Məhkəmə qərarları › İş №1(019)-40/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-40/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-40/2023 15.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsinin icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxx 2000-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının əvvəllərində Balakən rayonu Katex kəndi ərazisindən keçən “Katex” çayının kənarında aşkar etdiyi 01 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə(kannabis) bitkisinin yararlı hissələrini yığıb qurudaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,07 qram və qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,57 qram, ümumi çəkiləri 9,64 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq ünvan 1 ünvanında küçədə daşın altında, xx.xx.2023-cü il tarixdən etibarən isə əynindəki qara rəngli qış gödəkcəsinin sol içəri yan cibində daşıyaraq saxlamışdır. 09 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 17:15-dən saat 17:35-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, əldə edib daşıyaraq üzərində saxladığı,şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,07 qram və qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,57 qram, ümumi çəkiləri 9,64 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli qış gödəkcəsinin sol içəri yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda ünvan 1 ünvanında anası X3 ilə birlikdə yaşayır. Təxminən 3 aydır narkotik vasitə olan marixuanadan istifadə edir. 2022-ci ilin noyabr ayının əvvəllərində yaşadığı evdən çıxıb Balakən rayonu Katex kəndi ərazisindən keçən “Katex” adlanan çayına balıq tutmaq üçün getmişdir.Həmin zaman çayın kənarında kolluğun içərisində yabanı halda bitmiş və qurumuş 1 ədəd narkotik bitkisini görmüşdür. O da narkotik vasitə istifadə etdiyi üçün həmin bitkinin üzərindən yığaraq istifadə etmək qərarına gəlmişdir. Buna görə də həmin bitkinin üzərindən yararlı hissələri yığıb cibinə doldurmuşdur. Cibinə doldurduğu həmin narkotiki yaşadığı evə gətirib bir hissəsini kağıza və bir hissəsini isə ağ rəngli sellefona bükərək evin qarşısında yol hissədə daşın altında gizlətmişdir.Həmin vaxtdan başlayaraq gizlətdiyi narkotikdən bir neçə dəfə götürüb istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində, yaşadığı evdən çıxanda yolda olan daşın altında gizlətdiyi kağıza və ağ rəngli sellefona bükdüyü narkotiki də özü ilə götürmüş və əynində olan qara rəngli gödəkcəsinin sol yan içəri cibinə qoyub piyada, Balakən rayon Katex kəndinə gəlmişdir. Saat təxminən 16 radələrində, Katex kəndi ərazisində piyada yolda getdiyi zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞ-nə dəvət etmişlər.O da polis əməkdaşları ilə razılaşaraq Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Qasım Hüseynov tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra vəkillər siyahısından seçdiyi Müdafiəçi RPŞ-nə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmiş, o da əynindəki qara rəngli qış gödəkçəsinin sol yan içəri cibində saxladığı, 01 ədəd sellofan və 01 ədəd kağız bükümləri çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd sellofan və 01 ədəd kağız bükümlər təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılmış, ona həmin bükümlərin içərisində nə olması barədə sual verilmiş, o da həmin bükümlərin içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir.Bundan sonra təqdim etdiyi 01 ədəd sellofan və 01 ədəd kağız bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş, 01 ədəd sellofan bükümün çəkisi sellofanla birlikdə 7,29 qram, 01 ədəd kağız bükümün içərisində narkotik vasitə ilə birlikdə çəkisi 3,13 qram, həmin bükümlərin ümumi çəkisi 10,42 qram təşkil etmişdir.Daha sonra həmin 01 ədəd sellofan və 01 ədəd kağız bükümlər içərisindəki narkotik vasitə ilə birlikdə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə bioloji ekspertizasının 10 yanvar 2023-cü il tarixli 17/41 nömrəli rəyi ilə tanış olduqdan sonra isə ona məlum olmuş ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş, yəni 01 ədəd sellofan bükümdə olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 7,07 qram, 01 ədəd kağız bükümdə olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 2,57 qram ümumi çəkiləri isə 9,64 qramdır. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Himayəsində ikinci qrup əlil olan xəstə anası vardır. Anasına ondan başqa baxacaq kimsə yoxdur. Ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin PPXB-nin komandir müavini vəzifəsində xidmət aparır. 09 yanvar 2023-cü il tarixdə Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlayaraq daşıması barədə Balakən Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra müvafiq göstəriş əsasında həmin gün saat təxminən 16:30 radələrində Təqsirləndirilən şəxs Katex kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi məqsədilə ilkin araşdırma aparılması TB-nin təhqiqatçısı polis baş leytenantı Qasım Hüseynova həvalə edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra Balakən RPŞ-nin ekspert kriminalisti Sadiq Vəzirov tərəfindən aparılan fasiləsiz videoçəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması barədə soruşulmuşdur.Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin sol yan içəri cibindən 02 ədəd bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən şəffaf sellofan büküm açıldıqda içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir.Həmçinin digər qızılı-ağ rəngli kağız büküm açıldıqda da içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, içərisindəki bitki kütləsi ilə birlikdə sellofan bükümün çəkisi 7,29 qram, qızılı-ağ rəngli kağız büküm elektron tərəzidə çəkildikdə isə içərisindəki bitki kütləsi ilə birlikdə kağız bükümün çəkisi 3,13 qram olmuşdur. Daha sonra sellofan və kağız bükümlərin içərisindəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi həmin bükümlərlə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qabılaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümlərdə olan bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu təxminən 2 ay əvvəl Balakən rayonu Katex kəndi ərazisindən keçən “Katex” adlanan çayın kənarında aşkar etdiyi yabanı halda bitən narkotik tərkibli çətənə bitkisinin üzərindən yığaraq istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş və ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid2 Şahid1lə oxşar məzmunlu ifadə vermişdir. İşin 22-24-cü vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 09 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 17:15-dən 17:35dək olan müddətdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində qara rəngli qış gödəkçəsi, qara rəngli ayaqqabı və ağ rəngli qış köynəyi olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində hər-hansısa qeyri qanuni əşya və ya predment, həmçinin narkotik vasitə olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs da əynində olan qara rəngli qış gödəkçəsinin iç sol yan cibindən 2 ədəd bükülü çıxarıb təqdim etmişdir. Daha sonra təqdim etdiyi ağ rəngli sellofan büküm açılmış və içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik tərkibli marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmçinin digər gümüşü kağızda olan büküm də açıldıqda içərisində tünd yaşıl rəngli spesifik iyə malik olan narkotik tərkibli marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş sellofan bükümdə olan narkotik tərkibli marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 7,29 qram gəlmişdir. Həmçinin digər kağız bükümdə olan narkotik tərkibli marixuanaya oxşar kütlə də elektron tərəzidə çəkilmiş və çəkisi 3,13 qram gəlmişdir. Bundan sonra ağ rəngli sellofanda və gümüşü kağızda olan büküm ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş və maddi sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Daha sonra isə şəxsi axtarış davam etdirilmiş, Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş predmet və ya əşya aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik tərkibli marixuanaya oxşar kütləni təxminən 2 ay əvvəl Katex çayının kənarından yabanı halda bitmiş bitkinin üzərindən yığdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Şəxsi axtarış Panasonic markalı kamera vasitəsi ilə görüntülənmiş, həmin videogörüntü 1 ədəd DVD diskə köçürülmüş və protokola əlavə olunmuşdur. Tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmadığından imzalarla təsdiq edilmişdir.Baxış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən,protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 30-33-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsindən alınmış 10 yanvar 2023-cü il tarixli 17/41 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 bükümdə narkotik vasitəyə bənzər kütlələr” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi–7,07 qram və 01(bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi -2,57 qram, ümumi çəkiləri- 9,64 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd şəffaf sellofan bükümdə və 01 (bir) ədəd qızılıağ rəngli kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: 1)Marixuanaların təmiz çəkisi - 9,64 qr,. tədqiqata sərf edildi-0,10 qram (hər ob. 0,05 qr), qalıq-9,54 qr. İşin 84-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış 23 yanvar 2023-cü il tarixli 100 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub.Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 15-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 09 yanvar 2023-cü il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü ildə saat 17:00-da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 65-66,69-cu vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 11 yanvar 2023-cü il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə saat 17:00-da Balakən Rayon PŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində “polisin nəzarəti altına vermə “ qətimkan tədbiri seçilmişdir. İşin 80-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 74-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli 20 nömrəli arayışdan görünür ki, Məmmədov X4 rayonu, Ü.Sadıqov küçəsi ev 14, mənzil 10da yaşayır. İşin 75-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli 20 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində anası X3 vardır. İşin 76-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Zaqatala Bələdiyyəsi tərəfindən 16 yanvar 2023-cü il tarixdə verilmiş 50 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İş materiallarına əlavə edilmiş 074759 nömrəli vəsiqədən görünür ki, təqsirləndirilən şəxsin anası X3 ikinci qrup əlildir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki,məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam,hərtərəfli və obyektiv yoxlayıb,hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib,Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq,məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini,əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 09 yanvar 2023-cü il tarixdən 11 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Zaqatala Rayon Mərkəzi X5 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 9,54 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 09 yanvar 2023-cü il tarixdən 11 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir)il 11(on bir)ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Zaqatala Rayon Mərkəzi X5 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 34.55 (otuz dörd manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 9,54 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar