Məhkəmə qərarları › İş №1(019)-30/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-30/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-30/2024 17.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1999-cu ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə günorta vaxtı Balakən rayonu Tülü kəndi ərazisində yol kənarında yerdən bir ədəd sellofan büküm taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 14,16 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib, həmin narkotik vasitəni əynindəki qış gödəkçəsinin sağ yan cibinə qoymaqla daşıyaraq, şəxsi istehlakı məqsədi ilə üzərində saxlamışdır.30 yanvar 2024-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Omarov X6 RPŞ-nə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 03:50-dən 04:25-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı, 01 ədəd sellofan bükümün içərisində olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 14,16 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatdadır, faktiki olaraq ünvan 4i ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə günorta radələrində Balakən rayonu Tülü kəndində piyada gedərkən yol kənarında yerdən bir ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana tapmışdır. Həmin qurudulmuş marixuananı əynindəki gödəkçənin cibinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır və saxladığı narkotik vasitənin üzərindən həmin gün bir dəfə götürərək istifadə etmişdir. Tapdığı narkotik vasitənin üzərindən götürüb istifadə etdikdən sonra qalan hissəsini əynindəki gödəkçənin sağ yan cibinə qoyaraq sonradan istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Narkotik vasitəni tapdığını və üzərində saxladığını heç kimə bildirməmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində Balakən şəhəri H.Əliyev prospekti ilə piyada gedərkən əvvəldən tanıdığı, mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək şəxsi axtarış aparılması üçün onu Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının dəvəti ilə razılaşaraq onlarla birlikdə Balakən rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində təhqiqatçı Vasif Əliyev tərəfindən ona şübhəli şəxs kimi tutulmağı barədə qərar elan edilmişdir, qərarla və hüquq və vəzifələri ilə tanış olmuşdur, hüquq və vəzifələri barədə bildiriş ona təqdim edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Balakən rayon Vəkil Bürosunun vəkillərinin adları qeyd edilmiş siyahı ona təqdim edilmişdir və həmin siyahıdan vəkil seçmək təklif edilmişdir. Ona təqdim edilmiş vəkil siyahısından dövlət hesabına hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir və bu barədə Balakən RPŞ-nin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Hüquqlarını dövlət hesabına müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi rayon polis şöbəsinə dəvət edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulmağı barədə onun və vəkil Müdafiəçi iştirakı ilə protokol tərtib edilmişdir,hər ikisi tərəfindən protokol imzalanmışdır və şübhəli şəxs qismində tutulmağı barədə zəng edərək şəxsən anasına məlumat vermişdir. Balakən RPŞ-də ona təqdim edilmiş vəkillər siyahısından dövlət hesabına hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona bir daha hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış başlayanda təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə olub-olmaması barədə sual verildikdə əynindəki qış gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan narkotik vasitə- qurudulmuş marixuananı çıxardıb təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq təqdim etdiyi sellofan bükümdəki kütlənin marixuana olduğunu,narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkarlanmış narkotik vasitəni Tülü kəndində yol kənarından tapdığını və tapdığı narkotik vasitənin üzərindən bir dəfə götürüb istifadə etdiyini bildirmişdir.Təqdim etdiyi narkotik vasitə üzərindəki sellofan büküm ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən çəkisi 15,63 qram təşkil etmişdir. Həmin narkotik vasitə-qurudulmuş marixuana sellofan büküm ilə birlikdə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmışdır,zərfin ağzı bağlanaraq möhürlənmişdir və zərfin üzəri onun tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılan zaman başqa heç bir qanunsuz əşya, vasitə və ya predmet aşkarlanmamışdır. Şəxsi axtarış polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır.Şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmişdir,ucadan oxunmuşdur, onun tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə AR ƏN MEM X7 tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki,şəxsi axtarış zamanı üzərindən bir ədəd sellofan bükümdə aşkarlanmış kütlə təmiz çəkisi 14,16 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan, lakin faktiki olaraq Balakən şəhəri Əziz Əliyev küçəsi ev-3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Balakən RPŞ-nin CAB-na məlumatın daxil olmasını RPŞ rəhbərliyinə məruzə edərək bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs ətrafında müvafiq tədbirlərin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. 30 yanvar 2024-cü il tarixdə gecə saat 02:40 radələrində Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birgə keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olan Omarov X6 şəhəri Heydər Əliyev prospektində aşkarlanmışdır.Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün onların tərəfindən Balakən RPŞ-yə dəvət edilmişdir və Təqsirləndirilən şəxs təklifi qəbul edərək RPŞ-nin inzibati binasına gəlmişdir. xx.xx.2024-cü il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində həmin gecə saat 04 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Yüzbaşiyev Vasif Cavanşir oğlu da iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı başqa bir əşyanın olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd sellofan bükümdə marixuana olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu, həmin narkotik vasitəni iki gün əvvəl Tülü yolundan tapdığını, tapdığı həmin narkotik vasitənin üzərindən götürüb bir dəfə istifadə etdiyini, narkotik vasitə tapması barədə heç kimə bildirmədiyini, narkotik vasitəni satmaq məqsədinin olmadığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, ona qarşı Balakən RPŞ-də psixi və ya fiziki təsir göstərilmədiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm açıldıqda həmin bükümün içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkarlanmışdır. Həmin kütlə üzərindəki sellofanla birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 15,63 qram təşkil etmişdir. Aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə üzərindəki sellofan ilə birlikdə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 iə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İşin 27-30-cu vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2024-cü il tarixdə saat 03:50-dan 04:25dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış ünvan 3 ünvanında qeydiyyatda olmaqla Balakən şəhəri Əziz Əliyev küçəsi ev 3-də yaşayan Təqsirləndirilən şəxs üzərində aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs onun Balakən Rayon Vəkillər Bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun hüquq və vəzifələri elan edilərək şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilmiş vasitə, kütlə olub-olmadığını soruşduqda sonuncu əynindəki gödəkçənin sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü təqdim etmişdir və həmin bükümün içərisindəki kütlənin marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm içərisindəki narkotik vasitə -qurudulmuş marixuanaya oxşar kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 15,63 qram təşkil etmişdir. Həmin bir ədəd büküm zərfdə qablaşdırılmışdır,zərfin üzəri möhürlənərək imzalanmışdır.Şəxsi axtarış zaman Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütləni hardan əldə etdiyini soruşduqda, sonuncu həmin kütləni iki gün əvvəl Balakən rayonu Tülü kəndində yolda tapdığını, həmin kütləni istifadə etmək məqsədilə üzərində saxladığını və tapdıqdan sonra bir dəfə istifadə etdiyini, həmin kütlənin onda olmasını heç kimin bilmədiyini qeyd etmişdir.Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunla qadağan edilən kütlə, vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı vəkil Müdafiəçi Təqsirləndirilən şəxs ona qarşı Balakən RPŞ-də hər hansı fiziki və ya psixi təsirin göstərilib-göstərilmədiyini soruşduqda,sonuncu belə bir halın olmadığını bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Yüzbaşiyev Vasif Cavanşir oğlu tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuşdur,əlavə hər hansı şikayət və ya vəsatət daxil olmamışdır, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 41-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə X3 Regional Bölməsinin 30 yanvar 2024-cü il tarixli 3-16-16- 2-17/109 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə...’’ sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 14,16 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi-0,05 qr, qalıq 14,11 qr. İşin 85-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının 10 fevral 2024-cü il tarixli 201 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 03:20-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 66-67,68 vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 31 yanvar 2024-cü il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə saat 18:30-da Balakən Rayon PŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 88-ci vərəqələində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 81-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli 226 nömrəli arayışdan görünür ki, Omarov X6 şəhəri, M.Maqomayev küçəsi dalan 3, ev 3 qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşayır. Himayəsində işləməyən anası və bacısı vardır. İşin 83-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in şəhər inzibati ərazi dairəsi tərəfindən 09 fevral 2024-cü il tarixdə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsinin 4454 nömrəli 28 iyun 2024-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur.Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2024-cü il tarixli 201 nömrəli rəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsinin 4454 nömrəli 28 iyun 2024-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi arasında ziddiyyət olmasını, Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsinin 4454 nömrəli 28 iyun 2024-cü il tarixli rəyinin daha sonra verilməsini,Respublika üzrə ixtisaslaşmış tibb müəssisəsi tərəfindən verilməsini nəzərə alaraq məhkəmə Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2024-cü il tarixli 201 nömrəli rəyini sübut kimi qəbul etmir,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsinin 4454 nömrəli 28 iyun 2024-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur.Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib,bu sübutları tam,hərtərəfli və obyektiv yoxlayıb,hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir,təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar,təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını,cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını,hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 30 yanvar 2024-cü il və 31 yanvar 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı,onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat 97 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ekspert rəyindən sonra təmiz çəkisi 14,11 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili– Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 08 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 30 yanvar 2024-cü il və 31 yanvar 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini- Balakən şəhəri Əziz Əliyev küçəsi ev-3 ünvanını gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 35.97 (otuz beş manat 97 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************,X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ekspert rəyindən sonra təmiz çəkisi 14.11 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar