Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-40/2025 10.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fəhlə işləyən, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, çəkilməmiş 07 ay 05 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası qalmış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan xeyli miqdarda - 16,02 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq yaşadığı evin həyətində saxlamış, Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində 09 yanvar 2025-ci il tarixdə saat 16:34-də Balakən rayonu Hənifə kəndi ərazisində yaşadığı evin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq yaşadığı evinin arxa hissəsində həyətə baxış keçirilən zaman oradan həmin narkotik vasitə qurudulmuş marixuana 01 (bir) ədəd salfet kağızı bükümündə olmaqla aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham aşağıdakı qaydada tam sübuta yetirilmişdir: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Balakən Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 09 yanvar 2025ci il tarixdə saat 16:30-da Balakən rayonu Hənifə kəndində yerləşən evinin qarşısında, küçədə dayandığı zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, varsa təqdim etməyini təklif etmişlər. Həmçinin polis əməkdaşları ona Balakən rayonu Hənifə kənd sakini X2 ondan 15 manat müqabilində narkotik vasitə qurudulmuş marixuana aldığını bildirdiyini demiş, o da polis əməkdaşlarına üzərində heç bir qanunsuz əşya, narkotik vasitə olmadığını bildirmiş, onun üzərindən heç bir qanunsuz əşya və narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra ona başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulduqda o, yaşadığı evin həyətində narkotik vasitə qurudulmuş marixuana saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Daha sonra o və polis əməkdaşları yaşadığı evin həyətinə getmiş və evin arxa tərəfində, daşın altında olan 01 ədəd salfet kağızı bükümündə olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanıldığını heç kim görməmişdir. Yaşadığı evin arxasından, həyətdən aşkar edilmiş 01 ədəd salfet kağızı bükümündə olan narkotik vasitə qurudulmuş marixuananı o, 2024-cü ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən çöllük sahədən mal-qara otaran zaman yabanı halda bitən 01 ədəd narkotik bitkisinin üzərindən yığıb əldə etmiş və özü istifadə etmək üçün saxlamışdır. Həmin narkotik vasitə qurudulmuş marixuanadan bir neçə dəfə istifadə etmişdir. Həyətdən aşkar edilmiş 01 ədəd salfet kağızı bükümündə olan narkotik vasitə qurudulmuş marixuanadan heç kimə verməmiş və satmamış, həmçinin satmaq niyyəti də olmamışdır. Onun ailə üzvləri və evdə yaşayan şəxslərin evin həyətində və ya onda narkotik vasitə olmasından məlumatı və ya bu məsələdə bir iştirakı olmamışdır. Ona Balakən RPŞ-də heç bir psixi və fiziki təsir göstərilməmişdir. X3 onun həmkəndlisidir. Lakin o, Etibara heç vaxt narkotik vasitə və ya qadağan olunmuş başqa heçnə satmamışdır. Eləcə də 2 gün qabaq da Etibara narkotik vasitə qurudulmuş marixuana satmamış və pul da almamışdır. Sadəcə olaraq dəqiq yadında qalmayan vaxtda təmənnasız olaraq Etibarla birlikdə istifadə etmişlər. Əməlindən çox peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Balakən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 yanvar 2025-ci il tarixdə Balakən rayon sakini X2 Balakən rayonu ərazisində narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlaması və daşınması barədə Balakən RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, bundan sonra daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və X2 cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, eləcə də narkotik vasitə, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə Şahid1 və Şahid3 da iştirak etdiyi əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 08 yanvar 2025-ci il tarixdə saat 17:35 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində X1 rayonu Hənifə kəndi ərazisində, yaşadığı evin qarşısında saxlanılmış, verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş narkotik tərkibli bitki olan marixuananı 2 gün əvvəl həmkəndlisi Təqsirləndirilən şəxs adlı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. 09 yanvar 2025-ci il tarixdə Balakən rayon sakini Təqsirləndirilən şəxs Balakən rayonu ərazisində narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlaması və daşınması barədə Balakən RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs yaxalanması, eləcə də narkotik vasitə, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra 09 yanvar 2025-ci il tarixdə saat 16:34 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Layıcov X4 rayonu Hənifə kəndi ərazisində, yaşadığı evin qarşısında saxlanılaraq hüquq və vəzifələri izah olunmuşdur. Üstünü yoxlama aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya və predmet vardırsa verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və predmetin olmadığını, lakin yaşadığı evin arxa hissəsində narkotik vasitə saxladığını, təqdim edə biləcəyini, baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstünü yoxlama zamanı Elnurun üzərindən qanunsuz hər hansı bir əşya və ya vasitə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin arxa hissəsində, divarın yanında yerləşən daşın altında 01 ədəd kağız salfetkaya bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. 01 ədəd kağız salfetkaya bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. Üstünü və evini yoxlama zamanı mobil telefonla video çəkiliş aparılmışdır. Sonra onlar Təqsirləndirilən şəxs və aşkar edilərək qablaşdırılıb götürülmüş narkotik vasitəyə oxşar kütləni, maddi sübutu Balakən RPŞ-nə gətirərək aidiyyəti üzrə təhvil vermiş və təqdim etdikləri narkotik vasitəyə oxşar kütləyə, videoçəkilişlə baxış keçirilib götürülmüşdür. Məhkəmə iclasında şahid Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid1 məhkəmə iclasında iştirakı mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş, onun ifadəsi Şahid2 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu olmuşdur. 250320026 nömrəli cinayət işinin: 74-75-ci vərəqələrində olan 09 yanvar 2025-ci il tarixdə tərtib olunmuş “əməliyyataxtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 09 yanvar 2025-ci il tarixdə saat 16:34 radələrində Balakən Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində və yaşadığı evində saxlamasında, həmçinin satmasında şübhəli bilinən, Layıcov X4 rayonu Hənifə kəndi ərazisindəki yaşadığı evin qarşısında saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Balakən rayonu Hənifə kəndi ərazisindəki yaşadığı evin qarşısında üzəri yoxlanılmağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və predmentin olmadığını, lakin yaşadığı evin evin arxa hissəsində divarın yanında, daşın altında narkotik vasitə saxladığını, təqdim edə biləcəyini, buna etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd alışqanı və “Magna" siqaret qutusunu təqdim etmiş, alışqan və siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünü yoxlama zamanı qanunsuz hər hansı bir əşya və ya vasitə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin arxa hissəsində, divarın yanında, daşın altında 1 ədəd kağız salfetkaya bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. 01 ədəd kağız salfetkaya bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və sellofan büküm ilə birlikdə ümumi çəkisinin 17,94 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, evinin arxa hissəsindən aşkar edilmiş nəşə kimi tanıdığı narkotik tərkibli bitki olan marixuananı 2 gün əvvəl həmkəndlisi Etibar Gəncəliyevlə birlikdə çəkdiyini, narkotik vasitə olan marixuananı yayda mal-qara otaran zaman çöldən tapdığını, narkotik vasitəni heç kimə satmadığını və əlavə olaraq narkotik vasitə saxlamadığını bildirmişdir. Üstünü və evi yoxlama Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən evinin qarşısındakı və evində keçirilmişdir. Üstünü və evinin yoxlama zamanı «Poco F6 pro» markalı mobil telefonla Balakən RPŞ-nin Təminat Hissəsinin polis nəfəri sürücüsü, polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. 78-ci vərəqəsində olan 09 yanvar 2025-ci il tarixdə Balakən rayon PŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Ayxan Cəlilov tərəfindən tərtib olunmuş “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD diskə baxış keçirilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahədən təqdim etdiyi” yazılı zərfdən 1 (bir) ədəd sellofan bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD diskə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı «Panasonic» markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru X6 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD disk əlavə olunmuşdur. 91-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 09 yanvar 2025-ci il tarixdə saat 16:34 dəqiqədən tutulmuş hesab edilir. 122-123-cü vərəqələrində olan üzləşdirmə haqqında protokoldan görünür ki, üzləşdirmə zamanı X3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2025-ci il tarixdə yaşadığı kənddə küçədən tapmışdır. O tutulan vaxt düşünmüşdür ki, əgər üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını desə məsuliyyəti yüngülləşər və ya məsuliyyətdən azad olunar. Çünki əvvəllər bir-iki dəfə Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə marixuana istifadə etmişlər. Əvvəl verdiyi izahat və ifadələrində onun üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs almağını bildirməyinin səbəbi də bu olmuşdur. Təqsirləndirilən şəxs isə verilən suallara cavab olaraq bildirmişdir ki, o Etibara və ya başqa şəxsə heç vaxt narkotik vasitə və ya qadağan olunmuş başqa heç nə satmamışdır. Eləcə də 2 gün qabaq da ona narkotik vasitə qurudulmuş marixuana satmamışdır və pul da almamışdır. Sadəcə olaraq xx.xx.2025-ci il tarixdə günortaüstü dəqiq yadında qalmayan saatda onun həyətindən marixuana aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan götürüb təmənnasız olaraq küçədə birlikdə istifadə etmişlər. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. 129-cu vərəqəsində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/15 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahədə təqdim etdiyi narkotikə bənzər kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd salfet kağızı bükümündə, təmiz çəkisi - 16,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (qalıq – 15.92 qr). 143-146-cı vərəqələrində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 11 yanvar 2025-ci il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2025-ci il tarixdə saat 16:00da Balakən RPŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 160-163-cü vərəqələrində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və 200-214-cü vərəqələrində olan 1(019)-132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 01 sentyabr 2023-cü il tarixdə və 02 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. 171-ci vərəqəsində olan Balakən rayon İcra Hakimiyyəti Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmadığı göstərilir. 180-ci vərəqəsində olan ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 348 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. 186-197-ci vərəqələrində olan 18 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 15,92 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 2 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata götürülmüş, tutulduğu xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (2 gün) müddəti cəzanın çəkilmiş hissəsindən çıxılaraq, xx.xx.2025-ci il tarixədək cəzasının çəkilmiş hissəsi 1 il 4 ay 21 gün, çəkilməmiş hissəsi isə 07 ay 05 gün təşkil edir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıda qurudulmuş marixuana üçün xeyli miqdar 05 qramdan 500 qramadək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolları, məhkəmə-bioloji ekspertizasının rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olmasa da məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməklə səmimi peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, o ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını bildirməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzanın məqsədlərini təmin edə bilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Balakən Rayon Məhkəməsinin 1(019)-132/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 07 (yeddi) ay 05 (beş) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 03 (üç) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin 09 yanvar 2025-ci il tarixdən 11 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli və məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin əvvəli məhkəmə iclas zalında həbs edildiyi 10 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış çəkisi 15.92 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 6 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkilə ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzaya Balakən Rayon Məhkəməsinin 1(019)-132/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 05 (beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmış 03 (üç) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 15.92 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-40/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-40/2025
10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver