Məhkəmə qərarları › İş №1(019)-30/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-30/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-30/2022 23.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx xxxx 1982-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan , işləməyən, ünvan 1ində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında yaşadığı ünvan 1inin çöl sahəsində heyvan otaran zaman aşkar etdiyi yabanı halda bitmiş 01 ədəd çətənə (kannabis) bitkisinin hissələrini yığıb qurudaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan torbada təmiz çəkisi 196,31 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib öz istifadəsi məqsədi ilə üzərində daşıyaraq əvvəlcə aparıb yaşadığı ünvanda yerləşən tövlədə saxlamış, daha sonra 02 yanvar 2022-ci il tarixdə səhər saatlarında həmin marixuananı öz istifadəsi məqsədi ilə başqa bir yerdə gizlədib saxlamaq üçün əynindəki qış gödəkcəsinin sol iç tərəfində daşıyaraq üzərində saxlamışdır. 02 yanvar 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs RPŞ-nə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra saat 12:05-dən saat 12:40-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı 01 ədəd sellofan torbadakı təmiz çəkisi 196,31 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qış gödəkçəsinin sol iç tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda ünvan 1ində ailə üzvləri ilə birlikdə yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. 2021-ci ilin sentyabr ayında yaşadığı ünvan 1inin çöl sahəsində heyvan otaran zaman orada 01 ədəd yabanı halda bitmiş çətənə bitkisinin olduğunu görmüş və həmin çətənə bitkisinin üzərindən yararlı hissələrini özü istifadə etmək məqsədi ilə cibinə yığıb yaşadığı evə gətirmişdir. Daha sonra həmin narkotik vasitəni evdən götürdüyü sellofan torbanın içərisinə yığıb həyətdəki tövlənin içərisində gizlədib saxlamışdır. Narkotik vasitə orada tam qurumuşdur. Hazırda narkotik vasitədən istifadə etmir, lakin həmin narkotik vasitəni gələcəkdə özü istifadə etmək üçün saxlamışdır. 02 yanvar 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olan zaman həmin narkotik vasitəni ailə üzvlərindən kiminsə görəcəyini düşünmüş və həmin narkotik vasitəni çöl sahəsinə aparıb gizlətmək qərarına gəlmişdir. Buna görə həmin sellofan torbanı gizlətdiyi yerdən götürüb əynindəki qış gödəkçəsinin sol iç tərəfinə qoymuş və çöl sahəsinə getmək üçün evdən çıxmışdır. Yaşadığı Şambul kəndinin ərazisində olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞ-nə dəvət etmişlər.O da polis əməkdaşları ilə razılaşaraq Polis Şöbəsinə getmişdir. Orada xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən əvvəlcə şübhəli şəxs kimi saxlanılmış, daha sonra vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 RPŞ-nə dəvət olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində hər hansı qanunsuz əşya olubolmaması barədə sual verilmişdir. Bundan sonra o, əynindəki qış gödəkçəsinin sol iç tərəfində saxladığı 01 ədəd sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 01 ədəd sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və sellofan torba ilə birlikdə marixuananın ümumi çəkisi 205 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin məhkəmə-bioloji ekspertizasının 03 yanvar 2022-ci il tarixli 17/3 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 196,31 qramdır.O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmiş və ya satmamışdır.Əməlindən peşimandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru rütbəsini daşıyır. 02 yanvar 2022-ci il tarixdə ünvan 1 sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə səhər saatlarında yaşadığı ünvan 1inin ərazisində tərəflərindən saxlanılaraq RPŞ-nə dəvət olunmuşdur. RPŞ-də Təqsirləndirilən şəxs əvvəlcə təhqiqatçı Vasif Əliyev tərəfindən şübhəli şəxs qismində saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 Polis Şöbəsinə dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Dəvət olunmuş Müdafiəçi1 və polis əməkdaşlarının iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin iç sol tərəfində saxladığı 01 ədəd sellofan torbanı çıxarıb masanın üzərinə qoyaraq həmin sellofan torbanın içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 2021-ci ilin sentyabr ayında heyvan otaran zaman ünvan 1inin çöl sahəsində yabanı halda bitmiş çətənə bitkisinin üzərindən yığdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin sellofan torba açılan zaman içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Aşkar edilmiş 01 ədəd sellofan torba elektron tərəzi vasitəsi ilə ölçülən zaman çəkisi 205 qram təşkil etmişdir. Həmin sellofan torba təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonda təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-ın manqa komandiri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək ifadəsində sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşin 22-25-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 02 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həmin tarixdə saat 12:05-dən saat 12:40-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə ünvan 1ində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya, predmet olub-olmaması barədə sual verildikdə, sonuncu əynindəki qış gödəkçəsinin sol iç tərəfindən 01 ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə baxıldıqda spesifik iyli, tünd yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 205 qram təşkil etmişdir. Həmin kütlə 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, möhürlənmiş, maddi sübut kimi götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Videogörüntünün əks olduğu diskə məhkəmə iclasında baxılmış, protokolda göstərilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 32-34-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 03 yanvar 2022-ci tarixli 17/3 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 196,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin 99-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 19 yanvar 2022-ci il tarixli 76 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 02 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 02 yanvar 2022-ci ildə saat 11:45-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 68-70-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin 04 yanvar 2022-ci il tarixli 4(019)-2/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş ,o, 04 yanvar 2022-ci il tarixdə saat 12:50-də məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İşin 91-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 85-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Şambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli 14 nömrəli arayışdan görünür ki, Omarov X3 rayonu Şambul kəndi ünvanında yaşayır. Himayəsində işləməyən arvadı, 2010-cu il təvəllüdlü Əminə və 2012-ci il təvəllüdlü Əli adında iki uşağı vardır. İşin 86-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Şambul inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib,bu sübutları tam,hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Nizaməddin oğlunun himayəsində iki azyaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən haldır,onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların olmamasını,habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu cinayəti törətmiş bir şəxsin azadlıqda qalmasının cəmiyyətdə mənfi emosiyalar doğura biləcəyini, digər şəxslərin də bu cinayətə meyllənəcəyinə səbəb olacağını, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik ) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan,Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sellofan torbada təmiz çəkisi 196,31 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 196,26 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 02 yanvar 2022-ci il tarixdən 04 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 11(on bir ) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 34.55 (otuz dörd manat 55 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sellofan torbada təmiz çəkisi 196,31 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0.05 qram miqdarı nəzərə alınmaqla,qalıq təmiz çəkisi 196,26 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar