Məhkəmə qərarları › İş №1(019)-35/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-35/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-35/2022 11.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağstafa Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 1 (015)- 75 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsilə təqsirli bilinərək qəti olaraq 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin 27 yanvar 2022-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarı ilə barəsində «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci bəndi tətbiq edilməklə həmin cərimə cəzasından azad edilmiş, məhkumluğu olmayan, Şəki rayonu Böyük Dəhnə kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.03.2022-ci il tarixli, 4 (009)- 88/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi üzrə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 29, 318.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ümumvətəndaşlıq pasportu olmadığından qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasından Gürcüstana keçə bilmədiyi üçün Gürcüstana getmək məqsədilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ümumvətəndaşlıq pasportu olmadığından qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasından Gürcüstana keçə bilmədiyinə görə ailə üzvlərini ziyarət etmək üçün qanunsuz yolla Gürcüstana getmək məqsədilə 30 noyabr 2021-ci il tarixdə saat 13:30 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonunda yerləşən 7-ci sərhəd zastavasının xidməti ərazisinin 1-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstana qəsdən qanunsuz olaraq keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəbə görə cinayəti başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 30 noyabr 2021-ci il tarixdə, saat 05:30 radələrində Mingəçevir şəhərində, V.Vidadi küçəsi ev 5 mənzil 46-da yerləşən kirayədə yaşadığı mənzildən çıxıb sərnişin avtobusuna minərək Balakən rayonuna getmiş, Balakən rayonunda sərnişin avtobusundan düşərək, istifadəsində olan telefonla səmt proqramı qoşduqdan sonra sərhədə yaxın ərazini müəyyən edib, həmin istiqamətdə Balakən rayonu Poştbinə kəndinin ərazisinə getmişdir. Balakən rayonu Poştbinə kəndi yaxınlığında dağlıq əraziyə daxil olaraq, müqabil tərəfi müşahidə etdikdən sonra Gürcüstan istiqamətinə hərəkət etmiş, bu zaman səslər eşitdiyi üçün hərəkət istiqamətini dəyişərək, sərhədçilərdən yayınmaq istəyərkən saxlanılaraq, sərhəd zastavasına aparılmışdır. Gürcüstanda ailə üzvləri yaşayırlar. Ailə üzvlərinin dolanışığı çox çətindir. Ümumvətəndaş pasportu olmadığından və sərhədlər bağlı olduğundan Gürcüstana qanuni yolla gedə və ailə üzvlərini Azərbaycana gətirə bilmir. Ona görə də ailə üzvlərini gətirmək məqsədilə Gürcüstana, ailə üzvlərinin yaşadığı Poti şəhəri, Qobuladze küçəsi 8 ünvanına getmək istəmişdir. Azərbaycan Respublikasının sərhədini qanunsuz keçmək üçün ona heç kim kömək göstərməmişdir. Əvvəllər, yəni 2021-ci ilin iyun ayında dövlət sərhədini qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçdiyi üçün saxlanılmış, barəsində cinayət işi başlanmış və o, Ağstafa Rayon Məhkəməsinin hökmü ilə 1000 manat cərimə olunmuşdur. Lakin barəsində amnistiya aktı tətbiq olunaraq o, həmin cərimə cəzasından azad edilmişdir. Cinayət əməlindən peşmandır. Himayəsində azyaşlı uşaq vardır. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Şahid2 ifadəsində göstərdi ki, 30.11.2021-ci il tarixdə saat 13:05-dən saat 14:20-dək zastavanın baş atıcısı Şahid1 ilə birlikdə N nömrəli hərbi hissənin Balakən rayonu ərazisində yerləşən 7-ci sərhəd zastavasının 1-ci sahəsinə müşahidə məntəqəsi xidmətinə təyin olunmuş, dövlət sərhədinin mühafizəsinə dair əmr aldıqdan sonra xidməti sahəyə gedərək qeyd olunan ərazidə dövlət sərhədini mühafizə etməyə başlamışlar. 30.11.2021-ci il tarixdə saat 14:30 radələrində xidmətin təşkili zamanı Azərbaycan Respublikası ərazisindən Gürcüstan istiqamətinə bir nəfər şəxsin hərəkət etdiyini müşahidə etmiş, dərhal hadisə ilə bağlı sərhəd zastavasına rabitə vasitəsilə məruzə etmiş və əlverişli mövqe seçərək həmin şəxsin hərəkətlərini müşahidə etməyə başlamışlar. Həmin şəxsin ağac və kol bitkilərinin arxasında gizlənərək ərazini müşahidə etdiyini və iti addımlarla Gürcüstan istiqamətində dövlət sərhədinə tərəf hərəkət etdiyini görmüşdür. Naməlum şəxs mühafizə edilən xidməti sahəyə yaxınlaşarkən Şahid1 uca səslə «dayan» çağırış komandası vermiş, həmin şəxs komandanı eşidərək geriyə qaçmağa başlamışdır. O və Şahid1 həmin şəxsi təqib edərək saxlamışlar. Daha sonra hadisə yerinə sərhəd zastavasından həyəcan qrupu gəlmiş, sərhəd mühafizəsi təlimatının tələblərinə uyğun olaraq ərazidə axtarış keçirildikdən sonra saxlanılan şəxs sərhəd zastavasına aparılmışdır. Həmin şəxslə aparılan söhbət zamanı onun Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmək istədiyini səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid1 məhkəmə iclasına gəlməmiş və gətirilməmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Şahid1 verilən ittihamın həlli üçün yeganə və həlledici şahid deyildir. Həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin şahidin ibtidai istintaqda verdiyi ifadəsi ilə tanış olmuş və bu ifadəyə hər hansı etiraz bildirməmiş, eyni zamanda həmin ifadənin təkzib edilməsi üçün hər hansı vəsatətlər verməmiş, onun dindirilməsi zamanı eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsini xahiş etməmiş, bu şahidin ifadəsində göstərdiyi halların təkzibi ilə bağlı hər hansı sübutlar təqdim etməmişlər. Həmçinin məhkəmədə ittiham və müdafiə tərəflərinin iştirakı ilə iş üzrə ittihamın həlli üçün ifadələri əsas hesab edilə biləcək şahid dindirilmiş, tərəflərə ona müvafiq sualların verilməsi, ifadəsində göstərdiyi halların tədqiq edilməsi üçün hərtərəfli şərait yaradılmış, həmin ifadəyə işdə olan digər sübutlarla müqayisəli şəkildə hüquqi qiymətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual tədlbirlər həyata keçirilmişdir. İş üzrə təqsirləndirilən şəxs də məhkəmədə verdiyi ifadəsində ona verilən ittiham üzrə özünü təqsirli bilmiş, bu konteksdə həmin şəxsin ifadəsi və işdə olan digər mötəbər sübutlarla tanış olmuşlar. Bu xüsusda ittiham və müdafiə tərəfləri Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsinin məhkəmədə elan olunmasına və tədqiq olunmasına razılığını bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, Şahid1 məhkəməyə gəlməsinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüldüyünü, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahid Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid1 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan 01 dekabr 2021-ci il tarixli mobil telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus emaillə «Googlemaps» proqramı vasitəsilə Azərbaycan Respublikasının Gürcüstanla Balakən rayonu ərazisinə aid sərhəd xətti boyu olan dağlıq ərazinin axtarıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi həmin ərazidən dövlət sərhədini pozacağını qeyd etmişdir. İş materiallarında olan DSX-nin N №-li hərbi hissə ƏAŞ rəisi mayor Rüfət Baxşəliyevin 30.11.2021-ci il tarixli məktubundan görünür ki, 30.11.2021-ci il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd etmiş Təqsirləndirilən şəxs saxlanılmışdır. İş materiallarında olan 30.11.2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etdiyi ərazini göstərimş və həmin ərazi N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının 1-ci sahəsi olmuşdur. İş materiallarında olan DSX-nin ƏABİ-dən daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs 2006-2015-ci illərdə dövlət sərhədindən sonuncu hərəkəti 10 iyun 2015-ci ildə ölkə ərazisindən Gürcüstana çıxmaqla ümumilikdə 7 hərəkəti qeydə alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs sərhəd naryadı tərəfindən saxlanıldıqdan sonra üzərinə baxış zamanı 1 ədəd «Samsung» markalı mobil telefon, 1 ədəd ev qapısı açarı, 1 ədəd «Express bank»a məxsus plastik kart, 1 ədəd «Bakubus» minik kartı, 1 ədəd «Azərenerji»yə məxsus işıq artı, 1 ədəd «Covid-19» pasportu, 1 ədəd yaddaş kartı (USB), 1 ədəd boş pul qabı və 1 ədəd cib dəftəri aşkar olunaraq götürülmüş və həmin əşyalar 01.12.2021-ci il tarixli aktla Təqsirləndirilən şəxs təhvil verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş inzibati qaydada tutma haqqında 30 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə 14.05-də tutulmuş, yəni azadlığı faktiki məhdudlaşdırılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 01 dekabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə 01 dekabr 2021-ci il tarixli arayışdan və Ağstafa Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 1 (015)-75/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsilə təqsirli bilinərək 1500 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilib 1000 manata endirilmişdir. Ağstafa Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 1 (015)-75/2021 nömrəli hökmündə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağın olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin 27 yanvar 2022-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci bəndi tətbiq edilməklə o, Ağstafa Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 1 (015)-75/2021 nömrəli hökmü ilə təyin edilmiş 1000 manat cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 10.03.2022-ci il tarixli, 1 (019)- 35/2022 nömrəli qərarından və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmaqla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, lakin Balakən Rayon Məhkəməsinin 10.03.2022-ci il tarixli, 1 (019)-35/2022 nömrəli qərarı icra olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.03.2022-ci il tarixli, 4 (009)-88/2022 saylı qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi üzrə 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iş üzrə şahidlərin ifadələrini və yuxarıda istinad olunan qərar və sənədləri, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs ümumvətəndaşlıq pasportu olmadığından qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasından Gürcüstana keçə bilmədiyinə görə ailə üzvlərini ziyarət etmək üçün qanunsuz yolla Gürcüstana getmək məqsədilə 30 noyabr 2021-ci il tarixdə saat 13:30 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqəsindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonunda yerləşən 7-ci sərhəd zastavasının xidməti ərazisinin 1-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstana qəsdən qanunsuz olaraq keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəbə görə cinayəti başa çatdıra bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki,cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyinatı ilə bağlı qeyd edir ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özündə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cərimə cəzasının təyin edilməsi, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, o, bundan əvəl CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədərək cərimə cəzasına məhkum edilmiş və bundan nəticəyə çıxarmayaraq yenidən həmin maddədə nəzərdə tutulmuş əməli törətmişdir. Eyni zamanda hazırda onun CM-nin 29,318.2-ci maddəsilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi üzrə ibtidai istintaq aparılır. Qeyd olunanlar Təqsirləndirilən şəxs cinayətə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət etmir. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə dövlət sərhədinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsaslarının və dövlət sərhəd rejiminin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlıq yaratmış olardı, işin hallarına əsasən cəzanın məqsədlərinə nail olunmasına xidmət edərdi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə inzibati qaydada tutulmuş, yəni həmin vaxtdan azadlığı faktiki məhdudlaşdırılmış və o, 01 dekabr 2021-ci il tarixdə hazırki cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, milli qanunvericilikdə fərqli yanaşılma olsa da, Avropa Konvensiyasının 5-ci maddəsinin mənası baxımından tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışları eyni məna daşıyır. Bu xüsusda həbs müddətləri ilə bağlı Azərbaycan Respublikası CPM-nin normalarında müxtəlif müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 148.6-cı maddəsində şübhəli şəxsin tutulmasının, həmin Məcəllənin 150-ci maddəsinə əsasən ittihamın elan edilməsi üçün şəxsin tutulmasının 48 saatdan artıq davam etməməsi, Azərbaycan Respublikası CPM-nin 310.6.2-ci maddəsinə əsasən məhkəmə iclasında qaydanı kobud şəkildə pozan şəxsə 3 saatdan 48-saatadək tutmanın tətbiq edilməsi, yəni həbsin müddətinin saatlarla müəyyən olunması nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası CPM-nin 158.1, 159.1. və 159.2-ci maddələrində həbsin müddətinin aylarla müəyyən olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 168.2-ci maddəsinə əsasən isə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən cəza müddətinin axırıncı gününün birinci yarısından azad edilirlər. Eynilə Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda (təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə; məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda) həbsdə saxlanılan şəxsin məhkəmə zalından dərhal həbsdən azad edilməsi təsbit olunmuşdur. Bu qanun normalarından görünür ki, şəxsin həbs müddətinin aylarla və ya günlərlə hesablanmasına baxmayaraq, məhkəmə qərarı (hökmü) günün hansı vaxtında (saatında) çıxarılırsa, onun həbs müddətinin son gününün bitməsindən asılı olmayaraq, o, həmin vaxtda (saatda) həbsdən azad edilməlidir. Yəni qanunun fəlsəfəsinə görə burada şəxsin konkret saatlarla ifadə olunan həbs müddəti, həmin günün bitməsinə baxmayaraq, günə bərabər tutulur. Ona görə də şəxsin bir neçə saat həbsdə qalması onun bir gün həbsdə qalması sayılmaqla, ona təyin edilən cəza müddətinə daxil edilməli, ya da həmin müddətdən çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərin koteksində məhkəmə hesab edir ki, əslində Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə saat 14.05-də tutulub, 01 dekabr 2021-ci il tarixdə hansı saatda azad olunması müəyyən olunmadığından bu hal təqsirləndirilən şəxsin xeyrinə həll olunmaqla həmin günlər-30 noyabr 2021-ci il və 01 dekabr 2021-ci il tarixlər müstəqil olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanması günləri kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il və 01 dekabr 2021-ci il tarixlərdə tutularaq həbsdə saxlandığı iki gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 30 noyabr 2021-ci il tarixdə və 01 dekabr 2021-ci il tarixdə tutulub həbsdə saxlandığı iki gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq,işin hallarını,təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırki hökmün çıxarıldığı 11 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.03.2022-ci il tarixli, 4 (009)-88/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 8 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 48 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X1 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 30 noyabr 2021-ci il tarixdə və 01 dekabr 2021-ci il tarixdə tutulub həbsdə saxlandığı iki gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilən bu cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli hazırki hökmün çıxarıldığı 11 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.03.2022-ci il tarixli, 4 (009)-88/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 48 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X1 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar