Məhkəmə qərarları › İş №1(019)-34/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-34/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-34/2021 01.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs,müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli- himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, bildirdiyinə görə Bakı şəhərində «Bravo» marketdə işləyən, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Hekalov Ruslan Muxtar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 179.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən mənimsəmə, yəni qəsdən təqsirkara etibar edilmiş özgə əmlakını talama cinayət əməlini törətmişdir. Belə ki, o, əvəllər də özünə məxsus pul vəsaitlərini xarici valyutaya dəyişməsini ona etibar etmiş, həmkəndlisi, xx.xx.1966-cı il təvəllüdlü, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs növbəti dəfə “xxxx” ASC-nin Balakən rayon filialında ABŞ dollarına dəyişməsi üçün ona etibar etdiyi 10212 (on min iki yüz on iki) Azərbaycan manatı məbləğində pulu 21.01.2021-ci il tarixdə, saat 12 radələrində Balakən şəhərindəki Mərkəzi Bazarın qarşısında, istifadəsində olan ağ rəngli, “VAZ 21060” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda alaraq, ona etibar edilmiş özgə əmlakı olan 10212 (on min iki yüz on iki) manat puldan 8212 (səkkiz min iki yüz on iki) manatını həmin tarixdə saat 14 radələrində geri qaytararaq, 2000 (iki min) manatını öz şəxsi ehtiyacları üçün götürərək, qəsdən mənimsəmiş, yəni qəsdən ona etibar edilmiş 2000 (iki min) manat məbləğində özgə əmlakı olan pulu talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Tülü kəndində arvadı Şahid2 və 4 yaşlı oğlu Aminlə birlikdə yaşayır, 1 azyaşlı övladı vardır. O, əvvəllər baş etibarnamə əsasında ona məxsus olan ağ rəngli, “VAZ 21060” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi qismində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 1 ay əvvələ qədər atası Şahid1 evində atası, anası Şahid4, qardaşı Şahid3, qardaşının arvadı Şahid5 və onların 2 yaşlı oğlu Ramanla birlikdə yaşamışdır. Hal-hazırda ailəsiylə birlikdə ayrıca evdə kirayədə yaşayır. 2021-ci ilin yanvar ayının 18də, saat təxminən 13 radələrində əvvəldən tanıdığı həmkəndlisi Zərərçəkmiş şəxs işi ilə bağlı dayandığı Balakən şəhəri Mərkəzi Bazarının giriş darvazaları adlanan yerin qarşısında ona yaxınlaşıb, ona pul versə, pulu ABŞ dollarına dəyişə bilib-bilməyəcəyi barədə soruşmuş, o da cavabında dəyişə biləcəyini söyləmişdir. Rafail ona 17020 manat verəcəyini və həmin pulu “xxxx”-ın Balakən filialında dəyişməsini istədiyini demiş, buna görə ona 10 manat zəhmət haqqı verəcəyini də bildirmişdir. O, həmin 17020 manatı götürüb, bankda ABŞ dollarına dəyişdikdən sonra gətirib həmişə dayandığı yerdə ona vermiş, Rafail də ona zəhmət haqqı olan 10 manatı vermişdir. Bundan sonra 21.01.2021ci il tarixdə, təxminən saat 12 radələrində Rafail ona zəng edərək demişdir ki, yenə dəyişməyə pul gətirib gələcəkdir. Bir azdan Rafail gəlib, Balakən şəhər Mərkəzi Bazarının qarşısında dayanmış onun ağ rəngli “VAZ 2106” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşınının içərisində ona ABŞ dollarına dəyişmək üçün 17020 manat vermiş, 17020 manatı ona verəndən sonra əlavə 10212 manat da sayıb vermiş, bu pulu da 6000 ABŞ dollarına dəyişmək lazım olduğunu demişdir. Rafail ona 17020 manatı dəyişmək üçün 10 manat verəcəyinə söz vermiş, lakin 10212 manatı dəyişməyə görə nə qədər pul verəcəyini deməmişdir. O, həmin 27232 manatı götürüb, öz maşınıyla “xxxx”-ın Balakən rayon filialına getmiş, ora gedəndə qardaşı Rövşənə zəng edib, ona Rafail üçün pul dəyişmək lazım olduğunu bildirmişdir. Çünki özü 18.01.2021-ci ildə Rafailin verdiyi pulu dəyişəndə pul dəyişmə limiti qurtarmışdır. Ona görə Rövşənə bu barədə demiş, Rövşən də pulu dəyişməyə razılaşmışdır. O, “xxxx”da olanda Rövşən gəlmiş, 17020 manatı dəyişməsi üçün Rövşənə vermişdir. 10212 manatı isə özündə saxlamışdır. Çünki pulun hamısı limiti keçdiyindən Rövşən onları dəyişə bilməyəcəkdi. Rövşən 17020 manatı 10000 ABŞ dollarına dəyişib, həmin 10000 ABŞ dollarını özü aparıb Rafailə vermişdir. O isə onda qalan 10212 manatı dəyişmək üçün başqa adam tapmamışdır. Elə bu ərəfədə bankda pul dəyişmə dayandırılmışdır. Belə ki, bankda pul dəyişmə saat 14:00-dan sonra qurtamışdır. Ona görə də pulu dəyişə bilməmişdir. O, həmin vaxt fikirləşmişdir ki, Rafailin ona verdiyi 10212 manatın üstündən 2000 manat götürüb çoxdan qalan borclarını ödəyər. Çünki borc yiyələri uzun müddət olmuşdur ki, borclarını tələb etmişlər. Ona görə də o, həmin 10212 manatın üzərindən 2000 manatı sayıb götürüb, şalvarının cibinə qoymuş, bundan sonra Rafailin yanına gedib, yalandan demişdir ki, pulu borclu olduğu adam zorla əlindən almışdır. Rafail ona inanmamış, pulunu istəmişdir. O, Rafailə demişdir ki, pulu fevral ayının sonuna kimi geri qaytaracaqdır. O, çıxıb oradan getmişdir. O, gedib borclarını qaytarmış və üzərində əlavə 490 manat pul qalmışdır. Rafailin verdiyi pulun üstündən 2000 manatı götürəndə borclarının 1500 manat civarında olduğunu bilmiş, Rafailin dəyişmək üçün verdiyi puldan özü 2000 manat götürmüşdür ki, əlində 400-500 manat əlavə pul qalsın ki, xərcləsin. Borclarını qaytarıb evə getmişdir. Təxminən bir saat sonra Rafail evlərinə gəlmiş, evdə olanları danışmış, bu zaman evdə olan ailə üzvləri ondan bu barədə soruşmuşlar. O da onlara olanları, yəni Rafailin ona verdiyi 10212 manatdan 2000 manatı özünə götürdüyünü demişdir. Bundan sonra evdəkilərin, xüsusilə arvadı Rəqsanənin təkidindən sonra üzərində qalmış 490 manatı cibindən çıxarıb, Rəqsanəyə vermişdir ki, Rafailə versin. Rəqsanə də həmin pulun 90 manatını götürüb, 100 manatlıq əskinasla əvəz edib Rafailə 500 manat vermişdir. Bundan sonra evdə Rafaillə razılaşmışlar ki, Rafailə pulu fevral ayının sonuna kimi qaytaracaqdır. Lakin sonradan Rafail bu barədə polisə şikayət etmişdir. Borc verən şəxslər onu tez-tez narahat etdikləri üçün məcbur qalıb Rafailin dəyişmək üçün verdiyi puldan 2000 manat götürüb borclarını qaytarmışdır. O, həmin hadisədən sonra götürdüyü puldan Rafailə 400 manat qaytarmaq istəsə də, Rafail pulunu tam şəkildə istəmiş və ona vermək istədiyi 400 manatı götürməmişdir. 21.01.2021ci il tarixdə, təxminən saat 12 radələrində Rafail ona 17020 manatı sayıb verəndən dərhal sonra dollara dəyişmək üçün 10212 manat da vermişdir. Rafail həmin vaxt ona cəmi 27232 manat pul vermişdir. Lakin həmin pulları eyni vaxtda 17020 manat bir və 10212 manat bir olmaqla ayrı-ayrılıqda vermişdir. Çünki Rafailin dediyinə görə bir adam ən çoxu 11000 ABŞ dollarını bankda dəyişə bilər. Ona görə o, pulları dəyişmək üçün ayrı-ayrı bağlamada vermişdir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Himayəsində bir azyaşlı uşaq vardır. Vurduğu ziyanı zərərçəkmiş şəxsə qismən ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. O, Bakı şəhərində «Bravo» marketdə işə düzəlmişdir. Ailəsinin yeganə qazanc gətirənidir. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ki, icarə əsasında Balakən şəhəri H.Əliyev prospektində yerləşən obyektdə uşaq geyimlərinin satışını həyata keçirməklə, fərdi sahibkarlıqla məşğul olur. Mağazasındakı geyimləri Türkiyədən özü gətirdərək, satışını həyata keçirir. Bunun üçün ona mütəmadi xarici valyuta lazım olur. Qaydalara əsasən bir şəxs ilk valyuta dəyişməsi etdiyi vaxtdan bir il ərzində cəmi 20000 manat həcmində pulu xarici valyutaya dəyişə bilir. Onun həmin limiti 2020-ci ilin dekabr ayında başa çatmışdır. 2021-ci ilin yanvar ayında Türkiyədən yeni mallar gətirmək üçün xarici valyutaya ehtiyacı yaranmış, ona görə də əvvəldən taksi sürücüsü kimi tanıdığı həmkəndlisi Təqsirləndirilən şəxs müraciət etmişdir. Ruslanın istifadəsində olan maşınla dəfələrlə ailə üzvlərini müxtəlif ünvanlara yola salmışdır. Bundan başqa Ruslan həm də onun həmkəndlisidir. O, Ruslana etibar etmişdir. Ona görə də 18.01.2021-ci il tarixdə, təxminən saat 12 radələrində Ruslana 17020 manat məbləğində pul verib, ondan xahiş etmişdir ki, həmin pulu “xxxx” ASC-nin Balakən rayon filialında X2 dollarına dəyişib, ona gətirsin. O, Ruslanın bu xidməti əvəzində ona 10 manat pul verəcəyini təklif etmiş, Ruslan da buna razılaşmışdır. O, həmin vaxt Ruslanın həmişə taksi fəaliyyəti ilə məşğul olduğu yerdə-Balakən şəhəri Mərkəzi Bazarının giriş darvazaları adlanan yerin qarşısında 17020 manatı və zəhmət haqqı kimi 10 manatı ona vermiş, təxminən bir saat sonra Ruslan gətirib ona 10000 ABŞ dollarını vermişdir. Ruslan onun pulunu dəyişib, gətirib özünə qaytardıqdan sonra Ruslan ona olan etibarını doğrultmuş və Ruslana olan etibarı daha da artmışdır. Bundan təxminən 3 gün sonra, yəni 21.01.2021-ci il tarixdə ona mal gətirmək və əvvəllər aldığı mallar üzrə borcunu qaytarmaq üçün yenə ABŞ dolları lazım olmuşdur. O, Ruslana telefonla zəng etmiş və yenə pul dəyişmək lazım olduğunu bildirmiş, Ruslan da pulu dəyişə biləcəyini demişdir. O, təqribən saat 12 radələrində Ruslanın həmişə idarə etdiyi maşını ilə dayandığı Balakən şəhəri Mərkəzi Bazarının giriş darvazalarının qarşısına gedib, orada Ruslanın idarə etdiyi ağ rəngli “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində ona 17020 manat pul vermiş, əlavə olaraq ona 5 manat da zəhmət haqqı vermişdir. Təxminən yarım saat sonra dəyişdiyi pulun mal almaq üçün az ola biləcəyini fikirləşib, əlavə 6000 ABŞ dolları məbləğində pul əldə etmək qərarına gəlmiş, bunun üçün yenə Ruslana zəng edib, bu barədə demiş, Ruslan da razılaşmışdır. Ruslanla görüşəndə Ruslan demişdir ki, bankda növbə tutub, ona görə 17020 manatı dəyişməmişdir, bir azdan dəyişəcəkdir. O, həmin vaxt, yəni 21.01.2021-ci il tarixdə, saat təxminən 13:30 radələrində Ruslanın həmişə idarə etdiyi maşını ilə dayandığı Balakən şəhəri Mərkəzi Bazarının giriş darvazalarının qarşısında olan Ruslanın idarə etdiyi “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində ön oturacaqda əyləşərək, “xxxx” ASC-nin Balakən rayon filialında dəyişməsi üçün özünə məxsus 10212 manat məbləğində pulu sayıb əlbəəl Ruslana vermiş, Ruslana pulu dəyişib gətirdikdən sonra zəhmət haqqı kimi 5 manat pul verəcəyini də razılaşdırmışdır. Həmin vaxt Ruslanın maşınının içərisində Ruslanla ondan başqa heç kim olmamış, pulu Ruslana verməyini kənar şəxslər görməmişdir. Təxminən 10 dəqiqə sonra Ruslanın qardaşı Rövşən Balakən şəhəri Mərkəzi Bazarının giriş darvazalarının qarşısına gələrək, ona 10000 ABŞ dolları verib demişdir ki, Ruslanın limiti başa çatdığı üçün Ruslan pulu dəyişməyi ondan xahiş edib və o, pulu dəyişərək özü gətirmişdir.Təxminən daha 20 dəqiqə sonra saat 14:00 radələrində Ruslan gələrək, pulu aldığı yerə onun yanına gəlib, ona 8212 manat pul verib demişdir ki, bankın qarşısında borclu olduğu şəxs pulu əlindən alıb, 2000 manatını götürdüyünə görə pulu dəyişmədən geri qaytarmışdır. Ruslan onun təkidlərinə baxmayaraq, pulu ondan götürən şəxsin adını deməmişdir. O, Ruslanın bu dediklərinə inanmamışdır. Ruslan demişdir ki, 2000 manatını fevral ayının sonuna kimi qaytaracaqdır. O isə razılaşmamışdır. Bundan sonra Ruslan maşınına minib, çıxıb getmişdir. O, təxminən yarım saat sonra Ruslana zəng edib, onun evinə gələcəyini demişdir. Ruslan həmin vaxt evdə olduğunu bildirmişdir. Təxminən daha yarım saat sonra, saat 15 radələrində o, Ruslanın yaşadığı atası Muxtar kişinin evinə getmiş, həmin vaxt Ruslan da orada olmuşdur. Ruslandan başqa evdə Ruslanın arvadı, qardaşı Rövşən, onun arvadı, atası Muxtar, anası Səkinət də olmuşdur. Ruslanın arvadı və qardaşı evə sonradan gəlmişlər. Evdə Ruslanın ailə üzvləri Ruslandan tələb etmişlər ki, onun pulunu qaytarsın. Daha sonra Rövşən və Ruslanın arvadı ayrı-ayrılıqda Ruslanla təkbətək kənarda bir müddət danışmış, bir qədər sonra Ruslanın qardaşı Rövşən oturduğu masaya 500 manat gətirərək, həmin pulun Ruslanın üzərində olduğunu, cibindən çıxdığını və ondan götürdüyü 2000 manatdan qalan pul olduğunu demişdir. O, elə başa düşmüşdür ki, həmin pulu Ruslanın arvadı ondan almışdır. O, həmin 500 manat məbləğində pulu götürmüş, orada Ruslanla və onun ailə üzvləri ilə razılaşmışlar ki, Ruslan tezliklə pulu ona qaytaracaqdır. Sonrakı günlərdə o, Ruslanla telefon danışığı zamanı hiss etmişdir ki, Ruslan pulu qaytarmaq istəmir, sadəcə vaxt uzadır. Ona görə də bu barədə Balakən RPŞyə ərizə ilə müraciət etmiş, izahat verdikdən sonra telefonunda Ruslanla danışığı zamanı qeydə alınmış səs yazısını da təhqiqatçı İsa Yolçuyevə təqdim etmişdir. Hal-hazıradək Ruslan ondan ələ keçirdiyi 2000 manatından 500 manatı qaytarmışdır. Ruslan qalan pulu 3 ay müddətində qaytaracağı barədə onunla razılaşmışdır. O, Təqsirləndirilən şəxsla barışıq əldə etmişdir. Bu halları, Ruslanın ailəli olması və himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb, Ruslana yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təxminən 2 ay əvvəl 2020-ci ilin yanvar ayında saat 14 radələrində atası Muxtar zəng edərək, ona demişdir ki, həmkəndliləri Zərərçəkmiş şəxs ona zəng edərək, bildirmişdir ki, onun Ruslana ABŞ dollarına dəyişmək üçün verdiyi puldan Ruslan 2000 manatını özünə götürüb və qaytarmamışdır. Bundan sonra evə getmiş, evdə həmin vaxt Rəqsanə də olmuşdur. Onlar birlikdə evdən çıxmışlar. Təxminən yarım saat sonra evə qayıdanda, evlərində Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Rafail Ruslanın ondan ələ keçirdiyi 2000 manata görə gəlmiş və pulu geri istəmişdir. Həmin vaxt Ruslan da evə gəlmiş və demişdir ki, Rafailin ona “xxxx”ın Balakən filialında dəyişməsi üçün verdiyi dəqiq yadında qalmayan məbləğdən 2000 manatını dəyişməyərək, özünə götürmüşdür. Ruslan həmin 2000 manatı borclarını qaytarmaq üçün götürdüyünü demişdir. Evdə olanda Ruslanın arvadı Rəqsanə Ruslandan götürdüyü 2000 manat puldan həmin vaxt üstündə qalan 500 manatı gətirib vermiş, onlar da həmin 500 manatı Rafailə vermişlər. Söhbət zamanı Ruslanla Rafail razılaşmışlar ki, həmin pulu hissə-hissə qaytaracaqlar. Bundan sonra Rafail onların evindən çıxıb getmişdir. O, Ruslanla danışıqları zamanı Rafaildən götürdüyü pulu kimə verdiyini və ya nəyə xərcləməsini soruşsa da, Ruslan borcu olduğunu və ona görə də həmin pulu götürüb borclarını qaytardığını demiş, lakin kimlərə borclu olduğunu və pulu kimlərə verdiyini deməmişdir. Həmin gün günorta saat təxminən 13 radələrində Ruslan zəng edərək, onu “xxxx” ASC-nin Balakən filailına həmkəndliləri Rafail üçün pul dəyişməyə çağırmış və xahiş etmişdir ki, onun pul dəyişmə limiti başa çatdığı üçün pulu o, dəyişsin. O da “xxxx” ASC-nin Balakən filialına gedib, orada Ruslandan 17000 manat məbləğində pul alıb, 10000 ABŞ dollarına dəyişib, aparıb tək Balakən şəhər Mərkəzi Bazarının darvazalarının yaxınlığında Rafailə vermiş, Rafail də pulu götürmüşdür. O da oradan çıxıb getmişdir. O, Rafailə pulu verib qayıdandan təxminən yarım saat sonra atası ona zəng edərək, Ruslanın Rafailin ona dəyişmək üçün veridiyi puldan 2000 manatını qaytarmadığını demiş, atasıyla danışıqdan sonra Ruslanın bu işi barədə xəbəri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 21.01.2021-ci il tarixdə, təxminən saat 15 radələrində həmkəndliləri Zərərçəkmiş şəxs onların həyətinə gəlmişdir. Rafail gələndə hamı-arvadı Səkinət, oğlu Rövşən, onun arvadı Xuraman, oğlu Ruslan və onun arvadı Rəqsanə evdə olmuşlar. Rafail demişdir ki, bu gün oğlu Ruslana dəyişmək üçün 2000 manat pul vermişdir. Ruslan isə onun 2000 manat məbləğində pulunu götürüb getmişdir. O, həmin vaxt evdə olan Ruslana yalvarmışdır ki, götürdüyü pulu qaytarsın. Ruslan demişdir ki, borcu olduğu üçün Rafailin dəyişmək üçün ona verdiyi 2000 manatını özünə götürüb, 5-10 günə pulu qaytaracaqdır. Onlar Ruslandan həmin pulu nə üçün götürdüyünü soruşsalar da, Ruslan bu barədə onlara heç nə deməmiş, bircə demişdir ki, borcu olmuş, ona görə götürmüşdür. Həmin vaxt Ruslanın arvadı Rəqsanə və oğlu Rövşən Ruslanla digər otaqda söhbət etmişlər. Rəqsanə Ruslanın həmin vaxt üzərində olan 500 manatı ondan almış, onlar da həmin pulu Rafailə vermişlər. Ruslan demişdir ki, pulun qalanını borclu olduğu adamlara vermişdir. Bundan sonra Rafaillə Ruslan danışmış və razılaşmışlar ki, Ruslan ona pulu ödəyəcəkdir. Daha sonra Rafail çıxıb getmiş, bundan sonra bu məsələ barədə xəbəri olmamışdır. Ruslanla onun münasibətləri yaxşı olmadığı üçün sonralar bu barədə Ruslanla danışmamışdır. Təxminən 5 gün sonra Ruslan öz ailəsi ilə onun evindən çıxıb başqa evə köçdüyü üçün, ümumiyyətlə, bu barədə heç bir xəbəri olmamışdır. Ruslanın Zərərçəkmiş şəxs 2000 manatını ələ keçirməsi barədə yalnız Rafail onlara gələndən sonra xəbər tutmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahidlər Şahid4 və Şahid5 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahidlər Şahid4 və Şahid5 ibtidai istintaqda şahid qismində verdiyi ifadələrinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadələri elan olunmuş Şahid4 və Şahid5 da Şahid1 ifadəsinə uyğun ifadələr verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 27.01.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokola əsasən 27.01.2021-ci il tarixdə Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, diskdə danışığı əks olunmuş şəxslər Balakən rayonu Tülü kənd sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsdur. Səs yazısında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həmkəndli olduqlarını, ona 10212 manat verdiyini, Ruslanın isə ona həmin pulun 2000 manatının onun əlindən zorla alındığını bildirərək aldatdığını xatırladır. Təqsirləndirilən şəxs isə bunu təsdiq edir. Təqsirləndirilən şəxs ayın axırında onun 1500 manatını verəcəyini bildirir. Zərərçəkmiş şəxs ona pulu verən şəxsin ondan istədiyini, əks halda polisə müraciət edəcəyini qeyd edir. Təqsirləndirilən şəxs 1500 manatı kimə verdiyini soruşur, həmin şəxsdən pulu özünün götürəcəyini bildirir. Təqsirləndirilən şəxs təkrar olaraq ayın sonunda, yəni 2021-ci ilin fevral ayının sonunda pulu qaytaracağını bildirdikdə, Zərərçəkmiş şəxs ona təklif edir ki, həftənin birinci günü notariat kontoruna gəlsin, 2021-ci ilin fevral ayının sonunda 1500 manat pulu ödəyəcəyi barədə müqavilə bağlasınlar. Təqsirləndirilən şəxs isə onunla razılaşır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Mərkəzi Xəstəxanası (bundan sonra Balakən RMX) X7 tərəfindən verilmiş 05.04.2021-ci il tarixli, 105 nömrəli arayışa əsasən Hekalov X1 RMX-nın poliklinika şöbəsində psixiatrik və narkoloji kabinetdə qeydiyyatda yoxdurlar. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə 26.03.2021-ci il tarixli, 1 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 oktyabr 2017-ci il tarixdə verilmiş AZ-İV 031065 №-li doğum haqqında şəhadətnamədən görünür ki, 29.09.2017-ci il tarixdə doğulmuş X5 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 15 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, CD diskə baxış keçirilməsi haqqında protokol əlavəsi CD diski ilə birlikdə sübut kimi qiymətləndirilmiş, himayəsində 29.09.2017-ci il təvəllüdlü X4 olmaqla azyaşlı uşağın olması və vurulmuş ziyanın qismən- 500 manatının ödənilməsi Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyanın ödənilməmiş məbləği 3 ay müddətində ödəniləcəkdir. Bununla bağlı təqsirləndirilən şəxs və onun həyat yoldaşı ilə razılıq əldə olunmuşdur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvəllər də özünə məxsus pul vəsaitlərini xarici valyutaya dəyişməsini ona etibar etmiş, həmkəndlisi, xx.xx.1966-cı il təvəllüdlü, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs növbəti dəfə “xxxx” ASC-nin Balakən rayon filialında ABŞ dollarına dəyişməsi üçün ona etibar etdiyi 10212 (on min iki yüz on iki) Azərbaycan manatı məbləğində pulu 21.01.2021-ci il tarixdə, saat 12 radələrində Balakən şəhərindəki Mərkəzi Bazarın qarşısında, istifadəsində olan ağ rəngli, “VAZ 21060” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda alaraq, ona etibar edilmiş özgə əmlakı olan 10212 (on min iki yüz on iki) manat puldan 8212 (səkkiz min iki yüz on iki) manatını həmin tarixdə, saat 14 radələrində geri qaytararaq, 2000 (iki min) manatını öz şəxsi ehtiyacları üçün götürərək qəsdən mənimsəmiş, yəni qəsdən ona etibar edilmiş 2000 (ik min) manat məbləğində özgə əmlakı olan pulu talamışdır. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya görə Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 179.1ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, həmin Məcəllənin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və yenə də həmin Məcəllənin 59.1.14-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdlur. Məhkəmə göstərilən qanun normasının tələbinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən və qəsdən törədilən cinayət əməlidir. Məhkəmə onu da nəzərə çatdırır ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı qismən ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmiş, qalan ziyanı da 3 ay ərzində ödəyəcəyi barədə zərərçəkmiş şəxslə razılıq əldə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bu hərəkətlərini onun ictimai təhlükəliliyini azaldan hərəkətlər kimi qiymətləndirir. Həmçinin təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşaq vardır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Təqsirləndirilən şəxs inkriminə olunun Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci madddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların mövcud olduğu, o cümlədən vurulmuş ziyanın zərərçəkmiş şəxsə qismən ödənildiyi, onunla barışıq əldə olunduğu, himayəsində azyaşlı uşağın olduğu, cəzasını ağırlaşdıran halların olmadığı şəraitdə, ona azadlığın məhdudlaşdırılması cəzasının, həmçinin həmin maddənin sanksiyasında olan daha ağır cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğun olmamaqla, ədalətli olmazdı və cəzanın məqsədlərinə qətiyyən xidmət etməzdi. Təqsirləndirilən şəxsə cərimə və ictimai işlər cəzasının təyin edilməsi də törətdiyi cinayətin ictimai təhlükəliliyinə və xarakterinə, həmçinin şəxsiyyətinə uyğun olmazdı. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzasının təyin edilməsi, törətdiyi cinayət əməlinin xarakterinə və ictimai təhlükəliliyinə, şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğun olmaqla, ədalətli olardı və cəzanın məqsədlərinə, yəni sosial ədalətin bərpa olunmasına, məhkumun islah olunmasına, məhkum və ya başqa şəxslər tərəfindən yeni cinayət əməllərinin törədilməsinin qarşısının alınması məqsədlərinə xidmət edərdi. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, ədalət və humanizm prinsiplərini nəzərə alaraq və təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasına məhkum edilməli, o, cəzasını iş yerində çəkməli, cəza çəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulduğu vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə sübut kimi tanınmış 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir… Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur və Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 30 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 15 % pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin; cəzasını iş yerində çəksin; cəza çəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulduğu vaxtdan hesablansın. İş üzrə sübut kimi tanınmış 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 30 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar