Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-44/2025 24.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 12 avqust 1996-cı ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 16,98 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, Balakən rayon Polis Şöbəsinin və X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 mart 2025-ci il tarixdə saat 23:33-də Balakən rayonu Şərif kəndində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman həmin narkotik vasitə-qurudulmuş marixuana 01 ədəd sellofan bükümdə olmaqla əynindəki gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham aşağıdakı qaydada tam sübuta yetirilmişdir: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, tutulmazdan 3 gün əvvəl Balakən rayonu Hənifə kəndi ərazisindəki çaylaq ərazidə olan zaman orada olan kolun dibindən 01 ədəd sellofan büküm tapmışdır. O, açıb həmin bükümə baxan zaman içərisində nəşə olduğunu görmüş və həmin bükümü əynindəki gödəkçənin yan cibində saxlamışdır. Tapdığı nəşədən bir dəfə istifadə etmişdir. 26 mart 2025-ci il tarixdə, saat 23:33 dəqiqədə Balakən rayonu Şərif kəndində yol kənarında olduğu zaman 3 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, əynindəki gödəkçənin sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü bir ədəd kağız zərfə qoyaraq qablaşdırmışlar. Onu saxlayan polis əməkdaşlarını əvvəldən tanımır, onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur, polis əməkdaşları tərəfindən saxlanıldığını heç kim görməmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə saxlamışdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Əməlindən çox peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Balakən RPŞ-nin Qabaqçöl PB-nin Cinayət Axtarış xətti üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 26 mart 2025-ci il tarixdə Balakən rayonu Hənifə kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daha sonra həmin məlumat raportla Balakən RPŞ-nin X2 rəhbərliyinə məruzə olunmuşdur. Həmin tarixdə Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və Balakən RPŞ-nin Qabaqçöl PBnin polis nəfəri X1 ilə birlikdə keçirdikləri tədbir zamanı Əzizov X3 rayonu Şərif kəndində saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya varsa verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibində olan sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olduğunu və həmin narkotikdən özü istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Daha sonra material və maddi sübut təhqiqatçıya təhvil verilmiş və maddi sübuta və Təqsirləndirilən şəxs üstünün yoxlanmasının əks olunduğu diskə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 iştirak etmədiyindən istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. 250320029 nömrəli cinayət işinin: 6-7-ci vərəqələrində olan 26 mart 2025-ci il tarixdə tərtib olunmuş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 26 mart 2025-ci il tarixdə saat 23:33 radələrində Balakən rayonu Şərif kəndində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlamaqda şübhəli bilinən Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla yaşayan Əzizov X3 RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1, Balakən RPŞ-nin Qabaqçöl PB-nin Cinayət Axtarış xətti üzrə əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 və Balakən RPŞ-nin Qabaqçöl PB-nin polis nəfəri, polis kiçik serjantı X1 tərəfindən saxlanılmışdır. Həmin şəxsə saxlanılan zaman hüquq və vəzifələri, eləcə də tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə, yəni, Balakən rayonu Şərif kəndində üstü yoxlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibində olan 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və sellofan büküm ilə birlikdə ümumi çəkisinin 20,20 qram olduğu müəyyən olunmuşdur. Daha sonra həmin kütlə saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləni Balakən rayonu Hənifə kəndində çaylaq ərazidə tapdığını, həmin kütləni istifadə etməsi üçün üzərində saxladığını, həmin kütlədən tapdıqdan sonra bir dəfə istifadə etdiyini, həmin kütlənin onda olmasını heç kimə demədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstünü yoxlama Balakən rayonu Şərif kəndində keçirilmişdir. Üstünü yoxlama zamanı “Realme” markalı mobil telefon ilə video kamera vasitəsilə Balakən RPŞ-nin Qabaqçöl PBnin polis nəfəri X1 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbilə Balakən RPŞ-nin Qabaqçöl PB-nin inzibati binasında tərtib edilmişdir. İştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş və bir ədəd DVD disk protokola əlavə olunmuşdur. 10-cu vərəqində olan 27 mart 2025-ci il tarixdə tərtib olunmuş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Balakən rayonu Hənifə kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlamaqda və gəzdirməkdə şübhəli bilindiyi üçün, xx.xx.2025-ci il tarixdə, saat 23:33 dəqiqədə Balakən rayonu Şərif kəndində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, bu zaman Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə ümumi çəkisi 20,20 qram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılı zərfdən 1 (bir) ədəd sellofan bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD-yə LG markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı “Redmi” markalı mobil telefon vasitəsi ilə Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru X4 tərəfindən video çəkiliş aparılmışdır. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. 20-ci vərəqində olan 27 mart 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 26 mart 2025-ci ildə saat 23:33 dəqiqədən tutulmuş hesab edilir. 35-ci vərəqində olan məhkəmə-bioloji ekspertizasının 27 mart 2025-ci il tarixli 17/264 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi - 16,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 67-68 və 72-ci vərəqələrində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 28 mart 2025-ci il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2025-ci il tarixdə saat 18:00-da Balakən RPŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 78-ci vərəqində olan Balakən rayon İcra Hakimiyyəti Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmadığı göstərilir. 81-ci vərəqində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 84-cü vərəqində olan Gəncə şəhəri Narkoloji Dispanserinin 19 may 2025-ci il tarixli 815 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. 86-91-ci vərəqələrində olan 20 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 (bir) ədəd sellofan bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 16.93 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 02 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıda qurudulmuş marixuana üçün xeyli miqdar 05 qramdan 500 qramadək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolları, məhkəmə-bioloji ekspertizasının rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlini etiraf etməklə səmimi peşman olması nəzərə alınmalıdır. Belə ki, onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını bildirməsi ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 26 mart 2025-ci il tarixdən 28 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığını nəzərə alır. Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış çəkisi 16.93 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 02 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 5 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 55 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdən 28 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri Balakən rayonu Hənifə kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 16.93 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması və təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 55 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-44/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-44/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver