Məhkəmə qərarları › İş №1(019)-32/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-32/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-32/2021 26.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.1964-cü ildə Balakən rayonu, Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Balakən şəhəri Z.Əliyeva 39 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 23 noyabr 2020-ci il tarixdə saat 18 radələrində, yaşadığı Balakən şəhəri Z.Əliyeva küçəsi ilə yolla piyada getdiyi zaman həmin yolda, yerdən bir ədəd siqaret qutusunun içərisində, bir ədəd kağız bükümdə təmiz çəkisi 0,203 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini taparaq, satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq əldə edib, daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 23 yanvar 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərində saat 16 radələrində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ iç cibindən həmin təmiz çəkisi 0,203 qram çəkidə narkotik vasitə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanında bacısı X5, mərhum qardaşının həyat yoldaşı X6, qardaşının uşaqları X3, X7 ilə birlikdə yaşayır. Təxminən 30 ildir narkotik vasitələrdən istifadə edir. 23 noyabr 2020-ci ildə Balakən şəhəri, Zərifə Əliyeva küçəsində piyada şəkildə gəzdiyi zaman yerdə siqaret qutusu tapmış, içərisində siqaret və 1 ədəd “set” kimi bildiyi kağız bükümdə “kokos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədilə götürərək üzərində saxlamışdır. 23.01.2021-ci il tarixdə həmin narkotikdən istifadə etmək qərarına gəlmiş, narkotik vasitəni dərman şüşəsinə töküb üzərinə az miqdarda su əlavə edərək əynində olan gödəkçənin sağ iç cibinə qoymuş, daha sonra küçəyə çıxmışdır. Bir qədər küçədə gəzdikdən sonra Balakən şəhəri Zərifə Əliyeva küçəsi ilə piyada halda heroini istifadə etmək üçün evə qayıtdığı vaxt polis əməkdaşları ona yaxınlaşmış, ona üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirmişlər. O cibində “kokos” adlandırdığı narkotik vasitə olduğunu etiraf etmişdir. Polis əməkdaşları onu Balakən rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının tələbi ilə onlarla birlikdə Balakən rayon polis şöbəsinə gəlmiş, polis şöbəsində ona təqdim edilmiş vəkillərin adlı siyahısından dövlət hesabına müdafiəçi olaraq seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində hər hansı bir qadağan edilmiş əşya və yaxud narkotik vasitə olubolmaması barədə sual verildiyi zaman əynində olan gödəkçənin sağ iç cibində gizlətdiyi şüşədə olan narkotiki təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin şüşənin içərisinə baxılmış, elektron tərəzidə çəkilərkən narkotik vasitənin şüşə ilə birlikdə çəkisinin 12.71 qram olduğu məlum olmuşdur. Narkotik vasitə 1 ədəd kağız zərfə qoyularaq üzəri möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarış davam etdirilərkən əlavə hər hansı qanunsuz olaraq saxlanılan əşya aşkar edilməmişdir. Ekspert rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, yoldan taparaq üzərində saxladığı heroinin təmiz çəkisinin 0,203 qramdır. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 göstərdi ki, 23 yanvar 2021-ci il tarixdə Balakən rayon polis şöbəsinin post patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Şahid2 raportla Balakən rayon polis şöbəsinin rəhbərliyinə müraciət edərək Balakən şəhəri Z.Əliyeva 39 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişdir. Şahid2 raportla müraciəti əsasında Balakən rayon polis şöbəsinin rəhbərliyinin müvafiq göstərişinə əsasən o və Şahid2 tərəfindən Umaxanov X1 şəhəri ərazisində saxlanılmış, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olması bildirilmiş, o üzərində heroin olduğunu etiraf etmiş, Təqsirləndirilən şəxs Balakən rayon polis şöbəsinə dəvət edilmişdir. 23 yanvar 2021-ci ildə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, saat 16 radələrində polis şöbəsində Təqsirləndirilən şəxs vəkillərin adlı siyahısından dövlət hesabına seçmiş olduğu vəkil Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, polis serjantı Arif Ağcayev tərəfindən “Sony” markalı videokamera ilə fasiləsiz videoçəkiliş də aparılmaqla şəxsi axtarış prosesi qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən təhqiqatçı İsa Yolçuyev tərəfindən onun üzərində narkotik vasitə yaxud qadağan olunmuş əşya olub-olmaması barədə sual verərək əgər narkotik vasitə yaxud qadağan edilmiş əşya vardırsa təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ iç cibindən 01 ədəd kiçik süşəni çıxarıb stolun üstünə qoymuş, həmin şüşə qabın içərisində narkotik vasitə “kakos”olduğunu, həmin narkotik vasitəni tapdığını, lakin haradan və nə zaman tapmasının yadında olmadığını, narkotik vasitəni süşə qaba qoyaraq istifadə etmək üçün su ilə qarışırdıraraq öz istifadəsi üçün saxladığını, narkotik istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şüşənin içərisindəki hissəciklər narkotik vasitə heroinə oxşar olmuş, kütlə şüşə qabla birlikdə elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 12,71 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə oxşar kütlə şüşə qabla birlikdə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq hər hansı qadağan edilmiş əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon polis şöbəsinin post patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Şahid2 Şahid1 oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşin 17-19-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə 23 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçinin iştirakı ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, üzərində narkotik vasitə vardırsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ iç cibindən 1 ədəd kiçik şüşə qabı çıxarıb stolun üstünə qoyaraq təqdim etmiş, təqdim edilmiş şüşənin içərisində olan narkotik vasitə olan heroinə oxşar kütlə elektron tərəzidə şüşə ilə birlikdə çəkilərkən çəkisi 12,71 qram təşkil etmişdir. Axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində başqa narkotik vasitə, psixotrop maddə və qadağan edilmiş əşya aşkar olunmamışdır. Həmin şüşə qabın içərisində olan kütlə bir ədəd ağ rəngli zərfə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış videokamera vasitəsi ilə (Sony markalı) aparılmış həmin videogörüntünün əks olunduğu 1 ədəd CD disk protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, hər hansı əlavə şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 82-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Gəncə Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji dispanserinin 08 aprel 2021-ci il tarixli 353 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 29-30-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X13 Bölməsinin 24 yanvar 2021-ci tarixli, 17/64 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şüşədə.” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd kiçik şüşə qabda, təmiz çəkisi 0,203 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İşin 12-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 23 yanvar 2021-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 23 yanvar 2021-ci ildə saat 15:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 55-56-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən 25 yanvar 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmış və qərar icra edilməsi üçün surəti Balakən RPŞnə göndərilmişdir. İşin 72-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 09.03.2021-ci il tarixli 547nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Abdulsəməd oğlu Balakən şəhəri Z.Əliyeva küçəsi 39 nömrəli evdə yaşayır, himayəsində işləməyən arvadı və qızı vardır. İşin 71-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 68-70-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 16.05.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31.05.2002-ci ildə vaxtından əvvəl şərti azad olunmuş, Balakən Rayon Məhkəməsinin 01.08.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 05.11.2005-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluqları ödənmişdir. Məhkəmə iş üzrə şahidlər-Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsini, CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 23 yanvar 2021-ci il tarixdən 25 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 71.94 (yetmiş bir manat 94 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,203 qram çəkidə və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 0,153 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Abdulsəməd oğlunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 23 yanvar 2021-ci il tarixdən 25 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilsin. 71.94 (yetmiş bir manat 94 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən rayon polis şöbəsində saxlanılan ekspert rəyindən sonra təmiz çəkisi 0.153 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd CD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar