Məhkəmə qərarları › İş №1(019)-28/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-28/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-28/2025 23.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, tərcüməçi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən,İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs, onun müdafiəçisi- Balakən Rayon vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs- 11 aprel 2003-cü il tarixdə Pakistan İslam Respublikasının Pişəvər şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, evli, işsiz, Pakistan İslam Respublikasınının Pişəvər şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə 05 noyabr 2024-cü il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonunun,Qaysa kəndinin ərazisində yerləşən 10-cu sərhəd zastavasının 5-ci sahəsindən piyada hərəkət etməklə,qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmiş,dövlət sərhəd xəttindən 750 metr məsafədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib, “Dayan!” çağırış komandası verilərək, saat 02:40-da saxlanılmışdır. Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özlərinin etirafedici ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,11 aprel 2003-cü ildə Pakistan İslam Respublikasının Pişəvər şəhərində anadan olmuş, orada yaşamışdır. Evlidir, lakin övladı yoxdur. Pakistan İslam Respublikasında iş tapa bilmədiyi üçün 3 iyul 2023-cü il tarixdə qanunla müəyyən edilmiş qaydada təyyarə ilə Tehran-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmiş, bir müddət Bakı şəhərində yaşamış, lakin iş tapa bilmədiyindən Bakı şəhərində tanış olduğu həmyerlisi X4 ilə işləmək məqsədi ilə qanunsuz yolla Gürcüstana getmək qərarına gəlmiş, bundan sonra 27 avqust 2023-cü il tarixdə X4 ilə birlikdə Balakən rayonu ərazisindən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana sərhədi keçmiş, sərhədi keçdikdən sonra Gürcüstanda saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra Gürcüstanda müvəqqəti yaşamaq üçün müraciət etmiş, 1 il müddətinə ona müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Tibilisi şəhərində yaşayaraq bir sıra mehmanxanalarda işləmişdir. Pasportunu itirdiyi üçün və Gürcüstana qanunla müəyyən edilmiş qaydada girişi olmadığından Azərbaycan Respublikasına geri qayıdıb Pakistanın İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edib sənədlərini qaydasına qoymaq qərarına gəlmişdir. Gürcüstanda olan zaman Pakistan İslam Respublikası vətəndaşları olan tanışları Jadoon Mustafa, X7 və Muhammad Tayyab ona zəng etmiş,Azərbaycan Respublikasında olduqlarını demişlər, o da Jadoon Mustafaya, X6 və X3 rayonuna gəlmələrini, özünün də Gürücüstandan Balakən rayonuna gələcəyini demişdir. Jadoon Mustafa, X7 və Muhammad Tayyablə 4 və ya 5 noyabr 2024-cü il tarixdə Balakən rayonunda görüşüb, birlikdə Bakı şəhərinə geri qayıdacaqları ilə bağlı razılaşmışdır. 2 noyabr 2024-cü il tarixdə yaşadığı Tibilisi şəhərindən Laqodexi rayonuna getmiş, 2 gün hazırda adını xatırlamadığı mehmanxanada qalmış, 4 noyabr 2024-cü il tarixdə saat 00:00 radələrində qaldığı mehmanxanadan çıxıb, 27 avqust 2023-cü il tarixdə qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçdiyi əraziyə doğru hərəkət etmişdır. Sərhədi keçmiş, meşəlik ərazidə təxminən 1 saat hərəkət etdikdən sonra hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Əməlindən çox peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Atası ölmüş,bacısı,anası xəstədir. Ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, N nömrəli hərbi hissədə əsgər olaraq xidmət edir. xx.xx.2024-cü il saat 23:00-dan xx.xx.2024-cü il saat 03:00-dək əsgər Şahid2lə birlikdə 10-cu sərhəd zastavasının 5-6-cı sahələrinin “sərhəd gözətçisi” sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətdə olan zaman xx.xx.2024-cü il saat 02:20 radələrində 5-ci sahə istiqamətində Gürcüstan istiqamətindən 1 (bir) nəfər şəxsin hərəkətini müşahidə etmişlər. Sərhəd naryadının başçısı əsgər Şahid2 bu barədə rabitə vasitəsi ilə sərhəd zastavasına məlumat vermiş, həmin şəxsin saxlanılması üçün əlverişli mövqe seçərək ona "Dayan” çağırışını vermişlər. Sərhəd naryadının başçısı əsgər Şahid2 sərhəd pozucusuna yaxınlaşaraq onu saxlamış, təxminən 5 dəqiqədən sonra 10-cu sərhəd zastavasının 5-ci sahəsinə həyəcan qrupu gəlmiş və onu sərhəd zastavasına aparmışlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid- Şahid2 məhkəmə iclasına gəlməmişdir. 2007nömrəli hərbi hissədən bildirilmişdir ki,o,məzuniyyətdədir,odur ki,məhkəmə iclasında iştirak edə bilməyəcəkdir .Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid,ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır.Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli,tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər.Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat,davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə,video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,xx.xx.2024-cü il saat 23:00-dan xx.xx.2024-cü il saat 03:00-dək əsgər Şahid1 ilə birlikdə 10-cu sərhəd zastavasının 5-6-cı sahələrinin “sərhəd gözətçisi” sərhəd naryadı xidmətinə təyin olunmuşdur.Xidmətdə olan zaman xx.xx.2024-cü il saat 02:20 radələrində 5-ci sahə istiqamətində Gürcüstan istiqamətindən 1 (bir) nəfər şəxsin hərəkətini müşahidə etmişlər. Sərhəd naryadının başçısı olaraq o,bu barədə rabitə vasitəsi ilə sərhəd zastavasına məlumat vermiş, həmin şəxsin saxlanılması üçün əlverişli mövqe seçərək ona "Dayan” çağırışını vermişlər.Bundan sonra o,sərhəd pozucusuna yaxınlaşaraq onu saxlamış, təxminən 5 dəqiqədən sonra 10-cu sərhəd zastavasının 5-ci sahəsinə həyəcan qrupu gəlmiş və onu sərhəd zastavasına aparmışlar. İşin 5-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş N nömrəli hərbi hissənin komandiri polkovnik Xalid Əliyevin məktubundan görünür ki, xx.xx.2024-cü il saat 23:00-dan xx.xx.2024-cü il saat 03:00-dək 10-cu sərhəd zastavasının 5-6-cı sahələrinə “sərhəd gözətçisi” sərhəd naryadı xidmətinə təyin olunmuş sərhəd naryadının başçısı əsgər Şahid2 və sərhəd naryadının üzvü əsgər Şahid1 xx.xx.2024-cü il tarixdə saat 02:40-da Gürcüstandan Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz keçən Pakistan İslam Respublikasının vətəndaşı,xx.xx.2003-cü il təvvəlüdlü Təqsirləndirilən şəxs “Dayan” çağırışı verməklə saxlamışlar. İşin 22-24-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 05 noyabr 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Gürcüstandan Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz keçən Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanıldığı ərazi N nömrəli hərbi hissənin Balakən rayonu Qaysa kəndi ərazisində yerləşən 10-cu sərhəd zastavasının 5-ci sahəsi olmaqla dövlət sərhəd xəttindən 750 metrdir. Saxlanılan Təqsirləndirilən şəxs Gürcüstandan dövlət sərhədini qanunsuz olaraq keçərək Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. İşin 141-142-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş İAMAS-dan edilmiş çıxarışdan görünür ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 3 iyul 2023-cü il tarixdə QK2743661 nömrəli pasportla Tehran-Bakı aviareysi ilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gəlsə də, dövlət sərhədindən çıxışı müəyyən edilməmişdir. İşin 219-223-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Tibilisi Şəhər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Gürcüstanın Cinayət Məcəlləsinin 344.2-ci maddəsinin “a” yarımbəndi ilə təqsirli bilinərək CM-nin 55-ci maddəsinə əsasən 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 130-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati qaydada tutma haqqında 05 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2024-cü il tarixdə saat 03:15-də inzibati qaydada tutulmuşdur. İşin 77-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 06 noyabr 2024-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki,Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdə saat 15:35-də Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsində şübhəli şəxs kimi tutulmuşdur. İşin 121-125-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli 4(009)-601/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 noyabr 2024-cü il tarixdən hesablanmışdır. İşin 155-158-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli 4(009)-680/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1(bir) ay, yəni 05 fevral 2025-ci il tarixədək uzadılmışdır. İşin 180-183-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 4(009)-21/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1(bir) ay, yəni 05 mart 2025-ci il tarixədək uzadılmışdır. İşin 205-208-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 4(009)-79/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1(bir) ay, yəni 05 aprel 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3-10/7/2-321/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında tanınması ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsində hər hansı işə baxılması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb,hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirlərini etiraf etmələri iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs-Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 05 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində, bu əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə isə Cinayət Məcəlləsinin 318.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir,təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməl görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını,habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi CM-in 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli, bu cinayət əməlinə görə azadlığının faktiki məhdudlaşdırıldığı 05 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı olmasını,Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki,Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Maisova məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə "xxxx" ASC-in X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 05 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə "xxxx"ASC-in X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar