Məhkəmə qərarları › İş №1(019)-3/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-3/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-3/2025 18.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş “X5” MMC-nin nümayəndəsi- Nümayəndə2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakları ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasına dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X5” MMC xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 CM-nin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ən ağır həddə cəza təyin edilməsi barədə hökm qəbul edilməsini xahiş etmişdir. “X5” MMC-nin direktoru Nümayəndə1 vəsatətlə Balakən Rayon Məhkəməsinə müraciət edərək, yeni hazırlıq iclasında şikayətlərinin icraata qəbul edilib-edilməməsi məsələsi müzakirə olunarkən zərərçəkən olduğu üçün şikayətə qoşularaq xüsusi ittihamçı kimi tanınmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında “X5” MMC-nin nümayəndəsi xüsusi ittiham qaydasında verilmiş şikayətin Nümayəndə1 aid hissədə ayrılaraq icraata götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında X3 xüsusi ittiham qaydasında verilən şikayətin icraata götürülməsindən imtina olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(019)- 3/2025 nömrəli hökmündən görünür ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 1200 manat miqdarında cərimə cəzasına, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 1200 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X2 qəti olaraq 1500 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(107)-132/2025 nömrəli qərarından görünür ki, apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli 1(019)-86/2024 saylı hazırlıq iclasının qərarı və 15 yanvar 2025-ci il tarixli 1(019)-3/2025 saylı hökmü ləğv edilmiş və xüsusi ittiham qaydasında şikayət üzrə materiallar həmin məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılmışdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.1.3-cü maddəsinə əsasən cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs — xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. 302.1.2-ci maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014 cü il tarixli 3 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olar şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə təqsirləndirilən şəxs qismində tanınırlar. Zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda və ya fəaliyyət qabiliyyətli olmadıqda xüsusi ittihamçı qismində həmin şəxsin adından xüsusi ittiham qaydasında məhkəməyə şikayət vermiş onun qanuni nümayəndəsi tanınır. “X5” MMC-nin şikayətində qeyd edilmişdir ki, X3 “Azad Media “kanalının youtube platformasında "xxxx" MMC-nin ailəsinə qarşı təzyiq göstərməsi, atasının ölümünə səbəb olmaları, onun, ailəsinin qardaşının qabağını kəsmələri, ona ailəsinə təzyiq göstərmələri, “WhatsApp” vasitəsi ilə qardaşına davamlı zənglər etməli anasının iş yerinə adamlar göndərmələri, yolunu kəsib onlardan əl çəkməsini tələb etmələri, ölkədə “rekertlik etdiklərini, həmçinin xx.xx.2024-cü il tarixdə “Azad Media TV” kanalının youtube platformasında Nümayəndə1 barəsində “yoxdur onun kişiliyi yoxdur, gəlsin mənim qarşıma çıxsın”, “ölsün, boyunu yerə soxsun” kimi ifadələr işlətməklə CM-in 147.1 və 148ci maddələrində göstərilmiş böhtan və təhqir cinayət əməllərini törətmişdir. Göründüyü kimi şikayətdə həm “X5” MMC-yə, həm də “X5” MMC-nin direktoru Nümayəndə1 qarşı CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törədildiyi nəzərdə tutulsa da, xüsusi ittihamçı qismində yalnız “X5" MMC müəyyən edilmiş, Nümayəndə1 isə xüsusi ittihamçı qismində şikayət verməmiş, həmin qisimdə tanınmamışdır. Halbuki CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin bilavasitə obyekti şəxsin şərəf, ləyaqəti və ya nüfuzu, həmin Məcəllənin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin bilavasitə obyekti isə şəxsin şərəf və ləyaqətidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “X5” MMC iş üzrə xüsusi ittihamçı qismində tanına bilməz. CM-nin 147 və 148-ci maddələri üzrə zərərçəkmiş şəxs dedikdə fiziki şəxslər anlaşılır və həmin işlər üzrə xüsusi ittihamçı qismində yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxslər tanınırlar. Bundan başqa “X5” MMC-nin direktoru Nümayəndə1 xüsusi ittihamçı qismində tanınması ilə bağlı vəsatəti ilə əlaqədar məhkəmə qeyd edir ki, o, Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmiş şikayət verməlidir. Bundan sonra xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanına bilər. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X1 CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasına dair “X5” MMC tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 300.1.3, 302 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasına dair “X5” MMC-nin xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar