Məhkəmə qərarları › İş №1(019)-32/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-32/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-32/2024 02.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1990-cı il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, X7 fəhlə işləyən, məhkum olunmuş-Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzadan şərti olaraq 04 ay 13 gün vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 04 yanvar 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 02 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Balakən şəhəri Aydın Məmmədov küçəsindəki kolluq sahənin yaxınlığında yolun kənarında yerdən tapıb qanunsuz olaraq, satış məqsədi olmadan, xeyli miqdarda-8,74 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq daşımış, Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 02 yanvar 2024-cü il tarixdə saat 16:21 radələrində Balakən şəhəri Aydın Məmmədov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Balakən rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən həmin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana bir ədəd şəffaf sellofan bükümdə olmaqla əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadə vermək istəmədiyini, lakin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, cinayət prosesi iştirakçılarınıni suallarına cavabında isə narkotik vasitəni yerdən tapdığını, bir-iki dəfə istifadə etdiyini, 02 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını, Balakən RPŞ-də ona qarşı fiziki və psixi təsirin göstərilmədiyini, X7 fəhlə işlədiyini, himayəsində bir azyaşlı uşağın olduğunu, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkdiyini bildirmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Əvvəllər iki dəfə məhkum olunmuş, sonuncu dəfə Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 04 ay 13 gün vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. Əvvəllər hər hansı psixi xəstəliklər keçirməmişdir. Məhkum olunduqdan sonra narkotik vasitələrdən istifadə etməsə də, təxminən 15-20 gündür ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 02 yanvar 2024-cü il tarixdə saat təxminən 13 radələrində Balakən şəhəri A.Məmmədov küçəsində olduğu zaman yaşadığı evə yaxın ərazidə yerləşən kolluq sahənin yanında yolun kənarında bir ədəd sellofan büküm olduğunu görmüşdür. O, həmin sellofan bükümə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. O, narkotik vasitə istifadə etdiyi üçün həmin sellofan bükümü götürüb üzərində saxlamış və bir dəfə həmin narkotik vasitədən istifadə etmişdir. Həmin narkotik vasitənin geri qalan hissəsini sellofan bükümdə əynindəki qara rəngli idman şalvarın sağ yan cibində saxlamışdır. 02 yanvar 2024-cü il tarixdə saat təxminən 16:21 radələrində yaşadığı Balakən şəhəri A.Məmmədov küçəsində olduğu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək, onu Balakən RPŞ-yə dəvət etmişlər. O, da polis əməkdaşları ilə razılaşaraq Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən ona şübhəli şəxs qismində tutulması barədə qərar elan edilmiş, qərarla və hüquq və vəzifələri ilə tanış olmuş, hüquq və vəzifələrinə dair bildirişin surəti ona verilmişdir. Bundan sonra Balakən rayon Vəkillər Bürosunun siyahısı ona təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından hüquqlarını dövlət hesabına müdafiə etməsi məqsədi ilə seçdiyi Müdafiəçi1 rayon polis şöbəsinə dəvət olunmuş və bundan sonra şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində fasiləsiz videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmazadan əvvəl bir daha təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri ucadan oxunub izah edilmişdir. Sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı, sellofan bükümdə olan narkotik vasitə marixuananı çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılmış, ona həmin bükümün içərisində nə olması barədə sual verilmiş, o da sellofan bükümün içərisindəkinin nəşə, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra təqdim etdiyi sellofan büküm içərisindəki narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 9,39 qram təşkil etmişdir. Həmin sellofan büküm içərisindəki narkotik vasitə ilə birlikdə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə bioloji ekspertizasının 03 yanvar 2024-cü il tarixli 17/9 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş, yəni sellofan bükümün içərisində olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 8,74 qramdır. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmiş və ya satmamışdır. O, hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır. Üzərində narkotik vasitə qurudulmuş marixuana daşıyıb saxlamasından heç kimin məlumatı olmamışdır. O, xx.xx.2023-cü il tarixdə saat təxminən 16:21 radələrində polis əməkdaşları tərəfindən yaşadığı Balakən şəhəri A.Məmmədov küçəsində saxlanılmışdır. Onu saxalayaraq polis şöbəsinə gətirmiş polis əməkdaşlarını əvvəllər tanımamış və onlarla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ətrafda bildiyi qədəri ilə heç kim olmamış və saxlanılmasını heç kim görməmişdir. O, narkotik vasitəni tapdığı yeri göstərə bilər. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ittiham və müdafiə tərəfinin razılığı ilə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid2 Qabil oğlu ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı rütbəsini daşıyır. 02 yanvar 2024-cü il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olması barədə məlumat daxil olmuşdur. Daha sonra daxil olmuş məlumat tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması, yəni Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə keçirilən müvafiq tədbirlər zamanı həmin tarixdə saat təxminən 16:21 radələrində Təqsirləndirilən şəxs yaşadığı Balakən şəhəri A.Məmmədov küçəsində saxlanılmış və üzərində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olması barədə ona bildirilib dəvət olunaraq Balakən RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Polis Şöbəsinə gəldikdən sonra əvvəlcə Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Vasif Əliyev tərəfindən şübhəli şəxs kimi saxlanılmış, ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi1 PŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri ucadan oxunmuş, bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Vasif Əliyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmişdir. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm təhqiqatçı Vasif Əliyev tərəfindən açılan zaman içərisində spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu aşkar edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 9,39 qram təşkil etmişdir. Həmin büküm təhqiqatçı Vasif Əliyev tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən Şahid2 Qabil oğlu ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumat əsasında saat 16:21-də Balakən şəhəri A.Məmmədov küçəsində saxlanılaraq Balakən RPŞ-nə gətirimiş, onun üzərində şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri elan edilərək şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilmiş vasitə, kütlə olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü təqdim etmiş və həmin bükümün içərisindəki kütlənin nəşə olduğunu demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm içərisindəki qurudulmuş marixuanaya oxşar kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 9,39 qram təşkil etmişdir. Həmin 1 ədəd sellofan büküm 1 ədəd zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunla qadağan edilmiş vasitə, kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs ona qarşı Balakən RPŞ-də hər hansı fiziki və ya psixi təsir göstərilib-göstərilmədiyi soruşduqda, o, belə bir halın olmadığını bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru, X8 tərəfindən videokamera vasitəsilə qeydə alınmış və həmin videogörüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və ya vəsatət daxil olmamışdır. Tərtib olunmuş protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diskinə baxış keçirilmiş və həmin diskdəki videogörüntülərin 02 yanvar 2024-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda qeyd olunanlarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 03 yanvar 2024-cü il tarixli, 17/9 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlənin olduğu...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 8,74 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi- 8,74 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-8,69 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2024-cü il tarixli 127 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdə saat 16.21-də şübhəli şəxs qismində tutulmuş, 04 yanvar 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, 04 yanvar 2024-cü il tarixdə saat 16.21-də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2024-cü il tarixli 5 saylı arayışdan, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından və ümumən iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli qərarı ilə cəzadan şərti olaraq 4 (dörd) ay 13 (on üç) gün vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında 28 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş təmiz çəkisi 8,74 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 8,69 qramı maddi sübut kimi tanınaraq saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. İş materiallarından həmçinin görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X3 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. Məhkəmə, iş üzrə şahidlərin ifadələrini, 02 yanvar 2024-cü il tarixli Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış protokolunu, həmin şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diskini, maddi sübutu, məhkəmə-bioloji ekspertizasının 03 yanvar 2024-cü il tarixli 17/9 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2024-cü il tarixli 127 nömrəli rəyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2024-cü il tarixli 5 saylı arayışı, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünü, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını, Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında 28 fevral 2024-cü il tarixli qərarını, ibtidai istintaq orqanının və məhkəmənin prosessual hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, daşıma, saxlama cinayət əməlini törətmişdir. Satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Yenə də həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarına görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, işin faktoloji hallarına və qanun normalarının tələbinə əsasən himayəsində bir azyaşlı uşağın olmasını və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 04 ay 13 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəticəsində yaranmış məhkumluq müddəti ödənilmədən və ya götürülmədən yenidən qəsdən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Bu da qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. İşin faktiki hallarına və qanun normasının tələbinə əsasən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.2-c maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində bir azyaşlı uşağın olması və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cinayətin residivi kimi cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 02 yanvar 2024-cü il tarixdən 04 yanvar 2024-cü il tarixədək tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun cəza çəkməsinin əvvəli hazırki hökmün çıxarıldığı 02 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət... Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, əməli cinayətin residivini yaratdığı və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2024-cü il tarixli 127 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə hallarının olduğunun, onun narkomaniya xəstəliyindən əzab çəkmədiyinin,narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X2 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 34,55 (otuz dörd manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş təmiz çəkisi 8,74 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 8,69 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 02 yanvar 2024-cü il tarixdən 04 yanvar 2024-cü il tarixədək tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli hazırki hökmün çıxarıldığı 02 aprel 2024-cü il tarixdən hesablansın; Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin; Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın; onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən Rayon X2 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 34,55 (otuz dörd manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş təmiz çəkisi 8,74 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 8,69 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar