Məhkəmə qərarları › İş №1(019)-36/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-36/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-36/2025 13.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2 qızının nümayəndəsi Nümayəndə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs- X1 iştirakları ilə, X1 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə və cəzalandırılmalarına dair X2 qızı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə materiala açıq məhkəmə hazırlıq iclasında baxaraq mü ə y y ə n e t d i: Möhsünova –X11 xüsusi ittiham qaydasında şikayətlə Balakən Rayon Məhkəməsinə müraciət edərək X1 və X6 onun barəsində yazılan böhtan xarakterli yazılara görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini və onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o,uzun müddətdir ki, psixoloji və loqopedik dəstəyə ehtiyacı olan uşaqların inkişafına dəstək fəaliyyəti, həmçinin bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi və təlim verilməsi ilə məşğuldur. Təlimlərində vaxtı ilə iştirak edən və eyni fəaliyyət istiqaməti ilə məşğul olan X4 onun fəaliyyətindən narahat olmuş və xx.xx.2024-cü il tarixində özünün istifadəsində olan “pedaqoqmedineisrafılova” instaqram səhifəsində onun instagram səhifəsini qeyd etməklə ictimaiyyətdə, dinləyici valideynlərdə, əməkdaşlarında və sosial şəbəkə izləyicilərində ona qarşı mənfi rəy və fikri formalaşdırmaqdan ötrü barəsində şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyən böhtan xarakterli məlumatlar paylaşmışdır. Həmin məlumatlarda - “belə çıxır ki, səhifədə paylaşılan “nəticə” görüntülərinin hamısı bu cür yalan və fırıldaqdan ibarətdir”, ”Amma həmin müəllimə təlimlərinin İngiltərədən (nə bir sertifikat, nə İngiltərədə olduğuna dair görüntü, ən azından xarici pasportundakı möhür görüntüsü belə heç kim tərəfindən görülməyib) aldığı çox bahalı təlimlər əsasında və öz zehninin məhsulu olduğunu bildirir”, “Dəfələrlə konsultasiyalarda səhv diaqnoz qoyub, faydasız korreksiya işi apardığı valideynlərin müraciətlərindən xəbərdaram”, “Bir azca analiz edərsək, savadın və intellekt səviyyəsinin nə dərəcədə aşağı olduğunu anlaya bilərsiniz”, “Bundan əlavə yenə də özünü hər kəsdən fərqli, dəyərli, güclü göstərmək adına müxtəlif dövlət orqanlarının və şəxslərin adından istifadə etmişdir. Hansı ki bu konkret həmin orqan və şəxslərə bildirilərsə, cinayət məsuliyyəti hesab olunacaq” və “!!! Yuxarıda qeyd etdiklərindən də aydın olduğu kimi insanın heç bir dəyəri yoxdur, nə ailə, nə Vətən, millət, din, iman, əxlaq və s. Elə olduğu halda da təbii olaraq ad-san, maddiyat əldən getməsin deyə hər cür çirkaba əl atma ehtimalı var. Atdığını da bilirik. Odur ki, bu paylaşımdan sonra şəxs ilə bağlı hər hansı problemli hal yaranarsa, həyatına, işinə hər hansı şəkildə zərər gələrsə,Təranə Möhsünova adlı şəxsdən bilinsin və məsuliyyətə cəlb olunsun” kimi ifadələr öz əksini tapır. Bundan əlavə heç bir tanışlığı olmadığı halda Mədinənin tanışı olan X8 onun barəsində Mədinə İsrəfılovanın paylaşdığı məlumatı özünün istifadəsində olan “zehra_m_20” instaqram səhifəsində xx.xx.2024-cü il tarixdə hər kəsə açıq şəkildə məlumatı yaymışdır. Mədinəyə ortaq tanışları vasitəsi ilə qanunsuz hərəkətlərinə son verməyi bildirsə də, müxtəlif yerlərdə qanunsuz hərəkətlərini davam etdirmişdir. Hər zaman uşaqların savadlı, cəmiyyətə yararlı bir fərd kimi yetişməsi üçün var gücü ilə çalışmışdır. Gecə-gündüz demədən gördüyü işlər, atdığı addımlar, qurduğu layihələr zamanla bəhrəsini verib və bu zəhməti Təhsil Nazirliyi tərəfindən də yüksək qiymətləndirilib. Ancaq təəssüf ki, hər uğurun kölgəsində, hər nailiyyətin ardınca paxıllıq edənlər də tapılır. Bəzi şəxslər öz acizliklərini və uğursuzluqlarını ört-basdır etmək üçün ona qarşı böhtan atmağa cəhd ediblər. Uğurlarına kölgə salmaq istəyənlər cəmiyyət içində, uşaqların valideynləri və təlim verdiyi müəllimlərin qarşısında onu nüfuzdan salmaq üçün əsassız şayiələr yaymağa başlayıblar.Onu dələduz adlandırmaq, dövlət orqanlarının adından danışmaqda ittiham etmək və bu yalanlarla insanları çaşdırmaq istəyiblər. Bütün bu çirkin niyyətlərə baxmayaraq, o doğru yoldan dönməmişdir.Çünki inanır ki, həqiqət nə qədər gec də olsa, gün işığına çıxır. O gördüyü işə, arxasında duran saf niyyətə və dürüstlüyünə güvənir. İnsanların etimadını qazanmaq illər çəkir, ancaq yalanla qurulan tələlər bir gün öz içində çökür.O,həmişə dürüst əməklə,uşaqların gələcəyi naminə çalışmağa davam edəcəkdir. Çünki əsl qalibiyyət zamanın sınağından çıxanlardadır. Bu səbəbdən cavabdehlərin qanunsuz əməllərinə son qoymaları üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müracət etmişdir. Polis şöbəsində araşdırma vaxtı cavabdehlər polis şöbəsinə dəvət edilmiş və əməllərindən peşman olduqlarını bildirmişdirlər. Polis şöbəsindən hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyyə etmişdirlər. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş Möhsünova- X7 nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında verdikləri şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində şikayət verilmiş şəxs-X5 xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsinə etiraz etmədiyini bildirdi. Barəsində şikayət verilmiş şəxs X8 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki,X2 qızının xüsusi ittiham qaydasında şikayəti CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Belə ki, şikayət vermiş şəxs X3 qızının şikayətinin giriş hissəsində onun soyadı səhv olaraq “Mövsümova-Eyyublu”, sonda isə “Mövsümova” qeyd edilmişdir. Bundan başqa barəsində şikayət olunmuş şəxs X6 adı şikayətdə “Zehra” olaraq, doğum yeri Macarıstanın “Dyor şəhəri” olduğu halda, “Macarıstan şəhəri” qeyd olunmuşdur.Şikayətdə həmçinin məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği,şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 49.1-49.2-ci maddələrinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. CPM-in 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. CPM-in 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. İş materiallarından görünür ki,X2 qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdiyi X1 yaşayış yeri Balakən rayonu Mahamalar kəndi , X6 yaşayış yeri isə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi İlqar Həsənov küçəsi ev 27-dir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə X1 cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi ittiham qaydasında şikayət Balakən Rayon Məhkəməsinə,X6 cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi ittiham qaydasında şikayət isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə verilə bilər. Möhsünova –X11 isə heç bir hüquqi əsas olmadan hər iki şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün bir xüsusi ittiham qaydasında şikayət ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, X1 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunması barədə X2 qızının xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299,300 və 302 və 384.1.7-ci maddələrini rəhbər tutub məhkəmə qəraraaldı X1 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunması barədə X2 qızının xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar