Məhkəmə qərarları › İş №1(019)-27/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-27/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-27/2023 07.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1971-ci il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 02 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Balakən rayonu Hənifə kəndinin ərazisində yerləşən meşə sahəsində gəzərkən yerdən taparaq qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan əldə etdiyi 01 ədəd sellofan torbadakı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 385 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq aparıb yaşadığı evin həyətində gizlədərək saxlamış, daha sonra 02 noyabr 2022-ci il tarixdə saat 11 radələrində qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan torbadakı təmiz çəkisi 385 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi yerdən götürərək əynindəki puloverin sol iç tərəfinə qoyub öz şəxsi istifadəsi məqsədi ilə daşıyaraq üzərində saxlamışdır. 02 noyabr 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Hənifə kəndinin ərazisində saxlanılaraq RPŞ-nə dəvət edilmiş, şübhəli şəxs qismində tutularaq saat 12:15 dəqiqədən saat 12:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib öz istifadəsi məqsədi ilə daşıyaraq üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan torbadakı təmiz çəkisi 385 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki puloverin sol iç tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırda Balakən rayon Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir və fərdi qaydada fəhləçilik edərək pul qazanıb ailəsini dolandırır. Əvvəllər psixi və ya fiziki xəstəliklər keçirməmişdir. Evlidir, iki övladı var, lakin rəsmi nikahı yoxdur. O, təxminən 20 ildir narkotik vasitə marixuanadan istifadə edir. O, əvvəllər qanunsuz olaraq narkotik vasitə satdığına görə Zaqatala Rayon Məhkəməsinin 16 fevral 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 26 oktyabr 2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin vaxtdan bu günədək heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, 02 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Balakən rayonu Hənifə kəndinin meşə sahəsində gəzərkən yerdə 01 ədəd sellofan torba olduğunu görmüş, sellofan torba tərpənmədiyinə görə içərisinin boş olmadığını anlamış və diqqətini cəlb etdiyi üçün həmin sellofan torbanı yerdən götürüb içərisinə baxmışdır. Həmin vaxt sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, narkotik vasitə marixuana istifadəçisi olduğuna görə, həmin sellofan torbada olan marixuananı özü istifadə etmək məqsədi ilə yaşadığı evə aparmaq qərarına gəlmişdir. Həmin vaxt ətrafda heç kim olmadığına görə, yəni heç kim görmədiyinə görə o, həmin sellofan torbanı götürüb pencəyinin cibinə qoymuş və yaşadığı evə aparmışdır. Evə çatanda ailə üzvləri görməsin və bilməsin deyə həmin sellofan torbanı içərisindəki narkotik vasitə marixuana ilə birlikdə həyətdə olan köhnə dəmir borunun içərisində gizlədib saxlamışdır. Həmin sellofan torbada olan narkotik vasitə marixuanadan təxminən 2-3 dəfə götürüb özü istifadə etmişdir. O, 02 noyabr 2022-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdən çıxıb şəxsi işlərinin dalınca gedən zaman fürsət olanda çəkmək üçün həyətdə gizlədib saxladığı 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuananı gizlətdiyi yerdən götürərək, əynindəki puloverin iç tərəfinə qoyub üzərində götürmüşdür. Daha sonra o, həyətdən çıxıb Balakən rayonu Hənifə kəndinin ərazisində piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək, onu Balakən RPŞ-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Ruslan Quliyev tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından seçdiyi Müdafiəçi Polis şöbəsinə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Ruslan Quliyev tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı narkotik vasitə, qanunsuz əşya və predmet olubolmaması barədə sual verilmiş, həmin vaxt o, əynindəki puloverin sol iç tərəfində saxladığı 01 ədəd sellofan torbada olan narkotik vasitə marixuananı çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana sellofanla birlikdə təhqiqatçı Ruslan Quliyev tərəfindən elektron tərəzi vasitəsi ilə ölçülmüş və ümumi çəkisi 390 qram təşkil etmişdir. Bundan sonra onun təqdim etdiyi 01 ədəd sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə-bioloji ekspertizasının 02 noyabr 2022-ci il tarixli 17/819 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbada olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 385 qramdır. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmiş, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə saxlamışdır. Onun yaşadığı evdə və üzərində narkotik vasitə qurudulmuş marixuana saxlamasından heç kimin məlumatı olmamışdır. O, hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır. Hazırda hadisənin üzərindən xeyli müddət keçdiyinə görə artıq o, narkotik vasitə marixuananı tapdığı yeri dəqiq xatırlamır və buna görə həmin yeri göstərə bilməz. O, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuanadan 2-3 dəfə götürüb istifadə etmişdir. Lakin o, istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuananın miqdarını bilmir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayoru rütbəsini daşıyır. 02 noyabr 2022-ci il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə Balakən RPŞ-nin Kadrlar Qrupunun kiçik inspektoru, polis kiçik serjantı Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı həmin tarixdə təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı Hənifə kəndinin ərazisində saxlanılaraq dəvət edilib Balakən RPŞ-nə gətirilmişdir. Polis şöbəsinə gəldikdən sonra əvvəlcə Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Ruslan Quliyev tərəfindən Təqsirləndirilən şəxs Balakən rayon Vəkillər Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin siyahıdan seçdiyi Müdafiəçi Polis şöbəsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Ruslan Quliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman təhqiqatçı Ruslan Quliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, qanunsuz əşya və predmet olub-olmaması barədə sual verilmiş və əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki puloverin sol iç tərəfində saxladığı 01 ədəd sellofan torbanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və həmin torbanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba təhqiqatçı Ruslan Quliyev tərəfindən açılan zaman içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbada olan narkotik vasitə marixuanaya bənzər bitki kütləsi sellofanla birlikdə təhqiqatçı Ruslan Quliyev tərəfindən elektron tərəzi vasitəsi ilə ölçülmüş və ümumi çəkisi 390 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuanaya bənzər bitki kütləsi sellofanla birlikdə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış,zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Sonda təhqiqatçı Ruslan Quliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş ekspertkriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Kadrlar Qrupunun kiçik inspektoru, polis kiçik serjantı Şahid2 da Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Ruslan Quliyev tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 12:15 dəqiqədən saat 12:55 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nə dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, qanunsuz əşya və predmet olub-olmaması barədə sual verilmiş və əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki puloverin sol iç tərəfində saxladığı 01 ədəd sellofan torbanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin sellofan torbanın içərisində nə olması barədə Təqsirləndirilən şəxs sual verildikdə, torbanın içərisində marixuana olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torba açıldıqda içərisində tünd yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə narkotik vasitə, digər hər hansı bir qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi sellofan torba ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 390 qram gəlmişdir. Daha sonra həmin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olan sellofan torba 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və iş üçün sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Şəxsi axtarış zamanı Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru X7 tərəfindən “Canon” markalı videokamera vasitəsi ilə fasiləsiz olaraq videoçəkiliş aparılmışdır. Qeydə alınmış videogörüntülər DVD diskə köçürülərək şəxsi axtarış protokoluna əlavə olunmuşdur. Şəxsi axtarış zamanı iştirakçılardan hər hansı bir şikayət və vəsatət daxil olmamış, protokol ucadan oxunmuş, doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 02 noyabr 2022-ci tarixli 17/819 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi 385 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd marixuananın təmiz çəkisi-385,00 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 384,95 qram. Ekspertiza tədqiqatının dəyəri 35,97 manat təşkil edir. İş materiallarında olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 385,00 qram olmuş, tədqiqat üçün 0,05 qram sərf edilmiş, qalıq 384,95 qram geri qaytarılmışdır. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2022-ci il tarixli 1726 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2022-ci il tarixdə saat 12.00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və 04 noyabr 2022-ci il tarixdə saat 12.00-da Balakən RPŞ-nin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 22 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 385 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 384,95 qramı maddi sübut qismində tanınmış və saxlanması üçün Balakən RPŞnin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 02 noyabr 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolu, həmin şəxsi axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diskini, maddi sübutu, məhkəmə-bioloji ekspertizasının 02 noyabr 2022-ci tarixli 17/819 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2022-ci il tarixli 1726 nömrəli rəyini, tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2 saylı arayışı, Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 22 noyabr 2022-ci il tarixli qərarını, işdə olan digər sənədləri, o cümlədən ibtidai istintaq və məhkəmənin prosessual hərəkətlərinin sənədlərini bir-biri ilə əlaqəli şəkildə ziddiyyət olmadan işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ittihamın əsası kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iş materiallarına və yuxarıda qeyd olunan qanun normasına istinad edib, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, təqsirləndirilən şəxsin məhkumluğunun olmaması işdəki sübutlarla təsdiq olunur. Məhkəmə həmçinin nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstünyalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin onun 02 noyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixə kimi tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən törədilmiş az ağır cinayətə görə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 07 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2022-ci il tarixli 1726 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X5 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 385 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 384,95 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 02 noyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın; onun narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X5 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 385 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 384,95 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar