Məhkəmə qərarları › İş №1(019)-46/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-46/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-46/2025 24.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclаs kаtibi X4 оğlunun kаtibliyi, tərcüməçi – X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamını müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X3 Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs, onun müdafiəçisi Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 01 dekabr 1990-cı il tarixdə X3 Respublikasının Əl Hərrəş şəhərində anadan olmuş, X3 Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, X3 Respublikasının Əl Hərrəş şəhərində qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dаir cinayət işinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd göstərmişdir. Belə ki, o, qanunsuz olaraq Gürcüstana keçib, oradan işləmək məqsədi ilə Avropa ölkələrinə getmək üçün 12 aprel 2025-ci il tarixdə, saat 09 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonunun Şərif kəndində yerləşən 1-ci sərhəd komendantlığının 8-ci sərhəd zastavasının 8-ci sahəsindən qəsdən, qanunsuz olaraq piyada hərəkət etməklə, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etmiş, dövlət sərhəd xəttindən 400 metr aralıda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib, “Dayan!” çağırış komandası verilərək, həmin gün, saat 09:15-də saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs elan edilmiş ittiham tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Azərbaycana turist kimi gəlmiş, telefondan izləyərək Azərbaycanı gəzmək istəmişdir. Balakəndə də iki gün qalıb gəzib, daha sonra Əlcəzairə qayıtmaq istəmişdi. Bu fikirlə qatarla Balakənə gəlmiş, qatardan düşəndə taksiyə minmişdir. Taksidə ondan başqa bir nəfər də var idi. Onlar Gürcüstana getmək barədə danışmağa başladıqda, o bildirmişdir ki, onun Gürcüstana getmək üçün vizası yoxdur. Amma taksi sürücüsü bunun problem olmadığını, ora keçə biləcəyini demişdir. Maşındakı digər sərnişin rayonda düşmüş, o qalmışdır. Bir az vaxt keçdikdən sonra sürücü ondan 35 manat pul alaraq demişdir ki, buradan Gürcüstana gedə bilər. Taksi sürücüsü ilə bir-birlərini işarələrlə başa düşmüşlər. Onu həmin ərazidə düşürdükdən sonra o nə edəcəyini bilməmiş, həmin vaxt bir neçə nəfər əsgər gələrək onu saxlamışlar. O qorxduğu üçün bütün suallara “hə” cavabı vermişdir. Maşında olarkən taksi sürücüsü kimləsə danışırdı. Həmin an şübhələnmişdi ki, polislərə və ya başqa kiməsə məlumat verir. Lakin bir-birilərinin dilini bilmədikləri üçün əmin deyildi. Saxlanılan zaman ona hər hansı zor və ya psixi təsir göstərilməmişdi. Balakənə gəlməzdən əvvəl o, Xaçmazda olmuşdur, orada bir gün qalmışdır. Xaçmazı gəzmək istəmişdir. Anası və atası xəstədir. Bunları nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, N saylı hərbi hissədə işləyir. Daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2025-ci il tarixdə o, kapitan Şahid2la birlikdə 8-ci sərhəd zastavasının xidməti ərazisində "Pusqu” sərhəd naryadı xidmətini təşkil etmiş və saat 09 radələrində bir nəfər şəxsin 8-ci sahə istiqamətindən dövlət sərhəd xəttinə doğru hərəkət etdiyini müşahidə etmişdirlər. Dərhal bu barədə sərhəd zastavasına məlumat vermiş və həmin şəxsin saxlanılması üçün əlverişli mövqe seçərək ona "Dayan” çağırışını vermişlər. Dayan çağırışını verdikdən sonra həmin şəxs yerində dayanmış və yaxınlaşaraq saat 09:15-də onu saxlamışdır. Sonra həmin əraziyə həyəcan qrupu gələrək şəxsi sərhəd zastavasına aparmış, ilkin sorğu zamanı həmin şəxsin X3 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Saxlanılan zaman müqavimət göstərməmiş, ona qarşı heç bir fiziki və ya psixi təsir edilməmişdir. Ətrafda ondan başqa heç kim olmamışdır. Məhkəmə iclasında Şahid2 iştirakı mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş, onun ifadəsi Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu olmuşdur. 252960053 nömrəli cinayət işinin: 5-ci vərəqində olan X5 Sərhəd Qoşunlarının 7-ci X2-Axtarış şöbəsinin rəisi mayor Məqsəd Məhərrəmovun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən saat 09:15 radələrində 1-ci SK 8-ci SZnın 8-ci sahəsində, DSX-dan 400 metr aralıda Azərbaycan Respublikası ərazisində 1 nəfər 3-cü ölkə vətəndaşı saxlanılmışdır. Saxlanılmış şəxsin üzərində aşkar olunmuş şəxsiyyət vəsiqəsinə əsasən Əlcəzair Respublikası vətəndaşı, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması, xx.xx.2025-ci il tarixdə rəsmi olaraq İstanbul-Bakı aviareys ilə ölkə ərazisinə gəlməsi və qanunsuz olaraq Gürcüstana keçmək niyyətində olması məlum olmuşdur. 19-20-ci vərəqələrində olan 12 aprel 2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış yeri Balakən rayonu Şərif kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 8-ci sahəsidir. Balakən rayonu Şərif kəndindən 8-ci sərhəd zastavasına qədər olan məsafə 100 (yüz) metr təşkil edir, 8-ci sərhəd zastavasından 8-ci sahəsinə qədər olan məsafə 1200 (bir min iki yüz) metr təşkil edir, 8-ci sahədən müqabil dövlətin ərazisində Gürcüstanın Laqodexi rayonunun Kalinovka kəndi yerləşir oraya qədər olan 1200 (bir min iki yüz) metr təşkil edir. Azərbaycan Respublikası ərazisində Balakən rayonu Şərif kəndi yerləşir oraya qədər olan məsafə 100 (bir yüz) metr təşkil edir. 8-ci sahənin ərazisi əkin və otlaq sahələrdən ibarət olan bir ərazidir. X3 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən dövlət sərhəd xətinə qədər olan məsafə 400 (dörd yüz) metr təşkil edir. X3 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanıldığı ərazi əkin və otlaq sahələrindən ibarət olan ərazidir. X3 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanıldığı yeri göstərdi. Baxış zamanı ərazidə digər hər-hansısa bir əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır. 23-cü vərəqində olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:25 dəqiqədə tutulmuşdur. 49-cu vərəqində olan 13 aprel 2025-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 87-89-cu vərəqələrində olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)- 176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilmiş, barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 2 ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu andan, yəni 12 aprel 2025-ci il tarixdən (saat 12:25-dən) hesablanmışdır. 106-cı vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. 107-108-ci vərəqələrində olan İAMAS-dan edilmiş çıxarışdan görünür ki, X3 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 7 aprel 2025-ci il tarixdə P ********* nömrəli pasportla İstanbul-Bakı aviareysi ilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gəlmişdir. 109-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosundan daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs beynəlxalq axtarışda olması barədə məlumat yoxdur. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. 20-ci maddəsinə əsasən aşağıdakılar Azərbaycan Respublikasının dövlət, sərhədini pozanlar sayılır: 1) Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənarda hər hansı vasitə ilə Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və ya keçməyə, cəhd göstərmiş, ya da sərhədkeçmə qaydalarını pozmaqla, o cümlədən gizli şəkildə, saxta və ya özgənin sənədləri ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhədi keçmiş və ya keçməyə cəhd göstərmiş şəxslər; Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində qeyd edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, hadisə yerinə baxış keçirilməsi haqqında protokolu və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillər – Gürcüstana keçmək niyyətinin olmaması, Azərbaycana gəzmək üçün gəlməsi, saxlanılan zaman qorxduğu üçün Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmək niyyətinin olmasını bildirməsi əsassızdır. Belə ki, onun məhkəmə iclasında özünü təqsirli bilməməsi şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və digər iş materialları ilə tam təkzib edilmişdir. Buna görə də onun ibtidai istintaq zamanı verdiyi ifadə mötəbər sübut kimi qəbul edilir. Belə ki, saxlanılan zaman və istintaq zamanı heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadan dindirilmiş, özü də məhkəmə iclasında bunu təsdiq etmişdir. Azərbaycana gəzmək üçün gəlməsini bildirsə də, heç bir yer gəzmədiyi, sərhəddə yerləşən Xaçmaz rayonuna bir günlük gedib Bakıya qayıtması, Balakən rayonuna çatdıqda isə birbaşa sərhəd istiqamətində hərəkət etməsi onun bu dəlilinin həqiqətə uyğun olmadığını göstərir. Məhkəmə hesab edir ki, onun məhkəmə iclasında ifadəsini dəyişməsi məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü cəzanın məqsədlərini təmin edə bilməyəcək, cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir. Həmçinin məhkəmə onun X3 Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi üçün cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar aşkar edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 12 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, təqsirləndirilən şəxsdə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 5 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 55 manat ona ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 55 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar