Məhkəmə qərarları › İş №1(019)-47/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-47/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-47/2023 01.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon vəkil bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxx 1970-ci il tarixdə Balakən rayonu Püştətala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Kortala kəndində qeydiyyatda olan və hal hazırda həmin ünvanda yaşayan, 09 yanvar 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının əvvəlində Balakən rayonu Katex kəndindən keçən “Katexçay” çayının kənarından taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd salfet kağızı bükümdə olan təmiz çəkisi 8,32 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd qəzet kağızı bükümdə təmiz çəkisi 7,01 qram narkotik vasitə qurudulmuş marixuana olmaqla ümumi çəkiləri 15,33 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyaraq əvvəlcə Balakən rayon Kortala kəndində yaşadığı evə aparıb evin qarşısında daşın altında gizlədib saxlamış, daha sonra 07 yanvar 2023-cü il tarixdə həmin narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi daşın altından götürərək öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq qara rəngli qış gödəkçəsinin sol yan cibində saxlamışdır. 07 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra saat 19:45-dən saat 20:05-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda yəni 01 ədəd salfet kağızı bükümdə olan təmiz çəkisi 8,32 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd qəzet kağızı bükümdə təmiz çəkisi 7,01 qram narkotik vasitə qurudulmuş marixuana olmaqla ümumi çəkiləri 15,33 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli qış gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Kortala kəndində anası ilə birlikdə yaşayır. 10 aydır ki, xəstəliyi ilə əlaqədar narkotik vasitədən istifadə edir. 2022-ci ilin avqust ayının əvvəlində günorta saatlarında yaşadığı evdən çıxıb yol ilə piyada Katex kəndi ərazisindən keçən “Katex” çayına balıq tutmaq üçün getmişdir. Çayın kənarında olan kolluğun içərisində yabanı halda bitmiş və quraqlıqdan qurumuş 1 ədəd narkotik bitkisini görmüşdür. Həmin bitkinin üzərindən yararlı hissələrini yığıb cibinə doldurmuşdur. Həmin narkotikin yararlı hissələrini yığıb evə gətirib bir hissəsini salfet kağızına, bir hissəsini isə qəzet kağızına bükərək evin qarşısında yol tərəfdə daşın altında gizlətmişdir. Həmin vaxtdan indiyə kimi o, həmin gizlətdiyi narkotikdən bir neçə dəfə götürüb istifadə etmişdir. xx.xx.2023-ci il tarixdə saat 18 radələrində, hal-hazırda yaşadığı Balakən rayon Kortala kəndindən çıxıb Balakən şəhəri ərazisinə gəlmək üzrə yola düşmüşdür. O, evdən çıxanda yolda olan daşın altında gizlətdiyi salfetə və qəzet kağızına bükdüyü narkotiki də özü ilə götürüb əynində olan qara rəngli gödəkcənin sol yan cibinə qoymuşdur. Təxminən bir neçə dəqiqə sonra yolla piyada gedən zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin adlı siyahısından seçdiyi vəkil Müdafiəçi ona vəkil təyin edilməsini istəmişdir. Daha sonra vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmaması, əgər vardırsa təqdim etməyini bildirmişlər. O da əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd salfet bükümdə və 01 ədəd qəzet kağıza bükülmüş narkotik vasitəni çıxardıb təqdim etmişdir. Həmin narkotik salfet və qəzet kağızda olan bükümlər olan narkotik vasitə təhqiqatçı tərəfindən büküldüyü salfet və kağız ilə birlikdə elektron tərəzidə çəkilmiş, 01 ədəd salfet bükümdəki narkotik vasitə 10,16 qram, 01 ədəd qəzet bükümdəki narkotik vasitə isə 8,59 qram olmaqla cəmi çəkisi 18,75 qram təşkil etmişdir. Həmin narkotik salfet və kağız bükümləri ilə birlikdə 1 ədəd kağız zərfdə qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa polis əməkdaşları üzərində apardıqları şəxsi axtarış zamanı qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının 08 yanvar 2023-cü il tarixli 17/30 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd salfet kağızı bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 8,32 qram, 01 ədəd qəzet kağızı bükümündəki narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 7,01 qram olmaqla ümumi çəkiləri 15,33 qramdır. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı rütbəsini daşıyır. 07 yanvar 2023-cü il tarixdə Balakən rayonu Kortala kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 məlumatı daxil olmuş, daha sonra həmin məlumat raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə həmin tarixdə Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə tərəflərindən keçirilən tədbir zamanı saat 18:00 radələrində Təqsirləndirilən şəxs Balakən rayonu Kortala kəndi ərazisində saxlanılaraq Balakən RPŞyə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir.Polis şöbəsində xidməti otaqların birində Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Qasım Hüseynov tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izaha edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə X7 şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçənin sol yan cibindən 01 ədəd salfet və 01 ədəd qəzet kağızı bükümləri çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd salfet bükümdəki və 01 ədəd qəzet bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi X7 tərəfindən elektron tərəzidə çəkilmiş,01 ədəd salfet bükümdəki narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 10,16 qram, 01 ədəd qəzet bükümdəki narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi isə 8,59 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzəridən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 2022-ci ilin avqust ayının əvvəlində yaşadığı evdən çıxıb günorta saatlarında Katex kəndi ərazisindən keçən “Katex” çayına balıq tutmaq üçün getdiyi zaman kolluqda yabanı halda bitmiş 01 ədəd bitkidən yığaraq evə gətirməsini və evdə salfet və kağız qəzetə bükərək evin qarşısında daşın altında saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd salfet və 01 ədəd qəzet bükümlərdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi X7 tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda X7 tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis serjantı Şahid2 Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşin 22-25-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 07 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 19:45-dən saat 20:05-dək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinərək Balakən RPŞ-ə dəvət edilmiş Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmamışdan əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi istənilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçənin sol yan cibindən 02 ədəd bükülü çıxaraq təqdim etmişdir.Təqdim etdiyi salfet kağız büküm açıldıqda içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik tərkibli marixuanaya oxşat kütlə aşkar olundu. Digər qəzet kağızından olan büküm açıldıqda içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik tərkibli marixuanaya oxşat kütlə aşkar olunmuşdur. X7 tərəfindən həmin 01 ədəd salfet kağızı büküm elektron tərəzi vasitəsilə ölçülmüş, ümumi çəkisi 10,16 qram, 01 ədəd qəzet kağızı büküm də elektron tərəzi vasitəsilə ölçülmüş, ümumi çəkisi 8,59 qram təşkil etmişdir. Daha sonra həmin 01 ədəd salfet kağızı büküm və 01 ədəd qəzet kağız büküm X7 tərəfindən 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 2022-ci ilin avqust ayında “Katex” çayına balıq tutmaq üçün getdiyi zaman yabanı halda bitmiş bitkidən yığdığını,özü istifadə etmək üçün saxladığını bildirmişdir. Şəxsi axtarış Panasonic markalı videokamera vasitəsilə qeydə alınmış və 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir.Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 31-34-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 08 yanvar 2023-ci tarixli 17/30 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq 2 bükümdə narkotik vasitəyə bənzər kütlələr” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd salfet kağızı bükümündə təmiz çəkisi- 8,32 qram, 01 (bir) ədəd qəzet kağızı bükümündə təmiz çəkisi- 7,01 qram, ümumi çəkiləri-15,33 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Təqdiqata təqdim olunmuş 01 (bir) ədəd salfet kağızı bükümündə və 01 (bir) ədəd qəzet kağızı bükümündə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 84-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 16 yanvar 2023-cü il tarixli 77 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 15-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 07 yanvar 2023-cü il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü ildə saat 19:30-da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 67-68,71-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 09 yanvar 2023-cü il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə saat 18:45-də Balakən Rayon PŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində “polisin nəzarəti altına vermə “ qətimkan tədbiri seçilmişdir. İşin 81-82-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşin 80-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Kortala inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli 27 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Kortala kəndində yaşayır. İşin 81-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Korrtala kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. Məhkəmə iş üzrə şahidlər-Şahid1 və Şahid2 ifadələrini,ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, narkomaniyadan məcburi müalicə olunmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş ümumi təmiz çəkisi 15,33 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,10 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 15,23 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil X5 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilsin. 34,55 (otuz dörd manat əlli beş qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş ümumi təmiz çəkisi 15,33 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,10 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 15,23 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar