Məhkəmə qərarları › İş №1(019)-33/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-33/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-33/2023 24.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1985-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və Balakən rayonu Hənifə İƏD-nin Gülzanbinə kəndində daimi yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 263.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Belə ki, o, 05 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Balakən rayonu Hənifə kəndinin Məlikzadə yaşayış məntəqəsinin ərazisində asfalt örtüklü yolda idarə etdiyi VAZ 21070 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsi istiqamətinə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətlə idarə etməli olduğu halda, bunları etmədən avtomobili yaşayış məntəqəsində 67 km/saat sürətlə idarə edərək hərəkətdə olduğu asfalt yolun sağ kənarından qaçaraq yola daxil olmuş xx.xx.2018-ci il təvəllüdlü piyada Şahid2 Asif qızını idarə etdiyi avtomobilin ön orta hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Şahid2 Asif qızına ağır qapalı kəllə-beyin travması, sol yuxarı gicgahda şişkinlik-sıyrıq, başın yumşaq toxumalarında dəri altında qansızmalar, baş beynin sərt və yumşaq qişalarda qansızma, kəllə əsasında sınıq, sifətin sol hissəsində sıyrıq, sağ yuxarı döş qəfəsində qançır, sağ bazunun bayır səthində, sağ saidin bayır səthində, sağ əlin üstündə çoxlu miqdar sıyrıqlar, gövdənin sağ yan səthində sıyrıq, sağ dirsəyində sıyrıq, kürək-bel nahiyələrində sıyrıqlar, sol budun yuxarı 1/3-də qapalı yerdəyişməli sınıqla nəticələnən, dərəcələrinə görə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərər çəkmiş şəxs Şahid2 Asif qızının ölümünə səbəb olmaqla yolnəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsində ailə üzvləri ilə birlikdə yaşayır və özünə məxsus VAZ 21070 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq pul qazanıb ailəsini dolandırır. 05 oktyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində qonşusu X5 ona müraciət edərək, aptekdən dərman almalı olduğunu bildirmiş və idarə etdiyi avtomobillə Balakən şəhəri ərazisində, Bayraq meydanının yanında yerləşən aptekə gedib dərman almasını ondan xahiş etmişdir. O da etiraz etmədən digər qonşusu Şahid1 aptekə birlikdə gedib-qayıtmağı xahiş etmiş, Elşən də etiraz etməmiş və o, Elşəni idarə etdiyi avtomobillə yaşadığı evin yanından götürüb, Balakən şəhəri istiqamətinə yollanmışdır. Onlar Balakən şəhəri ərazisinə çatıb Elşənlə birlikdə aptekdən lazım olan dərmanları almış və bundan sonra geri, yəni yaşadıqları Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsinə doğru qayıtmışlar. Onlar təxminən saat 18:30 radələrində Balakən rayonu Hənifə kəndinin Məlikzadə yaşayış məntəqəsinin ərazisinə çatmışlar. Həmin vaxt Elşən avtomobilin ön sərnişin oturacağında əyləşmiş və o, avtomobili Hənifə kəndinin Məlikzadə yaşayış məntəqəsinin ərazisində asfalt yolla təxminən 60 km/saat sürətlə üzü Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsi istiqamətinə doğru hərəkət etdirmişdir. Bu zaman avtomobildən təxminən 35 metr irəlidə yolun sağ kənarı ilə onunla eyni istiqamətdə piyada gedən tanımadığı orta yaşlı bir qadının yanında olan təxminən 4-5 yaşlarındakı qız uşağı qəflətən yola doğru qaçmışdır. Həmin vaxt uşağın yanındakı qadın həmlə etsə də, uşağı tutub saxlaya bilməmişdir. O, uşağın yola qaçdığını görən kimi qarşıdan avtomobil gəlmədiyinə görə sükanı sola döndərib yolun əks hərəkət istiqamətinə keçmiş və əyləci sıxaraq avtomobili dayandırmağa çalışmışdır. O, birinci həmlədə avtomobili dayandıra bilmədiyi üçün ayağını əyləc pedalından götürmüş və yenidən əyləci sıxaraq avtomobili dayandırmağa çalışmışdır. Lakin buna baxmayaraq, o, avtomobili dayandıra bilməmiş, hadisənin qarşısını ala bilməmiş və əks hərəkət zolağının orta hissəsində avtomobilin ön hissəsi ilə həmin uşağı vurmuşdur. Zərbənin təsirindən uşaq təxminən 8-10 metr irəliyə asfaltın üstünə düşmüşdür. O, uşağı vurduqdan təxminən 4-5 mert sonra avtomobili dayandıra bilmiş, bundan sonra Elşən və o, dərhal avtomobildən yerə düşmüş, uşağa yaxınlaşanda uşağın sifət nahiyəsinin qan içərisində olduğunu görmüşdür. Həmin vaxt hadisə yerinə xeyli sayda insanlar toplaşmışdır. Hadisə yerinə toplaşan insanların arasında uşağın xalası və nənəsi də olmuşdur. O, dərhal uşağı götürüb avtomobilə tərəf qaçmış, həmin vaxt Elşən avtomobilin ön sərnişin oturacağında əyləşmiş, o, uşağı Elşənin qucağına qoymuş, həmçinin uşağın xalası və nənəsi də avtomobilin arxa sərnişin oturacağına əyləşmiş və o, avtomobili sürüb uşağı Balakən rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər dərhal tibbi yardım göstərib uşağı müayinə edərkən artıq vəfat etdiyini bildirmişlər. Daha sonra o, polis əməkdaşlarının göstərişi ilə xəstəxanada sərxoşluq müayinəsindən keçmiş və polis əməkdaşları ilə birlikdə hadisə yerinə gedərək, hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. O, hadisə zamanı tam sağlam olmuş, heç bir xəstəliyi olmamışdır. Hadisə zamanı onun idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Hadisə zamanı nə o, nə də avtomobildə sərnişin qismində olan qonşusu Şahid1 heç bir bədən xəsarəti almamışdır. O, ilk dəfədir ki, cinayət əməli törədir, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinə dəymiş ziyanı könüllü olaraq tam ödəmiş və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etmişdir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, daimi olaraq Balakən rayonu Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda pul qazanıb ailəsini dolandırmaq üçün müvəqqəti olaraq Bakı şəhərində yaşayır, orada müxtəlif ünvanlarda və tikinti sahələrində fərdi qaydada fəhləlik edir. O, 05 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhərində olan zaman ailə üzvləri onunla əlaqə saxlayaraq azyaşlı qızı Şahid2 yaşadıqları Balakən rayonu Hənifə kəndinin ərazisində asfalt yolda avtomobil vurduğunu, qızının dərhal xəstəxanaya aparıldığını, lakin buna baxmayaraq, qızının artıq vəfat etdiyini bildirmişlər. Buna görə o, dərhal Bakı şəhərindən taksi avtomobili ilə yola düşüb yaşadığı evə gəlmiş və qızının hadisə zamanı aldığı ağır bədən xəsrətlərindən vəfat etdiyini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, 2018-ci il təvəllüdlü qızı Şahid2 Asif qızı yaşadıqları Hənifə kəndinin ərazisində asfalt yola çıxmış və həmin vaxt asfalt yolla üzü Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsinə doğru hərəkət edən həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21070 markalı avtomobillə onun qızını vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs onun qızını öz avtomobili ilə Balakən rayon Mərkəzi Xəstəxanasına aparmış, xəstəxanada ilkin müayinə zamanı artıq qızının vəfat etdiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu ziyanı könüllü şəkildə tam olaraq zərərçəkmiş şəxsin hüquqi varisi olaraq ona ödəmiş və onunla barışıq əldə etmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur, İlkini uşaqlıqdan tanıyır və aralarında normal münasibət vardır. O, 05 oktyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı evin qarşısında küçədə dayanan zaman İlkin onu çağırıb digər qonşuları Umar Layıcova dərman almaq üçün Balakən şəhəri ərazisində yerləşən aptekə getməli olduğunu demiş və birlikdə gedib-qayıtmağı ondan xahiş etmişdir. Buna görə o, etiraz etmədən yaşadığı evin qarşısında İlkinə məxsus VAZ 21070 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağına əyləşmiş və onlar Balakən şəhəri istiqamətinə yollanmışlar. Onlar bir neçə dəqiqədən sonra Balakən şəhəri ərazisində, Bayraq meydanının yanında yerləşən aptekin qarşısına çatmış, orada İlkinlə birlikdə aptekdən lazım olan dərmanları almış və bundan sonra geri, yəni yaşadıqları Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsinə doğru qayıtmışlar. Təxminən saat 18:30 radələrində Balakən rayonu Hənifə kəndinin Məlikzadə yaşayış məntəqəsinin ərazisinə çatdıqda həmin vaxt o, avtomobilin ön sərnişin oturacağında əyləşmiş, İlkin isə avtomobili Hənifə kəndinin Məlikzadə yaşayış məntəqəsinin ərazisində asfalt yolla normal sürətlə üzü Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsi istiqamətinə doğru hərəkət etdirmişdir. Bu zaman avtomobildən təxminən 35-40 metr irəlidə yolun sağ kənarı ilə onlarla eyni istiqamətdə piyada gedən tanımadığı orta yaşlı bir qadının yanında olan təxminən 4-5 yaşlarındakı qız uşağı qəflətən yola doğru qaçmış, həmin vaxt uşağın yanındakı qadın həmlə etsə də, uşağı tutub saxlaya bilməmişdir. İlkin uşağın yola qaçdığını görən kimi sükanı sola döndərib yolun əks hərəkət istiqamətinə keçmiş və əyləci sıxaraq avtomobili dayandırmağa çalışmışdır. Lakin buna baxmayaraq, İlkin avtomobili dayandıra bilməmiş və yolun əks hərəkət zolağının orta hissəsində avtomobilin ön hissəsi ilə həmin uşağı vurmuşdur. Zərbənin təsirindən uşaq təxminən 10 metr irəliyə asfaltın üzərinə düşmüş və İlkin uşağı vurduqdan təxminən 3-4 mert sonra avtomobili dayandıra bilmişdir. Bundan sonra İlkinlə o, dərhal avtomobildən yerə düşmüş və uşağa yaxınlaşanda uşağın sifət nahiyəsinin qan içərisində olduğunu görmüşlər. Həmin vaxt artıq hadisə yerinə xeyli sayda insanlar toplaşmış, hadisə yerinə toplaşan insanların arasında uşağın xalası və nənəsi də olmuşdur. İlkin dərhal uşağı götürüb avtomobilə tərəf qaçmış, həmin vaxt o, avtomobilin ön sərnişin oturacağına əyləşmiş, İlkin uşağı onun qucağına qoymuş, həmçinin uşağın xalası və nənəsi də avtomobilin arxa sərnişin oturacağına əyləşmişlər. İlkin avtomobili sürüb uşağı Balakən rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər dərhal tibbi yardım göstərib uşağı müayinə edərkən artıq uşağın vəfat etdiyini bildirmişlər. O, hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Hadisə zamanı sürücü Təqsirləndirilən şəxs avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Hənifə kəndinin Məlikzadə yaşayış məntəqəsində ailə üzvləri ilə birlikdə yaşayır. 2018-ci il təvəllüdlü mərhumə Şahid2 Asif qızı onun doğma oğlu Asif Allahverdiyevin qızı, yəni onun doğma nəvəsidir. O, 05 oktyabr 2022-ci il tarixdə təxminən saat 18:30 radələrində yaşadığı məhlənin baş tərəfində, yəni asfalt yolun kənarında dayanan zaman nəvəsi Mirvarinin bacısı Şahid3 ilə birlikdə yolun kənarı ilə piyada ona tərəf, yəni yaşadıqları evə tərəf gəldiklərini görmüşdür. Ona çatmağa təxminən 40-50 metr qalmış nəvəsi Mirvari qəflətən qaçaraq asfalt yola çıxmışdır. Həmin vaxt bacısı Kəmalə həmlə etsə də, nəvəsi Mirvarini tuta bilməmiş və asfalt yolla Balakən şəhəri istiqamətindən üzü Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsi istiqamətinə hərəkət edən ağ rəngli avtomobil nəvəsi Mirvarini vurmuşdur. Zərbənin təsirindən Mirvari avtomobildən təxminən 10 metr irəli asfaltın üzərinə düşmüş, o, bunu görən kimi nəvəsinə tərəf qaçmış, avtomobilin sürücüsü və yanında olan tanımadığı oğlan da avtomobildən yerə düşüb qaçaraq nəvəsi Mirvariyə tərəf getmişlər. Həmçinin bacısı Kəmalə də qaçaraq oraya getmişdir. Onlar Mirvarinin yanına çatanda uşağın sifət nahiyəsinin qan içərisində olduğunu və müxtəlif bədən xəsarətləri aldığını görmüşlər. Həmin vaxt avtomobilin sürücüsünün həmkəndliləri Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. İlkin dərhal Mirvarini yerdən qucağına götürüb avtomobilə tərəf qaçmış, bu zaman digər oğlan avtomobilin ön sərnişin oturacağında əyləşmiş və İlkin Mirvarini həmin oğlanın qucağına qoymuşdur. Bundan sonra o və bacısı Kəmalə avtomobilin arxa sərnişin oturacağına əyləşmiş və İlkin avtomobili sürüb onları Balakən rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər dərhal tibbi yardım göstərib Mirvarini müayinə etmiş və artıq uşağın hadisə zamanı aldığı xəsarətlərdən vəfat etdiyini onlara bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 05 oktyabr 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, həmin protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış 05 oktyabr 2022-ci il tarixdə saat 19:59 dəqiqədən saat 21:00 dəqiqəyədək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən yol-nəqliyyat hadisəsi 05 oktyabr 2022-ci il tarixdə Balakən rayonu Hənifə kəndinin Məlikzadə yaşayaış məntəqəsinin ərazisində, yaşayış məntəqəsi ərazisində asfalt yolda baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla hamar və quru olmuşdur. Hadisə yerində yolun iki hərəkət istiqaməti, iki hərəkət zolağı var. Hadisə baş verdiyi yerdə yolun hər iki hərəkət hissəsinin eni 3,0 metr olmaqla, yolun ümumi hərəkət hissəsinin eni 6,0 metrdir. Yolun hərəkət hissələrini bir-birindən qırıq-qırıq xəttlər ayırır. Hadisə yerinin sağ və sol tərəflərində kənd tipli fərdi yaşayış evləri yerləşir. Hadisə yerində 22,4 metr tormoz izləri aşkar edilmişdir. Hadisə yerində yol işıqlandırılmamışdır. Toqquşma yerindən yolun hərəkət hissəsinin ehtiyat hissəsinə qədər sağa olan məsafə 1,5 metrdir. Yolun hərəkət hissəsinə sağ tərəfdən birləşən yol çiyninin eni 3,5 metr, sol tərəfdən birləşən yol çiyninin eni isə 5,5 metrdir. Hadisədən əvvəl sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21070 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Hənifə kəndinin Məlikzadə ərazisində asfalt yolla üzü Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsi istiqamətinə, piyada Şahid2 Asif qızı da yolun kənarı ilə eyni istiqamətinə hərəkətdə olmuşdur. Hadisə yerinə baxış zamanı süni işıqlandırmadan istifadə edilmiş, baxış zamanı sürücü Təqsirləndirilən şəxs hadisənin baş vermə yerini əyani şəkildə göstərmişdir. İş materiallarında olan 05 oktyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 05 oktyabr 2022-ci il tarixdə saat 21:20 dəqiqədən saat 21:41 dəqiqəyədək olan müddət ərzində keçirilən baxış zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21070 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və arxa alın şüşələrində, üzlüyündə, ön buferində və kapotunda zədələrin olması müəyyən edilmişdir. Avtomobildə yük olmamış, avtomobilin əl əyləc dəstəyinin, sürət ötürücüsünün, sükanının, idarə sisteminin, əyləc sisteminin vəziyyəti saz olmuşdur. İş materiallarında olan 11 oktyabr 2022-ci il tarixli 270 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə saat 19:05 dəqiqədə sərxoşluq müayinəsindən keçirilmiş və onun hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 08 oktyabr 2022-ci il tarixli 16 nömrəli rəyindən (meyitin ekspertizası) görünür ki, Şahid2 Asif qızının meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: Ağır qapalı kəllə-beyin travması, sol yuxarı gicgahda şişkinlik-sıyrıq, başın yumşaq toxumalarında dəri altında qansızmalar, baş beynin sərt və yumşaq qişalarında qansızma, kəllə əsasında sınıq, sifətin sol hissəsində sıyrıq, sağ yuxarı döş qəfəsində qançır, sağ bazunun bayır səthində, sağ saidin bayır səthində, sağ əlin üstündə çoxlu miqdarda sıyrıqlar,gövdənin sağ yan səthində sıyrıq, sağ dirsəyində sıyrıq, kürək-bel nahiyələrində sıyrıqlar, sol budun yuxarı 1/3-də qapalı yerdəyişməli sınıq; mərhumə Şahid2 yuxarıda qeyd edilmiş xəsarətlərinin hamısı müxtəlif bərk-küt əşyanın (əşyaların) dəyməsi-sıyırması təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05 oktyabr 2022-ci ildə yolnəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin vurması təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan ağır zərər vurmaya aid edilirlər; mərhumə Şahid2 ölümünün səbəbi baş beyində əzilmə-qansızma, kəllə əsasında sınıq olmuşdur. Mərhumə Şahid2 ölümü meyitin müayinəsindən 5-6 saat əvvəl baş verməyə uyğun gəlir; mərhumə Şahid2 Asif qızının ölümü hadisədən çox az sonra baş vermişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 30 noyabr 2022-ci il tarixli 8/3043 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən VAZ 21070 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; sürücü Təqsirləndirilən şəxs VAZ 21070 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYPİ Şəki RQİTBŞ tərəfindən verilmiş xx.xx.2015-cİ il tarixli AE №715352 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC dərəcəli sürücülük vəsiqəsi vardır və həmin vəsiqə xx.xx.2025-ci il tarixədək etibarlıdır. İş materiallarında olan Balakən RİB-nın Hənifə kənd İƏD üzrə nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2022-ci il tarixli 2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin 13 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, sürücü Təqsirləndirilən şəxs məxsus VAZ 21070 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən Rayon Polis Şöbəsinin Dövlət X11 cərimə meydançasına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi X1 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan könüllü şəkildə tam olaraq ona ödənilmiş və onunla barışıq əldə edilmişdir. Ondan şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş iş materiallarında olan və yuxarıda qeyd olunan mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə hesab edir ki, bu etirafın əks olunduğu təqsirləndirilən şəxsin ifadəsi könüllü şəkildə, nəyəsə məcbur edilmədən verildiyi üçün sübut kimi qəbul edilməli, həmçinin bu etiraf təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X2rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hal kimi dəyərləndirilə bilər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsinə baxaraq, qeyd edir ki, CMnin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü tarixli 5 №-li qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallar, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini və yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsi və yaşadığı ərazidə müsbət xarakterizə olunması işdəki sübutlarla təsdiq olunur. İlk dəfə cinayət əməli törətməsi və yaşadığı ərazidə müsbət xarakterizə olunması onun psixikasında kriminogen meyllərin model davranışa çevrilməməsini göstərir ki, bu hallar da vurduğu ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışlıq əldə etməsi konteksində onu davamlı kriminogen davranışa malik cinayət törətmiş digər şəxslərdən fərqləndirmək üçün nəzərə alınmalıdır. Belə yanaşma təqsirləndirilən şəxsin törətdiyi əmələ və onun şəxsiyyətinə ədalətli münasibətdən başqa onun islah olunması və qanunlara hörmət etmə yoluna qayıtması üçün bir stimul rolunu da oynayacaqdır. Ona görə də işin faktoloji halları və hüquqi qiymətləndirmə baxımından təqsirləndirilən şəxsin ilk dəfə hadisələrin təsadüfi axarı zəminində cinayət əməli törətməsi və kriminogen meyllərdən uzaq olması konteksində yaşadığı ərazidə müsbət xarakterizə olunmasının cəzasını yüngülləşdirən hal qismində nəzərə alınması əsaslıdır. Məhkəmə həmçinin nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə qeyd edilməlidir ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu xüsusda diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstünyalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və ona görə də onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Həm də təqsirləndirilən şəxsin cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olması onun yaşadığı ərazidə müsbət xarakterizə olunması və işin qanunda nəzərdə tutulmuş digər yüngülləşdirici halları (hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətiməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi) konteksində də əsaslıdır və qəbul olunmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə bildirir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətmiş, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir, həmçinin cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkir və yaşadığı ərazidə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, bu hallar, onun ictimai təhlükəliliyini azaldan hallar sayılmaqla, eyni zamanda onun cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olmasına, ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinə dəlalət edir. Məhkəmə işin faktoloji hallarına istinadən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli davamlı antisosial yönümün nəticəsi olmamışdır. Ona görə də şərh olunan bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından Təqsirləndirilən şəxs cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi və yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində cəzanın icrası müddətinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasının müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən məhkəmə xərclərini kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin X11 cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs məxsus VAZ 21070 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindn təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin X11 cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs məxsus VAZ 21070 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılsın. Hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar