Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-37/2022 29.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X2 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1981-ci il tarixdə Qazaxstan Respublikasının Alma-Ata vilayətində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Balakən şəhəri H.Əliyev prospekti ev 41 mənzil 2-də qeydiyyatda olan və həmin ünvanda daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 12 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Balakən şəhəri Atatürk prospektinin Dəmir Yolu adlanan ərazisində piyada yol gedərkən yolun kənarından, yerdən taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,273 qram olan 01 ədəd qara-ağ rəngli kağız bükümdəki kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib öz istifadəsi məqsədilə əynindəki gödəkçənin sol iç cibində daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində RPŞnə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra saat 21:50-dən saat 22:25-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı 01 ədəd qara-ağ rəngli kağız bükümdəki təmiz çəkisi 0,273 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki gödəkçənin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, yaxın vaxtlardan psixotrop maddə metamfetamin qəbul edir. Psixotrop maddə olan metafetamini 10 gündən 1 dəfə istifadə edir.12.01.2022-ci il tarixdə saat 14 radələrində Balakən şəhəri Atatürk Prospekti ilə dəmir yolu tərəfə piyada yeriyib getdiyi zaman Atatürk prospektinin dəmir yolu adlanan ərazisində asfalt yolun kənarında yerdə qara-ağ rəngdə, bükülmüş vəziyyətdə kağız görmüşdür. Həmin qara-ağ rəngdə olan siqaret kağızı diqqətini çəkmiş və kağızı götürüb açmışdır. Kağız bükümü açıb baxanda kağızın içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, özü də psixotrop maddə metamfetamin istifadə etdiyi üçün gələcəkdə özü istifadə etmək məqsədilə həmin içərisində psixotrop maddə metamfetamin olan qara-ağ rəngli kağızı bükümü əynindəki gödəkçənin sol iç cibinə qoymuşdur. Həmin vaxtdan psixotrop maddə metamfetamin əynində olan gödəkçənin sol iç cibində qalmışdır.13 yanvar 2021-ci il tarixdə axşam saatlarında Balakən şəhəri H.Əliyev prospektində dayandığı zaman üzərində olan psixotrop maddə metamfetamini istifadə etmək istəmiş və psixotrop maddə metamfetamin əynindəki gödəkçənin sol iç cibində olmuşdur. Həmin vaxt Balakən şəhəri H.Əliyev prospektində dayandığı yerdə polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmişər. Daha sonra isə üzərində psixotrop maddə olan metamfetamin saxlamaqda şübhəli olduğunu bildirib, onu Balakən RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs kimi saxlanılmış və ona Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. Həmin siyahıdan o, vəkil Müdafiəçi1 dövlət hesabına onun hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Bundan sonra isə Vəkil Müdafiəçi1 iştirakı təmin edilmiş və ona təqdim edilmişdir. Daha sonra Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona hüquq və vəzifələri izah edilmiş, daha sonra isə təhqiqatçı Məhəmməd Xocaxov ondan üzərində narkotik vasitə, psixotrop maddə və hər hansı qeyri-qanuni əşya olub olub-olmamasını soruşmuş, o da Balakən şəhəri Atatürk prospekti dəmir yolu ərazisində yerdən asfalt yolun kənarından qara-ağ rəngli kağız bükümdə taparaq üzərində saxladığı psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd qara-ağ rəngli siqaret kağızına bükülmüş psixotrop maddə elektron tərəzi vasitəsilə çəkilmiş, kağız bükümdə olan psixotrop maddə metamfetaminin çəkisi kağız bükümlə birlikdə 0.39 qram gəlmişdir. Bundan sonra psixotrop maddə metamfetamin ağ rəngli kağız zərfə qoyularaq 185 nömrəli möhürlə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən başqa qanunsuz heç bir əşya, vasitə aşkar edilməmişdir. Üzərində şəxsi axtarış aparılarkən fasiləsiz olaraq videoçəkiliş aparılmışdır. Daha sonra da üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Müvafiq ekspertizanın rəyindən sonra ona məlum olmuşdur ki, üzərində şəxsi istifadəsi üçün saxladığı psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,273 qramdır. Həmin metamfetamini o, üzərində öz şəxsi istifadəsi üçün saxlamış, heç vaxt psixotrop maddələrin satışı ilə məşğul olmaq fikri olmamışdır. Heç vaxt da heç kimə psixotrop maddə satmamışdır. Əvvəllər haradan metamfetamin əldə etməsini xatırlamır. Həmçinin də üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən istifadə etməmişdir. Üzərində psixotrop maddə metamfetamin daşıyıb saxlamağından da ailə üzvlərinin və ya başqa heç kimin məlumatı olmamışdır. Hazırda yaşadığı evdə və ya başqa bir yerdə heç bir psixotrop maddə metamfetamin, yaxud hər hansı narkotik vasitə saxlamır. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin tapdığı yeri hazırda dəqiq xatırlamır və göstərə bilmir. Balakən RPŞ-də ona hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Himayəsində yetkinlik yaşına çatmayan uşaqlar vardır. Bu halların ona cəza təyin edilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 yanvar 2021ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq psixotrop maddə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması, yəni Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinin ifşa olunması məqsədi ilə tərəfindən dəvət olunaraq Balakən RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gəldikdən sonra əvvəlcə Təhqiqat Bölməsinin təhqiqatçısı Məhəmməd Xocaxov tərəfindən şübhəli şəxs kimi saxlanılmış, daha sonra vəkillər siyahısından seçdiyi və ona təqdim edilmiş hüquqlarını müdafiə edən Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və üzərində psixotrop maddə, yaxud hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, əgər psixotrop maddə, yaxud qanunsuz əşya varsa, təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol iç cibindən 01 ədəd kağız büküm çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız bükümdəki psixotrop maddə metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmiş və kağızla birlikdə ümumi çəkisi 0,39 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız büküm təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-ın baş inspektor kriminalisti, X10 tərəfindən videokamera vasitəsilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan 13 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həmin tarixdə saat 21:50-dan saat 22:25-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı psixotrop maddə, qeyri-qanuni əşya, predmet olub-olmaması barədə sual verildikdə, o, əynində olan gödəkçənin sol iş cibindən bir ədəd qara rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin bir ədəd kağız bükümün içərisində nə olması barədə Təqsirləndirilən şəxs sual verildikdə Təqsirləndirilən şəxs kağız bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin kağız bükümün içərisinə baxdıqda ağ rəngli kristal olan psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə kağız ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 0,39 qram təşkil etmişdir. Həmin kütlə 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, möhürlənmiş, maddi sübut kimi götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 14 yanvar 2022-ci tarixli, 17/56 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,273 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi-0,273 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,223 qram. Ekspertiza tədqiqatının dəyəri 71,94 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 26 yanvar 2022-ci il tarixli, 113 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə saat 21.35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, 15 yanvar 2022-ci il tarixdə saat 21.15-də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Balakən rayon VVADQ şöbəsi tərəfindən 16 oktyabr 2004-cü il tarixdə verilmiş AZ-İ 534654 nömrəli, 26 aprel 2007-ci il tarixdə verilmiş AZ-İ 912591 nömrəli və 24 sentyabr 2008-ci il tarixdə verilmiş AZ-İİ 155186 nömrəli doğum haqqında şəhadətnamələrdən və ümumən iş materiallarından görünür ki, 15 iyul 2004-cü il tarixdə doğulmuş X9, 14 aprel 2007-ci il tarixdə doğlumuş X7 və 31 iyul 2008-ci il tarixdə doğulmuş X11 olmaqla Təqsirləndirilən şəxs himaysində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaq vardır. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş 28.01.2022-ci il tarixli, 2 saylı arayışdan və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 11.10.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etimə cəzasına məhkum edilmiş, 20.06.2015-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 29 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,273 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,223 qramı maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qeydə alınmış videoçəkilişin əks olunduğu 01 ədəd DVD diski sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 13 yanvar 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolu, şəxsi axtarış aparılarkən videoçəkilişin əks olunduğu 01 ədəd DVD diskini, maddi sübutu, materialların məhkəmə ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 17/56 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 26 yanvar 2022-ci il tarixli, 113 nömrəli rəyini, Balakən rayon VVADQ şöbəsi tərəfindən 16 oktyabr 2004-cü il tarixdə verilmiş AZ-İ 534654 nömrəli, 26 aprel 2007-ci il tarixdə verilmiş AZ-İ 912591 nömrəli və 24 sentyabr 2008-ci il tarixdə verilmiş AZ-İİ 155186 nömrəli doğum haqqında şəhadətnamələri, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 29 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarını, məhkəmənin və ibtidai istintaq orqanının işdə olan digər qərarlarını və hərəkətlərinin protokollarını və yuxarıda istinad olunan və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə hesab edir ki, bu etirafın əks olunduğu təqsirləndirilən şəxsin ifadəsi könüllü şəkildə, nəyəsə məcbur edilmədən verildiyi üçün sübut kimi qəbul edilməli, həmçinin bu xüsusat təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hal kimi dəyərləndirilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunla təsdiq olunmuş İİ siyahıda bu miqdar psixotrop maddə metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verib, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən himayəsində iki azyaşlı uşağın və bir yetkinlik yaşına çatmayan uşağın olmasını və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 11.10.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etimə cəzasına məhkum edilmiş, 20.06.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, hazırki cinayət əməli törədilərkən onun məhkumluğu ödənilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 11.10.2011-ci il tarixli hökmü ilə məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş əməl həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs tərəfindən hazırki Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl 12 yanvar 2022-ci il tarixdə, yəni Şəki Ağır Cinayətlər Məhkəməsinin 11.10.2011-ci il tarixli hökmü ilə yaranmış məhkumluq müddəti ödənildikdən sonra törədilmişdir. Ona görə də Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmır. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl, öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar vardır, cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağın və bir yetkinlik yaşına çatmayan uşağın olması və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 13 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə istinadən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 29 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 26 yanvar 2022-ci il tarixli, 113 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X6 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 71,94 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,273 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,223 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qeydə alınmış videoçəkilişin əks olunduğu 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 13 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı 29 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X6 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 71,94 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,273 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,223 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qeydə alınmış videoçəkilişin əks olunduğu 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-37/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-37/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver