34-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Balakən rayonu, Mazımqara kəndi ərazisində yerləşən 6-cı sərhəd zastavasının sağ cinahında olan 1-5-ci xidməti sahələridir. Ərazi dağlıq, meşəlik və təpəlik relyefə malikdir. Sərhəd zastavasının sağ cınahının umumı uzunluğu 5500 metr olmaqla həmin istiqamətdə müqabil dövlətin (Gürcüstan) ərazisində Laqodexi rayonu, Maçimi kəndi yerləşir, həmin əraziyə qədər olan 1800 metr təşkil edir. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, 24 dekabr 2024-cü il tarixdə, saat 19 radələrində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini qanunsuz keçdiyi yer, məhz Balakən rayonu, Mazımqara kəndi ərazisində yerləşən 6-cı sərhəd zastavasının sağ cinahında olan 1-5-ci xidməti sahələridir. Bundan sonra, Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini keçdiyi yeri göstərməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi ərazi əlamətləri üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Balakən rayonu, Mazımqara kəndi ərazisində yerləşən 6-cı sərhəd zastavasının 27-29-cu xidməti sahələri istiqamətində hərəkətə başlanmış, həmin sərhəd zastavasının 28-ci xidməti sahəsinə çatan zaman Təqsirləndirilən şəxs hərəkəti dayandırmağı bildirərək 28 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz keçdiyi yerin məhz, həmin yer olmasını qeyd etmişdir. 6-cı sərhəd zastavasının 28-ci xidməti sahəsinin ərazisi dağlıq, meşəlik və təpəlik relyefə malikdir. Həmin istiqamətdə müqabil dövlətin (Gürcüstan) ərazisində Laqodexi rayonu, Maçimi kəndi yerləşir, həmin əraziyə qədər olan 1800 metr təşkil edir. Cinayət işinin 52-ci vərəqəsində olan 31 yanvar 2025-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 31 yanvar 2025-ci ildə saat 15:15-də Bakı şəhərində Dövlət Sərhəd Xidmətinin inzibati binasında Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından tutulmuşdur. Cinayət işinin 63-68-ci vərəqələrində olan 31 yanvar 2025-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən mobil telefon “HUAWEİ Mate 10 Pro BLA-L29” markalı, smartfon tipli, tünd-mavi rəngli, sensor ekranlı olmaqla, telefonun uzunluğu 153 mm, eni 73 mm, qalınlığı isə 5 mm-dir. Ön üzlüyü qara rəngli olmaqla, telefonun ön hissəsində yuxarıda diametri 4 mm ölçüdə olan 1 ədəd kiçik ön kamera mövcuddur. Telefonun hissəsinin yan tərəfində müxtəlif funksiyalı düyməciklər vardır. Telefonun arxa yuxarı sol tərəfində diametrləri müvafiq olaraq 7 mm, 7 mm və 11 mm olan 3 ədəd alt-alta olmaqla yerləşdirilmiş arxa çəkim kameraları vardır. Ekranı aşağıdan yuxarı sürüşdürdükdə kilidin açılması üçün kilid açma nümunəsi - şifrə (726926) tələb edilmişdir. Nəticədə telefonun ana menyusu ekranda görünmüşdür. Menyuda müxtəlif növdə tətbiqi proqramlar vardır. Həmin proqramların içərisində “Whatsapp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş, Gürcüstana məxsus rəsmi sənəd aşkar edilmişdir. Bundan başqa mobil telefonun menyusunun “Files” adlı qovluğunda, “İmages” bölməsində Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş, Pakistan İslam Respublikasına məxsus NU2744212 nömrəli pasport aşkar edilmişdir. Baxış zamanı fotoçəkilişdən istifadə edilərək, Təqsirləndirilən şəxs məxsus “HUAWEİ Mate 10 Pro BLA- L29” markalı mobil telefonun fotoşəkli çəkilmiş və yuxarıda əks edilmiş “Files” adlı bölmədə olan pasportun fotoşəklindən və “whatsapp” ani mesajlaşma tətbiqində olan Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş, Gürcüstana məxsus rəsmi sənəddən müvafiq çıxarışlar edilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 69-cu vərəqində olan 31 yanvar 2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “HUAWEİ Mate 10 Pro BLA-L29” markalı mobil telefon ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 76-77-ci vərəqələrində olan 31 yanvar 2025-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 31 yanvar 2025-ci il tarixdə “HUAWEİ Mate 10 Pro BLA-L29” markalı mobil telefona baxış keçirilərkən aşkar edilmiş Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş, Gürcüstana məxsus rəsmi sənədə Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsində xidməti otağında, gündüz vaxtı, süni işıqlandırma şəraitində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin ******* nömrəli sənəd müvəqqəti şəxsiyyət vəsiqəsi olmaqla Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən 21 yanvar 2025-ci il tarixdə Pakistan İslam Respublikasının vətəndaşı xx xxxxxx 1995-ci il təvəllüdlü Ullah Arifin adına verilmişdir. Cinayət işinin 103-107-ci vərəqələrində olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-39/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, onun həbsdə saxlama müddətinin əvvəli 29 yanvar 2025-ci il tarixdən saat 18:15dən hesablanmaqla 02 ay müəyyən edilmişdir. Cinayət işinin 115-ci vərəqəsində olan 4 fevral 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 118-119-cu vərəqələrində olan 07 fevral 2025-ci il tarixli Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsinin məktubundan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı xx xxxxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemində (İAMAS) məlumat aşkar edilmiş və həmin məlumata əsasən onun 0707 nömrəli Dubay-Bakı aviareysi ilə AE104670748 nömrəli viza əsasında 7 dekabr 2024-cü il tarixdə, saat 17:56-da X1 (Dubay) Azərbaycan Respublikasının Bakı şəhərinə rəsmi qaydada gəlməsi, həmin tarixdə X4 Hava Limanı dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd nəzarəti şöbəsinin hərbi qulluqçusuna adına rəsmiləşdirilmiş Pakistan islam Respublikasına məxsus NU2744212 nömrəli pasportu təqdim edərək sərhəd keçməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından rəsmi qaydada çıxış etməsi ilə bağlı məlumat mövcud bazada müəyyən edilməmişdir. Cinayət işinin 122-125-ci vərəqələrində olan Azərbaycan Respublikasının Xarici işlər Nazirliyinin 28 fevral 2025-ci il tarixli, 3-20-15/2-4-11919/2025 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumatına görə xx xxxxxx 1995-ci il təvəllüdlü Arif Ullaha (Ş/N **********2) 21 yanvar 2025-ci il tarixdə P0004781 nömrəli müvəqqəti şəxsiyyət vəsiqəsi verilmişdir. Onun şəxsiyyətini təsdiq edən sənədlər ərizə vərəqində qeyd olunan şəxsiyyət məlumatları ilə Səfirlik tərəfindən göndərilmiş müvəqqəti şəxsiyyət vəsiqəsinin surətində göstərilən şəxsiyyət məlumatları ilə eynidir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü, xx.xx.2022-ci il təvəllüdlü, xx.xx.2023-cü il təvəllüdlü 3 azyaşlı uşağı vardır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, hadisə yerinə baxış keçirilməsi haqqında protokolu və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli Cinayət Məcəlləsinin 318.1ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində 3 azyaşlı uşağının olması müəyyən edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin əməlini etiraf etməklə səmimi peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını bildirməsi ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal isə cinayəti təkrar törətməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə onun Pakistan İslam Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi üçün cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar aşkar edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 28 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, təqsirləndirilən şəxsdə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxsə məxsus 01 ədəd “HUAWEİ Mate 10 Pro BLA-L29” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra, əsas cəzasını çəkib qurtardıqda ona qaytarılması üçün cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 60 manat ona ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “HUAWEİ Mate 10 Pro BLA-L29” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra, əsas cəzasını çəkib qurtardıqda ona qaytarılması üçün cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar