Məhkəmə qərarları › İş №1(019)-40/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-40/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-40/2024 19.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Gədəbəy rayonu Qarabulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Dəyəqarabulaq kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu Çənlibel kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan, xeyli miqdarda - 6,33 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 29 fevral 2024-cü il tarixdə saat 20:00 radələrində Balakən şəhəri S.Gözəlov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Balakən rayon Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən həmin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana bir ədəd kibrit qutusunda olmaqla əynindəki qış gödəkçəsinin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham aşağıdakı qaydada tam sübuta yetirildi: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ifadə verməkdən imtina etdiyini bildirmiş və əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, Balakən rayon sakini Həzrətəli adlı şəxs bir neçə illər əvvəl onunla birlikdə Gədəbəy qızıl mədənində fəhlə işləmişdir. Həmin vaxtdan Həzrətəli ilə yoldaşlıq münasibətləri yaranmışdır. Təxminən 17 fevral 2024-cü il tarixdə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Həzrətəlinin istifadəsində olan 077 *** ** ** mobil nömrəsinə zəng edib danışdıqda Həzrətəli onu Balakən rayonuna qonaq dəvət etmişdir. Həzrətəliyə Balakənə gələcəyini bildirmişdir. Nə vaxt Balakənə gələcəyini əvvəldən bilmədiyinə görə konkret gələcəyi vaxtı Həzrətəliyə deməmişdir, lakin Balakənə çatanda ona zəng edəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Həzrətəlinin Balakən rayonunda tanımadığı ərazidə yerləşən evinə qonaq getmək üçün yaşadığı Şəmkir rayonu Çənlibel kəndindən Gəncə şəhərinə gəlmişdir. Gəncədən mikroavtobusla Balakən rayonuna gəlmək niyyəti olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 14:30-da Gəncə şəhərinin “Yevlax” avtovağzalına daxil olan kimi avtovağzalın ərazisində asfaltın üzərində bir ədəd kibrit qutusunu tapmışdır. Həmin kibrit qutusunu yerdən qaldırıb açıb baxdıqda içərisində “nəşə” olduğunu görmüşdür. Özü təxminən 10-12 il əvvəl narkotik vasitə olan “nəşə”dən istifadə etdiyinə görə həmin narkotik vasitəni tanımışdır. Həzrətəligilə gedib geri Şəmkirə qayıtdıqdan sonra tapdığı “nəşə”dən istifadə etmək qərarına gəlmişdir və bu məqsədlə də tapdığı kibrit qutusunda olan həmin “nəşə”ni əynindəki qış gödəkçəsinin sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. «Ford» markalı mikroavtobusa minib Balakən rayonuna gəlmişdir. Təxminən saat 20 radələrində Balakən rayonuna gəlib çatmışdır və Balakən şəhərində “Bayraq meydanı”nın yaxınlığında olan marketə tərəf siqaret almaq üçün piyada getməyə başlamışdır. Əlinə telefonu götürüb Həzrətəliyə zəng etməyi fikirləşdiyi vaxtı iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində təhqiqatçı Natiq Muradov tərəfindən ona şübhəli şəxs kimi tutulmağı barədə qərar elan edilmişdir, qərarla və hüquq və vəzifələri ilə tanış olmuşdur, hüquq və vəzifələri barədə bildiriş ona təqdim edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Balakən rayon Vəkil Bürosunun vəkillərinin adları qeyd edilmiş siyahı ona təqdim edilmişdir və həmin siyahıdan vəkil seçmək təklif edilmişdir. Ona təqdim edilmiş vəkil siyahısından dövlət hesabına hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir və bu barədə Balakən RPŞ-nin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Vəkil Müdafiəçi rayon polis şöbəsinə dəvət edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulmağı barədə onun və vəkil Müdafiəçi iştirakı ilə protokol tərtib edilmişdir, hər ikisi tərəfindən protokol imzalanmışdır və şübhəli şəxs qismində tutulmağı barədə zəng edərək şəxsən özü yoldaşına məlumat vermişdir. Balakən RPŞ-də ona təqdim edilmiş vəkillər siyahısından dövlət hesabına hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona bir daha hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış başlayanda təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə olub-olmaması barədə sual verildikdə əynindəki gödəkçənin sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunda olan narkotik vasitə- “nəşəni” çıxardıb təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq təqdim etdiyi kibrit qutusunda narkotik vasitə - “nəşə” olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində “Yevlax” avtovağzalı kimi tanınan ərazidən yerdən tapdığını, həmin narkotik vasitəni Balakəndən geri evə qayıtdıqdan sonra istifadə etmək üçün əynindəki gödəkçənin sağ yan cibinə qoyub üzərində saxladığını, tapdığı narkotik vasitəni üzərindən götürüb istifadə etmədiyini, 10-12 il əvvəl narkotik vasitədən bir dəfə istifadə etdiyini, başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə kibrit qutusu ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən çəkisi 9,31 qram təşkil etmişdir. Həmin narkotik vasitə - qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmışdır, zərfin ağzı bağlanaraq möhürlənmişdir və zərfin üzəri onun tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır. Şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmişdir, ucadan oxunmuşdur, onun tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Vəkil Müdafiəçi iştirakı ilə ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən bir ədəd kibrit qutusunda aşkarlanmış kütlə təmiz çəkisi 6,33 qram olan narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspert rəyi ona mahiyyəti üzrə izah olunmuşdur, aydındır, ekspert rəyi ilə razıdır. Təqsirləndirilən şəxs həmçinin ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, 10-12 il əvvəl bir dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Heç kimə narkotik vasitəni satmamışdır və ya narkotik vasitəni pay verməmişdir. Üzərində aşkarlanmış narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamır. Onu saxlayaraq polis şöbəsinə dəvət etmiş polis əməkdaşlarını əvvəldən tanımırdı, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Polis əməkdaşları onu saxlayarkən yanında heç kim olmamışdır, həmin vaxtı ətrafda heç kim olmamışdır və onun saxlanılmağını heç kim görməmişdir. Balakən RPŞ-də ona qarşı heç bir psixi və fiziki zor tətbiq olunmamışdır. Üzərindən aşkarlanmış bir ədəd kibrit qutusunda olan narkotik vasitəni tapdığı yeri konkret xatırlamadığına görə göstərə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və gəzdirməsi barədə Balakən RPŞ-nin CAB-na məlumatların daxil olmasını RPŞ rəhbərliyinə məruzə edərək bununla əlaqədar olaraq ətrafında müvafiq tədbirlərin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. 29 fevral 2024-cü il tarixdə axşam saat 20:00 radələrində Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birgə keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olan Təqsirləndirilən şəxs Balakən şəhəri S.Gözəlov küçəsində «Bazarstore» dükanının yaxınlığında aşkarlanmışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək şəxsi axtarış aparılması üçün Balakən RPŞ-yə dəvət edilmişdir və Təqsirləndirilən şəxs dəvəti qəbul edərək RPŞ-nin inzibati binasına gəlmişdir. xx.xx.2024-cü il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində həmin gün saat 21 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarış Təqsirləndirilən şəxs əynindəki qış gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs kibrit qutusunda narkotik vasitə - «nəşə» olduğunu, həmin kibrit qutusunu 29 fevral 2024-cü il tarixdə günorta saat 14:30 radələrində Gəncə şəhərinin Yevlax avtovağzalı kimi tanınan ərazisindən yerdən tapdığını bildirmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təzyiq olunmamışdır. Məhkəmə iclasında Şahid2 iştirakı mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş, onun ifadəsi Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu olmuşdur. Cinayət işinin 24-27-ci vərəqələrində olan 29 fevral 2024-cü il “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2024-cü il tarixdə saat 20:50-dən 21:30-dək olan müddət ərzində keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Balakən şəhəri S.Gözəlov küçəsində saxlanılaraq Balakən RPŞ-yə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusunu təqdim edərək həmin qutuda narkotik vasitə «nəşə» olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan narkotik vasitə - qurudulmuş marixuanaya oxşar bitki kütləsini xx.xx.2024cü il tarixdə saat 14:30 radələrində Gəncə şəhərində yerləşən «Yevlax avtovağzalı» kimi tanınan ərazidən yerdən tapdığını, Gəncə şəhərindən Balakən rayonunda yaşayan dostunun evinə qonaq gəldiyini, tapdığı narkotik vasitəni geri qayıtdığı zaman istifadə etməsi üçün götürərək üzərində saxladığını, istifadə etmədiyini, başqa narkotik vasitə saxladığı yerinin olmadığını bildirmişdir. Aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan narkotik vasitə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 9,31 qram təşkil etmişdir. Həmin kütlə kibrit qutusu ilə birlikdə bir ədəd kağız zərfə qablaşdırılmaqla möhürlənmişdir və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona qarşı Balakən RPŞ-də hər hansı fiziki və psixi təsirin göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuşdur, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan məhkəmə-bioloji ekspertizasının 01 mart 2024cü il tarixli 3-16-16-2-17/221 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan narkotik...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 6,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır (ekspertiza tədqiqatından sonra qalıq – 6,28 qram) Cinayət işinin 74-cü vərəqəsində olan 03 mart 2024-cü il tarixli maddi sübutu saxlanc otağına təhvil verilməsi haqqında protokoldan görünür ki, 01 (bir) ədəd kağız zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış – 6,28 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana Balakən RPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin 84-cü vərəqəsində olan Gəncə şəhəri Narkoloji Dispanserinin 13 mart 2024-cü il tarixli 451 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 18-19-cu vərəqələrində olan 29 fevral 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 fevral 2024-cü ildə saat 20:25-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və azadlığı 29 fevral 2024-cü il tarixdə saat 20:00-da məhdudlaşdırılmışdır. Cinayət işinin 64-65, 68-ci vərəqələrində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02 mart 2024-cü il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə saat 17:44-də Balakən Rayon PŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 80-cı vərəqəsində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 87-ci vərəqəsində olan Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Çənlibel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 09 mart 2024-cü il tarixli 85 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Çənlibel kəndi ünvanında yaşayır. Cinayət işinin 89-cu vərəqəsində olan Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Çənlibel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir təqsirləndirici material daxil olmadığı göstərilir. Cinayət işinin 90-cı vərəqəsində olan AZ-İİİ seriyalı 178680 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2013-cü ildə anadan olmuş, atasının Təqsirləndirilən şəxs olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Respublika X8 Hüquqi şəxsi tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli 6412 nömrəli təkrar ambulator məcburi-narkoloji tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Remissiya mərhələsində olan kannabidinoidlərin qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik klinik əlamətlərin itməsi ilə əlaqədar, abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə zərurət yoxdur, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən X2 «F12.2» diaqnozu ilə hal-hazırkı tarixədək dispanser qeydiyyatındadır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıda qurudulmuş marixuana üçün xeyli miqdar 05 qramdan 500 qramadək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolu, məhkəmə-bioloji ekspertizasının rəyi və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Həmçinin Gəncə şəhər Narkoloji Dispanserinin ambulator məcburi narkoloji tibbi yoxlamanın 13 mart 2024-cü il tarixli rəyi ilə Səhiyyə Nazirliyi Respublika X8 Hüquqi Şəxsinin 20 sentyabr 2024-cü il tarixli təkrar ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi arasında ziddiyyət olmasını, Respublika X8 Hüquqi Şəxsinin rəyinin daha sonra verilməsini, ixtisaslaşmış tibb müəssisəsi tərəfindən verilməsini nəzərə alaraq məhkəmə Gəncə şəhər Narkoloji Dispanserinin rəyini sübut kimi qəbul etmir, Səhiyyə Nazirliyi Respublika X8 hüquqi Şəxsinin 20 sentyabr 2024-cü il tarixli təkrar ambulator məcburinarkoloji tibbi yoxlama rəyini mötəbər sübut kimi qəbul edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olması, ilk dəfə az ağır cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilmiş, cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonu Çənlibel kəndindəki yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir və Gədəbəy rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə təkrar ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığını nəzərə alır. Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 35.97 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 6,28 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkilə ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri Şəmkir rayonu Çənlibel kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir və Gədəbəy rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 6,28 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Dövlət büdcəsinin vəsaiti hesabından 60 (altmış) manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun ("xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar