Məhkəmə qərarları › İş №1(019)-46/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-46/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-46/2022 12.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1973-cü ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum edilmiş- Balakən Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.1 və 234.1-ci maddələrilə təqsirli bilinib qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumuluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə saat 08:30 radələrində Balakən şəhəri, M.Əsədov küçəsində yerdən taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,211 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində daşıyaraq öz şəxsi istifadəsi üçün əynindəki tünd göy rəngli isti gödəkcənin sağ yan cibindəki “Bakı”markalı siqaret qutusunun sellofan örtüyünün altında saxlamışdır. 25 fevral 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 10:10-dan saat 10:25-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdəki təmiz çəkisi 0,211 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki tünd göy rəngli isti gödəkcənin sağ yan cibindəki “Bakı” markalı siqaret qutusunun sellofan örtüyünün altından aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 17.04.2019-cu il tarixdə Balakən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 188.1, 237.1 və 234.1ci maddələri ilə təqsirli bilinib 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 15 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Təxminən 5 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrin qurudulmuş marixuana və heroin növlərindən istifadə etmişdir. 25 fevral 2022-ci il tarixdə yaşadığı evdən çıxaraq, yaşadığı evin yaxınlığında olan Balakən şəhəri, Məhəmməd Əsədov küçəsi ilə hərəkətdə olduğu zaman yolun kənarında yerdə bir ədəd gümüşü rəngli kağız büküm olduğunu görmüşdür. Həmin bükümü açıb baxdıqda içərisində narkotik vasitə heroin olduğunu bilmişdir. O, narkotik vasitə istifadə etdiyi üçün həmin kağız bükümü götürüb, əynindəki qış gödəkcəsinin sağ yan cibində olan «Bakı» markalı siqaret qutusunun üzərindəki sellofan örtüyün altında saxlamışdır. Həmin narkotik vasitəni bir müddət sonra istifadə etməyi düşünmüşdür. Bundan sonra isə o, yaşadığı evə tərəf piyada hərəkət etməyə başlamışdır. Yaşadığı Balakən şəhəri, H.Aslanov küçəsində olduğu zaman sonradan polis əməkdaşları olaraq bildiyi şəxslər ona yaxınlaşaraq, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu Balakən RPŞ-yə dəvət etmişlər. O da etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə polis şöbsəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi iştirakı ilə onu şübhəli şəxs kimi tutmuşlar. Bundan sonra təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmişdir. Sonra isə üzərində fasiləsiz videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl ondan üzərində hər hansı qanunsuz saxlanılan əşyanın olub-olmaması soruşulmuş, olduğu halda təqdim etmək bildirilmişdir. Bu zaman o, əynindəki gödəkcənin sağ yan cibində saxladığı «Bakı» markalı siqaret qutusunu çıxarıb, həmin siqaret qutusunun sellofan örtüyünün altında saxladığı 01 ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Təqdim etdiyi bükümə baxış keçirilmiş, polis əməkdaşları içərisindəkinin narkotik vasitə heorinə oxşar maddənin olduğunu bildirmişlər. Daha sonra həmin kağız büküm elektron tərəzidə çəkilmiş, narkotik vasitənin bükümlə birlikdə ümumi çəkisi 0,28 qram təşkil etmişdir. Bundan sonra həmin büküm bir ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənmiş, üzəri tərəflərindən imzalanmış və maddi sübut kimi götürülmüşdür. Onun üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra da təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra imzalarla doğruluğunu təsdiq etmişlər. İş üzrə təyin edilmiş materialların məhkəmə-ekspertizasının 25 fevral 2022-ci il tarixli, 17/184 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş bir ədəd kağız bükümdə olan narkotik vasitə heroinin təmiz çəkisi 0,211 qramdır. Heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 25 fevral 2022-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə Balakən RPŞ-yə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən Balakən RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra müvafiq göstəriş əsasında həmin gün saat təxminən 09 radələrində Təqsirləndirilən şəxs yaşadığı Balakən şəhəri, H.Aslanov küçəsində tərəfindən saxlanılaraq, Balakən RPŞ-yə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə Balakən RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, fasiləsiz videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, vasitə olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs də əynindəki isti qış gödəkcəsinin sağ yan cibindən çıxartdığı «Bakı» markalı siqaret qutusunun sellofan örtüyünün altından bir ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin kağız bükümün içərisindəki maddənin narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını və həmin narkotik vasitəni Balakən şəhəri ərazisindən taparaq, əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümə baxış keçirilmiş, içərisində narkotik vasitə olan heroinə oxşar maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız büküm elektron tərəzidə çəkilmiş, kağız bükümlə birlikdə içərisindəki maddənin çəkisi 0,28 qram olmuşdur. Daha sonra 01 ədəd kağız bükümün içərisindəki narkotik vasitə heroinə oxşar maddə kağız bükümlə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan 25.02.2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs oğlu polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutularaq, həmin gün saat 10:10-dan 10:25-dək olan müddətdə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və digər qanunsuz olaraq saxladığı əşya, vasitə varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynindəki tünd göy rəngli gödəkçənin qabaq sağ cibindən 1 ədəd siqaret qutusunu və həmin siqaret qutusunun sellofan hissəsində olan gümüşü rəngli kağıza bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması soruşulmuş, Təqsirləndirilən şəxs də həmin kütlənin narkotik vasitə olduğunu, həmçinin kütləni Balakən şəhəri ərazisindən tapdığını, həmin vasitənin onda olduğunu heç kimin bilmədiyini və həmin kütləni özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş gümüşü rəngli kağızda olan heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,28 qram olmuşdur. Daha sonra həmin kütlə bir ədəd ağ zərfdə qablaşdırılmış,möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan edilmiş əşya, vasitə aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı müdafiəçi Təqsirləndirilən şəxs ona qarşı polis şöbəsində hər hansı psixi və ya fiziki təsir göstərilib-göstərilməməsi soruşulmuş, Təqsirləndirilən şəxs də ona qarşı polis şöbəsində heç bir təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən videokamera vasitəsilə qeydə alınmış və həmin videoçəkiliş disk formasında protokola əlavə olunmuşdur. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuş, ucadan oxunmuş, əlavə qeydlər, vəsatətlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 25.02.2022-ci il tarixli, 17/184 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...." sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,211 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: 1) Heroinin təmiz çəkisi -0,211 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,161 qram. Ekspertiza tədqiqatının dəyəri 71,94 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 05 mart 2022-ci il tarixli, 280 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 25 fevral 2022-ci il tarixli şübhəli şəxsi tutma qərarı və protokolundan görünür ki, 25 fevral 2022-ci il tarixdə saat 09.45-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 26.02.2022-ci il tarixli, 4 (019)- 14/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Balakən rayon X3 Hüquqi Şəxsinin 05.03.2022-ci il tarixli, 73 №-li məktub-arayışından görünür ki, Emçiyev X2 MRX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 14.03.2022-ci il tarixli, 7 saylı arayışdan və Balakən Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli, 1(019)-42/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1, 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 66.2-ci və 69.3-cü maddələrinin tələbləri qaydasında qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.04.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 14 mart 2022-ci il tarixli qərarından görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,211 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,161 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videoçəkilişi əks olunmuş 01 ədəd DVD diski sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» 25 may 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3. 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər bir təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Balakən Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər təsnifatına aiddir. İş materiallarından görünür ki, Emçiyev X2 Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 188.1, 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 66.2-ci və 69.3-cü maddələrinin tələbləri qaydasında qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.04.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, cəzadan azad edildiyi vaxtdan iki il keçməmiş hazırkı cinayət əməlini törətmişdir. Qanun normasının tələbinə görə Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.2-c maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmamasını və cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olunması baxımından Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPMnin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir:158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 05 mart 2022-ci il tarixli, 280 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məxcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X3 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 71,94 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan ümumi təmiz çəkisi 0,211 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,161 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videoçəkilişi əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X3 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 71,94 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan ümumi təimz çəkisi 0,211 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,161 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videoçəkilişi əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar