Məhkəmə qərarları › İş №1(019)-48/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-48/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-48/2021 16.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs - xx xxxx 1987-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda faktiki yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdə saat 20:00 radələrində Balakən şəhəri H.Əliyev prospektində yerləşən Balakən rayon Mərkəzi Xəstəxanasının qarşısı ilə piyada gedərkən yolun kənarından yerdən taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,213 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxlamışdır. 01 mart 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində RPŞ-nə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra saat 23:10-dan saat 23:35-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı həmin 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,213 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin əynindəki qara rəngli cins şalvarın ön sağ cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hazırda Balakən şəhəri Qafqaz küçəsi ev 16 ünvanında anası Firəngiz Abdullayeva və qardaşı Elşən Abdullayevlə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Balakən Rayon Məhkəməsinin 14 sentyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş və 13 aprel 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 01 mart 2021-ci il tarixdə axşam saatlarında Balakən şəhəri H.Əliyev prospekti ilə hərəkət edərkən həmin prospektdə yerləşən Balakən rayon Mərkəzi Xəstəxanasının qarşısında yolun kənarında yerdə 01 ədəd gümüşü-ağ rəngli büküm olduğunu görmüş, buna görə əyilib həmin bükümü yerdən götürmüş və bükümü açıb baxdıqda içərisində psixotrop maddə metamfetamin olduğunu aşkar etmişdir.Həmin metamfetamini daha sonra özü istifadə etmək üçün bükümü əynindəki qara rəngli şalvarın ön sağ cibinə qoyub üzərində daşıyaraq saxlamışdır. Bundan bir qədər sonra Balakən RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və üzərində narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirərək onu Balakən RPŞ-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-nə getmiş, Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra hüquqlarının müdafiə edilməsi üçün vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra ona üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və üzərində hər hansı qanunsuz əşya varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki qara rəngli şalvarın ön sağ cibindən üzərində saxlayıb daşıdığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdəki psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərək üzərindəki kağızla birlikdə ümumi çəkisi 0,46 qram təşkil etmiş, həmin büküm 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və zərf möhürlənərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Daha sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 01 ədəd bükümdəki psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,213 qramdır. Məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilən çəki ilə razıdır. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 01 mart 2021-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə daşıması barədə RPŞ-nə daxil olmuş əməliyyat məlumatı onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və məlumatın yoxlanılması məqsədi ilə iş yoldaşı, yəni CAB-nin əməliyyat müvəkkili Şahid1lə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə axşam saatlarında RPŞ-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs onlarla birlikdə Polis şöbəsinə gəldikdə sonuncunun sağ göz nahiyəsində qızartı olması müşahidə olunmuş, buna görə Balakən RPŞ-nin məsul növbətçisi polis kapitanı Samir Çeerçiyevin, növbətçi köməkçisi polis serjantı Rəşad İsayevin, CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, vətəndaş Təqsirləndirilən şəxs və onun iştirakı ilə akt tərtib olunmuşdur. Təqsirləndirilən şəxs sağ gözünün qızarması ilə bağlı sual verildikdə, sonuncu 28 fevral 2021-ci il tarixdə gecə saatlarında yaşadığı evə gedərkən öz ehtiyatsızlığından yolun kənarında olan ağacın budağının gözünə dəydiyini və gözünün cüzi zədələndiyini, bununla bağlı heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün o, Təhqiqat Bölməsinin baş təhqiqatçısı Mikayıl Mahmudov tərəfindən şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi dəvət olunmuşdur. Daha sonra dəvət olunmuş müdafiəçinin, onun, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Balakən RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Arif Ağcayevin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın ön sağ cibindən 01 ədəd gümüşü-ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü Balakən rayon Mərkəzi Xəstəxanasının qarşısından tapdığını və həmin psixotrop maddəni özü istifadə etmək məqsədi ilə üzərində daşıyıb saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd büküm açılan zaman içərisində ağ rəngli kristalşəkilli kütlə olması, həmin büküm elektron tərəzi vasitəsi ilə ölçülən zaman isə çəkisinin 0,46 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd gümüşü-ağ rəngli kağız büküm baş təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərflərə qoyulub qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış fasiləsiz videoçəkilişlə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşin 24-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə 01 mart 2021-ci il tarixli protokoldan görünür ki, 01 mart 2021-ci il tarixdə saat 23:10-dan 23:35-dək olan müddət ərzində Balakən şəhəri Qafqaz küçəsi ev 16-da yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın ön sağ cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükülü təqdim etmişdir. Həmin bükülünü açdıqda içərisində şəffaf rəngdə psixotrop vasitə olan metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Həmin aşkar olunmuş maddə bükülü elektron tərəzidə çəkilmiş və çəkisi 0,46 qram gəlmişdir. Həmin bükülü vətəndaş Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və digər iştirakçıların iştirakları ilə kağız zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı iştirakçılardan şikayət, təklif daxil olmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və protokola əlavə edilmişdir.Protokol ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 34-37-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X4 Bölməsinin 02 mart 2021-ci tarixli 17/164 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... kütlə....” sözləri yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,213 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metafetaminin ekspert tədqiqatından sonra qalıq çəkisi 0,163 qram olmuşdur. İşin 8-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 01 mart 2021-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 01 mart 2021-ci ildə saat 22:55-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 75-76-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən 03 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmış və qərar icra edilməsi üçün surəti Balakən RPŞnə göndərilmişdir. İşin 84-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 15 aprel 2021-ci il tarixli 377 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 89-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 09.03.2021-ci il tarixli 551 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən şəhəri Qafqaz küçəsi 16 nömrəli evdə yaşayır, himayəsində təqaüdçü anası, işləməyən bacı və qardaşları və məktəbli qohumları vardır. İşin 88 -ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 68-70-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 14 sentyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş və 13 aprel 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənmişdir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar metamfetamin üçün üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 01 mart 2021-ci il tarixdən 03 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 71.94 (yetmiş bir manat 94 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən rayon polis şöbəsində saxlanılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək möhürlənib götürülmüş 01 (bir) ədəd zərfdəki təmiz çəkisi 0,213 qram olan psixotrop maddə metamfetamin-məhkəmə-kimyəvi ekspertizasının tədqiqatından sonra qalıq çəkisi 0,163 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “xxxx”ASC-in X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 01 mart 2021-ci il tarixdən 03 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 16 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 71.94 (yetmiş bir manat 94 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan, ekspert rəyindən sonra təmiz çəkisi 0,163 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd CD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə,«xxxx» ASC-in X3 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar