Məhkəmə qərarları › İş №1(019)-28/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-28/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-28/2021 26.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili- X2 və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs - xx.xx.1991-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəki Rayon Məhkəməsinin 29.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Balakən rayonu Qullar kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə görə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanda yerləşən, Zərərçəkmiş şəxs məxsus olan yaşayış evində birlikdə qeyri-rəsmi ərarvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunu qəsdən yerə yıxaraq ayaqla və yumruqla vuraraq sağ təpədə şişkinlik, sağ sifətində sıyrıq, aşağı orta beldə qançır, yuxarı boyun arxasında qançır, sol baldırın yuxarı 3/1-də ön səthdə 2,5x2,0 sm göyümsov qançır, sağ mil sümüyünün tipik yerində qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2012-ci ildən etibarən Balakən şəhər sakini Zərərçəkmiş şəxs ilə qeyri rəsmi ər- arvad münasibətlərində yaşamışdır. Aralarında qısqanclıq zəminində çox sayda mübahisələr olmuşdur. Zərərçəkmiş şəxs həmişə əsassız yerə qısqanclıq edərək onunla mübahisə etmişdir. Sonuncu dəfə 25.01.2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı Balakən şəhəri Səməd Vurğun küçəsi 6 B ünvanında özünə məxsus evdə olduğu zaman Naibə onun başqa qızla danışdığını bilərək qısqanclıq zəminində onunla sözlə mübahisə etməyə başlamışdır. Həmin vaxtı o, hirslənib Naibəni yerə yıxmış, onun bədəninin müxtəlif nahiyyələrinə əli və ayağı ilə vurmuşdur. Bundan sonra Naibə ondan 102 xidmətinə zəng edərək şikayət etmişdir. Əməlindən peşimandır. Zərərçəkmiş şəxslə barışmış, ona dəyən zərəri tam ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2 övladı var. Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Aynur” gözəllik salonunda dırnaq ustası işləyir. Balakən rayon Qullar kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla 8 ildir ki, qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşayır. Aralarında onu qısqanması zəminində çox sayda mübahisələr olmuşdur. Sonuncu dəfə 25.01.2021-ci il tarixdə günorta saatlarında o, Məhəmmədə zəng etmiş, həmin vaxtı ona evindən icazəsiz olaraq götürdüyü qızıl-zinət əşyalarını və 500 manat pulunu qaytarmasını bildirdikdə Məhəmmət ona pulu və qızılları qaytaracağını bildirmişdir. Həmin gün axşam saatlarında Məhəmmət yaşadıqları evə gəlmişdir. Saat 20 radələrində Məhəmmət onunla qısqanclıq zəminində əsassız yerə mübahisə etməyə başlamış, sonra onu təhqir etmiş,söyüş söymüşdür. O, Məhəmmətə öz iradını bildirdikdə Məhəmmət yerindən duraraq onu yerə yıxmış, ayaqla, yumruqla sifətinə və bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamışdır. Bu zaman o, Məhəmmətin onun baş nahiyyəsinə təpik vurduğunu hiss edib sağ əli ilə başını tutmuş, həmin vaxt Məhəmmətin onun başına vurduğu ayaq zərbəsi onun sağ qoluna dəymiş və sağ qolunda bərk ağrı hiss etmişdir. Həmin zərbədən sonra tibbi eskpetizaya təqdim edildikdə ona məlum olmuş ki, sağ qolunun sağ mil sümüyü sınmışdır. Həmçinin Məhəmmət ayaqla onun sağ sifətinə, belinin aşağı hissəsinə, boynunun arxa hissəsinə, sol baldır nahiyyəsinə vurmuşdur. Məhəmmət onu ayaqla və yumruqla vurduğu zaman özünü müdafiə etmək üçün əlinə qayçını götürmüşdür ki, Məhəmmət qorxsun və onu vurmasın. Məhəmmət onun əlindən qayçını almaq istədikdə əlinin işarə barmaqları kəsilmişdir. Sonra o, 102 xidmətinə zəng edərək şikayət etmişdir. Təqsirləndirilən şəxs onunla barışmış, onu dəymiş ziyanı tam ödəmişdir. Onun Təqsirləndirilən şəxs oğlundan heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs rəfiqəsidir. 25.01.2021-ci il tarixdə saat 20 radələrində digər rəfiqəsi Samirənin yaşadığı evində olduğu zaman Naibə Samirəyə zəng edərək nəsə demiş və onu evinə çağırmışdır. Həmin vaxtı da Samirə ona Məhəmmətin Naibəni döydüyünü bildirmiş və Naibənin evinə getməli olduqlarını demişdir. O da Samirə ilə birlikdə Naibənin yaşadığı evinə getmişdir. X6 döyərək xəsarət yetirdiyini görmüşlər. Həmçinin onların yanında da Məhəmmət Naibənin üzərinə hücum çəkmiş, lakin o, Məhəmmətin Naibəyə vurduğunu görməmişdir. Daha sonra isə Naibə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. İşin 34-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş Balakən rayon MTE və PA şöbəsi tərəfindən verilmiş, 29.01.2021-ci il 30 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə, tibbi sənədində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlirəm. 1.Vət.Qocayevada müəyyən edilmiş xəsarətlər -- sağ təpədə şişkinlik, sağ sifətində sıyrıq, aşağı orta beldə qançır, yuxarı boyun arxasında qançır, sol baldırın yuxarı 1/3-də ön səthdə 2,5x2,0 sm göyümsov qançır, sağ mil sümüyünün tipik yerində qapalı yerdəyişməyən sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə,yəni 25.01.2021-də əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. 2.Vət.Qocayevada yuxarıda qeyd edilmiş xəsarətlərin əmələ gəlmə şəraitlərinin təhqiqat yolu ilə araşdırılması daha məqsədə uyğundur. İşin 74-75-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 29.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 27.09.2020-ci ildə cəzası başa çatmışdır. İşin 81-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Qullar kənd üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmadığı qeyd edilir. İşin 83-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Qullar üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Qullar kəndində yaşayır, himayəsində atası və anası vardır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus olan yaşayış evində birlikdə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunu qəsdən yerə yıxaraq ayaqla və yumruqla vuraraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin onu bağışladığını, ondan heç bir şikayət və tələblərinin olmadığını göstərmiş və cinayət işinə xitam verilməklə cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin qeyd hissəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cinayət təqibinə xitam verilməsi onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə işin hallarını, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsini, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin barışmaqla işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarı ilə seçilmiş və 19 may 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmış həbs qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs barəsində İsmayıllı Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli 4(037)-20/2021 nömrəli qərarı ilə İsmayıllı Rayon Polis Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə 2(iki) ay 22 (iyirmi iki) gün həddində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı və o həbsdə saxlanmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarı ilə seçilmiş və 19 may 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmış həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində İsmayıllı Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli 4(037)-20/2021 nömrəli qərarı ilə İsmayıllı Rayon Polis Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə 2(iki) ay 22 (iyirmi iki) gün həddində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın və o həbsdə saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar