Məhkəmə qərarları › İş №1(019)-42/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-42/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-42/2023 01.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1987-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının əvvəllərində günorta radələrində Balakən rayonu Qullar kəndinin ərazisindən axan Hunbul çayının kənarından tapdığı yabanı halda bitmiş 1 (bir) ədəd qurumuş vəziyyətdə olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən hissələrini yığıb qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 8,14 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı əldə edib həmin narkotik vasitəni yaşadığı evə gətirib 01 ədəd salfet kağızına büküb evin qarşısındakı yolda daşın altına qoyaraq gizlədib saxlamış, 04 yanvar 2023-cü il tarixdə səhər radələrində gizlətdiyi yerdən həmin narkotik vasitəni götürüb əynindəki cins şalvarın sağ yan cibinə qoymaqla daşıyaraq şəxsi istehlakı məqsədi ilə üzərində saxlamışdır. 04 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cücüyev X4 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 10:30-dan 11:15-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı məqsədi ilə əldə edib daşıyaraq bir ədəd salfet kağızına büküb üzərində saxladığı təmiz çəkisi 8,14 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə- qurudulmuş marixuana əynindəki cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Mahamalar kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir.Bir ilə yaxın müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq istifadə edir. 2022-ci ilin oktyabr ayının əvvəllərində (dəqiq tarixi xatırlamır) yaşadığı evdən çıxıb Balakən rayon Qullar kəndində yaşayan xalası oğlu Rəşidgilə getmişdir. Rəşidin evinə avtobusla gedib oradan günorta saatlarında çıxıb yol ilə piyada gələndə Qullar kəndi ərazisindən axan Hunbul çayının kənarında 1 ədəd yabanı halda bitmiş və qurumuş halda olan çətənə bitkisini tapmışdır. Tapdığı həmin bitkinin üzərindən yararlı hissələri yığıb cibinə doldurmuşdur. Yığdığı narkotikin yararlı hissələrini evə gətirib salfetə bükmüşdür və evin qarşısında yol tərəfdə daşın altında gizlətmişdir. Həmin vaxtdan indiyə kimi həmin narkotikdən bir neçə dəfə götürüb istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı Balakən rayon Qaracabinə kəndindən çıxıb Balakən şəhəri əraizisinə gəlmək üzrə yola düşmüşdür. Evdən çıxanda yolda olan daşın altında gizlətdiyi salfet kağızı bükümündə olan narkotik vasitə-qurudulmuş marixuananı da özü ilə götürüb şəxsi istifadəsi üçün əynində olan cins şalvarının sağ yan cibinə qoymuşdur. Avtobusla şəhər ərazisinə gəlib çatıb avtobusdan düşmüşdür. Balakən şəhəri ərazisində “Balməkan” adlanan ərzaq mağazasının qarşısında piyada gedən zaman 2 nəfər mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. Onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim olunmuş vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi ona vəkil təyin edilməsini istəmişdir. Vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı üzərində hər hansı qeyri - qanuni əşya və ya predmetin olub-olmaması barədə ona sual verildikdə əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd salfet bükümdə olan narkotik vasitəqurudulmuş marixuananı çıxardıb təqdim etmişdir. Həmin narkotik vasitə-qurudulmuş marixuana salfet kağızı ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 10,86 qram təşkil etmişdir. Həmin narkotik vasitə salfet kağızı ilə birlikdə 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilən zaman başqa heç bir qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır.Protokol tərtib olunmuşdur və iştirakçılar tərəfindən imzalanmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə AR ƏN MEM X6 tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, üzərindən bir ədəd salfet kağızı bükümündə aşkarlanmış kütlə təmiz çəkisi 8,14 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır.Həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özü narkotik vasitə aludəçisi olduğuna görə üzərində narkotik vasitə saxlamışdır.Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olması barədə ona daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisindən dəvət edilərək Balakən RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsindən ötrü RPŞ rəisinə həmin tarixdə raportla məruzə etmişdir. xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində həmin gün səhər saat təxminən 11 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov və RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 da iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı əşya və ya narkotik vasitə olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ cibindən bir ədəd salfet kağızı bükümünü çıxardıb masanın üzərinə qoymuşdur.Həmin bir ədəd salfet kağızı bükümü açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkarlanmışdır.Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 03 ay əvvəl Hunbul çayının kənarından tapdığı bir ədəd bitkinin üzərindən yığıb əldə etdiyini bildirmişdir.Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd salfet kağızı bükümündəki narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütləsi salfet kağızı ilə birlikdə elektron tərəzidə çəkilərkən üzərindəki sellofan ilə birlikdə ümumi çəkisi 10,86 qram olmuşdur. Aşkar edilmiş bir ədəd salfet kağızı bükümündə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür.Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşin 23-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 04 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokol”dan görünür ki,şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2023-cü il tarixdə saat 10:30-dan 11:15-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur:-Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs üzərində daxil olmuş məlumat əsasında şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində cins şalvar, qara-qırmızı rəngli pulover, qara rəngli qış gödəkçəsi, qara rəngli ayaqqabı və başında isə qara rəngli idman üslublu papaq vardır.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan öncə ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmaması barədə sual verildikdə o,əynində olan cins şalvarın sağ cibindən bir ədəd içərisində spesifik iyli qurudulmuş marixuanaya oxşar kütlə olan salfet bükümü çıxardıb təqdim etmişdir. Həmin salfet büküm içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 10,86 qram təşkil etmişdir. Həmin kütlə salfet büküm ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub, qablaşdırılıb, möhürlənib maddi sübut kimi götürülmüşdür.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış “Panaconic” markalı videokamera vasitəsilə görüntülənmişdir.Protokol tərtib olunmuşdur, doğruluğu imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 34-35-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə X3 Regional Bölməsinin 04 yanvar 2023-cü il tarixli 17/18 nömrəli ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd salfet bükümdə qurudulmuş marixuanaya oxşar kütlədən ibarət olan maddi sübut..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd salfet kağızı bükümündə, təmiz çəkisi – 8,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). İşin 72-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının 16 yanvar 2023-cü il tarixli 83 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 04 yanvar 2023-cü il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü ildə saat 10:15-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 61-62-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 yanvar 2023-cü il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdə saat 18:40-da Balakən Rayon PŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində “polisin nəzarəti altına vermə “ qətimkan tədbiri seçilmişdir. İşin 70-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 81-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22 yanvar 2023-cü il tarixli 91 nömrəli arayışdan görünür ki, Cücüyev X4 rayonu Mahamalar kəndində yaşayır. Himayəsində işləməyən arvadı, xx.xx.2011-ci il təvəllüdlü oğlu Yaqub və xx.xx.2012-ci il təvəllüdlü qızı Gülay vardır. İşin 82-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq,Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 04 yanvar 2023-cü il və 05 yanvar 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 8,09 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 04 yanvar 2023-cü il və 05 yanvar 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 35.97 (otuz beş manat doxsan yeddi qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 8,09 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar