Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-35/2025 02.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Xüsusi ittihamçı X2, müdafiəçi Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X3 iştirakları ilə, 06 mart 1995-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-də mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ən ağır cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, şikayət vermiş şəxs X2 rəhbərlik etdiyi “X10” MMC-nin keçmiş müştərisi olmuş X7 şirkətlə bağladığı xx.xx.2021-ci il və xx.xx.2022 tarixli alqı-satqı müqavilələri üzrə şirkətdən müvafiq olaraq əvvəl lazerepillyasiya cihazı və daha sonra onun ekran ehtiyat hissəsini hissə-hissə ödəmək şərti ilə sifariş edərək almışdır. Lazer epillyasiya cihazı üzrə ödənişini tam edib bağlasa da ekrana dair ikinci müqavilə üzrə aylıq ödənişi guya cihazın düzgün işləməməsi və keyfiyyətinə dair əsassız arqumentlər gətirib etməkdən imtina etdiyi üçün borcun tələb edilməsi məqsədilə şirkət tərəfindən məkəməyə müraciət edilmiş və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(117)-751/2023 saylı qətnaməsinə əsasən X1 923 manat qalıq əsas borcun, 50 manat cərimənin və 58,75 manatın mediasiya xərci olaraq tutularaq “X10” MMC-ə ödənilməsi qət edilmişdir. Bundan qəzəblənən və şirkətə qarşı qərəzli mövqe tutan Xalima Ustayeva məhkəmənin barəsində əleyhinə qərar çıxardığını görüb pis niyyətlə 01 İyun 2024-cü il tarixində şirkətin qarşısında özü ilə bərabər bir qrup şəxsi də cəlb edərək qanunsuz toplantı keçirdi. Həmin toplantıdan sonra “YouTube” sosial media platformasında özünü jurnalist kimi təqdim edən Gülnaz Qəmbərli adlı şəxsə məxsus və birbaşa olaraq onun tərəfindən idarə olunan “Azad Media TV” adlı xəbər kanalına xx.xx.2024-cü il tarixində verdiyi müsahibəsində şirkətin ofisi qarşısında 1 iyun 2024-cü il tarixli toplantının məqsədlərindən danışarkən Xalima Ustayeva şirkət barəsində: “Azestetik ailəmə təzyiq göstərir, atamı da onlara görə itirdim”, “mənim, ailəmin, qardaşımın qabağını kəsirlər”, bu kimi bilə-bilə yalan məlumatları kütləvi olaraq yaymaqla yanaşı, şikayət vermiş X6 barəsində növbəti xx.xx.2024-cü il tarixdə “Azad Media TV” kanalının Youtube platformasında yayımlanmış ikinci videonun 17.25-ci dəqiqəsində müsahibəsində artıq daha da irəli gedərək “onun kişiliyi yoxdur ki, gəlib mənim qarşıma çıxsın”, “ölsün, boyunu yerə soxsun” və s. bu kimi şəxsiyyəti alçaldan təhqiredici və alçaldıcı ifadələr işlətmişdir. Müvafiq əməlin törədildiyi məkan hər kəsə açıq olan internet informasiya ehtiyatı olduğu və müvafiq paylaşımlar hər kəs üçün publik şəkildə yayımlandığı üçün söylənmiş təhqiramiz alçaldıcı ifadələr geniş izləyici kütləsinə məlum olmuşdur. Həmin şəxslərin arasında “X10” MMC-nin əməkdaşları, eləcə də bənzər sahədə fəaliyyət göstərən digər rəqib şirkətlərin nümayəndələri, müştərilər və həmçinin dövlət və qeyri-dövlət nümayəndələri olmuşdur. Hansı ki, bu videodan sonra bu tip şəxslərlə birgə görüşlər zamanı şikayət vermiş X6 bu təhqiramiz ifadələr nəticəsində bir şirkət rəhbəri olaraq işgüzar nüfuzu ciddi zədələndiyini və nəticədə onun timsalında şirkətə olan inam-etibarın sarsıldığını hiss etmişdir. X3 qeyd olunan əməlində CM-nin 148-ci maddəsində göstərilmiş təhqir cinayətinin əlamətləri açıq-aşkar mövcud olduğundan və bunu təsdiq edəcək inkaredilməz və mötəbər sübutlarım da şikayətə əlavə edildiyindən onun barəsində qeyd olunan maddə ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlanmalı və cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar ittihamedici hökm qəbul edilməlidir. Əks halda o, cəzasız qalacağına əmin olaraq bundan daha ruhlanıb oxşar əməllərinə daha kəskin formada davam etdirəcəyi qənaətindədir. Onun bu cinayət əməli nəticəsində həm onun fərd olaraq, həm də təmsil etdiyi şirkətin rəhbəri olaraq şəxsiyyəti alçaldılmış və bundan həm də şirkəti potensial müştərilərini itirməklə ciddi zərər çəkmişdir. Xalima Ustayeva onun barəsində təhqiredici və şəxsiyyətini alçaldan ifadələri Youtube-da olan “Azad söz” kanalında işlətmişdir. Həmin kanalın, yəni kütləvi informasiya vasitəsinin hüquqi ünvanı indiyədək ona məlum deyil. Bu barədə kanalın özündə də heç bir açıq mənbədə məlumata rast gəlinmir. Belə olduğu təqdirdə Ali Məhkəmənin də mövqeyinə uyğun olaraq şikayəti kütləvi informasiya vasitəsində yaymış şəxsin, yəni Xalima Ustayevanın axırıncı yayayış yeri Balakən rayonu olduğu üçün Balakən rayon məhkəməsinə vermək qərarına gəlmişdir. Bundan həmin şəxs barəsində CM-nin 147 və 148-ci maddələri üzrə xüsusi ittiham qaydasında Balakən rayon məhkəməsinə şikayət edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hökmü ilə Xalima Ustayeva CM-nin 147 və 148-ci maddələri ilə təqsirli bilənərək cəzaların toplanması yolu 1500 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərarı ilə apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli 1(019)-86/2024 saylı hazırlıq iclasının qərarı və 15 yanvar 2025-ci il tarixli 1(019)-3/2025 saylı hökmünün ləğv edilməsi, xüsusi ittiham qaydasında şikayət üzrə materialların Balakən Rayon Məhkəməsinin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılmasına qərar verilmişdir. Balakən rayon məhkəməsinin bu iş üzrə təkrar xx.xx.2025-ci il tarixli qərarı ilə şirkətin adından verilmiş şikayət icraata qəbul edilməmişdir. Həmin iclas zamanı ayrıca olaraq şirkətin şikayətinə baxılarkən xüsusi ittihamçı kimi tanınmağım barədə vəsatət də təqdim etməyimə baxmayaraq məhkəmə həmin vəsatət əsasında xüsusi ittihamçı tanınmağın qanunvericilikdə nəzərdə tutulmadığını və bununla bağlı xüsusi ittihamçı CM-nin 148-ci maddəsi ilə ayrıca yenidən şikayət ərizəsi ilə müraciət edə bilmək hüququnun olduğunu izah etmişdir. Beləliklə, ona və şəxsiyyətinə qarşı qarşı açıq-aşkar cinayət tərkibli əmələ yol verildiyi üçün pozulmuş hüquqularının müdafiəsi məqsədilə xüsusi ittiham qaydasında ayrıca yenidən məhkəməyə şikayət etmək qərarına gəlmişdir. Onu da qeyd etmişdir ki, bundan əvvəl Balakən Rayon Məhkəməsində rəhbərlik etdiyi şirkətin adından şikayətə baxılarkən məhkəmə Xalima Ustayevanın onun barəsində işlətdiyi ifadələrin şəxsiyyəti alçaldan və təhqiredici olubolmaması barədə məhkəmə ekspertizası təyin etmişdir. Həmin ekspertiza nəticəsində xx.xx.2024-cü il tarixli, 4/1785 nömrəli ekspert rəyinin nəticə hissəsində birbaşa olaraq açıq və aydın şəkildə müəyyən edilmişdir ki, ‘‘X3 xüsusi ittihamçı Azestetik Group MMCnin direktoru X6 barəsində işlətdiyi “yoxdur onun kişiliyi yoxdur, gəlsin mənim qarşıma çıxsın”, “ölsün boyunu yerə soxsun” şəklində deyilmiş söz və ifadələr linqvistik baxımdan yanaşdıqda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatlar kimi dəyərləndirilir.” (ekspert rəyi şikayətə əlavə olunur.). Beləliklə, həmin rəy ilə təsdiq olunur ki, Xalima Ustayevanın sözügedən müsahibələrində barəsində işlətdiyi ifadələr şəxsiyyətimi qəsdən nalayiq formada alçaldan və təhqir edən ifadələr olmuşdur. Hansı ki, bu əməlindən indiyədək peşmançılıq hiss edib üzrxahlıq belə etməmiş, əksinə həmin əməlindən sonra şirkət və onun rəhbərliyi barəsində həqiqətə uyğun olmayan və birbaşa işgüzar nüfuzuza xələl gətirən ifadələrə yenidən qəsdən yol verilmişdir. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında xüsusi ittihamçının ifadəsi, ekspertiza rəyi və digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, “X10” MMC-dən alqı-satqı yolu ilə lazer-epillyasiya cihazı almışdır. Onu bununla bağlı məhkəməyə şikayət etmişlər, lakin o, məhkəmədə iştirak edə bilməmişdir. Apellyasiya şikayəti vermə müddətini ötürdüyü üçün şikayətə baxılmamışdır. Onunla “X10" MMC arasındakı ikinci müqavilə saxtadır, saxta müqavilədəki imza onun imzası deyil. O, Polis Bölməsinə müraciət etmişdir. Orada imza nümunələri götürmüşlər, həmçinin izahat vermişdir. Lakin “X10” MMC-nin əməkdaşları müstəntiqə müqavilənin əslini təqdim etmədiklərindən cinayət işinin başlanmasının rədd olunması barədə məktub almışdır. Başqa şikayətçilərlə birlikdə “X10” MMC-yə getmiş, lakin Rəşad Qasımov haqqında “ölsün boyunu yerə soxsun”, “onun kişiliyi yoxdur” kimi ifadələr deməmişdir. Həmin sözləri ünvanlı olaraq deyil, “onun” barəsində demiş, Rəşad Qasımovun adını çəkməmişdir. Onun təqsiri yoxdur, xüsusi ittihamçının həmin sözləri ictimai şəkildə təkzib etməsi şərtilə barışacağı tələbi ilə razı deyil, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X6 şikayətin məzmununa uyğun ifadə verərək, X7 ilə barışmadığını, şikayətdən imtina etmədiyini bildirmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddədə nəzərdə tutulan ən ağır cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan 1 ədəd DVD diskə əlavə olunan “videoplayback (3)” adlı videogörüntünün 17:25-ci dəqiqəsində X7 “Azad Media TV” kanalının Youtube platformasında xx.xx.2024-cü il tarixdə verdiyi müsahibəsində “yoxdur onun kişiliyi yoxdur, gəlsin mənim qarşıma çıxsın”, “ölsün, boyunu yerə soxsun” sözlərini işlətmişdir. 1 ədəd DVD diskə əlavə olunan “WhatsApp Video 2024-07-18 at 14.49.49” adlı videogörüntüdən görünür ki, X3 “yoxdur onun kişiliyi yoxdur, gəlsin mənim qarşıma çıxsın”, “ölsün, boyunu yerə soxsun” sözlərini işlətdiyi video “YouTube” platformasında “Azad Media TV” adlı kanalda “AzEstetik MMC”-dən zərərçəkənlərin tələb etdiyi rəhbər görün hardaydı?....” başlığı ilə yayımlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli 4/1735 nömrəli ekspert rəyində göstərilmişdir ki, X3 xüsusi ittihamçı “X10 MMC”-nin direktoru X6 barəsində işlətdiyi “yoxdur onun kişiliyi yoxdur, gəlsin mənim qarşıma çıxsın”, “ölsün boyunu yerə soxsun” şəklində deyilmiş söz və ifadələr linqvistik baxımdan yanaşdıqda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatlar kimi dəyərləndirilir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, X7 məhkumluğu olmayan şəxsdir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 10-cu maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində qeyd edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə iş üzrə xüsusi ittihamçı X2 ifadəsini, ekspertiza rəyini və videogörüntünü tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Təqsirləndirilən şəxs X3 məhkəmə baxış iclasında özünü təqsirli bilməməsi, həmin ifadələri X6 barəsində deməməsi özünümüdafiə xarakteri daşıyan, cinayət məsuliyyətindən azad olunmaq üçün verilmiş ifadə kimi qiymətləndirilir. Belə ki, təqsirləndirilən şəxs X7 xx.xx.2025-ci il tarixli hazırlıq iclasında çoxlu borcunun olduğunu, buna görə iş qurduğunu, atasının da onun borclarına görə işlədiyini, atasını iş qəzası nəticəsində itirdiyini, səbəbkar kimi Rəşad Qasımovu görməsini, onunla əlaqə saxlaya bilmədiyindən köməyi dəyər ümudi ilə “X10” MMC-yə getdiyini, işçilərinin əvvəl Rəşad Qasımovun yuxarıda olmasını, daha sonra isə şirkətdə olmadığını deməsini, bundan əsəbiləşərək “yoxdur onun kişiliyi, yoxdur, gəlsin mənim qarşıma çıxsın”, “ölsün boyunu yerə soxsun” kimi ifadələr demiş, bu sözlərin Rəşad bəyin xətrinə dəyməsini bildirmişdir. Baxış iclasında isə hazırlıq iclası zamanı X4 təhqir etməsini etiraf etmədiyini bildirmişdir. Məhkəmə onun xx.xx.2025-ci il tarixli iclasda verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir. Belə ki, X3 özünü təqsirli bilməməsi «Youtube» platformasında yayımlanmış videogörüntü ilə təkzib edilmiş, həmin videogörüntü əsasında müəyyən edilmişdir ki, “X10” MMC-nin əməkdaşının direktorun ofisdə olmadığını, ayın 27-si şikayətçiləri qəbul edəcəyini deməsindən sonra X7 “hanı rəhbərin, mən səni tanımıram”, “yoxdur onun kişiliyi, yoxdur, gəlsin mənim qarşıma çıxsın”, “ölsün boyunu yerə soxsun” kimi ifadələr işlətmişdir. Göründüyü kimi həmin ifadələrdə X2 adı çəkilməsə də, ifadələrin şirkətin əməkdaşları ilə şikayətçilər arasında direktorun onları qəbul etmədiyinə görə yaranmış mübahisə zamanı direktor X6 barəsində deyilməsi məhkəmə iclasında tədqiq edilmiş videogörüntü əsasında sübuta yetirilmişdir. Ekspert rəyində isə X3 “yoxdur onun kişiliyi yoxdur, gəlsin mənim qarşıma çıxsın”, “ölsün boyunu yerə soxsun” şəklində deyilmiş söz və ifadələr şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatlar kimi müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, təqsirləndirilən şəxs X3 əməlində Azərbaycan Respublikası CM-in 148-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs X3 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X5 təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat (bir yüz əlli) təqsirləndirilən şəxs X1 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X3 hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 5 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 55 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat X1 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materiallarında saxlansın. X5 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 55 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-35/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-35/2025
02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver