Məhkəmə qərarları › İş №1(019)-29/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-29/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-29/2025 08.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 00:15 radələrində yaşadıqları evin içərisində aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs belinə, ayaqlarına yumruq və təpiklə qəsdən bir neçə dəfə vuraraq sonuncunun sol kürək altında belinin sol yuxarı hissəsində böyük ölçülü şişkinliyi tam sorulmamış, az hemotoması qalmış əllədikdə ağrı verən qan yığımı, sağ baldırın yuxarı 1/3-də ön səthində və sağ baldırın aşağı 1/3-nin ön səthində qançırlar xəsarəti alması ilə nəticələnən, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulması məhkəmənin hazırlıq iclası zamanı aşkar edilməmişdir. Yekun protokolun prosessual formasına riayət edilmişdir. Məhkəməyədək icraat hüquqi pozuntulara yol verilmədən aparılmışdır. İş üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını göstərərək iş üzrə icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə hazırlıq mərhələsində xitam verilməlidir. Belə ki, iş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73- 2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə işin hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs və zərərçəkmiş şəxsin barışmalarını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, onların işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 299-300, 305 və 383-384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar