Məhkəmə qərarları › İş №1(019)-28/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-28/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-28/2022 15.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1992-ci il tarixdə Balakən rayonu Ağkilsə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evlihimayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmayan, Balakən rayonu Sarıbulaq kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2021-ci ilin iyul ayında yaşadığı Balakən rayonu Sarıbulaq kəndinin çöl sahəsində aşkar etdiyi yabanı halda bitmiş 01 ədəd çətənə (kannabis) bitkisinin hissələrini yığıb qurudaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan torbada təmiz çəkisi 350 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib öz istifadəsi məqsədi ilə üzərində daşıyaraq əvvəlcə aparıb yaşadığı ünvanda yerləşən bağ sahəsində gizlədərək saxlamış, 03 yanvar 2022-ci il tarixdə axşam saatlarında həmin marixuananı öz istifadəsi məqsədilə Balakən rayonu Sarıbulaq kəndinin ərazisində olan çöl sahəsində gizlədib saxlamaq üçün əynindəki qolsuz, qara rəngli gödəkcənin sol iç tərəfində daşıyaraq, üzərində saxlamışdır. 03 yanvar 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Qədirov X4 RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulduqdan sonra saat 20:45-dən saat 21:20-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı 01 ədəd sellofan torbadakı təmiz çəkisi 350 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qolsuz, qara rəngli gödəkçənin sol iç tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Balakən rayonu Sarıbulaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, himayəsində iki azyaşlı uşaq vardır. Əvvəllər məhkum edilməmiş, pxisi xəstəliklər keçirməmişdir. Heç yerdə işləmir. Təxminən bir ilə yaxın müddətdir ki, narkotik vasitə marixuanadan istifadə edir. 2021-ci ilin iyul ayında yaşadığı Balakən rayonu Sarıbulaq kəndində çöllük sahədə olarkən bir ədəd yabanı halda bitmiş çətənə bitkisinin ağacını tapmış, həmin ağacın yararlı hissələrini yığıb çöl sahəsində gizli şəkildə qurutmuşdur. Həmin narkotik vasitə marixuananı quruduqdan sonra özü istifadə etmək məqsədilə çöl sahəsinə gətirdiyi sellofan torbaya yığmış və həmin sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı Balakən rayonu Sarıbulaq kəndindəki yaşadığı evin bağ sahəsinə gətirib, orada gizlətmişdir. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir və üzərində aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan da əvvəllər müxtəlif vaxtlarda təxminən on dəfə istifadə etmişdir. Narkotik vasitə qurudulmuş marixuananı bağ sahəsində gizlətməyindən isə ailə üzvlərinin xəbəri olmamışdır. 03 yanvar 2022-ci il tarixdə həmin sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı bağda gizlətməkdən qorxduğu üçün evdən götürərək, kəndlərində çöllük ərazidə gizlətmək üçün aparmışdır. Fikirləşmişdir ki, polislər müəyyən edib onu tutarlar. 03.01.2022-ci il tarixdə axşam saatlarında Balakən rayonu Sarıbulaq kəndində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş, bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək, onun üzərində şəxsi axtarış keçirilməsi üçün Balakən RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşlarının dəvəti ilə Balakən RPŞ-yə gəlmişdir. Həmin vaxt narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli qolsuz gödəkçənin içərisində olmuşdur. O, həmin narkotik vasitə qurudulmuş marixuananı Balakən rayonu Sarıbulaq kəndində olan çöl sahəsinə gizlətmək üçün aparmışdır. Polis şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində saxlanılmış və hüquqlarının müdafiəsi üçün Balakən rayon Vəkil Börosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir. O, təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi1 onun hüquqlarını müdafiə etməsini istəmişdir. Bundan sonra isə seçdiyi Müdafiəçi1 iştirakı təmin edilmiş və hüquq və vəzifələri ona izah edildikdən sonra şübhəli şəxs qismində tutulduğu ona elan edilmişdir. Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı narkotik vasitə və ya əşya, predmet olub-olmadığı soruşulmuş, o da üzərində sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmçinin polis əməkdaşlarına təqdim etdiyi bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, narkotik vasitə marixuanadan istifadə etdiyini polis əməkdaşına bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən başqa hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı üzərində aşkar edilmiş sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən tərəzidə çəkilmiş və ümumi çəkisinin 355 qram olması müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitə olan sellofan torba qablaşdırılaraq, möhürlənmiş, maddi sübut kimi götürülmüşdür. Daha sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-bioloji ekspertizasının 04 yanvar 2022-ci il tarixli, 17/7 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 350 qramdır. Heç vaxtı narkotik vasitlərin satışı ilə məşğul olmamışdır. Həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan kiməsə pay vermməmiş və satmamışdır. Hazırda yaşadığı evdə və ya başqa yerdə narkotik vasitə marixuana saxlamamışdır. Üzərində narkotik vasitə marixuana daşıyıb saxlamağından ailə üzvlərinin və ya başqa kiminsə məlumatı olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə marixuananı yığdığı yeri hazırda dəqiq xatırlamır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ziyad oğlu ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 yanvar 2022-ci il tarixdə Balakən rayonu Sarıbulaq kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlini ifşa etmək məqsədi ilə Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə axşam saatlarında yaşadığı Balakən rayonu Sarıbulaq kəndinin ərazisində saxlanılmış və Balakən RPŞ-yə dəvət olunmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs əvvəlcə təhqiqatçı Vasif Əliyev tərəfindən şübhəli şəxs qismində saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 polis şöbəsinə dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra dəvət olunmuş Müdafiəçi1 və polis əməkdaşlarının iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qolsuz, qara rəngli gödəkçənin sol iç tərəfində saxladığı 01 ədəd sellofan torbanı çıxarıb masanın üzərinə qoyaraq, həmin sellofan torbanın içərisində narkotik vasitə marixuana olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir.Həmin sellofan torba açılan zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini 2021-ci ilin iyul ayında Balakən rayonu Sarıbulaq kəndində çöllük sahədə tapdığı yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisi ağacının üzərindən yararlı hissələrini yığaraq, özü istifadə etmək üçün saxladığını, həmçinin həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsindən bir neçə dəfə çəkib istifdadə etdiyini bildirmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd sellofan torba elektron tərəzi vasitəsilə ölçülən zaman çəkisi 355 qram təşkil etmişdir. Həmin sellofan torba təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonda təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid2 da Şahid1 Ziyad oğlunun ifadəsinə uyğun ifadə vermiş və onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 03 yanvar 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həmin tarixdə saat 20:45-dən saat 21:20-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə Balakən rayonu Sarıbulaq kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya, predmet olub-olmaması barədə sual verildikdə, sonuncu əynindəki qolsuz, qara rəngli gödəkçənin sol iç tərəfindən 01 ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə baxdıqda spesifik iyli, tünd yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 355 qram təşkil etmişdir.Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini 2021-ci ilin iyul ayında Sarıbulaq kəndində çöllük sahədə tapdığı yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisi ağacının üzərindən yararlı hissələrini yığaraq,öz istifadə üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsindən bir neçə dəfə çəkib istifdadə etdiyini bildirmişdir. Həmin kütlə 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, möhürlənmiş, maddi sübut kimi götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 04 yanvar 2022-ci tarixli, 17/7 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddə .....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 350 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-350,00 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-349,95 qram. Ekspertiza tədqiqatının dəyəri 35,97 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2022-ci il tarixli, 62 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 03 yanvar 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 03 yanvar 2022-ci il tarixdə, saat 20:35-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-da saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 05.01.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AA3070997 90YHMRK nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən və 29.11.2019-cu il tarixdə verilmiş AZ-İV 384727 №-li doğum haqqında şəhadətnamədən görünür ki, 07.11.2015-ci il tarixdə doğulmuş X6 və 29.09.2019-cu il tarixdə doğulmuş X2 olmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 12.01.2022-ci il tarixli, 7 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 21 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 350 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 349,95 qramı maddi sübut kimi tanınaraq, Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski sübut kimi cinayət işində saxlanılmışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, məhkəmə-bioloji ekspertizasının 04 yanvar 2022-ci il tarixli, 17/7 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2022-ci il tarixli, 62 nömrəli rəyini, 03 yanvar 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolu, həmin protokolun videogörüntüləri əks olunmuş 01 ədəd DVD diskini, maddi sübutu, Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 21 yanvar 2022-ci il tarixli qərarını, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Yenə də həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarına görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin İ siyahıda bu miqdar narkotik vasitə qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə qanun normasının tələbinə əsasən himayəsində iki azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması kimi cəzasını yüngülləşdirən hal vardır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağın olması kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 03 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir:158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2022-ci il tarixli, 62 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacının olmadığının və ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X7 Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 350 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 349,95 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 03 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X7 Şəxsinə göndərilsin. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 350 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 349,95 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar